Страницы

30.01.2013

Əkrəm Əylisli: “Gədə-güdələrin əlinə fürsət düşüb"

“Bu məsələdə xalqı şərəfsiz göstərmək istəyən çox insanlar  danışacaq”

"Azərbaycan Konstitusiyasının 51-ci maddəsinin 2 bəndinə baxsınlar"

Yazıçı Əkrəm Əylisinin bu yaxınlarda Rusiyanın məşhur ədəbiyyat dərgisi olan “Drujba narodov”da çap olunan “Daş yuxular” romanı ölkədə böyük səs-küyə səbəb olub. Gündəmi zəbt edənbu məsələdə kütlənin əsas hissəsi yazıçıya əks cəbhədən çıxış edir. Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində əsərdən bixəbər olanlar da yazıçını tənqid, hətta təhqir etməkdən belə çəkinmirlər. Səsləndirilən fikirlər arasında yazıçının “Azərbaycanın Orxan Pamuku olmaq” iddiasına düşdüyünü deyənlər də var, vətəninə xəyanət etməkdə ittiham edənlər də.
Əkrəm Əylisli AzVision.az-a açıqlamasında ona qarşı irəli sürülən ittihamlara cavab verib:

"Mənim Orxan Pamuk olmaq iddiam tamamilə gülünc məsələdir. İlk növbədə, ona görə ki, mən bu əsəri 2007-ci ilin iyun ayında yazıb bitirmişəm. Orxan Pamuk isə mükafatı 2006-cı ildə alıb. Yəni mən bu əsəri yazmağa başlayanda  Orxana hələ mükafat verilməmişdi ki, mən də bundan fərəhlənim və əsər yazım. Bunların hamısı şər-böhtandır. Şərin müxtəlif formaları var, bu isə şərin lap nadinc formasıdır. Düşünürəm ki, mənə qarşı şərin bütün formalarından istifadə edəcəklər. Bu məsələdən istifadə edənlərdən çox xahiş edərdim ki, Azərbaycan Konstitusiyasının 51-ci maddəsinin 2 bəndinə baxsınlar. Konstitusiyamızda yazıçının azadlığına təminat verilir. Qanuna əsasən, yazıçının yaradıcılıq azadlığını məhdudlaşdırmaq olmaz. Mənə hörmətləri yoxdursa, heç olmasa Konstitusiyalarına hörmət etsinlər. Demokratik rejimdirsə, demokratikcəsinə addım atılmalıdır. Bədii əsərə bədii əsər kimi yanaşmaq lazımdır.  Yazıçının azadlığına hücum edilməsi yolverilməzdir”.
Yazıçının sözlərinə görə, yaradıcılığa bu şəkildə qiymət vermək heç kəsin xeyrinə deyil: “Mənə elə gəlir ki, bu hücumların məqsədi yalnız və yalnız gündəmi dəyişməkdir. Bu isə mümkün deyil. Ortada vətənpərvərlik nümayiş etdirmək üçün çoxdan fürsət güdən bir neçə gədə-güdə də düşüb ortaya, döşünə döyür ki, biz Azərbaycanı Əkrəm Əylislidən çox sevirik. Bunu sübut eləmək üçün Əkrəm Əylisli olmaq lazımdır. Ə. Əylisli öz yazdıqlarından əlavə, Azərbaycan oxucusu üçün 4 kitab tərcümə edib, yaşadığı ömrü də elə yaşayıb ki, xalqına xəyanət etməyib. Xalqın şərəfini yüksəltmək üçün yaşayıb, şərəfsiz etmək üçün yox!”
Ə. Əylisli  hesab edir ki, bu məsələdə xalqı şərəfsiz göstərmək istəyən çox insanlar  danışacaq: “ Qoy onlar danışsınlar. Mənim kompromata getmək fikrim yoxdur. Bircə onu arzulayıram ki, Allah hər kəsi öz ağlına görə qiymətləndirsin”.

Sevinc Fədai

Комментариев нет:

Отправить комментарий