Müşfiq XAN (detektiv hekayə)
Soba soyumuş, balaca darısqal daxma getdikcə daha da dözülməz hala gəlmişdi. Nimdaş kürkünə bürünmüş Klauz isə saatlardır öz xəyallar dünyasına qərq olmuş, nə qımıldanır, nə də həmişəki kimi illərdir tənha yaşadığı bu şəraitsiz evindən şikayət edirdi. Bugün tamamilə başqa cür idi. Səbəbini özünə izah etmək üçün saatlardır ac-susuz oturmuş, hətta ən çox sevdiyi viskiyə də toxunmamışdı. İngiltərənin köhnə məhəllələrindən birində Elmsley Streetdə yaşayan Klauzun həyatı yəqin ki, bu yerlərin sakinləri üçün o öləndən sonra da sirr olaraq qalacaq və haqqında bir-birindən maraqlı əfsanələr uydurulacaqdı. O isə öz qəribə həyatını kimsəsiz başa vuracaq, həmişə balaca uşaq kimi xəyal etdiyi ecazkar yeni il gecələrinin birində gözlənilmədən qeybə çəkiləcəkdi. Hə, onun belə xəyalları var idi...
Xeyir və şər qüvvələr Klauzun qanına hopmuşdu sanki və ağlıkəsəndən bu qüvvələr onu idarə etməyə başlamışdı. Öz bədənini xeyir və şərin mübarizə meydanına bənzədirdi həmişə. İlin fəsilləri dəyişdikcə o da dəyişərdi. İndiki kimi qış olanda özünün də qəbul etdiyi kimi xeyir qüvvələrin təsiri ilə o da paklaşır, tək yaşadığı daxmasından o qədər də uzaqda yerləşməyən Anqlikan kilsəsinə tez-tez gedər, saatlarla dua oxuyub günahlarının bağışlanması üçün Tanrısına yalvarardı. Sonra isə dekabrın son günləri gəlincə şaxtababa olar, xeyirxah insana çevrilər, ailələrə qonaq gedib uşaqlara sevinc bəxş edərdi. Gün bitincə isə yorğun halda öz köhnə daxmasına qayıdıb 31-i axşamını səhərə qədər köhnə yolkasının işıqlarının yaratdığı ecazkar və mifik mənzərəsinin müşayiəti ilə say-hesabını itirdiyi viski şüşələri ilə keçirər, hamıdan əvvəl qarşıladığı yeni ili bax beləcə kefli və şüursuz halı ilə yaşayardı. Payızı heç sevməzdi, yaşadığı məhəllə sanki Tanrının qəzəbinə düçar olardı hər payız gəldiyində. Aramsız yağan leysan yağışlar dəfələrlə onun köhnə daxmasını yuyub yararsız hala gətirmişdi. Ötən il isə yağışlardan sonra gözlənilmədən düşən şaxtalar onun bərk naxoşlaması və sətəlcəm olması ilə nəticələnmişdi. Yaxşı ki, yazda əlləşib-vuruşub çalışmış, həm daxmasını, həm də sağlamlığını bərpa edə bilmişdi. Bacarıqlı və dözümlü idi. Bir insandan daha çox cansız qaya parçasına bənzəyirdi. Soyuq havaları da çox sevirdi, təkcə ötənilki sətəlcəm olduğu günlər buraya aid deyildi. Payıza təkcə buna görə nifrət etmirdi... Payız gələndə onun daxilindəki xeyir qüvvələri yenə də şərə yenilir və Klauzu idarə etməyə başlayardı. Üç ay boyunca fırıldaqçılıq edər, gecə həyatı gəldikcə varlı insanların evinə basqın edib oğurluq edərdi. Oğurluq etməkdən zəhləsi gedirdi, amma əldən iti olması heç vaxt bu işdə onu çarəsiz qoymamışdı. Yəqin fırıldaqçı tanışı Riçard da onunla əlbir işləməyi buna görə çox istəyirdi. Gündüzlər Riçard kəşfiyyat aparır, gecə basqın edəcəkləri evlərin yerini öyrənir və çox hallarda ev sahiblərinin harayasa qonaq getdikləri günlərdə həmin evlərdən oğurluq edərdilər. Əks halda Riçard bilirdi ki, Klauz onunla razılaşıb oğurluq üçün evlərə soxulmayacaq. Payız gəlincə Klauz nə qədər şər qüvvələrin nəzarətində olsa da sona qədər bu qüvvələrə yenilmirdi və Riçard ilə mübahisələri də çox vaxt bunun üstündə düşürdü. – Əzizim Klauz, sən çox qəribəsən! Bunu bilirsən? – Qəribə sən özünsən! Və birdə mən sənin dostun deyiləm, odur ki, mənə bu qədər şirin sözlər deməyə məcbur deyilsən! – deyə Riçarda cavab verərdi. Klauz doğrudan da onu özünə dost hesab etmirdi, sadəcə çoxdankı tanışı idi Riçard onun. Riçardın çoxuşaqlı ailəsi var idi və həyat yoldaşı yeddi-səkkiz il əvvəl dünyasını dəyişmişdi. Klauz hərdən Riçard haqqında da düşünürdü. Düşünürdü ki, o yaxşı atadır. Öz uşaqlarının ac qalmaması üçün əlindən gələni edirdi. Riçard bədbəxt idisə də, öz yetimlərinin azacıq xoşbəxtliyi üçün çalışırdı və bunun üçün hətta ölümdən belə çəkinmirdi. Klauz isə bəlkə də İngiltərənin ən bədbəxt sakini idi. Özü haqqında həmişə bu fikirdə idi. Çalışqanlığı, bacarığı və dözümlülüyü