Страницы

19.01.2013

Necə oldu ki, Prezident İlham Əliyev Kitabxana.net portalının xeyir-duasını verdi?

Aydın Xan: “Televiziyada yalandan qalmaqal yaradıram”

Suallarımızı kulturoloq, kitabxana.net saytının rəhbəri Aydın xan Əbilov cavablandırır

- Son dövrlərdə yazıçılar arasında ən çox tanınanlardan birisiniz. Ekranlarda tez-tez görünürsünüz. Ədəbiyyatşünasın, kulturoloqun yazıları ilə yox, efir vasitəsilə tanınmağına necə baxırsınız?
- Bu proses bütün dünyada gedir və bizə təzə gəlib. İnsanlar hələ buna öyrəşməyib. Yadıma gəlir, 10 il bundan əvvəl “Literaturnaya qazeta”da bir məqalə oxumuşdum. Sonra onun bir hissəsini dilimizə tərcümə də etdim. Məqalədə Fransada yaşayan intellektualların həyatından bəhs olunurdu. Məqalədə deyilirdi ki, Fransada ədəbiyyat düşüncə sahəsi olaraq artıq elitar bir sənətə çevrilib.
Orda bir balaca yazısı ilə ad çıxaran insan üçün yaşamaq çox asandır. Çünki sən başqaları kimi düşünmürsən, sən model düşüncə ortaya qoyursan və bu düşüncə sənə imkan verir ki, başqalarından fərqlənəsən. Ona görə də bir neçə kitabın çıxandan və ya maddi imkanların olandan sonra sən sərbəstsən. Bu sərbəstlikdən də maksimum yararlanmalısan. Buna uyğun olaraq da müxtəlif televiziyalar, radiolar, qəzetlər səni redaksiyalarına çağırırlar. Sən yaxşı və pis, düzgün və düzgün olmayan fikirlərinlə tamaşaçılar üçün bir növ intellektual brendə çevrilirsən.

Biz həmin şeyi Azərbaycana gətirdik. İnsanlar məni bir kulturoloq kimi televiziyada gördükləri üçün tanıyırlar. Tələbələrimdən, Facebook dostlarımdan başqa məni efirdə görənlərin heç biri mənim yazılarımı oxumayıblar. Almaniya, Fransa, Rusiya, Türkiyə kimi ölkələrdə yaşamırıq ki, öz intellektimizlə, kitabımızla pul qazanaq. Bizdə şərait olmadığı üçün buna məcburuq. Digər məsələlər də var. Həyat bir yerdə qalmır. Əvvəllər ədəbiyyat və onun janrları yalnız kağız variantda yayılıb, tanınırdı. Sonra yeni texnologiyalar – radio, televiziya yarandı. Daha sonra internet, forumlar və sosial şəbəkələr meydana gəldi. Bu yeni texnologiyalar ədəbiyyatın texnoloji tərəfini dəyişdi. Bu imkanlardan maksimum yararlanan şair və yazıçılar söz sahibi oldular.

- Azərbaycan internet məkanında şeirləri ən çox tirajlanan, paylaşılan şair Ramiz Rövşəndir. Amma Ramiz Rövşən internetdən istifadə etmir. İnternet çıxmamışdan da məşhur idi. Bunu necə dəyərləndirə bilərsiniz?
- Sosial şəbəkələrdə Ramiz Rövşənin profilləri, səhifələri var. Özü açmasa da kimlərsə onun adından istifadə edirlər. Onu sevənlərin sosial şəbəkələrdə onun şeirlərindən tez-tez istifadə etməsi ona gətirib çıxardı ki, ən yeni nəsil də Ramiz Rövşəni oxumağa başladı. Xəzər Universitetində dərs deyəndə tələbələr gənc şair kimi Bəxtiyar Vahabzadəni, gənc yazıçı kimi Mirzə İbrahimovu tanıyırdılar. Uzaqbaşı Anar müəllimin və Rəsul Rzanın adını çəkirdilər. Yenə o fikrin üstünə qayıdıram ki, ədəbiyyat forma olaraq tez dəyişdi. İndi adi bir kitabı çap etdirib oxucuları təəccübləndirə bilməzsən. Xüsusən də yeni nəsli. O yeni nəsil ki televiziya, seriallar, internet və sosial şəbəkələrlə böyüyür. Bütün dünyada belədir. Qonşu ölkələrdə də bu proses gedir. Hər hansı yaxşı fikri oxuculara yaxşı formada təqdim etmək lazımdır. Məsələn, mən düşünmürəm ki, bizim müasir yazıçılarımız Ramiz Rövşəndən pis tanınırlar. Mən və başqaları kifayət qədər tanınırıq. Mənim Facebookda stabil 5 mindən çox oxucum, izləyicim var. Üstəlik mənim yazılarımı 10 minə yaxın insan oxuyub, reaksiya verir. Bu həm də televiziyanın təsiridir. Televiziya insanı brendləşdirir. Bir maraqlı cəhət də odur ki, əvvəllər kitabı intellektə meylli insanlar oxuyardı. Azərbaycanda həmişə belə olub. İndi vəziyyət tamam dəyişib. Biz elə bilirdik vəziyyət tamam ağırdır. Ancaq vəziyyət o qədər də ağır deyil. Tədbirlərdə nazirdən tutmuş sıravi insanlara qədər mənə yaxınlaşırlar, Facebookda qoyduğumuz qalmaqallı bədii və poetik əsərlər haqqında fikirlərini bölüşürlər, mübahisələr edirlər. Adını çəkdiyiniz Ramiz Rövşən o zamanlar yüz oxucu məktubu almayıb. Amma indi biz gün ərzində minə yaxın “layk”, məktub alırıq. Bu o deməkdir ki, bizim innovativ, kreativ olaraq oxuculara təsir imkanlarımız var.

