Страницы

30.01.2013

Tarixin dəmir arzusu: təkərli ölüm, yoxsa komfort daşıyan araba?

Dünyanın şah əsərlərinin tarixini Anar Yusifoğlu yazır

Əvvəlcə, Dünya Səhiyyə Təşkilatının bir hesabatına baxaq:
•        bir saat ərzində dünyada 144 adam avtomobil qəzasında ölür;
•        hər il orta hesabla 35 milyon insan avtomobil qəzasında xəsarət alır;
•        5-44 yaş arasında ölüm riskinin ən böyük faizi avtomobillərin üzərinə düşür və s.
Hələ bu faktlar bütün dünyanı əhatə etmir, cəmi 178 ölkə arasında, həm də bir neçə il əvvəl aparılmış araşdırmanın nəticəsidir. Avtomobil sənayesinin sürətli inkişafını və hər il milyonlarla avtomobil istehsal və istehlak olunduğunu nəzərə alsaq, onda hazırkı mənzərə necə olar? Əlbəttə, daha acınacaqlı…

Ancaq bu statistika insanlıq tarixinin ən böyük kəşflərindən sayılan avtomobildən imtinaya səbəb ola bilərmi? Avtomobil olmasa, müasir dünyanı təsəvvür etməyə kimsə cəhd göstəribmi?
Ümumiyyətlə, avtomobilin nə vaxtsa olmadığını təsəvvür etməyin özü belə çox çətindir. Ancaq cəmi yüz ildən bir qədər artıq müddət əvvəl bu anlayış yerli-dibli mövcud deyildi – baxmayaraq ki, «özüyeriyən dəmir araba» ideyası insana heç vaxt rahatlıq verməyib.

Da Vinçidən başlayan yol

Dörd saatdan bir 15 dəqiqə yatmaqla 67 illik həyatında 100 ildən artıq ömür sürmüş, daha doğrusu, Tanrının verdiyi istedadı gecə-gündüz yatmadan müxtəlif sahələrə xərcləmiş Leonardo da Vinçi həm də… avtomobilin ilk maketini hazırlayan dahi kimi tarixə düşüb.
İlk dəfə 15-ci əsrdə özüyeriyən dəmir («avto mobil» – özü yeriyən) arabanın mümkünlüyünü hiss edən Da Vinçi 1490-cı ildə insanın hərəkətə gətirə biləcəyi dəmir-arabanın layihəsini hazırlayır. Bu layihə-maşını təxminən dördtəkərli velosiped kimi təsəvvür etmək olar.
16-cı əsrin tamamında isə artıq külək enerjisi ilə işləməyi bacaran araba ixtira edildi: holland riyaziyyatçısı Simon Stevin avtobusun əcdadını - 30 nəfəri daşımaq imkanı olan arabanı düzəltdi.
Daxili yanma mühərriki hələ kəşf olunmamışdı, ona görə də böyük fasilələrlə ixtira edilən nadir kəşflər avtomobilin inkişafına təkan vermək imkanında deyildi. 1769-cu ildə bir-birindən xəbərsiz fransız ixtiraçısı Kinyo və ingilis Ceyms Uatt buxarla işləyən araba düzəltdilər və bunun ardınca daha sıx intervala kəşflər reallaşdı: 1801-ci ildə poçt karetası (Trevitik), 1822-ci ildə buxarla işləyən avtomobillər (Honkok), 1873-də isə fransızların buxar amnibusu görünməyə başladı.

Daxiliyanma mühərrikinin kəşfi

Bu baxır maşınları yarananda artıq daxiliyanma mühərriki kəşf edilmişdi: 1806-cı ildə İsveçrə əyalətlərinin birində İsaak de Rivazonun emalatxanasında ilk dəfə olaraq daxili yanma mühərrikinin hesabına bir neçə metr irəli hərəkət edə bilən nəqliyyat vasitəsi kəşf edildi. Güc – həddən artıq zəif, sürətdən isə söhbət gedə bilməzdi. Ona görə də bu mühərrik buxar mühərriki ilə rəqabətə girmək iqtidarında deyildi.
Ancaq ixtiraçılar gələcəyin harda olduğunu yaxşı bilirdi və araşdırma da bu istiqamətdə davam edirdi. Fransız Lenuarın ilk dəfə olaraq irəli sürdüyü benzin buxarı ilə havanı qarışdırmaq və ondan hərəkətverici qüvvə kimi istifadə etmək ideyası inkişaf etdirilirdi.
Kölnlü Nikolas Otto daxiliyanma kamerasında qaz-hava qarışığının sıxılması və dördtaktlı iş tsiklinin yaranmasını patentləşdirə bilməsə də (çünki 1862-ci ildə ondan əvvəl bu ideyanı fransız Bo de Roşşa adına yazdırmışdı) benzinlə işləyən mühərrikinin kəşfindəki rolu qeyd edilməlidir..
Və beləliklə də almanlar təşəbbüsü əllərinə aldılar.

