Страницы

27.01.2013

Qorxuram dərdimi öz gözüm deyə

Vasif Əlihüseyn

Qəlbimin ağrısı    

Sənli xatirələr dərd verir mənə,
Sakitcə bu qəlbim ağlayar indi.
Həkimlər bu dəfə söz verdi mənə,
Ağrıyan qəlbimi yoxlayar indi.

Qoşarlar sinəmə yad cihazları,
Ağrıyan qəlbimin dərdi yozula.
Qorxuram dərdimi tapa həkimlər,
Qorxuram ekrana adın yazıla.

Bir dərman verərlər təsəlli kimi,
İçim yoxluğuna mən dözüm deyə.
Qorxuram gözümə baxa həkimlər,
Qorxuram dərdimi öz gözüm deyə.


Axı, bu dərd üçün həkim neyləsin?
Sənsiz bu gözlərim yaşlar axıdır.
Həkimlər günahkar deyildir, gülüm,
Bu dərd taleyimin öz günahıdır.

Əsgər

Yenə əlindəki
təqvimi qaralayır
Vətən oğlu.

Bir qız
yol gözləyir yaddaşında.
“Vətən” sözünə ağı deyir
əsgər meydançası.
Mən bilirəm
görüşdən gələn əsgərin ürəyindəki
zabit sualını...

Əmim Təzəxanın xatirəsinə

İtrə-itirə gedirəm hələ,
Yaxını, uzağı, dostu, yoldaşı.
Dünya sinəsindən yollar çəkdirib,
Dünya başlayıbdı ölüm yarışı.

İndi bir başdaşı dikələcəkdir,
Dönüb xatirəyə, qalar yadımda.
Ölüm tarixini vəsf edən rəssam,
Bir insan çəkəcək öz soy adımda.

Bir oğul dayanıb məzar önündə,
Dünənki ölümün fikri başında.
Bir adam bu torpaq altında yatır,
Köçüb bu dünyadan, yarıyaşında.

Varlığın bu evin hər şeyi imiş,
Bunu gətirməzdik biz fikrimizə.
Günlərin üstünə gün gəlir ata,
Yoxluğun daha çox güc gəlir bizə.

Dünya tərsinəmi fırlanır indi,
Bir dərd hücum çəkib ürəyi əzir.
Dünya dəyişdirib baxar üzünü,
Yaxşı adamların əlindən bezir.

vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий