Страницы

26.12.2012

Qərbin və SSRİ-nin vahid düşməni - Çauşesku



Çauşeskunun həyat yoldaşı ilə birgə güllələnməsindən 23 il ötür

Bəlkə indiyədək davam etməkdə olan «diktator ovları» məhz onun aradan götürülməsi ilə başlanmışdı. Hər halda bu mənada birincilərdən sayıla bilər. Hərçənd bu adama diktator demək də olmur. Təbii ki, sərt diktələrinin olduğuna şübhə etmirik və onu da bilirik ki, müasir dünyanın baxışlarında belələrinə yapışan və yapışdırılan ad elə diktatordur, avtoritardır. Məsələyə bir yanaşma da var və o yanaşma dövrün dəyişməkdə olan reallıqlarına dərindən nəzər yetirməyi zəruriləşdirir.

Qəhrəmanımız prinsipial mövqe tutdu və öz oyununu oynamağa çalışdı. Müəyyən mənada oynadı da. Amma ona belə demək mümkünsə, böyük səhnədə qalmaq şansını tanımadılar və bu gün həmin adamın cəzasına məhkum edildikdən dərhal sonra qətlə yetirilməsindən 23 il keçir. Yazının sonunda yerləşdirilmiş video-görüntüdə o qorxulu səhnəyə və ondan sonrakı emosiyalara şahidlik edəcəksiniz. Sevinənlər diqqətinizdən yayınmayacaq. Şübhəsiz, çox da uzaq olmayan tarixdə baş verənləri beynində canlandıranlar da tapılacaq. Elə isə bir qədər əvvəldən başlayaq və müəyyənləşdirək görək, nəyə görə rumın diktatoru Nikolay Çauşesku güllələndi. Diktatorun həyat yoldaşı Yelenanın da onunla birgə öldürülmə səbəbini isə video-görüntüdən müəyyənləşdirməyə çalışın. Mətndə bu barədə heç nə yoxdur.

Sosialist Rumıniyası Qərbin tərəfdaşıdır

Ondan başlayaq ki, ötən əsrin 70-ci illərinin ikinci yarısında və 80-cı illərində Qərb, Beynəlxalq Valyuta Fondu və digər transmilli maliyyə strukturları Rumıniya Sosialist Respublikasının lideri N.Çauşeskunu və onun yeritdiyi siyasi xətti hər cür dəstəkləyirdi. Ölkə xaricdən külli miqdarda kreditlər alırdı, eyni zamanda məhsullarını asanlıqla Qərb bazarlarına çıxarırdı. Qəribədir ki, belə bir imtiyaza SSRİ-nin yaratdığı Varşava müqaviləsi ölkələrindən heç biri malik deyildi və malik ola da bilməzdi. Bəs, Rumıniya nə ilə fərqlənirdi?
Çauşesku SSRİ-nin xarici siyasət kursunu pisləyir və beynəlxalq məsələlərdə müstəqil mövqe tuturdu. Rumıniya sovet qoşunlarının Əfqanıstana yeridilməsinə, bundan öncə SSRİ-nin 1968-ci ildə Çexoslovakiyadakı hərbi kampaniyasına da əks münasibətini açıqlamışdı. Rumın liderin özü isə dəfələrlə bildirmişdi ki, Kremlin Kabula və Praqaya yönəlmiş hərəkətləri Sovet İttifaqının diskreditasiyasına yol açır, dünyada sabitliyi pozur, sosialist ölkələrində anti-sovet təmayülünün baş qaldırmasına şərait yaradır. Diktatorun məhz bu reaksiya tərzi Qərb dairələrini tamamilə razı salırdı və onlar Rumıniyadan dəstəklərini əsirgəmirdilər.
Moskva Buxarestə münasibətdə iqtisadi sanksiyalar tətbiq edəndə Avropa ölkələri ikincini birinciyə qarşı mübarizəyə qaldırmaq planını işə saldılar. Amma öncə vəziyyət heç də ürəkaçan olmadı. Münasibətlərin kəskinləşməsi nəticəsində Rumıniyanın sosial-iqtisadi proqramı məhv olma təhlükəsi ilə üzləşdi. Bununla yanaşı, SSRİ-nin təhriki ilə digər sosialist dövlətləri də Rumıniyaya əks cəbhədə dayandılar. Məsələn, Macarıstan Translivaniya ilə bağlı ərazi iddiası qaldırdı. Bolqarıstan isə Rumıniya ilə sərhəd məsələsinə yenidən baxılmasında təkid göstərdi.
Belə bir şəraitdə Rumıniya Qərbdən maliyyə köməyi almağa ümid edirdi. Çauşesku eyni zamanda SSRİ-nin Stalindən sonrakı idarəçilik üsuluna qarşı çıxan digər sosialist dövlətlərinin dəstəyinə də arxalanırdı. Çin, Albaniya, Koreya Xalq Demokratik Respublikası və başqaları ilə yaxın təmaslar qururdu.

Qərbin «yenidənqurma» planı və Çauşeskinin anti-sovet inadı

SSRİ-də Mixail Qorbaçovun başçılığı ilə «yenidənqurma» xəttinin götürüldüyü bir dönəmdə Rumıniya Qərbin başlıca iqtisadi tərəfdaşlarından birinə çevrildi. 1975-1986-ci illərdə ölkəyə 22 milyard dollara yaxın kredit və istiqraz qoyuluşu həyata keçirildi ki, bunun da 10 milyardı ABŞ-ın payına düşdü. Borcu geri qaytarmaq üçün qoyulan sonuncu müddət 1996-cı ildə başa çatmalı idi. Yardımlar Rumıniyanı SSRİ-nin hakim rol oynadığı Varşava müqaviləsi təşkilatından, eləcə də İqtisadi Əməkdaşlıq İttifaqından çıxarmalı idi. Əlbəttə, daha yaxşı olardı ki, Rumıniya SSRİ-yə qarşı açıq konfrantasiyalara getsin. Ancaq Çauşesku bunu istəmədi və əvəzində bəyan etdi ki, ölkəsi bütün borcları vaxtından əvvəl qaytaracaq.
SSRİ-dəki «yenidənqurma»ya qədər Qərb Çauşeskunu «diktator», «Stalinçi» «rumın xalqının cəlladı» kimi epitetlərə «qonaq etməmişdi». 1985-ci ildən sonra əvvəl Avropa mediası, sonra «Böyük yeddiliy»ə daxil olan ölkələrin rəhbər şəxsləri belə ifadələri dillərinə almağa başladılar. Halbuki o vaxtadək rumın liderinin ABŞ-a və Qərb ölkələrinə səfərləri böyük təmtəraq və coşğu ilə qarşılanırdı.
1987-ci ildən başlayaraq Rumıniya ilə bağlı Qərbin bütün mütərəqqi iqtisadi planları dayandırıldı. İş o yerə çatdı ki, Çauşeskunun özü böyük miqyaslı müflisləşmə təhlükəsindən danışmaq məcburiyyətində qaldı. Məsələ ondaydı ki, rumın lider əvvəlcə SSRİ-yə açıq demarşdan çəkindi, sonra planlar Qərbin ssenari üzrə gedəndə, yəni Sovet İttifaqında Mixail Qorbaçov hakimiyyətə gətiriləndə Çauşesku Moskvanın «yenidənqurma»sını dəstəkləməkdən imtina etdi. Qərbə qarşı çıxan, həmçinin Qorbaçova zidd mövqeyi ilə seçilən Kubayla, KXDR-lə, Çinlə, həmçinin İran, İraq, Liviya, Vyetnam və Nikaraqua ilə əlaqələrə üstünlük verdi. Rumıniya rəhbəri çıxışlarında bildirdi ki, yenidənqurma sosializmin məhvinə, sosialist respublikalarının, kommunist partiyalarının sıradan çıxarılmasına aparır. Təbii ki, belə mülahizələr yürütmək guya bir-birilərinə qarşı çıxdıqları görünən, əslində isə SSRİ-ni dağıtmağa yönəlmiş fəaliyyət kursunu seçən Qorbaçov-Yeltsin komandasının sponsorunu - Qərbi narazı salmaya bilməzdi.
1988-1989-cu illərdə Avropa mətbuatı açıq şəkildə yazırdı ki, Çauşesku Qərbə və Qorbaçova qarşı problemə çevrilir. Rumıniyanın «yenidənqurma» xəttini dəstəkləyən sosialist ölkələrini yolundan döndərə biləcəyi vurğulanırdı. Məhz buna görə də Çauşeskuya münasibətdə sərt davranmağın vaxtı çatırdı. Həmin müddətdə Rumıniya çalışırdı ki, birincisi, Qərbdən aldığı borcu qaytarsın, ikincisi sovet bloku ölkələrindən asılı olmayan iqtisadiyyat qursun. 1987-1988-ci illərdə bu vəzifənin öhdəsindən qismən gəlinmişdi.
1988-ci ildə Rumıniya 5 milyard dollarlıq məhsul ixrac etmək gücündə idi. Mövcud göstərici ölkənin iqtisadi çətinliklərini aradan qaldırmağa, eləcə də müstəqil iqtisadi siyasət yeritməyə imkan verirdi.
Rumıniya Kommunist Partiyasının 1987-ci ilin dekabrında baş tutmuş milli yığıncağında çıxış edən Çauşesku ölkədə sosializmi daxili qüvvələr hesabına qurmaq üçün təxirəsalınmaz işlər görülməsinin vacibliyini vurğuladı. Tədbirin yekun qətnaməsində bildirildi ki, Rumıniyada heç bir halda sosializmin təməllərinin laxladılmasından söhbət gedə bilməz.
Çauşesku tezliklə yenidənqurma əleyhinə çıxan qüvvələrin birliyini yaratmaq təşəbbüsünü də irəli sürdü. Birliyə Almaniya Demokratik Respublikası, Çexoslovakiya, Kuba, Çin, Albaniya, KXDR və Vyetnam daxil olmalı idi. Ancaq ADR və Çexoslovakiya Moskva ilə əlaqələri kəsməkdə qərarlı ola bilmədilər. Çin və Albaniya da birliyə kifayət qədər nikbin yanaşmadı. Lakin Çauşesku öz ideyasından dönmədi və elə Moskvada bildirdi ki, Qorbaçovun yeritdiyi «yenidənqurma» xətti sosializmin məhvinə yönəlib. Bu çıxış diktatorun sonuna aparan yolun dönüşünün olmadığını bir daha təsdiqləyirdi - rumın liderini aradan götürmək zərurəti yetişirdi. Həmin zərurətin dəyərləndirilməsi yollarından yazan macar-rumın mediası 1989-1991-ci illərin məxfi materiallarına əsasən vurğulayırdı ki, Rumıniyaya SSRİ-dən, Macarıstandan, İsraildən, ABŞ-dan, Almaniyadan, Böyük Britaniyadan casus dəstələri yeridilmişdi. 1989-cu ilin payızına doğru sayı 500-ə çatmış bu qruplaşmaların üzvləri bir-biriləri ilə sıx əməkdaşlıq şəraitində çalışırdılar.