- Amazon.com saytı dünyanın ən böyük saytıdır. Onlar milyonlarla elektron kitab satırlar. Ancaq Azərbaycanda elektron kitabxananın iqtisadi perspektivi yoxdur. Siz yazırsınız və sizə Facebookda reaksiyalar gəlir. Ancaq bundan pul qazanmırsınız axı.
- Spesifik xüsusiyyətlər var ki, onları mütləq nəzərə almaq lazımdır. Son illər bir neçə ölkədə olmuşam. Səfərdə olduğum ölkələrə məni Facebook vasitəsilə tanıyan adamlar dəvət ediblər. TÜRKSOY təşkilatı müxtəlif tədbirlər keçirir. Bizim şair və yazıçılar onların tədbirlərinə tanışlıqla gedirlər. Mənim heç bir tanışlığım yox idi və heç vaxt da onlara deməmişəm ki, məni tədbirinizə çağırın. Çünki mənim şair, yazıçı olaraq türk dünyasında tanınmaq iddiam yoxdur. Praqmatikəm, daha çox real işlərlə məşğulam. TÜRKSOY tərcümə ilə bağlı konfrans keçirirdi və məni də dəvət etmişdilər. Siz iqtisadi tərəflərə toxunursunuz, məsələnin digər tərəfləri də var. Üstəlik bir çox insanlarımız başa düşmək istəmir ki, zaman insana yeni diktələr edir. İndi şəbəkə ədəbiyyatı var, sosiallaşma var. Bu sosiallaşma internet üzərində gedir. Adicə bir faktı deyim. Xəzər Universitetində mühazirələrimi iki variantda edirəm: real və virtual mühazirələr. Bu virtual mühazirələri ona görə təşkil etmişdim ki, Facebookdakı dostlarım universitetə gəlib, mühazirələrimi dinləmək istəyirdilər. Real olaraq məni tanımaq istəyirdilər, amma imkan yox idi. Universitet bunun üçün pul tələb edirdi, həm də auditoriya da kiçik idi. Ona görə də mən mühazirəmi Facebookda yerləşdirdim. Kim istəsə istifadə edə bilirdi. Həm də yalnız mənim çıxışım yox idi, mühazirəmin audio variantı qoyulurdu, elektron kitablar qoyulurdu. Məsələn, Nizami Gəncəvini keçirdiksə, onun haqqında çəkilmiş filmlər, qəzəlləri də yerləşdirirdik. Oxumaq istəyən bu imkanlardan istifadə edib, öz intellektini artıra bilirdi.

- Ən böyük elektron kitabxananın rəhbərlərindən birisiniz.
- Prezident kitabxanasından və Mirzə Fətəli Axundov adına kitabxanadan sonra bizim kitabxanamız üçüncüdür.

