Страницы

27.12.2012

QAĞAYI GÜLÜŞLƏRİ və GÜNƏŞİN BATMASI

Elçin Aslangil

Qağayılar dalğalara qanadlarını çırpanda,günəş adamdan bir az da uzaq olur, üşüyür adam. Hər üşümədə, hər titrəmədə bir az ehtiras, bir az gərginlik, bir az qorxu, bir az da özünə çəkilmə var...
Ləpələr sahillərə çırpılarkən səslənən ahəngdar musiqi, can verən adamın xırıltılı nəfəsinə oxşayır...lap elə mənə oxşayır...
On bir yaşıma qədər qumdan evlər tikmişəm. On iki yaşım olanda, atam ürək çatışmamazlığından dünyasını dəyişdi və mən bir daha qumdan evlər tikmədim. Atam dünyasını dəyişdiyi gündən hüzün günlərinin qırxıncı gününə qədər insanlar necə də sədaqətli, necə də qayğıkeş idilər. Amma zamanla sədaqət unutqanlığa, qayğıkeşliksə ləyaqətsizliyə çevrildi.
Atamın ölümündən bir il keçmişdi. Onu hüzünlə xatırladığımız günün axşamını babamın siqaretinin acı tüstüsü qədər acı olan sözləri ilə xatırlayıram. O, əmimə deyirdi,