MKİ və «KQB»nin birgə müttəfiqliyi - Çauşesku «kaput»!

Əvvəlcə Rumıniyanın Translivaniya bölgəsində macar azlıq tərəfindən təxribatlara start verildi. Çauşeskuya qarşı casus şəbəkəsi, külli miqdarda silah və sursat məhz bu bölgədə cəmləşmişdi. Həmin dövrə aid materiallarda İrandan, Albaniyadan, Çindən və KXDR-dən Çauşeskuya Rumıniyanın bütün sərhədlərini bağlamaq və ölkədə hərbi vəziyyət elan etmək məsləhətinin görüldüyü bildirilir. Lakin diktator buna getmədi. Əlbəttə, o, 1989-cu ilin martında Macarıstanla sərhədləri bağlamaq barədə göstəriş verdi ki, bu isə həddən artıq gecikmiş addım idi.
Həmin vaxt Rumıniya məsələsi artıq böyük başağrısına çevrilmişdi. Xarici mənbələrin məlumatlarına görə, 1988-ci ilin payızında SSRİ-nin ali rəhbərliyində təmsil olunmuş şəxslərin - Qorbaçovun, Şevarnadzenin, Qromıkonun və Yakovlyevin Qərbin rəsmi nümayəndələri, o cümlədən Bjezinski və Kissincerlə söhbətlərində mövzu məhz Çauşesku olmuşdu. Buna Rumıniyanın iqtisadi inkişafda əldə etdiyi inanılmaz nailiyyətlər də əsas verdi. Belə ki, 1989-cu ilin mayında ölkə Qərbdən götürdüyü 22 milyardı tamamilə geri qaytardı. Çauşesku bəyan etdi ki, ticarət əlaqələrindən istifadə edərək kimsənin ölkəsinin daxili işlərinə qarışmasına imkan verməyəcək.
Sosialist Rumıniyasının Daxili İşlər Nazirliyinin 1989-cu illə bağlı məlumatında göstərilir ki, Macarıstan və SSRİ tərəfindən ölkənin sərhədlərini pozmaq cəhdləri demək olar, hər gün qeydə alınmaqdadır. 1988-ci illə müqayisədə sərhəddən silah-sursat keçirmək cəhdləri üç dəfə artıb. Həmin vaxt isə bütün Avropanı anti-rumın təbliğatı başına almışdı. Hətta iş o yerə çatmışdı ki, bu təbliğata Vatikanın radiosu da qoşulmuşdu.
1989-cu ilin noyabrında Rumıniya Kommunist Partiyasının XIV qurultayı keçirildi və toplantıda çıxış edən N.Çauşesku bildirdi ki, yenidənqurma sosializm üçün ziyanlı tendensiya və imperializmlə vasitəçilik cəhdidir. Rumın lider dünya kommunist və fəhlə partiyalarının 1969-cu ildən bəri çağrılmayan forumunun təşkilini təklif etdi. Çauşesku planlaşdırdığı tədbiri ya Buxarestdə, ya da Moskvada düzənləməyi nəzərdə tuturdu. Dünyanın bir çox kommunist partiyaları onun fikri ilə razılaşdılar. SSRİ-nin təsiri altında olan bəzi şərqi Avropa ölkələrindəki kommunist partiyaları məsələyə tərəddüdlü yanaşsalar da, SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsi dekabrın 15-də Buxarestə qısa razılıq teleqramı göndərdi. Buna qədərsə, daha dəqiq desək, dekabrın 4-də Çauşesku Varşava Müqaviləsinə üzv ölkələrin dövlət başçılarının Moskvadakı iclasında bəyan etmişdi ki, kommunist partiyalarının böyük toplantısında Rumıniya nümayəndə heyəti «yenidənqurma»nın nəticələrinə prinsipial qiymət verəcək. Qorbaçov və komandası qarşıdakı forumda onları nələrin gözləyəcəyini bilməmiş deyildi. Bu komanda hər vəclə çalışırdı ki, tədbirlə əlaqədar yekun qərarın açıqlanması uzansın.
