Страницы

27.11.2012

“Talışca oxuduğum mahnılar göz qabağındadır”

Baloğlan Əşrəfov: “Yaşar Nuri ilə eyni əməliyyat keçirmişik, o, gərək özünə daha artıq diqqət yetirəydi”

Bu dəfəki müsahibəmiz Azərbaycanın tanınmış müğənnisi, əməkdar artist Baloğlan Əşrəfovdur. O, "Gündəlik Teleqraf" qəzetinin suallarını cavablandırdı. 

- Baloğlan müəllim, yaradıcılığınızda nə yeniliklər var, hansı mahnılar, əsərlər üzərində çalışırsınız?
- Müğənnini xalqa sevdirən və gündəmdə saxlayan onun daim yaradıcılıqla məşğul olmasıdır. Mən də xalqın az-çox tanıdığı müğənni kimi çalışıram ki, hər dəfə proqramlara çıxanda yeni mahnılar, yeni nəğmələr, yeni qəzəllər və yeni şeirlərlə çıxış edim.
Bu, mənim ümumiyyətlə, gənclik illərimdən indiyə qədər öz qarşımda qoyduğum şərt və ya tələbdir. Onu da deyim ki, mən daha çox canlı verilişlərdə canlı  iştirakı və oxumağı xoşlayıram. Ola bilər, bir ay bundan qabaqkı mahnını yenə də efirdə oxuyum, amma onun muğam hissəsini, sözlərini dəyişib yeni formada tamaşaçıya təqdim edirəm. Həmişə çalışıram yeni nəğmələr oxuyum.
Hazırda ehtiyatda bir neçə mahnım var, hələ üzə çıxartmaq istəmirəm. Çünki repertuarda olan mahnıları xalqa çatdırandan sonra təzələri də yavaş-yavaş üzə çıxardacağam.

- Siz həm özünüzün, yaradıcılığınızın təbliğatında, həm də KİV-lə əlaqələrdə ancaq özünüzə güvənirsiniz, prodüseriniz yoxdur. Bu işlərin öhdəsindən gəlmək sizə çətinlik və yorğunluq gətirmir ki?
- Uzun illər özüm-özümə həm də prodüser olmuşam. Ola bilsin, bu müasir dəbin tələbi ayrıdır, müğənniyə prodüser gərəkdir. Məsələn, mənim övladlarım da bəzi məqamlarda mənə kömək olublar. Tutaq ki, bir mahnını oranjiman etmək üçün studiyaya aparırlar, ya da digər məsələlərdə əl tuturlar. Amma kənar buyruqçum olmayıb. Hər bir işin müğənninin öz üzərinə düşməsi, təbii ki, ona yorğunluq gətirir. Amma mən daim işimi sevmişəm, bu da çox önəmlidir.

- İstər televiziya ekranlarında, istərsə də radiolarda səsinizin, səhhətinizin yerində olunduğu hiss edilir. Allah ömrünüzü uzun eləsin. Oxşar problemlə, demək olar ki, eyni diaqnozla Türkiyədə müalicə olunan xalq artisti Yaşar Nuri bu yaxınlarda dünyasını dəyişdi...
 - Öncə onu deyim ki, Yaşarla bizim ilk tanışlığımız, ilk dostluğumuz  Masallıdan başlayıb. Haradasa 30-40 il qabağın sözünü danışıram. O zaman 22-23 yaşı olardı. Qeyd edim ki, biz ikimiz də eyni bir əməliyyat keçirmişik. Amma həmin əməliyyatın tələblərinə uyğun müəyyən şərtlər var idi ki, mütləq onlara əməl olunmalı idi. Mən və mənim ailə üzvlərim də daim məni nəzarətdə saxlayırlar. Həm də mən iş rejimimi özüm müəyyən edirəm. O vaxt bizi əməliyyat edən həkimə sual verdim ki, sizin bu əməliyyatların müddəti nə qədərdir? Dedi ki, Allah sənə nə qədər ömür veribsə o qədər. Sən özünə yaxşı baxsan, otuz il də, yüz il də yaşaya bilərsən, hər şey sənin öz əlindədir. Ümumiyyətlə, ömrünün uzun olması sənin öz həyat tərzini necə qurmağından asılıdır. Televiziya ekranından da görünür ki, mən sağalandan sonra yenidən səhnəyə geri qayıtdım və o zamandan da başlayaraq Azərbaycanın paytaxtından tutmuş ayrı-ayrı bölgələrində konsert proqramları ilə çıxış etdim. Eyni zamanda bir sıra dövlət tədbirlərində də canlı ifa ilə iştirak etmişəm. Azərbaycanın elə bir məkanı yoxdur ki, mən ora getməyim. Allaha qurban olum, kimin alın yazısını necə yazırsa, elə də olur.
Mən Yaşarın həyatdan köçməsinə çox təəssüfləndim. Özü-özünə bir az nəzarət edə bilmədi və həyatı belə alındı.

