Страницы

28.12.2012

ƏRDƏBİLİN İMAM CÜMƏSİNİN AZƏRBAYCAN HAQQDA ANALOQU OLMAYAN BƏYANİYYƏSİ

Hələ Sovetlər Birliyi dağılmazdan bir neçə ilə qabaq qərb ölkələrinə mənsub strateji araşdırma mərkəzləri bu ittifaqın dağılacağını eyni vaxtda proqnozlaşdırmış və ümumiyyətlə sovetləri dağıdıb parçalamaq üçün əməliyyat mərkəzləri tərəfindən ciddi layihələr həyata keçirilmişdi. Belə bir hadisə və ya planı hər cəhətdən diqqət mərkəzində saxlayan mərkəzlər İttifaq parçalandıqdan sonra nə kimi təhlükələr yaranacağını da dərindən analiz etmişdilər.
Müəyyən olunmuş 20-yə yaxın ehtimali təhlükələrdən biri də strateji əhəmiyyət daşıyan İran-Azərbaycan münasibətləri idi. Belə ki, İranla Azərbaycan tarixi, mədəni, coğrafi, milli, dini və məzhəbi cəhətdən eyni kökə malik olduqları üçün qısa zaman kəsiyində bu ölkənin ilhaq, daha sonra isə ideoloji ittihad məsələsi qarşıya çıxacaqdı.
İmperialist qüvvələrin İslam İnqilabını mühasirədə saxlayaraq, digər müsəlman ölkələrə ixracına hər vəchlə mane olduqları təqdirdə, onun Azərbaycan kimi strateji məkana, enerji mənbəyi regionuna sirayəti dözülməz bir hal idi. Odur ki, qeyd olunan mərkəzlər gələcəkdə qarşılaşa biləcəkləri təhlükəni vaxtında neytrallaşdırmaq üçün məkirli planlar hazırladılar. Bu gün də icrası davam edən planın tam şəkildə açıqlanması söhbətin həcminə sığası deyil.
Həmin planın mühüm tərkib hissəsi və mövzumuza aid olanı Qarabağ məsələsi idi. Əldə olan məlumatlara görə qətiyyətlə deyə bilərəm ki, Qarabağ problemi Sovetlər birliyi dağılmazdan illərcə qabaq, ehtimal olunan İran-Azərbaycan ittifaqının qarşısını almaq üçün hazırlanmış bir oyun idi. Qərbdə yazılmış bu ssenarini ruslar çox böyük həvəslə tamaşaya qoydular. Çünki bu problem onların Qafqazda nüfuzunu qorumaq, mənafelərini təmin etmək üçün əlverişli şərait yaradacaqdı.
Sual oluna bilərdi ki, Qarabağ məsələsi İran-Azərbaycan münasibətlərinə necə mənfi təsir göstərə bilərdi? Cavab: İranı qardaşdan da artıq sevən Azərbaycan xalqı ondan umduqlarını heç bir ölkə və xalqdan ummursa, böyük qüdrətlərin himayəsi ilə vəhşi erməni təcavüzünə məruz qalmış və təklənmiş Azərbaycan haqlı olaraq İrandan kömək tələb edəcək. Düşünülmüş tədbirə görə İran iki seçim qarşısında qalmalı olur: Hərbi müdaxilə yolu ilə erməni təcavüzünün qarşısını almaq, ya da bitərəf mövqe tutmaqla müşahidəçi kimi baxmaq.
Birinci mövqe seçilərdisə İranın Rusiya ilə qarşı-qarşıya dayanması qaçılmaz olacaqdı. Bu isə İran üçün beynəlxalq güclər arasında müvazinətin pozulmasından əlavə, ikinci bir cəbhənin açılması demək idi. İslam ümmətinin imperializmə, zahirdə sionist İsraillə Fələstin-Livan cəbhəsində məharətlə vuruşan, bu müharibəni son dərəcə soyuqqanlıq və ustalıqla idarə edən İran ikinci və çox ağır bir müharibəyə sövq olunurdu. Arxadan rus cəbhəsinin açılması ilə birinci cəbhədə müvazinət pozulacaq, dünya ilə təkbaşına vuruşmaq mümkün olmayacaqdı. Bu seçim İslam İnqilabının müqəddəratı ilə oynamaq, onun müqəddəs hədəflərini təhlükəyə atmaq idi.