Uzanmanı görən ÇXR, KXDR və Albaniya rəhbərliyi dəfələrlə Çauşeskuya forumu SSRİ-siz keçirmək barədə məsləhətlər vermişdilər. Artıq Pekində, Tiranada və Pxenyanda belə bir şübhə yaranmışdı ki, Kreml Qərblə birləşərək Rumıniyada əks-inqilabi çevriliş gerçəkləşdirmək niyyətindədir. Amma Çauşesku buna əhəmiyyət vermədi və axıradək gözləməyi üstün tutdu. İnadkar diktator sovet rəhbərliyini son anadək sıxmağı məqbul saydı.
Axırda sıxılan isə kiçik Rumıniyanın balaca rəhbəri oldu. Amerika, İran, Liviya və Çin mənbələrinə görə, ABŞ-ın o zamankı prezidenti ata Corc Buşun 1989-cu ilin iyununda Macarıstan rəhbərliyi ilə, dekabrın əvvəllərində isə Qorbaçovla Maltadakı görüşündə Rumıniyada hərbi çevrilişin həyata keçirilməsi və Çauşeskunun hakimiyyətinin devrilməsi barədə yekun qərar çıxarıldı. Plan bir qədər öncə haqqında danışdığımız macar azlıqlarının Translivaniyada dövlət əleyhinə çıxışları ilə işə düşməli idi. Burada rumın məxfi xidmətinin formalarını geyinmiş xüsusi casuslar dəstəsi üsyançılara qarşı terror aktları reallaşdıracaqdılar. Ssenari nəzərdə tutulduğu kimi, həyata keçirildi.
Noyabr-dekabr aylarında Buxarestin Kuba, Çin, Albaniya və KXDR ilə artmaqda olan əlaqələri Moskvanın və Vaşinqtonun səbr kasasını daşdırırdı. Dekabrın 18-20-də Çauşeskunun İrana səfəri baş tutdu ki, həmin səfərdə Rumıniya ilə İslam Respublikası arasında hərbi, iqtisadi və siyasi əməkdaşlıqla bağlı razılaşma əldə olundu. Qərbin və Kremlin gözündə bu tamamilə ağını çıxarmaq sayılırdı və cəzası olmalı idi.

Çauşeskunu MKİ devirdi

Yarımbaşlıqda qeyd edilmiş fikir isə rumın liderinin ölümünün 15 illiyi ilə bağlı çəkilmiş sənədli filmdə səsləndirilib… Dekabrın 21-də Rumıniyada qanlı çevriliş həyata keçirildi. Bu hadisədən 4 gün sonra, yəni 1989-cu ilin bu günündə Çauşesku və həyat yoldaşı Yelena Rumıniya Hərbi Məhkəməsinin qərarı ilə güllələndilər.
Sözügedən filmdə isə bildirilir ki, Çauşeski, Slobodan Miloşeviç, Səddam Hüseyn, Eduard Şevarnadze - bu adamların hamısını Amerikanın xüsusi xidmət orqanları devirdi. Almaniya istehsalı olan həmin ekran əsərində 71 yaşlı Çauşeskinin və onun 73 yaşlı həyat yoldaşının güllələnməsi xalqın kommunist rejimini məhv etmək yönümlü iradəsinin böyük təntənəsi kimi təqdim olundu.

168.az

Комментариев нет:

Отправить комментарий