- Yeni bir konsert proqramı, ya da hesabat tipli konsertlə çıxış etmək fikriniz varmı?
- Allah mənə can sağlığı və bəxt verib, 40 ildir xalqın diqqət-nəzərindəyəm, bu da çox böyük uğurdur. Heç özüm də aydınlaşdıra bilmirəm ki, niyə xalq məni hər zaman gündəmdə saxlayır və belə yüksək hörmətlə qarşılayır?
Dünən məni yüz nəfər tanıyırdısa, bu gün yüz bir nəfər tanıyır. Bunun özü də mənim üçün çox önəmli məqamdır. Mahnılarım Azərbaycan sərhədindən kənarda hətta klip şəklinə salınır və oxunur. Türkiyənin tanınmış müğənnisi Sərdar Ortac da mənim musiqimi oxuyub. Türkiyənin digər müğənniləri, eyni zamanda öz müğənnilərimiz də oxuyur.
Yaradıcılıq baxımından Allahımdan çox razıyam. Bayaq da qeyd etdim ki, bu dəqiqə mənim özümdə bir neçə musiqilər var. Məsələn, “Tək qalacaqsan” musiqisinin sözləri rəhmətlik Əlibala Hacızadənindir. Mahnının təqdim olunması məqamını gözləyirəm. Sonra digər yeni bir mahnım var və onun da musiqisi özümə məxsusdur. Artıq elə mahnılar var ki, öz vaxtını gözləyir və haçansa onları da efirə buraxacam.
Qaldı hesabat tipli konsert vermək məsələsinə, bayaq da qeyd etdim ki, mən bəxti gətirən müğənniyəm. Bunu elə-belə demədim. Mənə şəxsən Azərbaycanın bütün konsert salonları, Heydər Əliyev adına Saraydan tutmuş Yaşıl Teatra qədər hamısı müraciət edir. Bəlkə də heç  kəsə nəsib olmayan bir haldır ki, məndən heç vaxt icarə haqqını və digər xərcləri tələb etmirlər. Deyirlər ki, sadəcə sən gəl öz konsertini ver, başqa şeyləri düşünmə. Məncə, bundan yaxşı nə ola bilər ki? Elə müğənnilər var, icarə haqqından tutmuş işıq puluna qədər  sadalayırlar. Mən konsertdə sadəcə öz ansamblımı aparmışam və canlı konsert vermişəm. İndi bir məqam gözləyirəm.

- Bəs Türkiyədə hər hansı bir konsert, ya da konsert tipli verilişə dəvət olacaq?
- Bəzi  müğənnilərimiz gedib-gəlib deyirlər ki, biz Türkiyədə elə konsert verdik... Əgər Azərbaycanda elan verilirsə Baloğlan Əşrəfovun konserti olacaq, o taylı-bu taylı mənim konsertimə axışırlar. Məni tanıyır ki, gəlir... Bəzi müğənnilərimiz Türkiyədə  konsert verəndən sonra gəlib müxtəlif kanallarda çıxış edirlər, deyirlər ki, orada şou-biznesə belə qatılırıq, belə tanınırıq. Türkiyə çox böyük ölkədir, ora gedib şou-biznesdə tanınmaq o qədər də asan məsələ deyil. Bunu mən elan və bəyan edirəm ki, hamı da bilir, özüm istəsəm mənə dəstək olanlar mənim üçün orada konsert də təşkil edə bilər, lazım olsa Türkiyənin bütün müğənnilərini də o zala dəvət edərlər. O insanlar ki, məni özümə, şəxsiyyətimə, səsimə görə konsertimə gələcəklər, onların qulluğunda hazıram. Yoxsa kimlərinsə əmri ilə gəlib zala beş min adam dolduracaqlarsa, onu mən qəbul edə bilmərəm.

