Страницы

09.11.2012

Söylə, çoxmu sevir məni o vətən?

Arzu Abdulla

Bunu dəqiq bilmirəm. Amma dəqiq bildiyim bir zad var, gerçəkdən, sevdiyinə əmin olmaq istəyirsənsə, gözlərini yum, düşün ki, qaranlığın arasında üzünə günəş kimi gülən o adamı sevirsən. Vəssalam. Bundan ötrü zəncirotunun başını qoparıb, Nil Qaraibrahimgil kimi “Sevir, sevmiyor?” deyib sormayın. Nə qədər qəribə olsa da, insan bəzən özündən baş açmır və o zaman o qədər sual yağır ki, başından. Amma sualların ən çətini özünə verdiyin sualdır. Başqasını sual yağışına tutub qınamağa nə var ki. Əgər sizi sırf iş yoldaşınızın sevib-sevmədiyi maraqlandırırsa, o zaman ona bugünkü uğurunuzdan danışın. O, sevinirsə, deməli, sizə qarşı içi səmimiyyətlə limhalim doludur, yox əgər paxıllığını çəkirsə, o zaman qaş-qabağını töküb dodaqaltı başqa mövzuya keçərək mızıldanacaq.
Bu da bu qədər bəsitmiş yani.
O ki qaldı iş yerində rəhbərliyin sənə münasibətinə, bunu bilməyə nə var ki.
Rəhbərlikdə oturan şəxs hər zaman işçilərinə uşaq kimi baxır. Amma kürsüdə oturan adamın daxili aləmindən fərqli olaraq, bu uşaqlar bir neçə qismə ayrılır. Birinci: sözəbaxan uşaqlar, ikinci sevimli uşaqlar, üçüncü zəhlətökən uşaqlar. Əgər sən sevimli uşaqsansa, şefin səni görəndə gözləri güləcək. Yox, zəhlətökənsənsə, özünü görməməzliyə vuracaq.
Valideyn sevgisindən danışmayacam. Çünki bu ölkədə valideynlər uşaqlarını elə qəribə sevgi ilə sevirlər ki, bunu müşahidə etmək zooparkda meymunun konfet yeməsini seyr etmək kimi bir şeydir. Zooparkda balaca uşaqlar meymuna konfet qabığına bükülmüş nə gəldi verirlər. Meymunu isə konfetin qabığı aldadır. Əslində bütün sevgilər belədir. Bütün sevgilər konfet qabığına bükülüb. Üstü çox gözəldir. Qaldı ki, içərisi, aha, bu sizdən asılıdır əziz xanımlar. Bəzən o konfet qabığının içərisindəki qoyun qığını iyləmədən, əlinə götürmədən sakitcə bir kənara qoyub, bütün ömrünü sadəcə, quru qabıqla keçirə bilərsən və and içərsən ki, yer üzünün xoşbəxtisən. Bundan ötrü sizdə bir balaca aktrisalıq qabiliyyəti olmalıdır. Axı dahilər ən yaxşı qadın haqqında belə deyiblər: Aktrisa olmağı bacaran...
Gərək deyil, yox, üz-gözünüzü bürüşdürməyin, həyat gözəldir. Vallah, həyat gözəldir, bax bu qoyun və dovşan qığları ilə, bax bu quruca, atılmağa və zibil yeşiyinə layiq olan konfet kağızları ilə, vallah həyat gözəldir, bütün bu yalanları ilə. İndicə bu yazını vücudumdakı dəhşətli ağrını duya-duya yazıram, amma həyatı sevirəm. Məni də bu yalan yaşadır.
Aha, gəldik əsas məsələyə. Vətən məni sevirmi?
Yox, deməyin ki, vətən canlı deyil və ona belə sual vermək düz deyil. Axı vətən ancaq torpaqdan və sudan ibarət deyil.
Sizi bilmirəm, mən hər dəfə VƏTƏN sözünü eşidəndə gözlərim önünə kəndimiz gəlir-heç vaxt sevmədiyim kəndimiz. Amma deyim ki, ömrün tininə çatdıqca kəndimizə doğmalaşmaq istəyirəm, görüm, bəlkə alındı.
Hə, yurdum deyəndə gözlərim önünə uzaqda qalmış doğmalıq gəlir. Yəni bunu belə qəbul edin. Məsələn, qış gecəsində soyuq otağımda üşüyəndə gözlərim önünə uzaqdakı o DOĞMANIN bacalarından burum-burum tüstü qalxan evləri gəlir. O zaman kəndin lap qurtaracağında olan evimizdəki odun peçinin böyrünə sığınmaq istəyirəm.
İsti yay günlərində, Bakının basırığında, iylənmiş adamların dəhşətli qoxusu ilə dolmuş marşrutla işdən evə dönəndə içimdən bir vəhşilik keçir-bu marşrutun qapısını təpiklə açmaq və var qüvvəmlə kəndimizə qaçmaq. Nəfəsim kəsilənə qədər qaçmaq, yüyürmək keçir könlümdən. Evimizə, kəndimizin lap qurtaracağında olan evimizə, evimizi əhatələyən bağımıza qaçmaq, orada təmiz hava udmaq və mehriban, doğma, məni görməyi gözləyən, istəyən, arzulayan gözlərə baxmaq istəyirəm.
Elə bu yazını yazanda da içimdəki o istəkdən qurtulmaq istəyirəm. Məni nəsə, kimsə o doğmalığa çəkir. Amma içimdəki sual ondan da pis yapışıb yaxamdan və məni möhkəm-möhkəm silkələyir: Söylə, çoxmu sevir səni bu vətən?

yashilqafqaz@gmail.com             teleqraf.com

Комментариев нет:

Отправить комментарий