- Kitabxana yaratmaq ideyası necə yarandı?
- Bir ara bloqlar dəbdə idi. Azeriblog.com saytında xariciedebiyyat.azeriblog.com adlı elektron kitabxana yaratmışdım. Orda dünya ədəbiyyatından nümunələri Azərbaycan dilində oxuculara təqdim edirdim. Çalışırdım ki, zövqümə uyğun əsərləri toplayım. Həmin bloqa 6 milyon giriş var idi. O vaxt ümumiyyətlə, Azərbaycanda elektron kitabxanalar yox idi, Azərbaycan dilli resurslar çox zəif idi. Biz bloqa dünya ədəbiyyatından elmi, fəlsəfi və bədii əsərləri yerləşdirirdik. Gördüm ki, bu oxucularda çox böyük maraq yaratdı. 2007-ci ildə cənab prezident Gənclər Təşkilatlarının rəhbərləri ilə görüşəndə təkliflərimizi dinlədi. Cənab prezident Gənclər, İdman və Turizm nazirinə dedi ki, gənclərin kitabı az çap olunur, vəziyyət ağırdır. Tapşırdı ki, onların saytları olsun və dünyaya çıxa bilsinlər. Çox sağ olsunlar ki, bizə kömək etdilər və layihə gerçəkləşdirildi. Daha sonra Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  bizə maddi dəstək oldu. Bu iki qurumun köməkliyi nəticəsində kitabxana.net portalını yaratdıq. Məsuliyyətlə deyirəm ki, bizim sayt Azərbaycanda ən çox daxil olunan saytdır.

- Kitabları necə əldə edirsiniz?
- Kitabxanada artıq iki minə yaxın kitabımız var. Kitabların bir hissəsini cənab prezidentin kitabların latın qrafikası ilə kütləvi nəşri ilə bağlı sərəncamından irəli gələn bəndlərdən yararlanaraq sayta yerləşdirdik. O bəndlərdən birində yazılır ki, çap olunan kitabların elektron variantları xüsusi saytlarda yerləşdirilməlidir. Bir ara “Şərq-Qərb” nəşriyyatı dövlət büdcəsindən ayrılan vəsait hesabına bu işlə məşğul olurdu. Kitabların bir hissəsini onlardan götürdük. Beynəlxalq Bern konvensiyasına görə müəllif dünyasını dəyişibsə, 100 ildən sonra onun əsərləri xalqın, cəmiyyətin ixtiyarına verilir, onun əsərlərindən istifadə olunur. Dünya ədəbiyyatının bir çox nümunələrini, lüğətləri öz saytımızda yerləşdirdik. Bu kitabların böyük hissəsi müəlliflər tərəfindən bizə ərməğan edilib. Dünyasını dəyişmiş  müəlliflərin əsərlərinin müəlliflik hüquqlarını onların vərəsələrindən alıb, saytımızda yerləşdiririk. Artıq Azərbaycanda kağız kitabları alan yoxdur.

- Nəyə görə başqa yazıçılarını efirdə az, ancaq sizi daha çox görürük?
- Bu, şəbəkələşmə ilə bağlı məsələdir. Bütün dünyada belədir. Bu baxımdan mənim bəxtim gətirib. Çünki mən vaxtilə yazıçıların, jurnalistlərin sırasında olmuşam. Televiziyada dostlarım, müəyyən çıxışlarım olub. Mən kulturoloqam. Bu, Azərbaycanda yeni sahədir. Rusiyada və digər qonşu ölkələrdə kulturologiya 9-cu sinifdən tədris olunur. Təhsil Nazirliyinə, əlaqədar qurumlara müraciət etmişəm ki, orta məktəblərdə kulturologiya fənn kimi tədris olunsun. Təəssüf ki müsbət cavab almamışam. Televiziya mədəniyyət hadisəsidir. Bəxtim gətirib ki, Azərbaycanda az-çox tanınan gənc kulturoloqlardan biriyəm. Ona görə məni televiziyalara tez-tez dəvət edirlər. Televiziyaya çağırılan müəyyən yazıçılar ütülü danışırlar. Cəmiyyətin qəbul etdiyi tabuları dağıtmamağa çalışırlar. Bu isə televiziya işçiləri və tamaşaçılar üçün maraqlı deyil. Televiziya reklam, reklam cəlb etmək üçün isə kütlə toplamalıdır. Kütlə toplamaq üçün də efirdə kütlənin dilində danışan insanlara ehtiyac var.

- Belə demək olarmı ki, qıcıq yaratdığınız üçün sizi dəvət edirlər?
- Sözsüz ki, qıcıq yaratdığım üçün dəvət olunuram. Fikir vermisinizsə bəzi zəif verilişlərdə həmsöhbətimiz zəif olanda yalandan qalmaqal yaradırıq. Hətta o məsələ doğru olmasa belə biz əks arqumentlər irəli sürürük. Qalmaqal yaradırıq ki, efir maraqlı olsun.