- Baloğlan müəllim, niyə indiyə kimi klassik muğam dəstgahı ifa etməmisiz?
- Muğam öz çərçivəsi, öz tələbləri olan sənət əsəridir. Muğamı yad nəfəslərlə, yad boğazlarla oxumaq o qədər də düzgün qəbul olunmur. Bizim musiqiçilərimiz də bilir ki, mən Azərbaycan muğamlarını bilirəm, ancaq o ifaları indi bazara çıxara bilmərəm. Bizdə dəyərli muğam ifaçıları var. Mən öz yolumu, öz üslubumu saxlayan müğənniyəm, bu illər ərzində, demək olar ki, xalq məni bəlli bir üslubda sevib tanıyıb.

- Uzun illər qabaq duet ifa etməyə də üstünlük verirdiniz, amma indi nədənsə duet oxumaqdan uzaqlaşmısınız. Bunun səbəbi varmı?
- Duet ifa edirdim, səhəri gün söz-söhbət yayılırdı ki, mən və mənim duet ortağım bir-birimizə əməlli-başlı eşq elan etmişik. Mənim digər müğənnilərdən duet oxumaqda bir balaca fərqim olub. Mən ədəbiyyat müəllimi olmuşam, duet oxuyanda mahnının sözlərini tərəf-müqabilimə doğru elə tənzimləyirdim ki, suallara cavabı da ala bilim. Amma çox zaman duetin tam məğzini tuta bilmirlər. Duet dialoq olmalıdır. Vaxtilə duetləri Azərbaycanın ən tanınmış müğənniləri ilə ifa eləmişəm. Amma indi istəyirəm ki, özüm öz ifamla müəyyən şeylər edim.

- Baloğlan müəllim hazırda Azərbaycan və musiqi aləmində kimləri dinləyir?
- Ad sadalamaq və ayrı-seçkilik etmək istəmirəm. Deyim ki, Azərbaycan estrada müğənniləri arasında keçmişə nəzər salsaq, Rəşid Behbudovdan, Mirzə Babayevdən üzü bu yana o qədər gözəl ifaçılarımız olub və indi də kifayət qədər gözəl səsə sahib olan müğənnilərimiz var. Amma bu gözəl səs sahibi olan müğənnilərin çox olmasına baxmayaraq onların seçdiyi şeirlər o qədər də gözəl deyil və musiqiyə uyğun gəlmir. Arada o musiqilərin şeirlərini eşidəndə az qalır adamın əti tökülsün. Digər bir qüsur oxuyanların bədii savaddan uzaq olmalarıdır. Ona görə deyirəm ki, həmin şeirlər bədii cəhətdən çox zəif və bəsit olur.

- Bayaq qeyd etdiniz ki, ədəbiyyat müəllimi olmusunuz. Niyə müəllimlikdən müğənniliyə gəldiz?
- Çox uzun məsələdir, mən o vaxt təhsil alanda musiqi ilə də məşğul olurdum. Mənim ədəbi savadımdan çox bədii savadım daha yüksək idi. Orta  məktəbi bitirəndən sonra instituta sənəd verən ərəfədə artıq el şənliklərində iştirak edirdim. Masallı rayonunda, mədəniyyət evinin səhnəsində artıq öz sözümü deməyi bacaran müğənni idim. Ali təhsil aldığım müddətdə də məni toylara tez-tez dəvət edirdilər. Elə olurdu, toya getmək istəmirdim, məni zorla aparırdılar. Bəzən valideynlərimə minnətçi düşürdülər. Bir yanda institut, bir yandan da toylar dururdu... Açığı deyim ki, toy maddi imkanımı artırırdı. Bilirdim ki, burdan gələn gəlir mənim bütün tələblərimi ödəyir. Altı il ədəbiyyat müəllimi işlədim, təsəvvür edin ki, toylar da bir yandan işimə mane olurdu. Ona görə də müəllimlikdən uzaqlaşmalı oldum.