İkinci mövqe seçilsəydi, yəni İran erməni təcavüzünə laqeyd yanaşaraq, hadisələri uzaqdan müşahidə etsəydi nə ola bilərdi? Belə bir şəraitdə İran qınaq obyektinə çeriləcək, qardaşlıq, dindarlıq iddialarında əsassız və puç görünəcək; onun islami-insani dəyərlərə çağırışı siyasi rəng alacaq. Burada təkcə vəfasız qardaş yox, hətta xain qonşu damğası ilə qəzəbə tuş gələcək. Bu plan baş tutarsa təkcə qeyd olunan İran-Azərbaycan ittifaqı təhlükəsi sovuşmur, həm də İranı zəiflətmək üçün Azərbaycan bir səngərə çevrilir. Beləliklə onlar üçün İran-Azərbaycan ittifaqı təhdidi əlverişli fürsətə çevriləcəkdi. Yəni 1-ci mövqedə İranın məhvi, 2-ci də isə onun öz müsəlman qardaşları qarşısında rüsvay olması.
Hal-hazırda oxşar tale Bəhreyndə yaşanır. Ərəbistanın vəhşi vəhhabi muzdurları Bəhreynə soxulub şiələri öldürür, məscidlərini dağıdır, qadınlara təcavüz edir, hətta şiə qəbirlərini dağıdıb meyitləri yandırırlar. İran bu cinayətlər qarşısında dözə bilməyib hərbi müdaxilə etsə, Amerika, İsrail, Avropa, əlavə olaraq ərəb dünyası və sünni xalqları onun üzərinə hücum çəkər. Yox, ürək ağrısı ilə uzaqdan baxsa, “sən necə müsəlman qardaşsan, sən necə şiə ölkəsisən ki, şiələrin qətliamına uzaqdan tamaşa edirsən” tənəsi ilə üzləşər, rüsvay olar. Necə deyərlər, zülmətdə bir daş var, götürən də peşman, qoyan da!
Qayıdaq söhbətimizin davamına. İran İslam Cümhuriyyəti nə etməli idi? Bir tərəfdə on minlərlə şəhidin qanı bahasına ərsəyə gəlmiş İslam İnqilabını qorumaq zərurəti, digər tərəfdə isə vəhşi erməni təcavüzünə məruz qalmış qan qardaşlarımızı müdafiə etmək istəyi. Ortaq bir yol seçildi, nə açıq-aşkar hərbi müdaxilə və nə də müşahidəçi kimi tamaşaçı mövqeyi: Azərbaycana ordu quruculuğunda təcili yardımlar etmək, müqavimət dəstələri yaratmaq, onlara döyüş təlimləri, silah-sursat və ümumiyyətlə müdafiə sistemini qurmaq üçün lazım olan hər bir köməyi göstərmək.
Geniş miqyaslı, eyni zamanda yarı aşkar, yarı məxfi işlər başlandı. Dəstə-dəstə azəri cavanlar İrana partizan əməliyyatları keçirmək üçün təlimə gətirildi. Şuşanın azərbaycanlılar yaşayan məhəllələrini qorumaq üçün bir neçə silah arzusunda olan mübariz insanlara maşın-maşın silah gətirildi. Mövcud hökumətin razılığı, Rəhim Qazıyevin, Rövşən Cavadovun xahişi ilə müdafiə sistemi qurmaq üçün müştərək qərargah yaradıldı. Bu qərargahda təbrizli, ərdəbilli generallar əyləşib ürək yanğısı ilə öz azəri qardaşlarına yardım göstərir, gecə-gündüz əllərindən gələni edib təcavüzün qarşısını almağı çalışırdılar. Hətta canlı qüvvə gətirilməsi qaçılmaz olan bir zamanda İranın yardımı və təşkilatçılığı ilə Əfqanıstandan minlərlə döyüşçü gətirilib cəbhə xəttində, mövqelərdə yerləşdirildi. Qeyd olunan hərbi köməklər yazılsa bir kitab olar. Hələ humanitar yardımlar, qaçqın düşərgələri və bu kimi digər işlərə toxunmuram.
Bu gün biz ittiham olunuruq, erməniyə silah verməkdə suçlanırıq. Nə qədər rəzil və dözülməz bir böhtandır. Əlbəttə, biz azəri qardaşları qınamırıq, onlar qərb casus şəbəkələrinin yaratdığı təbliğat bombardmanı altda yaşayırlar. Hər gün təzə-təzə şübhə və iftiralar eşidirlər qardaş ölkənin haqqında. Onların təsəvvürləri hər gün qəzetdən oxuduqları, televiziya və radiodan eşitdikləri sionist informasiyaların əsasında formalaşır. İran siyasətçiləri qeyd olunan həmkarlıqları bu günə qədər dilə gətirməyib və mümkündür diplomatik mülahizələrə görə heç zaman da işıqlandırmayalar. Amma mən deməliyəm, mən imam cüməyəm, mən xitabət kürsüsündə əyləşib müsəlman qardaşlarımın şübhə və suallarına cavab verməliyəm. Əgər müsəlman şiə xalq öz din qardadşlarına münasibətdə bədbin olub, İsrail kimi təcavüzkar bir rejimin informasiya blokadasında çabalayırsa, onlara həqiqəti demək vəzifəmdir.
Biz erməniyə yox, öz azəri qardaşlarımıza silah-sursat verirdik. Bizim Ermənistanda yox, Azərbaycanda hərbi təlim mərkəzlərimiz var idi. Azərbaycanda qeyd etdiyim məsələlərin minlərlə canlı şahidləri var, onlar ölməyib yaşayırlar. Zərrəcə insafları olsa mənim dediklərimi təsdiq edərlər.
Bəs nəticə nə oldu? Bu qədər zəhmət və təlaşların sonu nə ilə qurtardı? Azərbaycan cəbhələrində İranın məxfi iştirakını görən qərb ölkələri öz planlarının iflasa uğrayacağını başa düşdülər. Təcili tədbirlər görüldü; regionda İslam İnqilabı dalğasına qarşı yaranmış Ergenekona gizli tapşırıqlar göndərildi. Bəli, qardaş Türkiyədə, hərbçilər arasında mossadın son dərəcə ustalıqla yaratdığı Ergenekon təşkilatı Azərbaycan cəbhələrində İranın fəaliyyətlərinə xitam vermək üçün xüsusi tapşırıq aldı. Tapşırıqda da qeyd olunurdu ki, guya İran Qarabağa yardım adı ilə Azərbaycanda Hizbullah təşkilatı yaradır. İranın bu hərəkəti Livanda Hizbullah təşkilatının yaradılması ilə müqayisə olunur, bu iş durdurulmazsa, az bir zamanda onun da qarşısıalınmaz bir prosesə çevrilməsi vurğulanırdı.
Bu missiyanı həyata keçirmək üçün Vəli Kiçiyə tapşırıq verilir. Qısa bir zamanda layihə hazırlanır. Vəli Kiçiyin rəhbərliyi altında Azərbaycanda xüsusi təşkilat yaranır, dövlət çevrilişi planı hazırlanır. Bu çevrilişin həyata keçməsi üçün cəbhədə böyük itki üz verməli, sözün əsl mənasında ağır bir faciə yaşanmalı idi. Məhz belə bir şəraitdə Xocalı faciəsi amasızlıqla tamayaşa qoyuldu. Xocalı faciəsi barədə söz çoxdur. Xocalı faciəsinin ildönümü ilə bağlı cümə xütbələrində bu barədə danışmışam. Bu münasitbətimə görə ittiham edilmişəm ki, guya Azərbaycan xalqını müqəssir sayıram. İnsafınız olsun, xain siyasətçilərin cinayətini xalqın ayağına yazmayın və mən xalqı yox, məlum qüvvələri nəzərdə tutmuşam. Ürəyimizi qana döndərən bu qırğını, biz azərilərə namus ləkəsi gətirən bir müsibəti ermənilər törətdi və buna heç bir şübhə yoxdur. Amma kimin himayəsi və hiyləsi ilə?! Ruslarınmı? Məlum məsələdir ki, Xocalı qırğınından bir neçə gün sonra Ayaz Mütəllibov devrildi. Mütəllibov rusların himayəsində deyildimi, onlar öz adamlarını devirib qərbpərəst Elçibəyimi gətirmək istəyirdilər?! Gün kimi aydındır ki, belə deyil. Çevriliş rusların himayə etdiyi hakimiyyətə qarşı idi. Amma onların təbirincə Qarabağ cəbhəsindən İranın əlini kəsmək üçün hazırlanmış, günahsız insanların qanı üzərində qurulmuş bir məkrli plan idi. Onun arxasında Ergenekon, əslində Mossad dayanırdı.