Tanrısı ona könlünü almaq üçün bəxş etmişdi. Və yəqin ki, onu bu həyatda yaşamağa vadar edən də bu təskinliklər idi. Klauz özü isə belə düşünmürdü. Bunu yalnız onu yaxşı tanıyan Riçard və bu il tanış olmuş Santa adlı şaxtababa tanışı belə düşünə bilərdilər. Onu yaşamağa məcbur edən yeganə bir səbəb var idi – on beş il əvvəl leysan yağışlı bir payız gecəsində onu atıb gedən sevgilisi... Klauz həmin hadisədən sonra həmin qızın adını da unutmağa çalışmışdı və hər dəfə yadına düşəndə adını “Əclaf qadın” olaraq xatırlamağa çalışırdı. Əslində hər gün xatırlayırdı onu. Hər gün rəsmi ilə danışırdı, hər gün... Hər dəfə solmuş rəsminə baxanda dodaqlarına basır, tənhalığından ürəklənərək göz yaşları axıdırdı. Bəlkə də içdiyi həddən artıq viskinin təsirindən baş verirdi bu kövrəklik. Solmuş rəsmdə həmin əclaf qadının qoxusunu ciyərlərinə çəkmək istəyirdi hər dəfəsində. Amma buna müfəssəl ola bilmirdi. O rəsm artıq çoxdandır ki, yalnız viski qoxuyurdu və Klauza xəyanətdən başqa heç nə xatırlatmırdı. Və bir də həmin gecəni... Qaranlıq və soyuq payız gecəsi, leysan və onu uşaq bəhanəsi ilə aldadıb yəqin ki varlı bir şəxs ilə qaçması. Çünki Klauz həmin əclaf qadınının simasındakı anidən yaranan xoşbəxliyi gördü o gecə – kareta onun beşaddımlığından keçərkən. Steetonun köhnə darısqal məhəlləsində Elmsley Street onu indiki kimi çox sıxmışdı həmin gün. Elə o gündən sevimli peşəsinin – rəssamlığın daşını birdəfəlik atmışdı. Həmin əclaf qadını və öz dolanışığını çıxarmaq üçün çəkdiyi bütün rəsmləri də Anqlikan kilsəsindəki Meri adlı rahibə qadına bağışlamışdı. Təkcə sevdiyi əclaf qadının rəsmindən başqa hamısını... O rəsmi nifrətini unutmamaq üçün saxlamışdı. Və on beş il əvvəl özünə söz vermişdi ki, həmin əclaf qadını və qoşulub qaçdığı zəngin kişini tapıb gec-tez onların dərsini verəcək. Klauz bu ümid ilə illərlə tanımadığı evləri, imarətləri gəzmiş, payız gəlincə kinini söndürmək üçün fırıldaqçılıq, qış gəlincə isə nağıl qəhrəmanına çevrilərək axtarmışdı onları. Yaya isə payızdan daha çox nifrət edirdi. Baxmayaraq ki, yayda onun qayğıları daha da azalır, yazda əkib-becərdiyi taxıl bol məhsul verirdi. Təsərrüfat işlərinin öhdəsindən gələ bilməsi özündə ən çox məmnun qaldığı xüsusiyyəti idi. Ağır zəhmət hesabına əldə etdiyi məhsulu varlı fermerlərə yaxşı qiymətə satmağı da bacarırdı. Yazı ən çox ona görə sevirdi ki, fikrincə yaz aylarında o öz Tanrısının ən sevimli dostuna çevrilirdi. Qışdakından daha çox saflaşırdı bəlkə də. Həm də xeyir qüvvələrinin təsiri ilə. Hərçənd ki qəribə xüsusiyyətləri imkan vermirdi heç vaxt bunu qəbul etsin: qışda yeni il qabağı Anqlikanda daha çox dua edib daha çox paklaşa bilərəm, – deyə düşünürdü həmişə. “Çox soyuqdur, bayırda gəzişib bir az təmiz hava udsam bundan daha yaxşıdır”,– deyə düşünüb qaldığı daxmadan çıxdı. Hər halda soyuq və rütubət qoxusu hopmuş divarlar indi onu daha çox yorur, qəzəbləndirirdi. Bəlkə də bugünkü qədər həmin əclaf qadını düşünməmişdi. İndi qış idi və heç özü də səbəbini bilmədən o qadına bugün daha çox nifrət etməyə, onu həyatından silməyə çalışmışdı. Hərçənd ki, bir neçə saatdan sonra Klauzu ən çox sevdiyi dəqiqələr, anlar, daha sonra saatlar gözləyirdi. Şaxtababa paltarını geyinib yenə də xeyir nümunəsinə çevriləcək, tanımadığı evlərə bir-bir baş çəkib uşaqları sevindirəcəkdi. Hə, bu çox maraqlı idi Klauz üçün və özünü əsl nağıl qəhrəmanları kimi hiss edirdi onda. Həm də yeni tanış olduğu Santa ilə görüşüb ürəkləri istədikləri qədər viski içərdilər. “Bu çox yaxşı ideyadır”,– deyə düşünüb sınıq-salxaq qapını ayağının gücü ilə bağlayıb çovğunun açmaması üçün həmişəki iri kötük parçasını qarşısına qoydu. İndi Klauz bayaqkından xeyli xoşbəxt görünürdü. Həm Santa ilə görüşüb söhbətləşəcək, doyunca viski içəcək, dünən mübahisə etdikləri zamanı onu yaxşıca əzişdirdiyinə görə üzürxahlıq edəcək və gecə saat 12 olmadan şaxtababa qiyafəsində tanımadığı evlərin qapısını döyəcək, uşaqlara sevinc bəxş edəcəkdi...