- Bir özün düşün, bu boyda ev-eşiyə, gül kimi qadına, on üç yaşlı qız uşağına, bir də gördün hansısa bir oğraş sahibləndi, niyə qurda-quşa yem olsun ki?
Əmimsə gözlərini qıyaraq sağ əlinin barmaqlarıyla ağzının qırağını sığallaya-sığallaya həvəslə babamı dinləyirdi.
Bu söhbətdən bir həftə sonra, babam evdə öz dili ilə desək məşvərət keçirtdi. Məni öz otağıma salaraq otağımın qapısını kilidlədilər. İyirmi dəqiqə sonra anamın hönkürtüsünü eşitdim. Anam hönkürə-hönkürə deyirdi,
- Axı bu mümkün olan şey deyil, mən buna necə razı olum?
Babamsa asta-asta danışırdı.Babam danışdıqca anam daha da ucadan hönkürür, əvvəl qətiyyətlə razılaşmır, sonra isə deyəsən ciddi müqavimətlə qarşılaşdığından yalvarmağa başlayırdı,
- Mənə nə desəniz edərəm, lap istəsəniz bu qapıda it olaram, ancaq sizin mənə təklif etdiyiniz iyrəncliklə razılaşa bilmərəm, yox , mən bunu edə bilmərəm, mənə yazığınız gəlsin yalvarıram.
Söhbətə nənəm qarışdı, sonra yenə babam nəsə dedi. Anamsa razı olmurdu ki,olmurdu. Birdən babamın səsi ucaldı,
- Bəsdir, sənin nazınla oynamağa halım yoxdur! İstəyirsən ki, çölün hansısa avarası, oğraşı gəlib bu evdə ağalıq eləsin?
Anam ağlayaraq,
- Əmi, qadan alaram, heç elə də şey olar, mənim on üç yaşlı qızım var, mən heç vaxt ərə getməyəcəm!
Babam,
- Əvvəl-əvvəl bütün dul qadınlar sənin kimi düşünür, dörd beş il sonra isə özlərinə birini tapıb ərə gedirlər. Mən hansısa avaraya verən deyiləm bu evi.
Anam,
- Sizə ev lazımdır? İstəmirəm, cəhənnəm olsun! Mən, ərimin yatağını, ərimin qardaşıyla paylaşmayacam!
Hə, indi hər şeyi eşidirdim. Stulun aşarkən çıxardığı səsi, divarlara çırpılarkən sınan qab-qacaqların cingiltisini, nənəmim, anamın saçlarını yola-yola dediyi nalayiq söyüşləri, hər şeyi, hər şeyi eşidirdim...
Ertəsi gün anamın hıçqırtısına oyandım. O, içini çəkə-çəkə paltarları çemodanlara basmarlayırdı. Bizim gedəsi yerimiz yox idi, anamın valideyinləri də yox idi. Nə qardaşı vardı, nə də bacısı.
Anamın rəfiqələrinin uzun axtarışlarından və maddi yardımlarından sonra, əşyaları bir çarpayı və şfonerdən ibarət olan, divarları kiflə örtülmüş iki otqlı bir evdə tapdıq özümüzü.
Otağın tən ortasında anamla mən çemodanların üstündə üz-üzə oturaraq biri-birimizin gözlərinə baxışırdıq. Mənim gözlərimdə keçmiş, anamın gözlərində isə gələcəyin qəmgin, iztirablı günlərinin hələ işarmadan öləziyən işığı adamı lap qaranlıqlara sürükləyirdi...
Zamanla hər şey öz yoluna düşdü. Anam, orta məktəbdə müəllimə kimi işləməyə başladı. Aldığı ilk məvaciblə “kimsəsizlərin evinə” (anam evimizi belə adlandırırdı) bir cüt oturacaq və bir də masa aldı. Sonrakı aylarda vacib olan bəzi əşyalar yavaş-yavaş evdə öz yerini tutdu. Hər şey öz axarı ilə davam edirdi. Bilirsiz, məncə yer üzündə mövcut olan heç nə bir xətt üzrə inkişaf edə bilməz, məncə bu mümkün deyil. Zamanla çaylar axarının istiqamətini, dağlar yerini, dənizlər sahillərini, umumiyyətlə hər şey hanısa səbəbdən ya yerini dəyişir, ya da məhv olur.