Şükürlər olsun ki, əlləri minlərlə müsəlman qanına bulaşmış Ergenokon generalları Ərdoğanın qüdrətli qolları arasında can verir. Minlərlə səhifədən ibarət Ergenekon cinayət qovluğu bu gün vərəq-vərəq oxunur, xəyanətlər ifşa olunur. Amma onun Azərbaycana aid hissələri həmişəlik qapadıldı. Vəli Kiçik, onun türkiyəli və azərbaycanlı kadrları Xocalı qırğınına görə dindirilmir. Azərbaycan məlum dövlət çevrilişi planının üstündən çox asanlıqla keçdi. Həmin planın iştirakçıları bu gün parlamentdə, prezident aparatında böyük vəzfələr tuturlar. Acınacaqlı bir haldır, Xocalı qırğınına şərait yaradanlardan bəziləri bu faciənin dünyada anılması üçün elə canfəşanlıq göstərirlər ki, təəccübdən donub qalırsan.
İran Ali Məhkəməsinin sədri Cənab Musəvi Ərdəbili xalq hərakatının qızğın çağlarında Azərbaycana səfərə getmişdi. O, mərhum Hacı Əlikramın vasitəçiliyi ilə xalq hərakatı liderlərindən biri ilə görüşmüş, müxtəlif sahələr üzrə sıx əməkdaşlıq təklif etmişdi. Bildirmişdi ki, İranın İraqla 8 illik müharibə təcrübəsinə istinad edib Qarabağ məsələsini qısa zamanda həll edə bilərik. Bircə kəlmə “yox” cavabı almışdı. Cənab Ərdəbili bilmirdi ki, hərəkatda insanlar var ki, onların qarşısına tapşırıq qoyulub və bu, Qarabağı azad etmək yox, İranı qıcıqlandırmaqdır. Cənab Ərdəbilinin təklifləri qarşısında hərəkat səlahiyyətlisi demişdi: “Mən yalnız o vaxt İrana gələrəm ki, Təbrizi Azərbaycanın paytaxtı elan edim!” Bu cavaba diqqət yetirin.
Mərhum Rövşən Cavadov ona yardım edən təbrizli generalla söhbətində çox maraqlı bir nüansı xatırlamışdı. O demişdi ki, çevrilişdən və prezident and içdikdən sonra ilk rəsmi görüşə məni çağırmışdı. Fikirləşirdim ki, məndən Qarabağın azadlığı haqda planımızın nədən ibarət olduğu soruşulacaq. Odur ki, döyüş və əməliyyat planını qovluğa qoyub bəylə görüşə getdim. Amma söhbət əsnasında çaşıb qaldım. Prezident stolunun üstündə bir qovluğa işarə edib dedi: “Sizin İranla bu günə qədər olan həmkarlığınızdan xəbərim var. (Həmin qovluq İsraildən Türkiyəyə, oradan da Azərbaycana göndərilmişdi) Artıq bu gündən bütün əlaqələri dayandırmalısınız. Bizə İranın köməyi lazım deyil. Mən bilsəm ki, Qarabağı İranın köməyi ilə geri alacağıq, o torpaqları ermənilərə bağışlayaram. Qarabağ ciddi bir problem deyil, az bir zamanda öz həllini tapacaq. Bizim müharibəmiz İranladır, özümüzü İranla müharibəyə hazırlamalıyıq. Bizim həqiqi düşmənimiz ermənilər deyil, farslardır.”
Artıq bundan sonra hər şey dəyişdi. İlk növbədə həmkarlıqlara son qoyuldu, yardımlardan imtina edildi. Daha sonra Azərbaycana xüsusi dəvətlə gəlmiş müştərək qərargahda fəaliyyət göstərən iranlı hərbçilər həyasızlıqla həbs edildi. Çox qəribədir ki, onlar Türkiyədən və İsraildən gəlmiş müstəntiqlər tərəfindən dindirilirdi, işgəncələrə məruz qalırdı.
Zaman keçdikcə ağır günlərdə göstərilmiş qəhrəmanlıqlar xəyanət kimi yazıldı. İranda təlim keçmiş şəxslər tutularaq həbsxanalara dolduruldu. İşgəncə altında onlardan ifadə alınırdı ki, siz Qarabağı azad etmək üçün yox, guya İranın mənafelərini qorumaq üçün Hizbullah təşkilatı yaratmalı idiniz.
Mən Azərbaycan ictimaiyyətinə üz tutub soruşuram: Neçə ölkə üzərindən aşıb Livan şiələrinə yardım edən İran nəyə görə öz Azərbaycan müsəlmanlarına kömək etməməlidir? Fələstində sünni qardaşlara əlindən gələn köməyi edən İran nə üçün Azərbaycan şiələrindən öz yardımını əsirgəməlidir?! Hətta bəzən erməniyə hərbi kömək edən kimi şərlənməlidir? Bu insafsızlıq deyil? Biz özümüzü həmişə qınamışıq, Qarabağın işğalına görə əzab çəkmişik. Amma nə etməli, Vəli Kiçiklər və onlardan tapşırıq alan Azərbaycan rəsmiləri gec-tez ədalət məhkəməsində cavab verəsidir.
Həqiqətən də Livanın işğal olunmuş ərazilərini İsrail kimi güclü bir düşməndən geri qaytarmaqda müvəffəq olan bir ölkə bir ovuc əliyalın erməninin qarşısında aciz qalıb? Nə etmək olar ki, vasitəçilik səyləri nəticə verməyə başladıqda bir qrup azərbaycanlı komandirlər rus hiylələrinə uyaraq Şuşanı təhvil verir və İranı bədnam etmək istəyir. Cəbhələrdə İran təsiri hiss olunmağa başladıqda bir qrup siyasətçi toplanır, İsrail-Türkiyə fitnəsinə uyaraq Xocalı faciəsini yaradır, cəbhələrdən İranın əlini kəsəcəyik deyə görülən bütün işlərin üzərinə kölgə salırlar.
Bu gün Azərbaycan hökuməti Qarabağın işğal planını hazırlayıb həyata keçirən İsrail rejimi ilə əlaqəyə üstünlük verir. Öz ərazilərində İsrailə məxsus casus şəbəkələrinin yerləşdirilməsinə, səfirliyin açılmasına icazə verir. İsrail siyasətçiləri həyasızlıqla elan edir ki, İrana zərbə endirmək üçün Azərbaycan bizim üçün ən münasib səngərdir. Onlar açıq-aşkar deyirlər ki, əgər İran Livan şiələrini hərbi cəhətdən silahlandırıb bizim qarşımıza çıxarıbsa, biz də Azərbaycan şiələrini siyasi və ideoloji cəhətdən silahlandırıb İranın üzərinə yönəltmişik. Çox acınacaqlı haldır ki, bu gün İran-Azərbaycan şiələri arasında yaranan anlaşılmaz vəziyyəti sionist yəhudilər özlərinin ən böyük uğuru sayırlar. Onların qənaətinə görə son 20 il ərzində bu iki xalq arasında o qədər dərin ixtilaflar, şübhə və təfriqələr yaradılıb ki, yüz il ötsə də bu iki qardaşın arasında dostluqdan danışmağa dəyməz.