- Deyirlər, bir xanımı sevmisiniz, ya onu sizə verməyiblər, ya nə isə sevdanız baş tutmayıb. Bu da sizin sənətə gəlişinizdə bir rol oynayıb...
- Ciddi söz-söhbət deyil. Allah hər kəsə bir istedad bəxş edir, mənə də səs verib. Müəllim olarkən sevib ailə qurmuşam, bunu da hamı bilir. Biz elə bir şəraitdə yaşamışıq ki, kənddən kənara çıxmamışam, desinlər, kimisə görüb sevib, verməyiblər.
Amma mən bədii yaradıcılığa çox diqqət edirdim, oxuduğum mahnıları, musiqi parçalarını elə çatdırırdım, ola bilsin, kimsə məni oxuduğumun məzmunu ilə eyniləşdirsin. Bəlkə mən duet oxuduğum qadına nifrət edirdim, amma elə ifa edirdim ki, kimsə bunu hiss etməsin. Hamı elə bilirdi ki, mən onun dərdindən dəli-divanəyəm. Belə şeylər məni gündəmdə saxladı. Yoxsa mənim qara qaşıma-gözümə aşiq deyildilər ki... Baxın, mən ana haqqında mahnı oxumuşam, maşallah anam da sağlamdır, hazırda da yanımdadır. Bəs anam ölüb ki, elə oxuyuram?

- Bir zamanlar talış dilində mahnılar da ifa edirdiniz. Bəs indi belə bir mahnı olsa ifa edərsiniz?
- O zaman oxuduğum mahnılar mükəmməl mövzularda olub. Əksəriyyəti də sevgidən idi. Bu mahnıların hamısı Azərbaycan xalqının, Azərbaycan torpağının  bir parçası olan bizim talış diyarının idi. Oranın özünün də gözəl nəğmələri və mahnıları var. Bilirsiniz ki, türk türk dilində, tat tat dilində, mən də talış dilində oxumuşam. Həm də Azərbaycan xalqına xidmət edən mahnılar oxumuşam. Bu mahnıların heç biri Azərbaycan mədəniyyətinə xələl gətirməyib. Bülbüldən, güldən və sevgidən oxumuşam. Bütün mahnılar göz qabağındadır. Mən talış dilində oxumaq payımı yerinə yetirmişəm. İstəyirəm, mənim xalqım bilsin ki, mən bu mahnıları oxumağa qadirəm və bacarıram. Mən Azərbaycan xalqının sevimli müğənnisiyəm, Azərbaycan dilində də oxuyuram ki, heç kimdə qısqanclıq yaratmayım.

- Son günlər Eldəniz Quliyevin təsisçiliyi ilə “Talış birliyi” adlı qurum yaranıb. Adını da qoyublar ki, guya talışların hüquqlarını qoruyurlar. Bu haqda nə deyə bilərsiniz?
- Azərbaycan xalqı və Azərbaycan dövləti heç bir zaman talış xalqının əleyhinə nəsə olmasına yol verməz. Mən talış xalqının bir nümayəndəsi kimi deyim ki, Azərbaycanın bütün radio və televiziyaları daim mənim üzümə açıqdır. Başqa bir müğənni ay ərzində bir dəfə oxuya bilmirsə, mən ayda beş dəfə oxuyuram televiziyada. Şükür Allaha ki, Azərbaycanda mənə olan sevgi və hörmət çox yüksək səviyyədədir. Mən Azərbaycan dövlətindən, Azərbaycan xalqından razıyam, bunu da səmimi qəlbdən deyirəm. Kiminsə xoşuna gəlmək üçün yox...

Könül Səid

Комментариев нет:

Отправить комментарий