Страницы

02.12.2012

Pornokratiya – Fahişələrin hakimiyyəti

Namiq Hüseynlinin tərcümələri

Boris Akunin

Bu sözə vurulmuşam. Mənası “Fahişələrin hakimiyyəti” deməkdir. Mən X əsrin tarixini oxuyanda (bu mənə hal-hazırda üzərində işlədiyim bir layihə üçün gərəklidir) əvvəllər utandığımdan üstündən keçdiyim bu möcüzəvi terminə taxılıb qaldım.
Pornocrazia – xristian kilsəsi tarixində Müqəddəs Səltənətin ağlasığmaz rüşvət və iyrənc əxlaqsızlıqla xirtdəyə qədər çirkləndiyi dövrdür. Romadakı ruhani, kübar hakimiyyətin nüfuzu ləkələnmiş, din o qədər hörmətdən düşmüşdü ki, yenidən dirçəlməsi mümkünsüz kimi görünürdü.

Həmin dövrdə Əbədi Şəhəri öz kefinin kəsdiyi adamları papa təyin edən zadəgan ailəsi Teofilaktlar idarə edirdi. Bu biabırçı düzən bitənə qədər biri o birindən əclaf olan on iki pontifik (papa) kilsənin başına keçdi. Altmış il ərzində, dörd nəsil ardıcıllığı ilə Ailə açıqca kilsə vəzifələrini satmış, hər cür əxlaqsızlığa və rəzilliyə əl atmış, istənməyən adamları öldürmüşdür – bütün bunları isə hər kəsin qarşısında, heç kimdən utanmadan törətmişlər. Papa taxt-tacının ətrafında əvvəllər də az yaramazlıqlar olmurdu, lakin hələ heç vaxt hakimiyyət özünü belə hədsiz dərəcədə həyasız aparmamışdı.
O dövrün əsas siması, gözəlçə Maroziya idi. O Papa III Serqiyanın və VI Levin sevgilisi, X İyohannın qatili, XI İyohannın anası və XII İyohannın nənəsi idi. Papa çox idi, o isə tək.
Bu özünü saysız-hesabsız patrisi və senatrissi titulları ilə təltif edən qadın axırda öz oğlu tərəfindən devrilib zindana atıldı.
Nəhayət nəzarətsiz qalan pornokratik rejim islaholunmaz pozğunluğa düçar olub, özü-özünü içdən çürütdü. Maroziyanın nəvəsi on səkkiz yaşında (bəzi mənbələrə görə hətta on altı yaşında) XII İyohann adı ilə papa oldu. Bu həyat dolu gənc bir müddət sonra papa sarayını, hər zaman minlərlə fahişənin yaşadığı əsl fahişəxanaya çevirdi. Hətta müqəddəs atanın öz bacıları da bu hərəmxanada yaşayırdılar.
O dövrdə kilsədə ən ali vəzifələri də almaq mümkün idi, bu minvalla bir dəfə kilsələrin birinin başına doqquz yaşlı oğlan uşağı gətirilmişdi. Papa özü ibadət etməyi sevmirdi, kafirliklə məşğul idi, xasiyyəti isə küsəyən idi. Məsəlçün ən yaxın keşişlərindən birinin gözünü çıxartdırmışdı. Kardinal rütbəsində olan vitse-kanslerini isə əvvəl axtalatmış, sonra isə öldürülməsini əmr vermişdir.
XII İyahoann iyirmi yeddi yaşında zina edərkən, iş üstündə canını tapşırmışdı. Rəvayətə görə onu məşuqələrindən birinin əri, xəyanətin üstünə çıxıb öldürmüşdü.
Bu kədərli akkordla da Pornokratya sona çatdı. Roma kilsəsi yaralarını sarımağa və yavaş-yavaş ləkələnmiş adını təmizləməyə başladı. Bunun üçün uzun illər tələb olundu.
Əgər kimsə bununla mənim rus hakim elitasının pozğunluğuna yağlı tənələr vurduğumu düşünürsə, yanılır. İstəsəm açıqca da yaza bilərəm.
Sadəcə bu termin həqiqətən xoşuma gəldi.

Çeviri: Namiq Hüseynli

Комментариев нет:

Отправить комментарий