Görəsən Azərbaycan hökuməti qanımıza susamış İsraillə həmkarlığa arxalanıb Qarabağı azad etmək istəyir?! Guya İsrail heç bir dövlətin bizə satmadığı silahları satır? Nə qədər gülüncdür?! Onların Azərbaycana satdığı silahlar öz ölkələrində istifadədən çıxarılan silahlardır. Onlar bir zaman Türkiyəyə pilotsuz təyyarələr satdılar. Sonradan məlin oldu ki, pilotsuzlar iki idarə sistemi ilə istehsal edilib. Əsil idarəetmə sitemlərini Tel-Əviv özündə saxlayır. Yəni münasibət pozulsa, pilotsuzlar Tel-Əvivdəki daha üstün sistemlərlə özümüzə qarşı yönəldilə bilər. Bir neçə il bundan qabaq Türkiyədə qəzaya uğramış qırıcı təyyarənin qara qutusunu və qalıqlarını tapmaq üçün İsraildən kömək aldılar. Çünki onların mərkəzi idarəetmə sistemi onların əlindədir.
Dünyanın gedişatından baş çıxaranlar bilirlər ki, İsrail-Azərbaycan arasında silah alveri yox, qara pulların yuyulması prosesi gedir. Lazım olmayan avadanlıqlar və detallar alınır, özü də fantastik qiymətlərə. Əslində Azərbaycan xalqına məxsus büdcədən milyardlar silinir. Əlbəttə, onun az bir hissəsi Azərbaycanın hökumət adamlarına, böyük bir hissəsi yəhudi hərbi maqnatların cibinə axır. Azərbaycanlı məmurlar qazandığı qara pulları məhz yəhudi bankirlərin banklarında saxlamalıdırlar – bu şərtdir. Bu, dünyada yəhudilərin yaratdığı qara bazarın elan olunmamış qanunudur.
Yəhudi oyununa girən ölkə başçıları bu oyundan çıxa bilərlərmi?! Azərbaycanlı general, qara pulların silinməsində ən gəlirli sahə olan hava qüvvələri komandanı Rail Rzayevi kim öldürdü? Nə üçün öldürdü? Heç vaxt açılmayacaq bu qətlin üstü. Aldadılaraq bu oyuna girən general milyardlara imza atmış, sonda ona çox cüzi pay düşdüyünə sadəcə etiraz etmişdi. Bəli, bu oyundan çıxan olmur, ölən olur. Millətin yeraltı-yerüstü sərvətlərini talayıb onu ata malı kimi yəhudilərlə bölən hökumət başçıları Qarabağı azad edəcək?!
Onlar hələlik İsraili Azərbaycan xalqına dost kimi sırıyaraq, yuxuda yəhudi banklarındakı milyardları görürlər. Bir gün Məhəmmədrza Pəhləvi, Ben Əli, Hüsnü Mübarək, Qəzzafi və digər diktatorlar kimi həmin pulların xalq qarşısında hesabatını verməli olacaqlar. …Hacı Əlikramı öldürən bu dərdlər idi, o bu xəyanət və cinayətləri görürdü. Bütün bu oyunları başa düşdüyü üçün cəzalandırılır, həbsxanaya atılır, inşgəncələrə məruz qalırdı.
Bir gün xalq Hacı Əlikramın yaşadığı bu dərdləri başa düşəcək. Onun həqiqi anım mərasimi o zaman olacaq və onun ruhu xalqın həqiqi oyanışı baş verən zaman rahatlıq tapacaq.
Bu gün Azərbaycanda onun yolunu gedənlər var, onun sözlərini başa düşüb oyananlar var, onun şüarını səsləndirib həbsə atılanlar var. Bu gün Hacı Əlikramın qaldırdığı bayrağı tutub möhkəm dayananlar var. Hacı Mövsümlər var, onun azadlığı yolunda şəhid olmağa hazır olanlar var!

Oyaniş Qruplari

Комментариев нет:

Отправить комментарий