Страницы

25.01.2013

Azan vaxtına qədər


Qabil Ədalət

Artıq dövran dəyişib,
dünya faniliyindən
adamlar xainliyindən əl çəkib,
Dostluq, barış içində
bir yaşam qurulubdur.
Rüşvətə yox deyilib,
“tapşırıq” son bulubdur.
Xəyanət yalan olub,
yalansa talan olub.
Dillər “həsrət qalıb”
söyüşə, qeybətə…
Həsəd, nifrət, paxıllıq
iki üzlülük, üzsülük qeyb olub.
Oğurluq bitib tamam,

Yerdə pul, qızıl görən,
əl vurmadan ötmədə…
İnsanlıq qayıdıb imana-dinə.
Yalançı mollalar, falçılar belə…
daha insanlar Həccə
adçün, sançün getmirlər,
daha bəzi qadınlar öz çirkin işlərini
hicab ilə gizlətmir.
Bəndələr Allahdan qorxur.

mən bu gözəl dünyadaykən müəzzin azan çəkdi
ayıldım
gördüm, əşi, nə gerçək?..
Yuxu imiş, sən demə.
Bu dünya heç düzəlməz.
Düzəlməzmi?!.

Buz dağı

Tərk etdin
isti bir yay gecəsində,
Qəlbimdə
buz bağladı, don vurdu,
qəfil gedişin.
Səhər açılar, günəş çıxar,
Qəlbimin
buzu əriyər deyə,
fikirləşdim…
Dan yeri söküldü, günəş çıxdı,
Qızmar günəş daş-kəsəyi əritdi,
Asfalt əridi, torpağı yandırdı,
Amma
Günəş məni isitdikcə,
mən don atdım,
Qəlbim döndü buz dağına,
Qəlbimin buzu
ərimədi ki, ərimədi…
Çünki…

Ağlama

Ağlama!
Ağlamaq nəyi dəyişir ki,
Göz yaşların
Xəyanəti yuyacağın sanırsan,
əgər 
göz yaşları
xəyanəti yusaydı
hönkürən buludların
göz yaşlarından
yer üzündə
xəyanətkar insan qalmazdı.
Ağlama!
Ağlamaq nəyi dəyişir ki,
Göz yaşların
Xəyanəti yuyacağın sanırsan...

Deyiləm

Elə bil, qərq oldum bahara, yaza,
Qəlbim dilə gəldi, çevrildi saza.
Səbr edib dözəcəm işvəyə, naza,
Bu işvə, bu nazdan bezən deyiləm.

Vuruldum gözlərə, dilə, dodağa,
Çatma qaşlarına, alma yanağa.
Olsa da bu yazıq sənə sadağa,
Səndən uzaqlarda gəzən deyiləm.

Yandırıb odlara yaxmısan, gülüm,
Nur olub qəlbimə axmısan, gülüm.
Qabil Ədalətin, baxtısan gülüm,
Səndən əllərimi üzən deyiləm.

Sənlə yoğrulmuşam, Azərbaycanım

Qürbətdə olsada qızıldan taxtım,
Lələ, cəvahirə bürünsə baxtım,
Bəxtəvər olsam da hər an, hər vaxtım,
Neynirəm o ömrü, qəribsə canım,
Sənlə yoğrulmuşam, Azərbaycanım.

Dərdimi bacımtək anan yoxdursa,
Anamtək halıma yanan yoxdursa,
Yadların rişğəndi nizə, oxdursa,
Necə dövr eyləsin damarda qanım,
Sənlə yoğrulmuşam, Azərbaycanım

Gülüşüdə könül açmaz yadların,
Ha nə qədər dost qoysalar adların,
Darda Qabil görməyəssən dadların,
Öz elimdə doğmalardı gümanım,
Sənlə yoğrulmuşam Azərbaycanım.

Bu adam
(pul, vəzifə görüb insanlığını itirən insanlara)

Vəzifə başına keçsədə dünən,
Artıq əlaqə yox, bu gün heç kimnən.
Bu gün göynən gedir, dünən sürünən,
Nə tez çıxdı insanlıqdan, bu adam.

Qudurub özünü padişah sayır,
Manatın yüzdüyün paçkaynan sayır.
Tələb edir məni: hər kəsdən ayır,
Nə tez çıxdı insanlıqdan, bu adam.

Allah da düşməyir, indi yadına,
Yazıq gedir, var-dövlətin badına.
Yalandan and içir haqqın adına,
Nə tez çıxdı insanlıqdan bu adam.

Bir kəsə acımaz, bir kəsə yanmaz,
Millətin halını anlamaz, qanmaz.
Rüşvətə vaxt qoyur, hətta utanmaz,
Nə tez çıxdı insanlıqdan bu adam.

Demək, ot saralıb saman olurmuş,
İnsanı dəyişən zaman olurmuş.
Acın qudurmağı yaman olurmuş,
Nə tez çıxdı insanlıqdan bu adam.

Комментариев нет:

Отправить комментарий