Страницы

03.01.2013

“Sınıq Körpü”-də başıma gələnlər

Bəxtiyar Hidayət

Əslində bu ilk dəfə deyildi. 2011-ci il avqustun 24-də də başıma bu oyunu gətirmişdilər şanlı gömrükçülərimiz. Onda da beş kq yağı əlimdən almışdılar. Mən də aparıb atmışdım Xram çayına- dedim qoy bunlara qismət olunca balıqlar bığlarını yağlasın. Və bu barədə bir yazı da yazmışdım. “Xram balıqları bığları yağlı” adlı bir yazı idi bu.
Bununla da ürəyim soyumadı- gömrük komitəsinin sədrinə də, prezidentə də dəfələrlə müraciət etdim ki, mənə dəyən maddi və mənəvi ziyanın ödənilməsinə kömək edin. Amma bir xeyri olmadı.
Bu gün isə yenə Gürcüstana getmişdim yeni il bazarlığı üçün. Geri qayıdarkən elan edildi ki, bəs yağ olmaz. Dedim sizin dediyiniz “Kulinariya” markalı yağa aiddi. Buyurun sənəd göstərin. Amma sənəd göstərmədilər. Mən Sabir adlı növbə rəisinin otagına getdim ki, bu barədə ona da bildirim.
Amma adam heç otağına da buraxmadı məni. Türk vətəndaşı olan sürücülərlə nəysə qızğın alver edirdi.
Bu zaman əks istiqamətdə böyük bir hay-küy eşitdim. Ordakılardan biri dedi ki vurub bir gəlini sustaldıblar. Gəlin indi-indi özünə gəlir. Mən rəisin qapısının ağzından həmin yerə getdim qaça-qaça. Və gördüm ki bir neçə gömrük işçisi gəlini təhqir edirlər. Istədim bunu telefonla çəkim. Elə o anda üstümə tökülüşdülər. Telefonu əlimdən aldılar. Onlardan biri, mülki geyimdə olan şəxs özünü prezident təqaüdçüsü kimi təqdim elədi. Və mən bunun yalan olduğunu bildirəndə haray çəkdi ki ay camaat bu adam prezidenti təhqir etdi. Həmin maşını da yağla bağlı saxlamışdılar. Və özünü prezident təqaüdçüsü kim təqdim edən şəxsdən soruşdum ki niyə qoymursunuz yağın ölkəyə daxil olmasına. Çox kobud cavab verdi:
-Hamınız gürcünün nəcisini yeyirsiniz (hələ mən abırlı şəkildə yazıram).
Buna görə də aramızda narazılıq yarandı. Onun cavabını artıqlaması ilə verdim. Və qayıtdım öz torbalarımın yanına. əhali xeyli artmışdı. Demək olar ki nəfəs almağa imkan yox idi. Az qala üst-üstə idi bazarlıqdan gələnlər. Mən tələb etdim ki mənim yağımı aktlaşdırın çıxım gedim. Və xatırlatdım ki bir dəfə nə qədər tələb etdim aktlaşdırmadınız, amma indi aktlaşdırmalısınız. Sabir əvəvl dedi ki gərək hamını bir yerdə aktlaşdıraq. Amma görəndə ki çox israr edirəm akt tərtib etdilər. Di gəl ki aktı tərtib edən şəxs səbəbini ayzmamışdı. Mən bunu da tələb etdim ki səbəb ayzılan yeri boş buraxma. Bu zaman aramızda narazılıq yarandı fariz adlı şəxs( mayor rütbəsində) qalxıb üstümə gəldi və məni vurmağa başladı. Bu zaman 7 gün.az saytının əməkdaşı Cavid Şixəliyev təsadüfən zəng etdi mənə. Mən də fürsətdən istifadə edərək vəziyyətimi danışdım ona. Və bunu görən Fariz adlı şəxs daha da qəddarlaşdı. Ağzıma, burnuma yumruqlamağa başladı. Mən özümü müdafiə etmək üçün onu vurdum. Sonra digər əməkdaşlar da guya araya girirmişlər kimi məni tutdular ki Fariz vursun. Birtəhər əllərindən çıxdım. Telefonu əlimdən almışdılar. Xeyli sonra qaytardılar telefonu. Amam baxdım ki telefon işləmir. Ordakı insanların birinin telefonu ilə azadlıq radiosuna məlumat verdim. Bundan 20 dəqiqə sonra yumşalma baş verdi. Elan etdilər ki hamının yağı veriləcək. Bu zaman da basa-bas yarandı. Monitordan yükü keçən adamın özünü keçiddən buraxmırdılar. Və nəticədə bir neçə nəfər şəxsin aldığı elə ordaca it-bata düşdü. Mən belə hiss etdim ki bu gömrük işçilərinin növbəti fırıldağıdır. Sonra bir neçə nəfər də Farizlə mübahisə etdi. Adam camaatı təhdid edirdi ki “gəlib sənnən sənin evində danışaram”
Mənim də torbalrım monitordan keçmişdi, amam özümü buraxmırdılar keçiddən. Buna etiraz edəndə Fariz bir də üstümə cumdu və məni təhqir etməyə başladı ki kişi deyilsən, ora-bura şikayət edirsən. Təbii ki lazımi cavabını aldı Fariz. Bundan sonra papağımı başımdan vurub saldı və təpikləmək istədi Fariz. Mən də onu bu əməldən çəkindirmək üçün onun papağını vurub başından saldım və gözlədim ki mənim papağımı təpikləsə mən də onun papağını təpikləyim. Bunu görən Farzi ayağını geri çəkdi. Amma məni yenə vurmağa başladı, burnum qanadı. Mən də onu vurdum. Gömrük işçiləri araya girib bizi ayırdılar. Fariz bu hərəkətləri özündən rütbəcə böyük bir neçə məmurun gözünün önündə edirdi. Amma onlar Farizə heç bir söz demirdilər.
Sonra mən 5kq-lıq yağımın qaytarılmasını tələb etdim ki, niyə hamının yağı qaytarılır, məmim yox. Rəislərdən biri dedi ki, sənin yağın “rəhmətə” getdi. Mən də həqiqətən bir yarıyarımçıq fatihə oxuyub ordan uzaqlaşdım.
Bu yazımla yenə gömrük komitəsinin sədrinə, prezidentə müraciət edirəm. Bu biabırçılığa son qoyun. “Sınıq Körpü” Gömrük keçid məntəqəsində nə qanun var nə qayda. Xahiş edirəm mənə dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə yardımçı olasınız.
Bu məntəqədə əhali ilə davranmaq qaydasını belə bilmillər. Adi bir aktı tərtib edə bilmillər. Bunlar yalnız bir şey bilirlər- get hara şikayət edirsən et. Doğrudanmı bu ölkədə şikayət ediləsi yer qalmayıb?

7gun.az

Комментариев нет:

Отправить комментарий