29.12.2012 / 22:34
***
Yaxınlaşmaqda olan yeni ilin ilk günü Tedin evinə bədbəxtlik gətirmişdi. Ev sahibi çox çaşqın və məyus idi. Həyat yoldaşı Culia isə qəmgin olmaqla yanaşı pərt və peşman görünürdü. Qollarını sinəsində çarpazlayıb pörtmüş halda meyidi nəzərdən keçirmək üçün aşağı çömbəlmiş detektiv Jöl İsmertin ağzını güdürdü.
– Hadisəni əvvəldən danışın ser – detektiv Jöl üzünü ev sahibinə tutdu.
Ted udquna-udquna sözə başladı...
Tanımadığım bu şaxtababa, daha doğrusu onun nə məqsədlə mənim evimə gəldiyi hələ ki məlum olmadığına görə bəlkə də oğru desəm daha doğru olar – Ted mızıldanıb sözünə davam etdi. Mən Culiaya süfrəni hazırlamaqda kömək edirdim. Uşaqlar isə həmişəki kimi öz otaqlarında oynayırdılar. Heç bir səs eşitməmişəm. Culia xahiş etdi ki küçəyə çıxıb lap yaxınlıqdakı şam ağacının yaşıl iynəyarpaqlarından bir neçəsini onun üçün gətirim. Bizim Kelli və Mayka maraqlı bir sürprizimiz olacaqdı. Onlar bizim sevimli övladlarımızdır. Dünəndən düşünüb onlar üçün gözəl hədiyyə qutusu hazırlamışdıq. Deyim ki, Culianın bu işdə fantaziyası çox güclüdür. Odur ki, onun xahişini yerə salmayıb ərincəklik etmədən küçəyə cumdum. Hətta dəhlizdə bu şaxtababanın meyidi ayağıma dolaşanda nə qədər tələsik çıxdığımın fərqinə vardım. O başından aldığı zərbədən çoxdan keçinmişdi. Hər tərəf onun qanına boyanmışdı. Mən çox qorxdum, bir anlıq özümü itirdim və nə edəcəyimi bilmədim. Ted danışdıqca Culia başı ilə onun sözlərini təsdiqləyirdi. Deyəsən az da olsa özünə gəlmişdi. Amma hələ ki, yanaqlarının qızartısı keçməmişdi. Hətta getdikcə bu qızartı gözlərinə də nüfuz etmişdi sanki. Amma o ağlamırdı.
– Siz nə zaman xəbər tutdunuz miss Culia – Jöl ona adı ilə müraciət etdi.
– Ted əvvəlcə uşaqların otağına gedib bir neçə dəqiqəlik otaqdan çıxmamağı tapşırmışdı. Sonra isə mənim yanıma gəlib oturmağı xahiş etdi və hadisəni indi sizə danışdığı kimi mənə də danışdı. Yaxşı ki oturmuşdum, yoxsa özümdən getdiyimi Ted üzümə vuraraq məni ayıltmağa çalışanda hiss etdim. Onda təxminən on dəqiqə keçmişdi. Başa düşdüm ki, ayaq üstdə olsaydım çox yəqin mənim də başım bu şaxtababanın başı kimi partlayacaqdı. Bəlkə də mən ölə bilərdim. Qadın elə inandırıcı danışırdı ki detektiv Jölün indilik olsa da ona inanmaqdan başqa çarəsi yox idi.
– Mən uşaqları danışdırmalıyam – o bildirdi. Sonra isə əlavə etdi:
– Onlar hələ də hadisədən xəbərsizdirlər?
– Bəli ser, biz onların qorxudan ağıllarını itirəcəklərindən ehtiyat edirik – Ted izah etdi.
– Bu yaxşıdır, elə isə üstüörtülü də olsa mən onlara bir-iki sual verməliyəm.
– Yaxşı ser – Ted çarəsiz halda mızıldandı.
***
– Uşaqlar, axşam sizə şaxtababa qonaq gəlmişdimi? – detektiv Jöl şlyapasının içərisində gizlətdiyi konfetləri gözbağlayıcılara məxsus hərəkətlə onlara tərəf uzatdı. İki konfet var idi: qırmızı nisbətən iri kağıza bükülmüş və bir az balaca göy rəngli konfet.
– Ser, bu çox gözəl hədiyyədir, təşəkkür edirəm – birinci yaşca kiçik olan Kelli dilləndi.
– Dünən onlar bizə hədiyyə vermədilər, həm də çox qaşqabaqlı idilər – Mayk incik halda valideynlərini işarə etdi.
– Bəs siz səs eşitmədiniz?
– Necə səs? – yaşda nisbətən bacısından böyük olan Mayk dəqiqləşdirməyə çalışdı.
– Sanki kimsə birdən yıxılanda necə olur, bax belə – detektiv Jöl bunu deyib uşaqlara izah etmək üçün qəfildən özünü döşəməyə atdı. Onun bu hərəkəti uşaqların gülüşünə səbəb oldu.
– Xeyr ser, mən belə bir səs eşitməmişəm – Mayk gülməkdən özünü güclə saxlayıb cavab verdi.
– Mən də eşitməmişəm ser – Kelli hələ də gülməkdən pıqqıldayaraq şən səslə bildirdi.
***
Detektiv Jöl çalışdığı idarəyə gələndə artıq günorta idi. Serjantlar şübhəli qismində 14-15 yaşlarında dilənçi uşağı tutub idarəyə gətirmişdilər və danışdırması üçün Jölü gözləyirdilər. Con adlı dilənçi uşağın sığındığı küçədəki daxmadan Tedin evində öldürülən şaxtababanın hədiyyələrlə dolu torbası var idi.