- Deməli özünüz ortalığı qarışdırırsınız.
- Bu mütləq olmalıdır. Azərbaycan oxucusu kimi, Azərbaycan tamaşaçısı da televiziyalara baxmaqdan imtina edib. Bizdə indi Rusiya, Türkiyə və Avropa kanallarına daha çox baxılır, nəinki yerli kanallara. Mənim məqsədim tamaşaçını televiziyaya cəlb etməkdir. Bu verilişlərə baxan evdar qadınları dəyişdirmək lazımdır. Onun beynini dəyişmək lazımdır, çünki  oxumur, saytlara baxmır. Biz o boşluğu doldururuq. Biz olmasaq hansısa “manıs” orada olacaq və  özünü tərifləyəcək ki, toy tutsun. Niyə də biz o boşluğu doldurmayaq? Fikrimcə Azərbaycan televiziyaları intellektuallaşmalıdır. Bunu qəbul etmək lazımdır. Telekanallarımız intellektual verilişlərlə tamaşaçını dəyişdirməyə çalışmalıdır. Televiziyalar izləyiciləri dəyişməlidir, yoxsa dünya telekanalları içərisində əriyib gedəcəklər.

- İxtisasca filoloqsunuz. Kulturologiya ixtisasına necə yiyələnmisiniz?
- XX əsrin əvvəllərində alman kulturoloqları bu sahəni tədqiq etməyə başlayıblar. Kulturoloqların böyük əksəriyyəti filoloq, filosof və ədəbiyyatçılardır. Postmodernist və kulturoloq olaraq bunu deməliyəm ki, haradasa Jak Derida ilə həyatım oxşardır (gülür). Axırı onun kimi qurtarmasın. Derida gördü ki, “Hippilər” hərəkatı zamanı Avropada insan hüquqları pozulur. Bu hərəkat bütün dünyanı dəyişdi. Hətta SSRİ-yə də təsir etdi. Derida Fransada həbs olunan gənclərin yanına gedib, onların hüquqları ilə bağlı işlər görməyə başladı.

- Siz də həbsxanalara getmişdiniz.
- Biz Ədliyyə Nazirliyi və Yazıçılar Birliyinin ortaq layihəsi çərçivəsində həbsxanalarda görüşlər keçirirdik. Altı həbsxanaya getdik və orda çox maraqlı görüşlərimiz oldu. Görüşlər zamanı həbsdə yatan dustaqlarla ədəbiyyat və zaman haqqında söhbətlər edirdik. Həm də onların şeirlərini, əsərlərini toplayıb, internetdə, sosial şəbəkələrdə yayırdıq. Eyni zamanda hər dəfə gedəndə rəhbəri olduğum Yeni Yazarlar və Sənətçilər Qurumu və kitabxana.net portalı olaraq hər həbsxanaya 500-ə yaxın mini-kitabxana hədiyyə edirdik. Orda elə insanlar var ki, onların hər biri igiddir. Onların həbsxanada itməməyi üçün görüşlər keçirdik və gələcəkdə də bu işi davam etdirəcəyik.

- Başda Anar müəllim olmaqla əksəriyyət “Ədəbiyyat” qəzetini tənqid edirlər. Qəzet günün tələblərinə cavab vermir. “Ədəbiyyat” qəzetində publisistika və tənqid şöbəsinin müdiri vəzifəsində çalışırsınız.
- “Ədəbiyyat” qəzetində formal olaraq şöbə müdiri kimi çalışıram. Ötən ilin əvvəllərində, Yazıçılar Birliyi rəhbəri olduğum kitabxana.net portalını ədəbiyyat resursu kimi katiblik səviyyəsində qəbul etdi və mən ora rəhbər seçildim. Mən kitabxana.net portalının rəhbəriyəm və “Ədəbiyyat” qəzetində baş verənlərdən xəbərsizəm. Düzdür, qəzetdə böyük problemlər var. Qəzetə baxanda elə bilirsən 80-ci illərin əvvəlləridir. Bir ara qurultay ərəfəsində qəzetdə islahatlar başladı, köşə yazıları getdi. Sonra nəyə görəsə dayandırıldı. Orda başqa məqamlar da var və mən onların nə olduğunu deyə bilmərəm. Belə hesab edirəm ki, qəzet dövrü bitib.

Fərid Mirzəyev, kulis.az

Комментариев нет:

Отправить комментарий