Страницы

30.12.2012

SSRİ NİYƏ DAĞILDI?

Nyu-York Universitetinin Rusiya araşdırmaları şöbəsinin professoru, bir çox kitabların, o cümlədən, sonuncusu «Müvəffəqiyyətsizliyə uğramış Xaç Yürüşü: Amerika və post-kommunist Rusiyasının faciəsi» (“Failed Crusade: America and the Tragedy of Post-Communist Russia”) adlanan kitabın müəllifi Stiven Koen (Stephen F.Cohen) Rusiya kütləvi informasiya vasitələrinin jurnalistlərinin suallarını cavablandırmışdır.
Aparılmış müsahibənin Azərbaycan oxucuları üçün də maraqlı ola bilməsini nəzərə alaraq, bu sual-cavabı qəzetimizdə dərc edirik.


Sual: Sovet İttifaqı niyə yoxa çıxdı?
Koen: Mən bu yaxınlarda Moskvada rus dilində bir kitab dərc etdirmişəm. Kitab «Sualların sualı - niyə Sovet İttifaqı yoxa çıxdı?» adlanır. Mən, şəxsən «SSRİ niyə dağıldı?» sualını səsləndirməməyə üstünlük verirəm.
Çünki sualın belə qoyuluşu, onun izahını qabaqcadan bəlli edir. Belə ki, SSRİ «dağıldı» deyəndə, bu 1917-ci ildə Rusiya İmperiyasında hökm sürən çarizmin sonunu xatırladır. Və elə bir təəssürat yaradır ki, deməli bu sistemdə çox qorxulu və dəhşətli nöqsanlar var idi və bu ona görə də bu sistemin sonu labüd idi. Mən öz kitabımda Sovet İttifaqının sona yetməsinin 6 məşhur nəzəriyyəsini araşdırmağa cəhd etmişəm. Amma, mən sizə bir söz deyim ki, bu sual tarixçilər tərəfindən hələ 100 və yaxud da 200 il ərzində tədqiq olunacaqdır.
Mən belə hesab edirəm ki, Sovet İttifaqı 3 mühüm amilin səbəbindən yoxa çıxmışdır. Bu amllərin birincisi və həlledicisi - SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun kommunist sisteminin kifayət qədər ciddi demokratikləşməsi formasında apardığı iqtisadi və siyasi islahatlar idi. Bu islahatlar 1985-ci ildə başladı və 1990-cı ildə özünün ən yüksək həddinə çatdı. Və artıq bu zaman üçün Qorbaçov, faktiki olaraq, kommunist sistemini hissələrə parçalamış və iqtisadiyyat üzərində bu vaxta kimi mövcud olan dövlət nəzarətini zəiflətmişdi. Bütün bunlar digər faktorların da prosesə qoşulmasına şərait yaratmışdır. Bəziləri deyirlər ki, SSRİ millətçilik səbəbindən, digərləri isə kütləvi narazılıqlar səbəbindən parçalanmışdır. Lakin, nə birinci, nə də ki, ikinci səbəb yenidənqurma və aşkarlıq amilləri olmasa idi, heç cürə mümkün olmazdı.
İkinci əsas amil Boris Yeltsinin meydana çıxmasıdır. Yeltsinin siyasət səhnəsinin önünə gəlməsi, iki çox qüvvətli siyasətçinin siyasi mübarizəsinə gətirib çıxardı. Və bu zaman, Qorbaçovun həddən ziyadə islahat istəyi ilə Yeltsinin həddən ziyadə hakimiyyət istəyi qarşı-qarşıya durdu. Belə bir qarşıdurma ona gətirib çıxardı ki, Boris Yeltsin Belovej meşəliyinə gələrək, Qorbaçovu tamamilə zəiflətmək üçün, Sovet İttifaqını ləğv etdi.
Lakin, burada çox mühüm bir suala cavab tapmaq lazımdır: Yeltsinin nə ordusu, nə də ki, siyasi partiyası var idi. Bəs onda necə oldu ki, bu adam, ölkənin sovet elitasının və dövlət nomenklaturusının iradəsi xilafına, 300 milyonluq əhalisi olan nüvə fövqəldövlətinin mövcudluğuna son qoydu? Axı necə ola bilərdi ki, bu elita, ona hakimiyyət və var-dövlət verən sistemə son qoyulmasına imkan verdi?
Və bu halda üçüncü həlledici amili yada salmaq lazımdır. Yada salın ki, mülkiyyət üstündə mübarizə, hələ sovet dövrünün sonlarında - 1980-cı illərin sonlarında başlamışdı. 1990-cı və 1991-ci illərdə SSRİ-nin ali elitası - nazirlər, partiya və hətta hərbi elitası aktiv şəkildə dövlət əmlakının qəsb edilməsi ilə məşğul idilər. Və bu səbəbdən bu adamlar SSRİ-nin qorunub saxlanmasında maraqlı deyildilər. Və Qorbaçovla Yeltsin bir-biri ilə mübarizə aparan anda, bu adamlar sadəcə olaraq, başqa bir tərəfə baxırdılar ki, bu da sonda sovet sisteminin sona yetməsinə gətirib çıxardı.

Sual: Sizcə, əgər Sovet İttifaqı qorunub saxlansa idi, hazırda mövcud olan postsovet məkanı necə görünərdi?
Koen: Bütün hər şey əsas suala cavabdan asılı olardı: Qorbaçovun başladığı islahat davam edəcəkdimi? Yoxsa, 1991-ci ilin avqust ayında baş verən qiyam kimi növbəti bir qiyam baş verib, bu prosesi saxlayacaqdı?
Hadisələrin birinci gedişatında, SSRİ hər bir halda öz ölçülərində kiçiləcəkdi. Onun tərkibindən Baltika ölkələri və ola bilsin ki, Gürcüstan çıxacaqdı. Mən bilmirəm, bu halda Ukrayna özünü necə aparacaqdı. Çünki, orada çox unikal bir vəziyyət yaranmışdı. Və bu vəziyyət, ictimai fikirdən çox, siyasi elita tərəfindən idarə olunurdu. Orta Asiya respublikaları isə Sovet İttifaqının tərkibində qalaraq öz demokratikləşmələrini davam etdirəcəkdilər. Yeri gəlmişkən, qeyd edim ki, Orta Asiya respublikalarının demokratikləşməsi Qorbaçovun təsiri altında başladı və SSRİ parçalanandan sonra isə sona çatdı. Bundan sonra bu respublikalar geriyə - avtoritarizmə doğru hərəkət etməyə başladılar.
Beləliklə, qeyd olunan halda yeni, islahatlaşan SSRİ 8-10 respublikadan ibarət olardı və özünün keçmiş ehtiyatlarının, ərazilərinin və əhalisinin də əksəriyyətini qoruyub saxlayardı.
1991-ci avqust qiyamının təşkilatçıları Moskvanın mərkəzinə qoşun yeritdikləri zaman, bu ana qədər özlərini tamamilə müstəqil kimi aparan respublaka liderləri, təcili şəkildə kölgəyə çəkildilər və hətta qiyamçılarla əməkdaşlıq etməyə başladılar. Başqa sözlə, onlar Moskvadan qorxurdular. Və hər şey yalnız onda dəyişdi ki, Boris Yeltsinin timsalında rəsmi Moskva, bu respublikaların ona lazım olmadığı, Rusiyanın onlar üçün pul vəsaiti ayırmağa hazırlaşmadığı və s. barədə bəyanlar verdi. Diqqət verin ki, SSRİ-ni 3 slavyan respublikası ləğv etdi. Və bu işdə heç bir respublikanın - nə pribaltların, nə qafqazlıların, nə də ki, orta asiyalıların heç bir rolu olmamışdır. Eyni zamanda isə, Qazaxıstan lideri Nursultan Nazarbayev hətta Sovet İttifaqının qorunub saxlanmasını istəyirdi.
Yeni sovet iqtisadiyyatı yəqin ki, qeyri-stabil, lakin işlək bir vəziyyətdə olacaqdı. Bu iqtisadiyyatda həm bazar və həm də dövlət idarəetməsi elementləri olacaqdı. Çox güman ki, yeni İttifaq hazırda Vladimir Putinin Rusiyada qurmaq istədiyi ölkəyə bənzəyəcəkdi. Digər tərəfdən, əgər Sovet İttifaqında aparılan islahatlar dayansa idi, onda burada diktator rejimi yaranardı. Nəzərə almaq lazımdır ki, Sovet İttifaqı kimi ölkədə islahatların dayanması yalnız zorakı yollarla baş verə bilərdi. Amma, əgər islahatlar davam etsə idi, onda SSRİ bir ölkə kimi indi heç də pis görünməzdi.

Sual: Rusiya-Amerika münasibətləri niyə və necə dəyişirdi?
Koen: Mən belə hesab edirəm ki, ABŞ ilə Rusiya arasında mövcud olan hazırkı münasibətləri çox pis adlandırmaq olar. Və bu məsələdə günahın böyük bir qismi ABŞ-ın üzərinə düşür. Rusiyaya qarşı Amerikanın hazırkı adminstrasiyasının tutduğu mövqenin kökü 1990-cı illərdən başlanmışdır. O zaman bu iki ölkə arasında olan problemlər ondan başladı ki, ABŞ rəhbərliyində olan Bill Klinton adminstrasiyası, Rusiyaya qarşı «soyuq müharibədə» məğlub olmuş bir ölkə kimi münasibət bəsləməyi qərara aldı.
«Soyuq müharibə» rəsmi şəkildə bitən zaman, 1989-cu ildə Maltada keçirilən görüş zamanı ABŞ prezidenti ata Corc Buş və Mixail Qorbaçov birlikdə bəyanat qəbul etdilər. Bu bəyanatda bildirilirdi ki, yaşanmış qarşıdurmada hər iki ölkə qalib oldular. Çünki onlar düşmənçilik etməyi bitirdilər, və buradan kimsə məğlub çıxa bilməz. 1991-ci ilin dekabrından sonra isə, əsasən ABŞ-da mövcud olan siyasi vəziyyət səbəbindən, ata Buş, ABŞ-nın «soyuq müharibədə» qalib olduğu haqqında danışmağa başladı. Amma, o zaman bu sözlər o qədər də ciddi nəticələrə gətirib çıxarmadı.
ABŞ-ın növbəti prezidenti Bill Klinton isə, ata Buşun bu siyasi xəttinə varis oldu. O, postkommunist Rusiyası ilə İkinci Dünya Müharibəsindən sonrakı Almaniya və Yaponiya arasında bir analogiya apardı. Mən də daxil olmaqla bir sıra təhlilçilər xəbərdarlıq etmişdi ki, belə müqayisələr aparmaq axmaqlıqdır. Çünki, əvvəla, əgər M.Qorbaçov olmasa idi «soyuq müharibə» qurtarmazdı. Və buna görə də, əlbəttə ki, Rusiya tərif olunmalıdır.
İkincisi isə, Rusiya bu gün zəifdir, və onunla necə istəyirik davrana bilərik. Lakin, müəyyən müddətdən sonra o dirçələcək və SSRİ dağılandan sonra onunla necə rəftar olunduğu ilə bağlı incikliliyini yada salacaqdır. Və indi məhz bu baş verməkdədir.
Bill Klinton adminstrasiyası iki əsas səhvə yol verdi. Birincisi, o, Moskvaya nəyi etmək olar, nəyi etmək olmaz barədə məsləhətlər veməklə, Rusiyada gedən islahatlar prosesini nəzarətdə saxlamağa cəhd göstərdi. Bunun üçün rəsmi Vaşinqton, Rusiyaya çox böyük sayda məsləhətçilər göndərdi. Amerikalılar Rusiya nazirliklərində oturub qanunlar yazırdılar. Yəni, ölkənin daxili işlərinə birbaşa müdaxilə edirdilər ki, buna heç bir xarici dövlətin qarışmasının haqqı yoxdur. Və təbii ki, Rusiyada əks reaksiya meydana çıxmalı idi.
O zamanlar, ABŞ Rusiyada daha bir səhvə yol verdilər. Bu səhv bir çoxlarının yadından çıxmağına baxmayaraq, onun ciddiliyi birinci səhvdən heç də az deyildir. Belə ki, 1990-1991-ci illərdə ata Buş birləşmiş Almaniyanın NATO-ya daxil ola bilməsi barədə Qorbaçovdan icazə alanda, Qorbaçov buna razılaşdı. Lakin, bunun müqabilində Buş Qorbaçova söz verdi ki, «NATO Şərqə tərəf bir düym də olsa addım atmayacaqdır».
Rusiyada deyirlər ki, gərək bu müddəanı razılaşmaya yazardılar. Lakin, mənə belə gəlir ki, Qorbaçov ABŞ haqqında çox sadəlövh təsəvvürlərə malik idi. Və bunun nəticəsində, Amerikanın içdiyi anda rəğmən, Bill Klinton NATO-nun Şərqə doğru genişlənməsi prosesini başlamağa qərar verdi. Və bu proses bu gün də davam etməkdədir. Belə genişlənmə isə, xüsusilə Ukrayna və Gürcüstan məsələsinə görə, Rusiya-ABŞ münasibətlərinin gərginləşməsinə səbəb olur. Yaddan çıxarmaq lazım deyil ki, NATO bloku hərbi alyansdır. Və bu hərbi alyans Ukrayna ilə əməkdaşlıq edir və Orta Asiyada da hərbi bazalara malikdir. Bütün bunların nəticəsində, Rusiya özünü hər tərəfdən mühasirə edilmiş hiss edir. Və NATO özünün Şərqə tərəf ekspansiyasını dayandırmayacağı ana qədər, Rusiyanın Qərb dünyası ilə münasibətləri stabilləşməyəcəkdir.
Boris Yeltsin Qərbə müqavimət göstərmirdi. Və bunun üçün onun həm iqtisadi və həm də psixoloji səbəbləri var idi. Yeltsin təhtəlşüur səviyyəsində başa düşürdü ki, SSRİ-ni qeyri-legitim tərzdə ləğv etmiş və dövlətin var-dövlətini kiçik bir qrup oliqarxa təhvil vermişdir. Və bu səbəbdən ona lazım idi ki, kimsə ona dəstək versin. Və rusiyalıların böyük əksəriyyətindən fərqli olaraq, Klinton bu dəstəyi Yeltsinə verirdi.
Rusiyada hakimiyyətə Vladimir Putin gələndə isə, rəsmi Vaşinqton gördü ki, Rusiyanın yeni prezidenti heç də Yeltsin kimi deyildir. Və, təbii ki, bu ABŞ-nın xoşuna gəlmədi. Nə qədər ki, ABŞ-da bu hisslər yetişmək ərəfəsində idi, Rusiya elitası özünü başqa cürə də apara bilərdi, və hətta bəlkə də, Rusiyaya münasibətdə Amerikanın siyasətinə təsir də edə bilərdi. Lakin, rus elitası bunu etmədi. O, sadəcə olaraq, 1990-cı illərdə ABŞ və NATO-nun onların ölkələri ilə doğru və düzgün rəftar etmədiyinə reaksiya verdi.
Beləliklə də biz, indi yeni bir «soyuq müharibə» şəraitinə düşmüşük. Özü də indiki «soyuq müharibə»nin episentri artıq Almaniya yox, Gürcüstan və Ukraynadır. Bu isə çox təhlükəlidir. Artıq yenə də qızğın silahlanma müşahidə olunur. Və yenə də hər iki tərəf öz nüvə arsenallarını artırmaqla məşğuldurlar. Məsələn, Litvinenko hadisəsi «soyuq müharibə»də baş verənlərdən qat-qat pisdir. Və mənim çox böyük şübhəm var ki, əgər Brejnev zamanında belə bir hadisə olsaydı amerikalılar onu birbaşa ittiham edərdilərmi?

Sual: Bəs Siz Amerikanın kütləvi informasiya vasitələrinin Rusiya ilə bağlı məqamların işıqlandırılması məsələsini necə qiymətləndirərdiniz?
Koen: «Soyuq müharibə»nin sona çatması, Həm ABŞ-a və həm də Rusiyaya aralarında yaxşı münasibətlər qurmaq üçün tarixi şans vermişdi. Lakin, bu şans əldən verildi. Və bunda ən əvvəl Amerikanın siyasi elitasını günahlandırmaq lazımdır. Həm Rusiyada və həm də ABŞ-da xalqın bu məsələlərdə heç bir günahı yoxdur. Günahkarlar sırasına ABŞ mətbuatını da aid etmək olar. Bu mətbuat, utanmadan Yeltsinin islahatlarını tərifləyərək, onları bazar iqtisadiyyatına, azad cəmiyyətə və demokratiyaya keçid adlandırırdı. Bu zaman isə belə «islahatlar» rusiyalıların 80%-ni dilənçilik həddinə gətirib çıxarmışdı. Və bu, təbii ki, Rusiyada ABŞ-a qarşı acığın artmasına səbəb olmuş və əks reaksiyaya gətirib çıxarmışdır.
Mən sizə lap təzə bir misal çəkmək istəyirəm. Bu yaxınlarda, ABŞ Konqresinin Nümayəndələr Palatasının beynəlxalq münasibətlər üzrə Komitəsinin yeni rəhbəri Tom Lantos, Rusiyanın «İzvestiya» qəzetinə müsahibə verərək bildirmişdir ki, Yeltsin zamanında rusiyalılar daha yaxşı yaşayırdılar.
Axı, bir amerikalı konqressmen necə bu cür bəyanat verə bilər!!!? Əlbəttə ki, belə-belə şeylər Rusiyada ABŞ-ın imicinin qalxmasına xidmət etmir.
Litvinenkonun ölümü ətrafında hadisələrin işıqlandırılması zamanı da Amerika mətbuatı professional jurnalistika etikasına riayət etmirdi. Əvvəla, jurnalistlər o dəqiqə bildirdilər ki, bu ölüm - qətl hadisəsidir. Və bu zaman onlar bunun - radioaktiv maddə olan poloniumun qeyri-qanuni daşınması nəticəsində baş vermiş adi ölüm halı ola bilməsi ilə bağlı hətta sadə bir fikri belə qəbul etmədilər.
İkincisi, jurnalistlər bu ölümlə bağlı daima Putini barmaqla göstərirdilər. Məsələn, ”Wasyington Post” qəzeti yazırdı ki, əgər hətta Litvinenkonun öldürülməsi ilə bağlı əmri şəxsən Putin verməmişdirsə də belə, Rusiyada belə bir şərait yaratdığına görə, bu ölümlə əlaqədar o məsuliyyət daşıyır. Axı, hansı şəraitdən söhbət gedir? Onda bu halda, elə bu əminliklə də demək olar ki, Latın Amerikasında kimsə öldürülübsə, onda bu ona görə baş vermişdir ki, Buş qoşunları İraqa yeritmişdir. Bu səbəbdən, mən burada heç bir əlaqə görmürəm. Amerika mətbuatı Politkovskayanın ölümündən sonra da barmağını Putinə tuşlamışdı. Halbuki, hər iki halda buna heç bir kiçicik belə sübut yoxdur.

Sual: Rusiyadakı hazırkı vəziyyəti Siz necə qiymətləndirirsiniz?
Koen: Öz dövrünün ən görkəmli sovetoloqu hesab etdiyim mənim müəllimim Robert Taker deyirdi ki, «Rusiya ilə hər şey ola bilər». Doğrudan da, 1982-ci ildə kim deyə bilərdi ki, bir neçə ildən sonra Sovet İttifaqında demokratikləşmə prosesi başlayacaqdır.
Rusiyanın inkişaf yoluna təsir edə biləcək bir çox amillər mövcuddur. Hal-hazırda, ziyalı və siyasi təbəqə nümayəndələri arasında Rusiyanın hara getməsi barədə diskussiyalar davam etməkdədir. Və bu köhnə diskussiya həqiqətən də çox vacibdir. Fikrimcə, Rusiya getdikcə Qərbdən daha çox üz döndərir. Və əgər bunu Rusiya düşməncəsinə etmirsə, onda bu, bəlkə də, həm Rusiya üçün və həm də Qərb üçün o qədər də pis deyil.
Mən belə hesab edirəm ki, Rusiya iqtisadiyyatı, neft dollarlarının təsvir etdiyi qədər də stabil deyildir. Ölkədəki təhsilin səviyyəsi də mühüm amillərdən biridir. Çünki, hazırda Rusiyada mövcud olan təhsil, daha çox imtiyazlı təbəqə üçün imkanlar açır. Sovet İttifaqında isə təhsil səviyyəsinin necə olmasından asılı olmayaraq, bu universal idi.
Daha bir problem, Rusiyada kvazifaşist gənclər hərəkatlarıdır. Faşistcəsinə düşünən bu gənclərin «Rusiya - ruslar üçün» şüarı, hansısa səviyyədə ölkənin siyasi və orta təbəqəsi tərəfindən dəstəklənir. Mən düşünmürəm ki, bu, Rusiyanın hərəkət etdiyi istiqamətdir. Lakin, məncə, belə şeylər ölkənin gələcək inkişafına təsir edən amillərdən biridir.
Əlbəttə ki, biz gərək Rusiyanın Putindən sonra gələcək növbəti lideri barədə də unutmayaq. Çünki, bu ölkədə hətta zəif liderlər də mühüm rol oynayırlar. ABŞ-ın xarici siyasəti də bu vəziyyətə təsir göstərməyə bilməz. Belə ki, əgər, Vaşinqton Rusiyaya təzyiq göstərərsə, onda bunun nəticələri son dərəcə ağınacaqlı ola bilər. Və əgər, rəsmi Vaşinqton Moskvanı rahat buraxarsa, onda bəlkə də müsbətə doğru nəsə dəyişə bilər.
Lakin, bütün bu məsələləri nəzərə alaraq, mən belə hesab edirəm ki, Rusiyanın gələcək inkişafında ən mühüm amil - mülkiyyətin yenidən bölgüsünün necə gedəcəyi olacaqdır. Sosioloji sorğulardan belə bəlli olur ki, rusiyalıların 70-80 faizi indiyə qədər də dövlətin varidatının kiçik bir qrup insanın əlində toplanmasından çox narazıdırlar. Belə ki, nə vaxtsa dövlətə məxsus olan 300 milyard dollardan çox vəsaiti ölkədən çıxaran bir qrup oliqarx, indi öz zənginlikləri ilə lovğalanırlar. Axı elə sovet vaxtında da varlı adamlar olmuşdular. Lakin onlar öz var-dövlətlərini gözə soxmamağa çalışırdılar. Mən belə düşünürəm ki, elə bir haqq-hesab günü gələ bilər ki, insanlar ədalət tələb etməyə başlayarlar. Mənim fikrimcə, insanların belə bir narazılığı, Rusiyanın siyasi-iqtisadi sisteminin içində işləyən saat mexanizmi olan bir bombadır.
Hal-hazırda Vladimir Putin Yeltsin tərəfindən paylaşdırılmış bəzi dövlət aktivləri üzərində dövlət nəzarəti qoymuşdur. Əlbəttə ki, bu, rəsmi Vaşinqton tərəfindən dəstəklənmir. Lakin, buna baxmayaraq, belə bir milliləşdirmə Rusiyanın özündə çox güclü şəkildə dəstəklənir. Yeri gəlmişkən demək istəyirəm ki, böyük neft və qaz ehtiyatlarına malik olan ölkələrin əksəriyyəti, bu aktivləri dövlətin nəzarətində saxlayır. Yalnız ABŞ və Böyük Britaniya enerji daşıyıcıları üzərində nəzarəti xüsusi şirkətlərə həvalə etmişlər. Belə ki, bu baxımdan Rusiya dünya praktikasında qəbul olunmuş qaydaları heç də pozmur. Bu milliləşdirmə nəticəsində Putin indi həddən ziyadə böyük miqdarda neft və qazdan gələn dollarlara nəzarət edir. Bu pulların isə yalnız kiçik bir hissəsi əhalinin 50%-nin kasıblıq həddində yaşayan qisminə gəlib çatır.
Yəni, demək istəyirəm ki, problem öz yerində qalmaqda davam edir. Və onun nə vaxt həll ediləcəyi də heç kimə məlum deyildir. Və əgər bu problem qanunlar, vergilər, oliqarxlarla dövlət arasında aparılan danışıqlar nəticəsində öz həllini tapmasa, onda köhnə Rusiya vasitəsi - zorakılıq istifadə oluna bilər. Və bu isə, şübhəsiz ki, Rusiyanın siyasi gələcəyi üçün çox pisdir.

Sual: ABŞ-la Rusiyanın münasibətləri yaxın gələcəkdə yaxşılaşa bilərmi?
Koen: Düşünürəm ki, vəziyyət bir çox səbəblər nəticəsində getdikcə pisləşəcəkdir. Rusiyada ABŞ-a qarşı kin artır. Rusiyalılar artıq bizim ikiüzlülüyümüzdən və ikili standartlarımızdan cana yığılıblar. ABŞ deyir ki, biz Ukraynanın işlərinə qarışa bilərik, amma Rusiya qarışa bilməz; Gürcüstan isə indi sizin yox, bizimdir; biz öz dostlarımızı pulu ödənilmiş qazla və neftlə və iqtisadi yardımla mükafatlandıra bilərik, amma siz edə bilməzsiniz və s. ABŞ Rusiyaya deyir ki, o bazar sisteminə daxil olmalıdır. Lakin, Moskva postsovet respublikalarına satılan təbii ehtiyatların qiymətini qaldıranda, onu «enerji neoimperiyası» adlandırırlar.
Bir daha qeyd edirəm ki, yaddan çıxarmaq olmaz ki, 2008-ci ildə hakimiyyətə yeni adamlar gələcəklər. Və hələlik onların necə siyasət aparacaqları bəlli deyildir. Lakin ABŞ-da prezident kürsüsünə iddialı olan bütün aparıcı namizədlər Rusiyaya münasibətdə daha kəskin siyasət aparmağın tərəfdarıdırlar. Və onlar Putinlə yumşaq davrandığına görə Buşa hücum edirlər. Onlar Rusiyanın «Böyük səkkizlik»dən çıxarılmasını görmək istəyirlər...
Mən o qədər də yaxşı başa düşmürəm, onlar bununla nə əldə etmək istəyirlər…

Washington ProFile          Çevirəni: SƏMƏD RƏŞİD                  deyerler.org

Комментариев нет:

Отправить комментарий