Страницы

21.12.2012

"Ramiz Mehdiyevin quldur dəstəsi gəlib evimin divarlarını uçurur"

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Azadlıq” qəzetinə növbəti müraciətini göndərib. Keçmiş rektor müraciətində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı yaradılmış müstəqil istintaq komissiyasının işinə mane olmaqda ittiham edir. Müraciətdə deyilir:
“4 oktyabr 2012-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən mənim təhlükəsizliyimi təmin etmək məqsədi ilə Baş Prokurorluq yanında Müstəqil İstintaq Komissiyası (MİK) yaradıldı. Lakin Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilata himayədarlıq edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təzyiqi üzündən MİK normal fəaliyyət göstərə bilmir:

MİK-in yaradılmasının məqsədi Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanmış qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin işini araşdırıb, mütəşəkkil cinayətkar təşkilatı ifşa etməkdir. Lakin, əvvəllər olduğu kimi, MİK MTN-in zabiti Mahirin açıq cinayət işini araşdırmaq və mütəşəkkil cinayətkar təşkilatın üstünə getmək əvəzinə, bu işinin açılmasını istəyənlərin, zərərçəkmişin üstünə gedir.
Belə ki, Ramiz Mehdiyevin təzyiqi ilə YAP funksioneri Siyavuş Novruzov 3 gün öncə bəyanat vermişdir ki, Elşad Abdullayev Bakıya gətirilməlidir. Qeyd etmək istəyirəm ki, Siyavuş Novruzov özünü bilməməzliyə qoyub. Mən MTN-in zabiti Mahir Abdullayevin oğurlanmasını 2003-2004-cü illərdə YAP-ın vasitəsi ilə də həll etmək istədim və buna görə Siyavuş Novruzova müraciət etdim. Siyavuş Novruzov mənə bildirdi ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov onun yaxın qohumudur, Mahirin məsələsini onunla həll edəcək. Bu məsələ ilə baglı söhbətlərimiz oldu, lakin, bu problemin həllində onun aciz olduğunu gördüm. Onun fəaliyyəti həmişəki kimi, bu gün də həqiqətə uyğun olmayan sifarişli bəyanatlar verməklə məhdudlaşır.
19-20 dekabr 2012-ci il tarixində MİK əməkdaşları Azərbaycan Beynəlxalq Universitetinə gələrək, oradan qanunsuz şəkildə 3 yük maşını sənəd aparmışlar. Qeyd etmək istəyirəm: 2 sentyabr 2011-ci il tarixində Təhsil Nazirliyi ABU-nu ədalətsizsəsinə bağlayandan sonra təhsil nazirinin əmri ilə kommissiya yaradılıb. Həmin komissiyanın məqsədi ABU-da olan sənədləri Təhsil Nazirliyinə təfvil almaq olub. ABU-da qalan sənədləri isə hələ Bakıda olan zaman yazılı təsdiq olunmuş aktla dövlət arxivinə təhvil vermişəm. Başa düşə bilmirəm, mənim vəkilimin və nümayəndəmin iştirakı olmadan, ABU-da sənəd olmadığı halda bu saxtalaşdırılmış 3 yük maşını sənəd haradan cıxdı? Bu gün MİK-in vəzifəsi Mahirin oğurluq faktını müəyyənləşdirməkdir, zərərçəkmişin susdurulması üçün fabrikovat olunmuş saxta cinayətlər yaratmaq olmamalıdır. Bu, yenə zərərçəkmişin başını qatmaq, onun üstünə getməkdir.
Yaxud, 2007-ci il tarixində YUNESKO-nun müəllimi adına layiq görülmüşəm. Onun həqiqi olub–olmadığının dövlətlərarası lüzmsuz araşdırmalarını aparmaqla xalqı çaşdırmaq, zərərçəkmişin başını qatmaq əvəzinə, MİK bütün xalqa məlum adam oğurluğu, MTN zabiti Mahir Abdullayevin açıq cinayət işi haqqında zərərçəkmişə məlumat verməlidir.
Bunlar mənim təhlükəsizliyimi necə təmin edir ki, prezident İlham Əliyevin sərəncamı ilə yaradılan MİK-ə hörmətsizlik edilir, Ramiz Mehdiyevin quldur dəstəsi dövlətin gücündən istifadə edərək gəlib evimin divarlarını uçurur?
Mənim vəkilim, hüquqşünas Azad Mürsəliyev xəstə anasını müalicə etmək ücün Türkiyəy getmək istədikdə MİK tərəfindən qanunsuz olaraq ucuşuna yasaq qoyulub, Bakıdan çıxmasına icazə verilmir, halbuki əsas cinayətkarlar gedib-gəlməkdə sərbəstdirlər. MİK-ə qədər də mən iş otağımda üstümə silah çıxaran və məni ölümlə hədələyən “KQB” killerindən şikayət etdim, əvəzində Azərbaycanın “şanlı” hüquq mühafizə orqanları onun yerinə bacım oğlunu, mənim nümayəndəm-vəkilim Azad Mürsəliyevi Azərbaycansayağı şərləyib 1 il azadlıqdan məhrum etdilər.
“Dövlət iki halda sarsılır: brincisi, günahsiz adam cəzalandırıldıqda, ikinci, günahı olan adamlar mükafatlandırıldıqda”. Bu sözlər Heydər Əliyevə məxsusdur. Lakin, mütəşəkkil cinayətkar təşkilat nə prezidentə, nə də Heydər Əliyevin vəsiyətlərinə əməl edirlər. Bunun ücün də zərərcəkmişə qarşı cinayətlərini bu gün də davam etdirirlər və s.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vəzifə mövqeyindən sui-istifadə edərək prezidentin sərəncamı ilə yaradılmış MİK–in normal fəaliyyətinə maneçilik törədir, İlham Əliyevin sərəncamını da saymır. Artıq dünəndən etibarən MİK yenə də köhnə qaydada Ramiz Mehdiyevin inzibati amirlik - komanda metodları ilə işləməyə başlayıb. MİK-i Ramiz Mehdiyevin nəzarətindən çıxarmaq üçün o birbaşa prezidentə tabe olmalı, yaxud parlamentin tərkibində yaradılmalıdır. Bu sahədə MDB məkanında çoxsaylı hüquqi təcrübə var.
Bu zaman yaranmış vəziyyətlə əlaqədar Azərbaycan qanunvericiliyinin zəruri tələbi nəzərə alınmalıdır: cinayətin açılmasına maneçilik törədilməsinin qarşısını almaq məqsədi ilə PA rəhbəri Ramiz Mehdiyev, adı cinayət işində keçdiyi üçün, müvəqqəti olaraq tutduğu vəzifədən uzaqlaşdırılmalıdır.
Bununla yanaşı, məlumdur ki,yaş kriteriyası tibbi-huquqi kriteriyadır, Azərbaycan qanunvericilində isə pensiya yaşı 65-dir. Bundan yuxarı yaşda olan vəzifəli şəxslər tutduğu vəzifədən istefa verməlidir. PA rəhbəri Ramiz Mehdiyevin isə 80-ə yaxın yaşı olduğu, tutduğu vəzifəyə görə həddindən artıq qocaldığı üçün istefa verib pensiyaya getməlidir”.

faktxeber.com

Комментариев нет:

Отправить комментарий