Страницы

19.11.2012

Xuraman Hüseynzadə - Sevgi etirafı

hə, dostum sənə kimdən
deyim, kimdən danışım...
gəl, səni dəli kimi
sevməyimdən danışım

amma elə qorxuram
mənə “dəli” deyərlər
azad sevgini sevmir
bizim milli dəyərlər...

hə, dostum, axı necə
necə deyəydim sənə:
görüşdüyün qızlardan
bir də danışma mənə!

necə deyəydim axı
yollardan yığ gözünü
unut mənə dediyin
“əziz dostum” sözünü


ürəyinin soyuğu
titrədirdi səsimi.
deyəmmirdim: sənintək
sevməmişəm heç kimi.

utanırdı baxışım
gizlənirdi gözündən.
ruhum şirə çəkirdi
hər bir acı sözündən.

çoxdan anlamalıydın-
sevginin dili olmur
saçına sığal çəkən
ağappaq əli olmur.

dostum, elə qorxuram
mənə “dəli” deyərlər
azad sevgini sevmir
axı bizim dəyərlər...

Комментариев нет:

Отправить комментарий