Hərdən, çimərlik ərazisindən kənarda yerləşən, xırda qayalıqlardan ibarət olan dəniz sahilinə gedirdik. Bu yerdən şəhərin işıqları da aydın sezilirdi. Anam bu yer haqda həmişə deyərdi, - İnsanlar bu yerdən xəbərsizdir.
Bu, həqiqətəndə belə idi.
Bir axşam, yenə hamının xəbərsiz olduğu yerə getdik. Anam yenə həmişəki kimi iri bir daş parçasının üzərində əyləşərək,dirsəklərini dizlərinə dayayıb,üzünü ovuclarına alaraq şahadət barmaqlarıyla qulaqlarını tıxamışdı. O, günəşin batmasını seyr edirdi, hər zama olduğu kimi. Bu, anama görə yer üzündə ən kədərli və ən qəmli hadisə idi, günəşin batması.
Mənsə topuqlarımı ləpələrə çırpa-çırpa anamdan bir xeyli uzaqlaşmışdım. Birdən içimdə köhnə həvəsim baş qaldırdı. Aşağı əyilərək dizlərimi nəm qumsallığa qoydum. Qumdan ev tikmək istəyirdim.
-Nə edirsən cupbulu qız?
Eşitdiyim sözlər elə həzin, elə məlahətli səsləndi ki, bir anlıq məktəbimizin musiqi otağındakı pianonun yarımpərdəli qara dillərinin həzin tenor səsini xatırlatdı mənə. Mən də bacardığım qədər səsimi eşitdiyim səsə kökləyərək dedim,
- Heç nə, qumdan ev tikmək istəyirdim.
- Hmm ... sən burda təksən cupbulu qız?
- Yox, anam o tərəfdə günəşin batmasını seyr edir. Artıq hava qaralıb, indi yəqin ayı seyr edir.
- Cupbulu bəs sən ...
- Adım Sevincdir, on dörd yaşımı bu yaxınlarda tamam etmişəm.
O, gülərək,
- Hə, lap yaxşı, mənim adım Elçindir. Tanış olmamıza şadam cupbulu Sevinc.
- Siz burda nə edirsiz?
- Məndə anan kimi ayı seyr edirdim.
- Mən ayı yox, günəşin batmasını seyr edirdim Elçin bəy.
Bu, anam idi. O, qolları sinəsində çarpazlanmış bir görkəmdə bizə yaxınlaşırdı.
- Çox gözəl.
- Gözəl olan nədir Elçin bəy?
- Siz, qızınız, ay, dənizin dalğaları və ləpələr. Bu mənzərə o qədər gözəldir ki, heyrətlənməmək mümkün deyil.
- Siz təsadüfən şair deyilsiz ki Elçin bəy?
- Hə, düz tapmısız, şairəm. Doğrusu özümə şair deməyi təvazökarlıqdan uzaq hesab edirəm. Buna görə də şeir yazıram desəm doğru olar.
- Elçin bəy, Azərbaycan əhalisinin az qala yetmiş faizi şeir yazır. Mən şeiri çox sevirəm, şeirlərinizdən birini desəniz pis olmaz, məmnuniyyətlə dinləyərdim.
- Əlbətdə elə indicə birini deyərəm. Adınızı bilmək olar?
Anam bir anlıq duruxaraq,
- Bağışlayın, bu şeirinizin adıdır?
- Xeyir xeyir, mən sizin adınızı bilmək istədim.
- Siz hələlik şeirinizi desəz yaxşı olar, adımı bilməniz elə də vacib deyil.
Elçin bəy bu söhbətdən bir az tutulsa da, anamın nəzakətli bir tərzdə - buyurun, mən sizi dinləməyə hazıram deməsi, onun incikliyini aradan qaldırdı.
O, tələsgən bir şəkildə cibindən telefonunu çıxaranda, anamın oğrun-oğrun gülməsi diqqətimdən yayınmadı.
- Xanım, şeirin adı belədir – Qağayı gülüşləri

Bir qağayı dimdiyində gülüşü,
Bu dənizin kədəri də oynaqdı.
Günəş batan yerdən gələn dalğalar,
Bu dənizi sevmək belə yasaqdı.

O, şeiri elə qəmgin, elə içdən deyirdi ki...
Bu şeir məni dəli dalğaların qoynuna atmışdı. Əzbər bilirəm bu şeiri. Hərdən uşaq təxəyülümlə başım buludlara dəyənə kimi havalanardım. Dənizin üzünü göylərin göy üzündə, yalnız qumsallıqların çirkini daşıyan əllərimin barmaqları ilə uzun, uzun, saatlarca çizərdim bu şeiri dodaqlarımın altında pıçıldaya-pıçıldaya...
Həmin axşam,anam Elçinlə dostlaşdı. Qağayı gülüşləri şeirinin ardından anamla Elçin, sahildə təxminən bir saat gəzişə-gəzişə söhbətləşdilər. Anam keçmişindən, Elçin də öz başına gələnlərdən danışdı. Onlar danışır, mənsə onların arxasınca kölgə kimi sürünürdüm.
Anama görə hər şey yolunda idi. O tez-tez Elçinlə telefonda söhbət edər, hərdən də sahildə görüşərdilər. Həmin vaxtlar xəfif bir təbəssüm qonmuşdu anamın üzünə. Elçin anama və eləcə də mənə qarşı çox mehriban idi. Anam hər dəfə onunla görüşə gedəndə, məni də özü ilə aparırdı. Hər gün bir az daha nəcib, daha alicənab, dərdə ortaq olan bir adam olurdu Elçin. Bir dəfə anamdan soruşdum,
-Sən Elçini sevirsən?
Anam bu sözləri eşidən kimi, qəfil gözlərimin içinə baxdı. Sonra qaşlarını düyünləyərək fikirli gözlərini üzümdə gəzdirən anam, gözlərini yumub dedi,
-Yox, bilmirəm Sevinc... mənə bir də belə sual vermə.
Elçinlə anam,səkkiz aylıq tanışlıqdan sonra evləndilər. Elçin anama və mənə səadət, üzümüzə təbəssüm bəxş etmişdi.
Elçin hər səhər hamıdan tez oyanardı yuxudan. Hər səhər Elçinin öyrəncəli olduğum pıçıltılı sözlərini eşidərdim “ sabahın xeyir cupbulu Sevinc” və bir də təbii ki yanaqlarımı öpən dodaqları sabahlarıma bir xeyli rəng qatardı. Anam da, mən də xoşbəxt idik.
Anamın Elçinlə evliliyindən yeddi ay sonra bir gün mən dərsdən çıxanda, məktəbin müəllimlər otağında anamı tapmadım. Hər gün birlikdə qayıdardıq evə. Bu dəfə anam niyəsə evə tək getmişdi. Anamın belə etməsinə hansısa səbəb olmalıydı, yubanmadan evə yollandım. Evə çatıb ehmalca qapını açdım və anamın hıçqırtılarını eşitdim. O, dizləri üstə döşəməyə çökərək atamın rəsimlərini səliqə ilə qarşısına düzmüşdü. O, rəsimlərə toxunmadan sanki onlara sığal çəkirdi. Sonra anam kədərli bir şəkildə əlləriylə qulaqlarını möhkəm-möhkəm sıxıb ağzını geniş açaraq, səsini boğa-boğa ulamağa başladı. Onun gözlərindən axan yaşlar yanaqlarından çənəsinin altına, çənəsinin altından sinəsinə qədər cığır açmışdı. Anam beləcə sinəsindən qopan qırıq-qırıq səslərlə rəsimlərə toxunmadan üzünü göylərə tutaraq, əlləri ilə atamın rəsimlərini oxşayırdı. Bu mənzərə məni bir müddətlik daşa döndərdi. Sonra özümdə bilmədən ağlamağa başladım. Mən ona yaxınlaşa bilmirdim, mən bunu bacarmırdım, mən... mən... bacarmırdım...
İki gün sonra atamın, evimizin soyuq divarlarını isidən rəsimləri yoxa çıxdı. Sonra, hər axşam baxaraq köks ötürdüyüm, daim yastığımın altında saxladığım rəsmini də tapa bilmədim.
Hər gün, Elçinin yanaqlarımı öpən dodaqları və pıçıltılı səsi oyadardı məni yuxudan. Bu, on altı yaşıma qədər belə davam etdi. Sonralar yanaqlarımı öpən dodaqlar yavaş-yavaş dodaqlarıma tərəf yaxınlaşmağa başladı...
Bir səhər, məni yuxudan üzümə dəyən nəfəsin hərarəti oyatdı. Dodaqlarıma, yanaqlarıma, çənəmə toxunan isti nəfəs, saçlarıma sığal çəkən barmaqlar, həzin-həzin sinəmə endi... Və, sonra o pıçıltılı səs, “sabahın xeyir Sevinc”. O, başqa heç nə demədi,dinib danışmadı. O, sudu. Bu susqunluq çox gözəl idi...mən də sudum. Mən heç gözlərimi açmadım...
Mən qorxurdum, bu hadisə bir də təkrarlanmamalıydı. Ancaq bu hər gün oldu. Sonralar o, mənə dedi ki, mən heç olmasa iki gündən bir səhətimlə bağlı müxtəlif bəhanələr gətirərək, iki-üç dərsdən sonra icazə alaraq evə gələ bilərəm. Hə, belə də oldu. O, mənə sadəcə dodaqlarıyla xəfifcə toxunurdu Bu, bir neçə ay belə davam etdi...
Dəniz, dalğalar və ay işığı. Bilirsiz, dünya cənnətin çöplüyünə bənzəyir. Bu çöplükdə mələklərin lazımsız bildiyi tullantılar, insanların sevə-sevə yaşadıqları günahlardır. Bilirsiz, mənim günahlarım böyütdü məni. Mənim günahlarım mənə sevməyi də öyrətdi...
Soyuqdur, çox soyuq... Onun əlləri mənim vücudumu hərarətləndirirdi. İndi o əllərin sığal çəkdiyi yerlərdə dalğalar rəqs edir. Həm də elə rəqs edir ki, elə bil bir şair ömrü gözəllikdən bəhs edən şorgöz misralar kimi...
Bir gün mənlə bir sinifdə oxuyan, ən yaxın rəfiqələrimdən biri olan bir qız, mənə balaca bir kağız parçası verib dedi, - evdə açıb oxuyarsan. Həmin günün axşamı o kağız parçası qəfil yadıma düşdü. Doğrusu lap unutmuşdum. Bu bir neçə dəfə səliqəylə qatlanmış məktub idi. Açdım və oxudum.
“ Salam, mənim adım qoy gizli qalsın. Adımı sənə yazmamağımın səbəbi, sadəcə məni xəyallarında canlandırmanı istəməyimdir. Necə istəyirsən, elə də gör məni xəyallarında. Mən sənin lap uzaqlara dikilən baxışlarından anlamışam necə xəyalpərəst olduğunu.

Günəşin altından baxan gözlərin,
Dənizə boylanır üfüqlər kimi.
Həsrətin jalədir yanaqlarımda,
Uzaqdan baxmağın incidir məni.

Xəyallar gözəldir. Bax, indi xəyal et ki, mən gülümsəyirəm. Bir də xəyal et ki, mən səni sevirəm. Hə, sənə adımı yazmamağımı, cəsarətsizliyimi də xəyal et.
Səndən xahiş edirəm, çox xahiş edirəm, bu məktubu sənə verən rəfiqəndən kim olduğumu soruşma.”
Soruşmadım. Belə daha yaxşıdı mənimçün. Xəyallar, xəyallar, xəyallar... Bu başqa bir aləmdir. Tamam başqa bir aləm. Bir parça kağız insanı tanımadığı, bilmədiyi, görmədiyi yerlərə apararmış. Görəsən sevgi, nəyə görə başlanığıcdan gizliliyi sevir? Bunu heç vaxt anlaya bilmədim. Hərdən gözlərim, mənə uzun-uzadı baxan adamların üzündə ilişib qalırdı. Fərqi yox idi mənimçün. Nə olsun ki məktubu mənə məktəbdə vermişdilər? Bəlkə o, bu küçənin döngəsində duran oğlandır? Bəlkə o, lap qonşuluğumuzda yaşayan biridi? Bilirsiz bəlkələr nə qədər şirindir? İnsanı gecələr yatmağa qoymayacaq qədər. Əsas odur ki, üzünü görməsəmdə, özünü tanımasamda, məni sevən biri var.
Getdikcə məktublar çoxaldı. Azı həftədə iki dəfə tanımadığım sevənimdən məktub alırdım. Bu ərəfədə Elçində məni unutmurdu. Deyəsən Elçinlə olan münasibətlərim mənimçün yavaş-yavaş aydınlaşırdı. Deyəsən mən nəyisə düz etmirdim. Bəs Elçin necə, Elçin düz edirdimi? Yox, deyəsən o da düz etmirdi.
Yaxşı xatırlayıram, bazar günü idi. Anam mətbəxdə səhər yeməyini hazırlayırdı. Elçinsə masanın arxasında əyləşərək, burnunu isti çayın buxarına tutaraq düşünürdü. Mənsə çay içirdim. Anam, sinidə mətbəxdən bir az pendir, bir az kərə yağı və birdə balaca bir qabda şəkər tozu gətirib qoydu masanın üstünə. Sonra hansısa səbəbdən anamın çörəyi masanın üstünə qoyması gecikdi. Elə bu an, Elçin üzünü mənə tutub gülümsəyərək,
- Sevinc, qalx atançün çörək gətir – deyəndə, özümdən aslı olmayaraq sərt bir şəkildə, bir az ucadan dedim,
- İndi atammı oldun?
Elçin susaraq dodaqlarında donuq təbəssümlə üzümə baxırdı. Sonra donuq təbəssümünün və üzümə dikilən baxışlarının yerini qızaran sifəti, gah mənə, gah da mətbəxin qapısına asılıb qalan bərəlmiş gözləri aldı. Yan tərəfə baxdığımda anamı gördüm. Anam əlində çörək, mətbəx qapısının qarşısında dayanmışdı. O, sanki yerindəcə quruyub qalmışdı. O, bizə baxırdı. Onun mənə baxan baxışlarından, “bu nə tərbiyəsizlikdir?” , hərdən Elçinə sarı çevrilən baxışlarından isə, “ sən, ona o sözü deməməli idin!” kəlmələrini açıq-aydın oxumaq olardı.
O gündən sonra Elçinin təkidlərinə baxmayaraq mən müxtəlif bəhanələr gətirərək dərslərimdən yayınmaq istəmədim. Evə anamla birgə gedər, anam evdə olmayanda isə, tez evdən uzaqlaşırdım. Gizli sevənimin məktubları isə, bir başqa idi. Hər məktubda doğmalıq, hər məktubda nəciblik, hər məktubda bir parça şeir. O, məni bəzən payıza bənzədirdi.

Ay sevgilim payız, gözəl payızım,
Üzündən gözündən yağış tökülür.
Yolunda saralan baxışlarımı,
Sizin küçənizdə yağışlar döyür.

Bir gün səhər tezdən üzümdə hiss etdiyim nəfəsin hərarəti məni yuxudan oyatdı. Gözlərimi açan kimi, dedim,
- Elçin, məndən əl çək, məni bir də rahatsız etmə.
O isə pıçıltıyla deyirdi,
- Axı niyə, sənə nə olub, niyə mənimlə belə rəftar edirsən? Bəs sən məni sevmirsən?
Bu necə ola bilər? Sevmək? Mən... Anamın həyat yoldaşını sevmək? Sanki hər şeyi indi başa düşürdüm. Mən gör nələr etmişəm?! Yorğanı gözlərimin altına kimi üzümə çəkib, Əsəbdən dişlərini sıxan, Elçinə qorxa-qorxa baxdım. O isə, əsəbi bir tərzdə arada-bir anamla yatdığı otağın qapısına baxaraq pıçıltıyla danışırdı,
- Sən düşünürsən ki, hər istədiyini edə biləcəksən? Sən məni nə hesab edirsən? Əgər anan bütün bunları bilsə nə olacağını heç düşünmüsən? Mənimçün pis olmaz, amma səninçün çox pis olar. Hə, anan nə edəcək? Ən uzağı məndən ayrılacaq. Amma sənin etdiklərini, anan heç vaxt sənə bağışlamayacaq.Mənsə, sizi bütün şəhərdə rusvay edəcəm! Ağlını başına yığ, mənlə oyun oynama!
Mən ağlayırdım, həm qorxudan, həm də peşimanlığımdan. Həm də ona görə ağlayırdım ki, bütün bu olanları gizlin sevənim bilsə...Hə, mən ağlayırdım...
Elçinlə razılaşdım. Onun istədiyi hər şeyi edəcəm, yenə əvvəlki kimi olacam. O, yenə səhərlər dodaqlarımı öpəcək, mənsə gülümsəyəcəm. O, sinəmdə əllərini gəzdirəcək, mənsə gözlərimi yumacam. Mən onunla razılaşmağa məcburam. Mən, mən onun istədiyi kimi olmalıyam. Həmin gün, Elçinin təkidi ilə, yenə bəhanə gətirərək dərsdən icazə alıb evə yollandım. Elçin, soyuq baxışlarıma, acı, qəhərli gülüşlərimə fikir vermədən fınxıra-fınxıra bütün vücudumu dişi ilə cırmaqladı. O yenə bakirəliyimə toxunmadı. İki həftə sonra gizli sevənimin son vaxtlar göndərdiyi oxumadığım məktublarını yatağımın üstünə tökərək düşünürdüm, mən nə etməliyəm? Necə etməliyəm? Anama bu barədə heç nə deyə bilməzdim. Elçin çox riyakar bir adam idi. O, anamı hər gün daha çox əzizləyir, o, anama hər gün daha çox qayğı göstərirdi. Anam xoşbəxt idi.
Bu gün də, Elçin evdə məni gözləyəcəkdi. Mənim bu gün Elçinə deyiləsi çox sözüm vardı. Mən hər şeyi deyəcəm. Onunla olan münasibətlərimizin iyrənc olduğunu, adını bilməsəmdə, özünü tanımasamda sevgilimin olduğunu ona deyəcəm. O, lap inanmasa belə, mən ona məktubaları göstərəcəm. Məktubları oxumaq istəsə mane olmayacam, qoy oxusun. Qoy hər misrasından səadət ətri gələn məktublardakı şeirləri də oxusun.
Elçin, həmişə olduğu kimi, qapı zənginin ilk notu səslənən anda tez qapını açaraq, məni içəri keçirib, qapını arxadan kilitlədi. O, məni divara sıxaraq yanaqlarımı öpməyə başladı. Mənsə gülümsəyə bilmirdim. Mən daha yalandan gülümsəyə bilməzdim. Yox, bu mən istəsəm də mümkün olmayacaqdı. O... o, addım-addım məni yatağa doğru sürükləyirdi, boğulurdum... Mən boğulurdum. Gah dilimi dişləyirdim, gah da dodaqlarımı çeynəyirdim. Bütün gücümlə özümü içimə elə sıxırdım ki, yalvarmamaq üçün, qətiyyətli olmaqçün, güclü olmaqçün. Var qüvvəmlə acizliyimə qarşı dirənirdim. Hə, lap elə indicə mən çığıracam. Lap elə indicə mən partlayacam. Lap elə indicə bəlkə mən onu öldürüm? Bəlkə mən bir bəhanə uydurub mətbəxdən bıçağı götürərək onun qanını öz yatağına töküm? Onun yatağına? Yox, bu təkcə onun yatağı deyil, bu həm də anamın yatağıdır. Qoy istədiyini etsin, sonra mən ona hər şeyi deyəcəm. O, yorğanın altındakı sol əli ilə sinəmi ovuşdura-ovuşdura, sağ əlinin barmaqlarında tutduğu siqaretin tüstüsünə ehtirasla baxırdı. Vaxtdır, mən indi ona hər şeyi deyəcəm.
- Elçin, mənim sevdiyim var.
O, gözlərini siqaretin tüstüsündən ayırmadan,
- Kimdir?
- Tanımıram.
- Bəs necə sevirsən?
- Bimirəm, amma sevirəm.
- Sevinc, sən axmaqsan.
- Elçin, xahiş edirəm, mən daha iyrənirəm sənlə olan münasibətimizdən. Mənim sevdiyim var, mən xoşbəxt olmaq istəyirəm.
O, burula-burula havalanan siqaretin tüstüsünü diqqətlə seyr edərək gülümsəyirdi. Onun belə gülümsəməsi və sakit olması məni təşvişə salırdı. Axı nəyə görə o əsəbləşib özündən çıxmır? Mən düşünürdüm ki, o kimisə sevdiyimi biləndən sonra əsəbləşib özündən çıxacaq. Amma o, belə etmədi, o, çox sakit idi. Mən qorxa-qorxa onun üzünə diqqətlə baxaraq dedim,
- Elçin, o mənə məktublar göndərir, onun məndə çoxlu məktubları var. O, ...
Elçin sözümü tamamlamağa imkan verməyərək,
- O, məktubları sənə bir qızla göndərir və məktublarında gözəl şeirlər olur. Bəlkə o, elə mənəm? Axı sən onu tanımırsan, elə deyil?
Elə idi...
Qağayılar dalğalara qanadlarını çırpanda,günəş adamdan bir az da uzaq olur, üşüyür adam. Hər üşümədə, hər titrəmədə bir az ehtiras, bir az gərginlik, bir az qorxu, bir az özünə çəkilmə, bir az da adamın içində hayqıran üsyan var...
Ləpələr sahillərə çırpılarkən səslənən ahəngdar musiqi, can verən adamın xırıltılı nəfəsinə oxşayır...lap elə mənə oxşayır... Günəş, batdı...
Bax, indi o lənətə gəlmiş şeirdə deyildiyi kimi, sonuncu dəfə görəcəyim bir qağayı, dimdiyində gülüşü, qanadlarını dalğalara çırpır, çırpır, çırpır...Bəlkə o qağayı mənə gülür? Günəş, batdı...
İnsanlar, sizin yaşadığınız şəhərinizin və həyatınızın göz qamaşdıran süslü işıqlarından başqa nəyi var, nəyi? İnsanlar, mən insan olmağımdan utanıram! Siz də, siz də mənim kimi utanırsız? İnsanlar bilirsinizmi ki, dünya cənnətin çöplüyünə bənzəyir, bilirsinizmi? Bu çöplükdə mələklərin lazımsız bildiyi tullantılar, insanların sevə-sevə yaşadıqları günahlardır. Biz günahları axı niyə bu qədər çox sevirik, axı niyə? Bilirsiz, mənim günahlarım böyütdü məni... mənim günahlarım mənə sevməyi də öyrətdi... sevməyi...
Günəş batdı, artıq vaxtdır. Mənim günahlarımı yalnız dənizin dalğaları yuya bilər. İndi mənim günahlarım mənə ölməyi öyrədir...
Soyuqdur, çox soyuq... Onun əlləri mənim vücudumu hərarətləndirirdi. İndi o əllərin sığal çəkdiyi yerlərdə dalğalar rəqs edir. Həm də elə rəqs edir ki, elə bil bir şair ömrü gözəllikdən bəhs edən şorgöz misralar kimi... Günəş batdı.

Комментариев нет:

Отправить комментарий