Torbanın öldürülən adama məxsus olmasını isə detektiv Jöl idarəyə gəlməzdən əvvəl Santa adlı şaxtababadan öyrənmişdi. Bəli, Tedin evində qətlə yetirilən adam Klauz idi. Və indi Jöl illərdi tənha yaşayan bu adamın qətl sirrini açmağa çalışırdı. Əgər Santanın sözlərinə inanmalı olsaydı onda ötən gün axşam saatlarında, təxminən hava toranlaşanda Klauz yenicə tanış olduğu Santa ilə görüşmüş, birlikdə viski içərək xeyli söhbət etmişdilər. Həttə ötən gün onun xətrinə dəydiyinə görə Klauz Santadan üzr də istəmişdi. Gecə on birdən sonra isə onlar görüşüb ayrılmış, tanımadıqları evlərdəki uşaqlara sevinc bəxş etmək üçün qaranlıq küçələrə yollanmışdılar. Klauzun meyidi isə daha çox varlı insanların yaşadıqları işıqlı Maunstreetdə – Tedin evində tapılmışdı. Əgər Santa yalan daşımırdısa, onda Klauzun varlılar məhəlləsində nə işi var idi? Axı o daha çox kasıb ailələrin uşaqlarına sevinc bəxş etmək üçün qaranlıq küçələrə yollanmalı idi. Santa hadisəni özü bilərəkdən belə danışırdısa, deməli bəzi məqamlarda bilmədən səhvə də yol verə bilərdi. Hər halda o bu işdə mütəxəssis deyildi. Və Klauzun meyidinin məhz varlılar məhəlləsindən tapıldığından xəbərsiz olduğu üçün qabaqcadan düşündüyü uydurma nağılı Jölə danışmışdı. Bir faktı isə detektiv hələ ki öyrənə bilməmişdi: hadisə Tedin evində baş verib, yoxsa qətl tamam başqa yerdə – Santanın danışdığı kimi qaranlıq küçələrin birində törədilərək Tedin evinə sonradan gətirilib. Əgər hadisə ikinci variant əsasında baş vermişdisə, deməli kimsə Tedə şər atmaq üçün bunu etmişdi. Klauzu isə “tanıyıram” deyən yox idi. Birdən Jölün yadına Santanın dediyi adam düşdü – Riçard. Dediyinə görə o, Klauzu çoxdan tanıyırdı. Amma bunu da demişdi ki, onlar il ərzində cəmi üç ay – payız yağışları başlananda dostluq edirmişlər. Bu faktın özü Jölü çox heyrətləndirirdi. Necə yəni, ildə yalnız üç ay dost olub ayrılmaq, sonra növbəti il yenə eyni vaxtlarda dostlaşmaq? Bəlkə Santa etdiyi cinayətin izini azdırmaq üçün belə gic-gic bəhanələrə əl atır? Hər halda Jöl necə olur-olsun Riçardı tapıb danışdırmalı idi.
– Conu gətirin – qarşısında dayanan serjanta göstəriş verdi.
Az sonra üstündən cır-cındır tökülən yeniyetmə içəri daxil oldu.
– Onu niyə vurdun? Xəbərin var o ölüb? O ki sənin kimi uşaqlara bayram sovqatları gətirmişdi! – Jöl ayağa qalxıb Conun qarşısına dikildi. Onun səsindəki ahəng daha çox teatrlarda aktyorların ifadə tərzini xatırlatdı. Odur ki, yaranan səhnə dramatik və tükürpədici idi.
– Mən onu öldürməmişəm – Con göz yaşlarını saxlaya bilmədi.
– Vurdun, amma bilmədin ki, ölər, eləmi? Sonra isə onun hədiyyə torbasını oğurlayıb qaçdın!
– Xeyr ser, mən bu torbanı oğurlamamışam. O, özü mənə hədiyyə edib.
– Yalan danışma Con! Ən azı buna görə səni həbs edə bilərəm. Görürsən bunu? – Jöl əlindəki bir qarışlıq kiçik cırılmış parçanı göstərdi.
– Bəli ser, görürəm – uşaq heç nə anlamadan təsdiq elədi.
– Bilirsən nədir bu? Klauz bunu torbasının yan hissəsindən kürkünə bağlamışdı ki, yeriyərkən atılıb-düşüb belini əzməsin. Sən isə onu vurduqdan sonra torbanı tələsik dartıb götürərək aradan çıxmısan. Bax, Klauz parçanı düyünləyibmiş, hətta o istədiyi vaxt bu düyünü çox rahat aça bilir və torbanı çiynindən endirirmiş. Sənə dedim axı, yalan danışma!
– Ser, and içirəm, mən onu öldürməmişəm. Mən yalnız onun torbasını oğurlamışam. O Maunstreetdə işıqlı yolkanın altında yerə yıxılıb qalmışdı və mən onun öldüyündən xəbərsiz olmuşam. Fikirləşdim ki, çox içdiyinə görə küçədə qalıb. Torbasını dartıb qopardaraq oradan uzaqlaşdım.
– Buraxın getsin, amma nəzarətiniz üstündə olsun – detektiv Jöl ona sarı əyilən serjantın qulağına pılçıldadı. Sonra serjantı kənara çəkib tapşırdı:
– Sabaha qədər bu cinayətin sirri açılmasa, daha da dolaşığa düşəcək və biz bütün izləri itirəcəyik. Bu uşağı bütün günü izləyin. Ola bilsin ki, əlaqədə olduğu kimsə var.
– Oldu ser!
