Страницы

24.12.2012

"Getdilər, ”atvyorka" gətirdilər, sındırdılar şeyi"

Fəaliyyəti dayandırılmış ABU-nun rektoru Elşad Abdullayevin insanların az qala hər şeyin adiləşdiyinə əminliyi artığı vaxtda bir-birinin ardınca siyasi meydanı silkələyən videolar yayması böyük marağa səbəb olub. Təkcə sabiq millət vəkili Gülər Əhmədovanın köməkçisi Sevinc Babayeva ilə bağlı “Azadlıq” qəzetində dərc edilən videonu və yazını internetdə 70 minə yaxın şəxs izləyib və 150 nəfərdən artıq şəxs şərh yazıb.
İlk videodan yəqin ki, çoxları xəbərdardır. Bu videoda sabiq millət vəkili Gülər Əhmədovanın onun oğurlanmış qardaşını qaytarmaq, eləcə də onu millət vəkili seçdirmək üçün aldığı pullardan bəhs edilir. Deyilənlərə inansaq, söhbət bir neçə milyon dollardan gedirdi.
Bu qalmaqaldan sonra Gülər Əhmədova millət vəkilliyindən istefa verdi. YAP funksionerləri onu dələduz adlandırdı, “Səs” qəzetində onun haqqında təhqiramiz şerlər çap edildi.

Necə deyərlər, bu “alov” hələ sönməmiş Elşad Abdullayev bir məhkəmə hakimi, daha sonra DİN-in bir məsul işçisi haqqında şok məlumatları yaydı. Ötən həftə sonu Gülər Əhmədovanın köməkçisi Sevinc Babayeva ilə apardığı söhbətin videosu isə sanki odun üstünə benzin tökdü.
Həmin videoda Sevinc Babayeva nələrdən danışır? Sualı əksinə də qoymaq olar – yəni nələrdən danışmadı ki?
Söhbətdən bəlli olur ki, Gülər Əhmədova ən mühüm, müşkül, həll olunmaz məsələləri böyük pullar müqabilində yuxarıdakı yüksək çinli məmurla, videoda deyilənlərə inansaq, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə həll edir
Söhbətdən məlum olur ki, Gülər Əhmədovanı DSMF-yə müdir vermək istəyirlər. Eləcə də söhbətin gedişində Sevinc Babayevə Elşad Abdullayevə təklif edir ki, istəsə deputatlıq əvəzinə onun qardaşlarından birinə Binəqədi rayonunun icra başçılığını də təşkil edə bilərlər.
Söhbətin ən kulminasiya nöqtəsi isə Sevinc Babayevanın pul sayma əməliyyatıdır.
Oxucular üçün maraqlı olacağını nəzərə alıb Sevinc Babayeva ilə Elşad Abdullayevin mətbuatda yayılmış videosundan stenoqramın bir parçasını sizə təqdim edirik.
“Sevinc Babayeva: Narahat olma. Narahat olma. Narahat olma. Qorxma deyirəm sənə. Ay Allah! Özüm qaydasına qoymuşam. Qorxma. Mən özüm bilirsən, niyə sakitəm? Ona görə ki, onun əsas işində Ramiz durur. “Vsyo”, o dedi, qurtardı. Qorxma deyirəm sənə. “Vsyo”, qorxma da... Sən “uje” onunla işləyirsən. Qorxma. Mənim yanımda pul verdi. Gözümlə gördüm ki, pulu qəbul elədi. 
Elşad Abdullayev: İkiniz də girmişdiniz? 
Sevinc Babayeva: Uy, uy, uy... Bilirsən, necə “aferistdi”? Mənə belə eləyir e, “paçka”nın içində bir dənəsini götür say. Mən də bir dəfə saydım. Beş dənə “paçka” ayrı-ayrıdır axı. 
Elşad Abdullayev: Otağında?
Sevinc Babayeva: Allah haqqı...
Elşad Abdullayev: Burada?
Sevinc Babayeva: Bax, Quran haqqı. Deməli, hamısını saydırmadı da. Hər “paçka”nın içindən birini mənə verdi. “Aferist”di də. Sonra birinə baxdı, dedi ki, mənə elə gəlir bu çoxdur. Mən də tez-tez saydım. Dedim... sonra baxdı dedi ki, bunlar necə bir-birinin dalınca gəlir. Nömrələr bir-birinin dalınca gəlir. Deyirəm hə də, əlbəttə, belə sayıblar. Sonra... Birinci çamadan açılmırdı. Dedi, get çamadanı bayırda aç. 
Elşad Abdullayev: 56 idi də kod. 
Sevinc Babayeva: Elə bildim “00"du. Getdilər, ”atvyorka" gətirdilər, sındırdılar şeyi. Vay, vay, vay. Ramiz, day müsibət... 
Elşad Abdullayev: Mənə deyərdin də.
Sevinc Babayeva: Mən dedim, qoy zəng edim, dedilər, olmaz. “Atvyorka” ilə sındırdılar. Bir-bir açdılar. Neçə “paçkadı” onu saydı. Elə bil bir “paçka” çıxardıb mənə verirdi. Sonra yarısını verdi Gülərə saymağa. Bax-bax, sənin canın üçün. Mən sənə niyə yalan deməliyəm? 
Elşad Abdullayev: Otağında?
Sevinc Babayeva: Hə, yarısını Gülər saydı, yarısını mən. 
Elşad Abdullayev: Əskik gəlib eləmədi?
Sevinc Babayeva: Yox, yox, düppədüz. Sonra belə deyir ee: “Klyokları” cırmayın (gülür). Mən sənə deyirəm ki, səliqə ilə qoy. “Klyokları” cırma. Mənə dedi ki, pula belə yaxınlaşmazlar, belə münasibət bəsləməzlər. 
Elşad Abdullayev: Onun üçün nədi o?
Sevinc Babayeva: Deyir ki, səliqə ilə pulu qoy. Ona görə pul tapmır. “Kaneçno” heç nədir onun üçün o pul. Orada canlı şahid var ee (özünə işarə edir). Orada canlı şahid Gülər var. Necə pulu bizim əlimizdən aldı. Gülər belə deyir ee: ...hərəmizə 50 min də vermədi. Deyirəm, sən nə danışırsan, o gördü, o sənə elə şey verər? Deyirəm, aaz, insafın olsun... 
Elşad Abdullayev: O, öz işinə gedib?
Sevinc Babayeva: Yox, yox, yalandır. O, güclə mənim yanımda birinci çamadanı götürdü getdi. Hara getdi, bilmirəm. Mənə dedi ki, halal elə. Dedim ki, mən sənə halal edirəm. Bizim işimiz odur ki, bu keçsin. “Uje” bir gün qabaq bizə tapşırmışdılar. Onun səhərisi dedin ki, başçıyla görüşdüm. Yox, yox, yalan deyir. Quran haqqı, qardaş, yalan deyir. Mən görməsəm, demərəm sənə. Yalan deyir. Gülərin evində seyfi var. Mən görmüşəm”.
Bu videodan sonra Gülər Əhmədova YAP sıralarından xaric edildi. Son məlumata görə isə onu həbs ediblər.
Qəzet çapa gedənə qədər mətbuatda qarşı tərəfin münasibəti çap olunmamışdı. Elşad Abdullayev isə Turan agentliyinə geniş müsahibə verərək hadisələrə bir daha aydınlıq gətirib. 

cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий