Страницы

29.01.2013

“Arqo” - Hollivudun vicdanı, yoxsa köhnə hekayə?

Dalğa Xatınoğlu

Yanvarın 13-də 70-ci "Qızıl Qlobus" mükafatının qalibləri açıqlandı. Yazımızın mövzusu olan "Arqo" filmi "ən yaxşı rejissor işi" və "ən yaxşı film" nominasiyasının qalibi oldu.
Yenicə İslam İnqilabı baş vermiş İranda xalq kütlələrinin 1979-cu il noyabrın 4-də ABŞ-ın Tehrandakı səfirliyinə hücümu və amerikalı diplomatların 444 gün girov saxlanılmasından bəhs edən film yetərincə həyəcanvericidir. Film məzmun və struktur baxımından çox maraqlıdır.
Söhbət səfirliyə hücum vaxtı 6 ABŞ diplomatının səfirliyin arxa qapısından çıxıb, Kanada səfirinin evində gizlənməsi və iki aydan artıq orada qalandan sonra, ABŞ Kəşfiyyat İdarəsinin məmuru Tony Mendezin İrana səfəri və onların ölkədən çıxarmasından gedir. Kinonun rejissoru Ben Aflek Mendez rolunu şəxsən özü ifa edib.
1980-ci ilin yanvarında 6 diplomatı İrandan çıxardığı üçün Mərkəzi Kəşfiyyat İdarəsinin ən yüksək mükafatını almış kəşfiyyatçı Mendez son vaxtlar bu hadisə ilə bağlı kitab da çap etdirib və "Arqo" filminin çəkilişlərində də yaxından iştirak edib.
Onun kimliyi 90-cı illərədək gizli saxlanırdı, hadisənin təfərrüatlarını əks etdirən məxfi sənədlərin yayılmasına isə 1997-ci ildən icazə verildi. Hər halda "Arqo" bədii-sənədli bir filmdir.
"Qızıl qlobus" mükafatı Oskardan sonra Hollivudun ən önəmli mükafatıdır.
Filmdə müsbət məqamlardan biri odur ki, başlanğıcda İranın tarixinə qısa nəzər salınır, şahlardan, ilk dəfə xalq səsverməsi ilə demokratik yolla Baş nazir seçilən Məhəmməd Müsəddiq, onun İran neftini Britaniyanın əlindən çıxarıb milliləşdirməsi və buna görə də 1953-cü ildə ABŞ və Britaniyanın birgə planı ilə Müsəddiq əleyhinə dövlət çevrilişinin baş verməsi, İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ölkənin sərmayələrini talaması və ölkədən qaçarkən külli miqdarda qızıl çıxarmasından animasiya və sənədli xronika ilə bəhs olunur.
Ümumiyyətlə, filmin içində də müəyyən yerlərdə sənədli kadrlardan istifadə olunur. O da xüsusilə vurğulanır ki, İran xalqı və inqilabçılarının səfirliyə hücumu ABŞ-ın İran kralına müvəqqəti sığınacaq verməsi ilə bağlı olub və xalqın rəsmi Vaşinqtona, həmçinin ABŞ xalqına olan acığı və nifrəti açıq göstərilir. Yəni baş vermiş həmin qeyri-adi və beynəlxalq hüquq normalarına zidd olan aktın görünməyən tərəfləri və səbəbi bu aspektdən izah olunur.
Ancaq filmin mənfi cəhəti də var. Kifayət qədər kəskin süjet üzərində qurulmuş filmdə sənədli fraqmentlərdən də yaralanaraq, real hadisəni əks etdirməyə çalışılır. İran xalqı və inqilabçıları isə olduqca qəddar, vəhşi, qarasaqqallı və qaraqabaqlı təqdim olunur. Halbuki o zaman İranda demokrat, kommunist və millətçi siyasətçilər də olduqca aktiv idi. İran xalqı ilə tanış olmayan qərblilər üçün bu fraqmentlər adi görünə bilər, ancaq İranla tanış olan birisi üçün bu fraqmentlər olduqca şişirdilmiş və qeyri-obyektivdir. Xüsusilə real və tarixi hadisə ilə bağlı çəkilmiş bir film üçün bu, böyük nöqsandır. Ancaq digər tərəfdən, kinoda son sözü sənət deyir və reallığı dəqiq əks etdirmək kinonun borcu deyil. Hər halda xalqın əsəbiliyini daha incə şəkildə göstərmək olardı.
Aktyorlar, demək olar ki, Ben Eflekin kölgəsində qalırlar və başqa gözəgəlimli ifa yoxdur. Əlbəttə, diplomatların girov götürülməsi və yaranan qorxu və həyəcan kifayət qədər əsas verir ki, baş rol istisna olmaqla, digər obrazlar "başını itirmiş adam" kimi davransınlar, yəni çox da peşəkar ifaya ehtiyac görünmür.
Filmin maraqlı səhnələrindən biri də kəşfiyyat məmuru Mendezin bir saxta filmin çəkilişi adı ilə Tehrana səfər hazırlığıdır. O, İranda girov qalan 6 diplomatı kino sahəsində çalışanlar kimi İrandan çıxarmağı planlaşdırır. Bunun üçün Mendez bir rejissor və bir qrimçi ilə görüşmək və onlardan yardım almaq üçün Hollivuda gedir. Hollivudda ikən görüşdüyü adamların zarafatları, atmacaları kinounun gərgin ab-havasına fərqli çalar qatır, tamaşaçını həyəcan və nigaranlığı bir müddət unutmağa və gülümsəməyə sövq edir. Nəticədə 120 dəqiqəlik kinonu daha baxımlı edir, tamaşaçını eyni və yorucu atmosferdə saxlamır, onu müxtəlif situasiya və atmosferlərlə üzləşdirir. Aflek filmin bu bölümündə olduqca peşəkar və komik dialoqlardan yararlanıb. Komediyanın ifrata varılmadığı bu dialoqlar çox ağır və dərindir.
"Arqo" Aflekin üçüncü rejissorluq təcrübəsidir, ancaq olduqca mükəmməl quruluşa və dialoqlara malikdir. Səhnə quruluşu, görüntülər o qədər realdır ki, tamaşaçı özünü doğrudan da 1979-cu ilin Tehranında hiss edir.

az.trend.az

Комментариев нет:

Отправить комментарий