– Hə, bir də, Tedin evinin həndəvərinə daha bir serjant göndər. Mən Tedə tapşırmışam ki, evdən bayıra çıxmasın. Hələ ki, o və həyat yoldaşı miss Culia əsas şübhəlilərdir. Ola bilsin biz bu axşam Tedi həbs etdik, Culianı isə azyaşlı uşaqlarını tək qoymaması xatirinə ev nəzarətində saxlaya bilərik. Gedə bilərsən, dediklərimi unutma!
– Baş üstə ser!
***
Detektiv Jöl İsmert idarədən çıxmağa hazırlaşırdı. Con adlı dilənçi uşağı danışdırdıqdan sonra hadisə haqqında daha ətraflı düşünmüş, az da olsa qərara gələ bilmişdi. Fikrincə qətl qarət məqsədi ilə törədilməmişdi. Bu işdə hansısa bir sirr gizlənirdi və Klauzun öldürülməsi də bununla bağlı idi. İndi Klauzun əlaqələrini bir daha araşdırmaq və onu tanıyan insanları tapmaq lazım idi. Qapını açmaq istəyirdi ki, serjant içəri girdi:
– Ser, Klauzun qətli ilə bağlı sizi bir nəfər cənab görmək istəyir.
– Çağır gəlsin, vaxtım azdır – Jöl bunu deyib yerinə qayıtdı. Fikirli halda şlyapasını masasının üstünə qoyub elə indicə içəri girən adamı süzdü.
– Ser, mənim adım Riçarddır. Mən Klauzu yaxşı tanıyırdım. Eşitdim ki, dünən gecə onu öldürüblər – gələn adam məyus halda tələsik dilləndi. Dostunun ölümünə kədərlənməsi hər halı ilə bəlli idi.
– Mən də sizi axtarırdım, keçin əyləşin – Jöl axtarmaq istədiyi adamın öz ayağı ilə gəlməsindən məmnun halda yerini rahatladı. Hətta fürsət tapıb əynindəki qara paltosunu da divardakı asılqana keçirtdi. Riçardın gəlişindən nə qədər razı olsa da, qanıqara görünürdü. Şübhələndiyi adamın birdən-birə onun yanına gəlməsi Klauzun qatili haqqındakı fərziyyələrini alt-üst etdi.
– Klauzu nə vaxtdan tanıyırsız? – Jöl ilk sualını verdi.
– Təxminən on il olar – Riçard gözlərini qıyıb bir qədər fikrə getdikdən sonra cavab verdi. Aldığı dəhşətli xəbərdən hələ də özünə gəlmədiyi hiss olunurdu.
– Mən öyrənmişəm ki, siz mərhum mister Klauzla ildə cəmi 3 ay – payız fəslində dostluq edirmişsiz. Bu təəccüblü fakt doğrudurmu? – Jöl nisbətən qanıqara halda dilləndi.
– Bəli, ser. Klauz özü belə istəyirdi və mən hər zaman onunla razılaşırdım. Payız yağışları başlayanda o çox bədbəxt görünürdü, darıxırdı, həddən artıq içirdi. Onun bir gündə içdiyi viski qədərini mən bəlkə də bir həftəyə ancaq içib qurtara bilərəm.
– Payızda vaxtı yaşadığı bədbəxtliyinin səbəbi nə idi? Hər halda sizin bu barədə məlumatınız olmamış deyil.
– Ser, mən onu hər zaman özümə dost bilmişəm. Amma o heç vaxt məni belə görmürdü. Çox vaxt da acılayırdı məni, adətən də viskinin normasını qaçıranda. Həyat yoldaşım səkkiz il əvvəl dünyasını dəyişdi və mən yeddi uşağa tək baxmalı oldum. Klauz xeyirxah insan idi və həmişə mənə dəstək olurdu. Bəlkə də buna görə ondan inciyə bilmirdim. Bilirsiz, onun maraqlı söhbətləri olurdu və o söhbətlər mənim həyatda möhkəm, iradəli olmağıma çox kömək edirdi.
– Deyirsiz Klauz sizə kömək edirdi? Onun imkanı yaxşı idi?
– Xeyr ser, əsla, o məndən daha pis dolanırdı. Amma imkanı düşdükcə uşaqlarımın ac qalmaması üçün dəstək olmağa çalışırdı. Dediyinə görə əvvəllər rəsmlər çəkib satmaqla dolanırmış. Mənsə heç vaxt onun rəsm çəkdiyini görməmişdim.
– Tanıdığı başqa adamlar var idimi sizcə?
– Məncə yox, ser. Çox adamla ünsiyyətdə olmağı sevmirdi. Santa adlı adamı isə ümumiyyətlə tanımıram. Həmişə elə fikirləşirdim ki, Klauzun bu həyatda məndən başqa tanıdığı, daha doğrusu danışıb ünsiyyətdə olduğu heç kim yoxdur. Amma baxın, həyat necə də qəribədir...
– Uşaqlarla arası necə idi dostunun?
– Həmişə hiss edirdim ki, uşaqlara qarşı böyük məhəbbət var içində. Öz uşaqlarıma qarşı da bunu görmüşdüm. Klauz ilə küçədə addımlayanda onun uşaqlara necə sevgi ilə baxdığının şahidi olurdum. O çox qəribə insan idi, çox...
***
Hava artıq toranlaşmışdı. Detektiv Jöl fikirli halda Steetonun köhnə darısqal məhəllələrindən birində yerləşən Elmsley Streetə daxil oldu. Gün ərzində danışdırdığı adamlardan Klauzun qətlinin sirrini öyrənməyə çalışmış, hadisənin necə baş verməsi haqqında saatlarla təkbaşına düşünmüşdü. Amma onu ən çox maraqlandıran qətlin səbəbi idi. Və yalnız indi bu qaranlıq küçə ilə addımlayarkən bayaqdan bəri beynində formalaşan fikrin daha əsaslı olduğunu düşünməyə başladı. Tedin dediyinə görə Klauzun meyidini yalnız ayağına dəyəndə hiss etmişdi və meyid onun evinin giriş dəhlizindən tapılmışdı. Hər halda Culia da bunu təsdiq edirdi. Ər və arvadın əlbir olub bu qətli törətməsi isə istisnasız mümkün idi. Amma nə üçün? Onlar varlı ailə idilər və Klauz kimi kasıb bir insan onları qətiyyən maraqlandıra bilməzdi. Bəs miss Culianın üzündəki təlaş və peşmançılıqdan yaranan kədər ifadəsi necə? Detektiv Jöl bunu yaxşı duya bilmişdi və yanılmırdısa, bu Culianın tanımadığı bir insanın meyidinin onların evində tapılması ilə əlaqəli deyildi. Yəni, bu hadisə Culiaya belə peşmançılıq yaşada bilməzdi. Con and içirdi ki, şaxtababanı o öldürməyib və etdiyi adi bir oğurluqdur. Bunları nəzərə alsaq Santa daha şübhəli görünürdü. Çünki bir gün əvvəl onlar ciddi mübahisə etmişdilər və hətta Klauz ona əl də qaldırmışdı. Hərçənd ki, Santa bunun səbəbini izah etməkdə çətinlik çəkirdi. Və nəhayət Riçard. O, öz dostunun ölümünə necə də məyus olmuşdu. Sanki doğma atası, yaxud böyük qardaşı öldürülmüşdü. Gedərkən də Jölə yalvararaq qatilin tez tapılmasını xahiş etmişdi ondan.
Yaxınlıqdakı Anqlikan kilsəsindən çıxan adam detektiv Jölün diqqətini çəkdi. Adam nədənsə çox təlaşlı idi və kilsədən çıxan kimi iti addımlarla oradan uzaqlaşdı. Jöl kilsələrə tez-tez getməzdi. Ata babası protestant idi və heç vaxt katolikləri sevməzdi. Jöl isə uşaqlıqdan bəri dini inanclara və kilsələrə maraq göstərməmişdi. Amma kilsələr haqqında məlumatları bir çox insanların uydurduğu məlumatlardan daha dəqiq və həqiqətə uyğun idi. Anqlikan kilsəsinin də protestantlardan daha çox Katolik kilsəsinə yaxın olduğunu bilirdi.
Fikirli halda kilsənin qapısından içəri keçdi. Yeganə ümid etdiyi insanı burada axtarmalı idi. Mülahizələrində yanılmırdısa, Klauz kimi sirli və payız leysanları gəlincə özünü bədbəxt hiss edən bir insan öz sirri haqqında az da olsa burada danışa bilərdi. Amma bilirdi ki, burada olanlar insanların dərdlərini, gizlətdikləri sirri heç kimlə bölüşmürlər. Ətrafa göz gəzdirdi. Qəflətən kilsədəki qəribə bir rəsm diqqətini çəkdi. Solğun rəsm olsa da, rəssamın imzası oxunurdu – sadəcə kiçik hərflərlə “klauz” yazılmış və imzaya çox da bənzəməyən əyri-üyrü bir neçə xətt çəkilmişdi. Tələsik rahibə Merinin oturduğu yerə yaxınlaşdı. Üzünü görə bilmədiyi bu qadından öyrənəcəkləri indi detektiv Jöl üçün çox vacib idi.
– Xahiş edirəm, mənə kömək edəsiniz – adını bilmədiyi qadına müraciət etdi.
– Buyurun – orta yaşlı qadının nəvazişli səsi eşidildi. Bu Meri idi. Klauz haqqında çox şey bilirdi. Həmin payız aylarının sirrini, Klauzun nakam məhəbbətini, tanışlarını, uşaqları necə sevməsini... Fırıldaqçılıq və oğurluq etdiyinə görə Klauz dəfələrlə günahlarının bağışlanması üçün kilsəyə gəlmiş, Tanrısına dua etmiş, rahibə Meriyə öz dərdini danışaraq ondan məsləhət almışdı.
– Bu rəsmi çəkən adamı tanıyırsız? – Jöl tələsik xəbər aldı.
– Tanıyıram, o çəkdiyi rəsmlərin hamısını mənə hədiyyə edib, təkcə bunu yox. Amma kilsə üçün münasib olduğu üçün yalnız onu burada yerləşdirmişik.
– Xahiş edirəm, həmin insan haqqında mənə danışın.
– Bu mümkün deyil, ser... Məndən istədiyiniz kilsənin qayda-qanunlarına ziddir. Bizim işimiz bütün bacı-qardaşlarımızın sirrini qoruyub onlara doğru göstərmək, mənəvi dəstək olmaqdır.
– Onlar öldürülübsə də belə?! – detektiv Jöl bu dəfə acıqlı şəkildə dilləndi. Məcbur olub kilsəyə gəlməsinə indi daha çox peşman idi. Amma başqa çıxış yolunun olmadığını da yaxşı başa düşürdü.
– Necə? Klauzu öldürüblər? Siz nə danışırsız? Nə vaxt? O ki, dünən axşam sağ idi! – eşitdiyi xəbər rahibəyə necə təsir etdisə, o bu sualları birnəfəsə vedi. Fərqinə də varmadan sirr saxlayacağı həmin adamın adını da, dünən buraya gəlmə xəbərini də dilinə gətirdi.
– Onu dünən gecə, yəni kilsəyə sizin yanınıza gəlib-gedəndən sonra öldürüblər. Mən onun qatilini axtarıram – Jöl rahibənin Klauz haqqında bildiklərini danışacağına ümidli halda izah etdi.
– Deməli, bayaq buraya gələn serin dediyi adam Klauz imiş?! İlahi! – rahibə qadın qorxunc səslə fəryad etdi.
– Necə? – Jölü dəhşət bürüdü. Siz kimi nəzərdə tutursuz?
– Sizdən əvvəl gələn adam dünən gecə adını demədiyi bir küçədə qətl hadisəsinin şahidi olub. Çox qorxmuşdu. Titrəyə-titrəyə danışırdı. Dediyinə görə hadisənin baş verdiyi yer yaxınlığında uca şam ağac var imiş. Qatilin üzü bağlı imiş və onsuz da buraya gələn şahid hadisə törədilən yerdən xeyli məsafədə olubmuş.
– Bəs nə üçün gəlmişdi kilsəyə? – onun ardınca getməyin mənasız olduğunu başa düşən Jöl soruşdu. Fikrincə həmin şahid bayaqları çox yaxşı aradan çıxmışdı. Odur ki, danışmağa razılaşan rahibənin bildiklərini öyrənmək daha vacib idi.
– Bir insanın öldürülməsinə şahidlik etdiyinə və bunu polisə xəbər vermədiyinə görə çox qorxurdu. Günah işlətdiyini düşünüb buraya gəlmişdi.
– Sizin ona məsləhətiniz nə oldu?
– Qorxmamasını, Tanrının hər şeyi gördüyünü, onun təqsirkar olmadığını söylədim. Dedim ki, hadisə haqqında polisə danışması Tanrının da xoşuna gələr və Tanrı bu xeyirxah əməlinə görə onu mükafatlandırar. Bunu ona məsləhət görəndə dəli kimi “yox, yox, məni tutarlar, zindana düşmək istəmirəm” deyib qışqıra-qışqıra buradan uzaqlaşdı. O, şahidi tapa bilməsək də, mən Klauz haqqında bildiklərimi sizə danışacağam. Bu mənim insanlıq borcumdur – Merinin səsi titrədi...
***
Yeni ilin ilk günü son saatlarını yaşayırdı. İndi artıq Ted və həyat yoldaşı Culia, uşaqları Mayk və Kellinin öz rahat həyatlarına qayıtması üçün heç bir problem qalmamışdı. Con isə etdiyi oğurluğa görə bir daha peşman olduğunu söyləmiş və uşaq pansionatına verilmişdi. Santa da baş verən hadisədən sonra çox məyus olmuş və bu gecə Klauzun xatirəsini yad edib çoxlu dua etmək üçün kilsəyə yollandı. Rahibə Meri isə Klauz haqqında bütün bildiklərini danışmış və bütün gecəni Santa ilə onu xatırlayaraq keçirmək qərarına gəldi. Görünür detektiv Jölün də bu qadının həyəcanlı və ürəkağrıdıcı danışıqlarından sonra hiss etdiyi kimi rahibə Meri özünün illərdir qəbul edib razılaşdığı müqəddəs işini unutmuş və mərhum Klauza aşiq olmuşdu. Və çox yəqin ki, kilsə qayda-qanunlarına zidd olan bu münasibət Klauzun məhz Meriyə hədiyyə etdiyi gözəl rəsm əsərlərindən sonra yaranmışdı. Həmin günün şahidini isə heç kim tanımadı və indi – qatilin detektiv Jöl İsmertin işlədiyi idarəyə gətirildiyi bir vaxtda həmin şahidə qətiyyən ehtiyac yox idi. Qatil isə isə Klauzu on ilə yaxındır tanıyan və yalnız payız gecələrində onunla müəmmalı dostluq edən Riçard idi... İndi o sussa da, etdiyi cinayəti etiraf etmək istəməsə də, detektiv Jölün həmin gecə yolka işığında baş verən qətlin necə baş verdiyini təfərrüatı ilə izah etməsinə gözləri bərəli halda təəccüblə qulaq asmağa məcbur idi. Sanki həmin gün Riçard dostu Klauzu detektiv Jöl ilə birlikdə qətlə yetirmişdi...
***
Detektiv Jölün qətli necə açması ilə bağlı 1904-cü il yanvar ayının 1-i gecə saatlarında idarədə danışdıqlarından... (O, qatili ifşa etmək üçün cəmi bir gün vaxt sərf etmişdi!)
Riçard siz özünüzün də dediyiniz kimi on ilə yaxındır ki, Klauzla dostluq etmişdiniz. O, sizə öz həyatı, sevdiyi Culia adlı qadın haqqında danışmışdı. Culianı və onun ərini axtardığını, tapandan sonra isə cəzalandıracağını siz çox gözəl bilirdiniz. Hərçənd ki, siz ilk ifadənizdə mənə yalan danışdınız. Mən Anqlikan kilsəsindəki rahibədən öyrəndim ki, Klauzun fırıldaqçı dostu olub. Rahibə sizi tanımasa da, Klauzun sizinlə yalnız payız aylarında etdiyi dostluğunu bilirmiş. Məhz həmin payız aylarında Klauzun sevdiyi Culia varlı bir kişi ilə – Tedlə qoşulub qaçmışdı. Siz göründüyü qədər avam və çarəsiz insan deyilsiz. Klauzun illərdir axtardığı Culianın yaşadığı evi də siz axtarıb tapıbsız. Maraqlı burasındadır ki, Klauz həmin gecə nəhayət özü də xəbəri olmadan illər sonra Culianın yaşadığı evə gəlib çıxıbmış. Siz isə onu çoxdandır izləyirmişsiz. Belə bir fürsəti – Klauzu öldürüb Culianın və əri Tedin üstünə yıxmaqdan daha inandırıcı nə ola bilərdi ki?! Və Maunstreetdə işıqlarla bəzədilmiş şam ağacının yanına çatanda Klauzu iri daş parçası ilə başından bir neçə dəfə vurmusuz. Həmin daşı siz şam ağacının yaxınlığındakı uçulmuş səkidən götürmüsüz və hadisədən sonra da tələsik yerinə qoymusuz. Baxın, bu sizin dəri əlcəyinizin barmaq hissənin ucundan qopub səki daşlar arasında qalmış kiçik bir parçasıdır. Maraqlıdır, elə deyilmi?! Klauzun tam öldüyünə əmin olduğunuz zaman isə səs eşidibsiz. Qaçıb yaxınlıqda gizlənmisiz. Gələn isə bayram gecəsi varlılar məhəlləsində özünə sovqat axtaran dilənçi Con olub. Yerə yıxılmış şaxtababa geyimli Klauzu görəndə onun kefli olduğunu düşünüb, əla fürsəti dəyərləndirib və onun sovqatla dolu torbasını oğurlayaraq qaçıb. Bu sizin işinizə yarayıb və Klauzu sürüyərək on-on beş addımlıqda yerləşən evə – Tedin yaşadığı evin dəhlizinə gətirərək aradan çıxıbsız. Mən meyidi ilk görəndə hadisənin evdə törədilmədiyinə artıq əmin idim. Oradakı qan izləri meyidin çöldən içəriyə sürüyərək gətirildiyini göstərirdi. Bunu bir neçə dəfə yoxladım, amma izlər əksinə idi, yəni dediyim kimi. Buna baxmayaraq Tedə ola şübhələrim hələ də davam edirdi. Düşünürdüm ki, o özü izi azdırmaq üçün hadisəni küçədə törədib, meyidi içəri gətirə bilərdi. Amma bu halda da Tedin Klauzu necə və hansı şəraitdə görməsini müəyyən edə bilmirdim.
İndi isə dostunuzu nə üçün öldürdüyünüzdən danışım...
Siz mənə Klauzun kasıb biri olduğunu demişdiniz. Amma rahibə onun sizinlə birlikdə çoxlu varlı insanların evindən oğurluq etdiyini, onlara fırıldaq gəldiyinizi dedi. Klauz varlılardan oğurladıqlarının heç birini özü üçün sərf etmirdi. Çünki o, təsərrüfatla məşğul olmağı bacarır və dolanışığını da bundan çıxarırdı. Oğurluq və fırıldaqçılıqla əldə etdiyi çoxlu miqdarda pul və zinət əşyalarını isə köhnə daxmasının gizli zirzəmisində saxlayırmış. Siz əvvəllər onun evini tanımayıbmışsız. Sonra ondan xəbərsiz izləyib yerini öyrənibsiz. Mən rahibədən öyrəndim ki, Klauzun evinin harada yerləşdiyini heç kim bilmirmiş. Dediyinə görə vəsiyyətnamə yazıb o öldükdən sonra varlılardan topladığı var-dövləti kasıb ailələrə paylanmasını istəyirmiş. Klauz bütün bunları on beş il əvvəl sevdiyi Culia adlı qadını ondan alıb aparan tanımadığı həmin varlı Teddən mənəvi qisas almaq üçün edirmiş. O, psixoloji cəhətdən çox sarsılmışdı. Onun necə kinli olduğunu bildiyiniz üçün onu öldürmədən evini qarət etməyə cürətiniz çatmayıb və odur ki, bu planı düşünmüsüz.
Mən çətinliklə də olsa Klauzun yaşadığı daxmanı tapdım. Evin zirzəmisində qiymətli heç nə yox idi. Rahibənin danışdığı var-dövlət, qiymətli əşyaların hamısı yoxa çıxmışdı. Və artıq onda Klauzu sizin öldürdüyünüz mənə məlum idi. Bircə Culianın on beş il əvvəl Klauzun sevdiyi qadının özü olduğuna əmin deyildim. Amma onun rütubətli daxmasından öz əli çəkdiyi Culianın rəsmi bu şübhələrimə də son qoydu. Sanki Klauz öz ölümünün necə baş verəcəyini çox əvvəldən hiss etmiş və həmin rəsmdə iz qoymaq üçün bilərəkdən Culianı on beş il əvvəlki cavan qız kimi yox, təxminən indiki yaşlarında bir qadın kimi təsvir etmişdi. Şübhəsiz ki, əslində bu nakam məhəbbət yaşamış rəssamın acı taleyini əks etdirən təsadüfi bir yaş seçimi idi...
31 dekabr 2012-ci il...
Santa Klauz həvəslə sovqatdolu torbasını çiyninə atıb növbəti ecazkar yeni il gecələrinə yollandı. Sabaha qədər yolu uzun, işləri çox idi. İndi o tanıyıb-tanımadığı bütün kimsəsiz uşaqları görməyə tələsir, onlara öz sovqat payıtını bəxş etmək üçün yorulmadan kasıb məhəllələri, qaranlıq küçələri gəzişirdi. Yolboyu düşüncələrində iki fikir dolanırdı: böyük babası Santa ilə onun dünyasını vaxtsız dəyişmiş əziz dostu Klauzun kasıb uşaqlara məhəbbət göstərmək ideyaları və Tanrının bütün bu xeyirxahlıqları görməsi. Və o, çovğunlu qış gecəsində küçələri dolaşdıqca babaları Santa və Klauzun ruhları onu isidərək rəhmsiz şaxtadan qoruyurdu...

Комментариев нет:
Отправить комментарий