Dünyanı başına alan «alman maşını»

Heç bir ifadə təsadüfən yaranmır – «alman maşını» kimi. Bu ifadə daha çox son ana qədər mübarizə aparan Almaniya milli komandası haqqında deyilir. Ancaq ifadənin özü alman ixtirası ilə bağlıdır.
1885-ci ildə alman mühəndis Daimler yüngül benzin mühərrikini ixtira etdi; 460 kub santimetrlik birsilindrli mühərrik dövrün ən böyük inqilabi kəşfi idi. Onun pərləri dəqiqədə 700 dövrə vururdu və gücü 1,1 kilovatta (1,5 at gücünə) bərabər idi. Bu mühərrik ilk dəfə olaraq karbüratorla təmin edilmişdi.
Onun həmkarı Karl Bents üçtəkərli ekipaj hazırladı, Daimler isə ilk dəfə olaraq motosikl istehsalına başladı. Motosiklin çəkisi 90 kiloqram idi: taxta təkərlərinin üzərinə dəmir örtük çəkilmiş bu motosikllər saatda 12 kilometr sürətlə hərəkət edirdi.
1986-cı ildə Daimler artıq 18 km/saat sürət yığa bilən avtomobillə hamını heyran etməyi bacardı.

1900-cü ildəki vəziyyət

19-cu əsrin sonlarına doğru avtomobil sənayesində xüsusi inkişaf dövrü kimi xarakterizə edilsə də, bu statistika dəqiq tərif üçün imkan verir:
1900-cü ildə dünyada cəmi 4192 avtomobil vardı. Bunlardan 1688-i buxarla, 1575-i elektriklə, cəmi 929-u benzinlə işləyirdi.
Benzinlə işləyən avtomobillərin geridə qalmasını həm də sürət həll edirdi: 1898-99-cu illərdə sürət rekordlarını… elektrik mühərrikli avtomobillər qırırdı. 1898-ci ildə fransız Qaston de Çasselaup-Laubat elektrik avtomobilində 64, 1899-da isə Camille Jenatzu 100 km/saat sürətlə «benzinə» meydan oxuyurdu.

Avtoyarışlar

Avtomobildən danışarkən, avtoyarışları xüsusi qeyd etmək lazım gəlir. Çünki avtoyarışlar az qala avtomobil ixtirası ilə eyni dövrə təsadüf edir.
Yəni dünyada hələ çox az sayda avtomobillər olduğu məqamda yarışların keçirilməsinə qarır verilir. Bunda bir məqsəd avtomobilin inkişafı idisə, digər əsas məqsəd yeni ixtiranın təbliği, insanlar arasında yayılması idi.
1900-cü ildə keçirilən Qordon-Bennet yarışlarına 400-1000 kiloqram arasında avtomobillər buraxılırdı. Yarışlarda əsas şərt kimi sürət götürülürdü və avtomobil istehsalçıları qalib olmaq üçün daha güclü mühərriklər, eyni zamanda daha az çəkiyə malik maşınlar istehsal etməyə cəhd göstərirdilər. Elə bu şərt də ilk dəfə olaraq yüngül materiallardan istifadəyə başlanıldı.
1906-cı ildən keçirilməyə başlayan «Qran-pri» yarışlarında isə kompressorlu mühərriklərin tətbiqinə başlanıldı; bu mühərriklər həm sürətə, həm də daha yaxşı keyfiyyətə qarant verirdi. Yarışlar davam etdikcə avtomobil istehsalçıları «birinci sinif» kateqoriyası almaq üçün yeniliklər tətbiq edir və böyük uğurlar əldə edirdilər.
Bu zaman artıq avtoqiqantlar yaranmağa başlamışdı…


BMV

1913-cü ildə Münhendə Karl Rapp və benzin mühərriyinin ixtiraçısı Nikolas Ottonun oğlu qustav Otto iki kiçik aviomühərrik şirkəti yaradırlar. Birinci Dünya Müharibəsində şirkətin sifarişləri artır və 1917-ci ildə hər iki şirkəti birləşdirən sahibkarlar yeni müəsisəyə  BMV - «Bayerische Motoren Werke» - Bavariya Mühərrik Zavodu adı verirlər.
Ancaq şirkət qısa müddətdən sonra ağır durumla üzləşdi: Almaniyanın müharibədəki məğlubiyyəti və mühərrik istehsalına qoyulan qadağa şirkəti acınacaqlı duruma saldı. 1923-cü ildə vəziyyətdən çıxmaq üçün motosikl istehsalına başlayan şirkət R32 modelini ortaya qoydu. Həmin illərdə motoyarışlarda R32 xüsusi keyfiyyəti və sürəti ilə ad qazanmışdı.
Yalnız 1932-ci ildə əsl «BMV» modelini nümayiş etdirən şirkət avtomobil bazarına sürətlə daxil olmağa başladı. 1933-cü ildə 6 silindrli mühərriklə nümayiş etdirilən BMV «303» modeli dünyanın səkkizinci möcüzəsi kimi qiymətləndirilirdi. Avtomobilin markasındakı birinci rəqəm (3) seriyanı, sonrakı rəqəmlər isə mühərrikin gücünü göstərirdi və BMV indiyə qədər bu uğurlu rəqəmlərinə sadiq qalır.
Hazırda BMV şirkətində 106 min insan çalışır; il ərzində bir milyona yaxın satışı olur, illik dövriyyəsi 50 milyarddan artıqdır, xalis gəliri isə 3 milyarda yaxındır.

Mersedes-Benz

Bu şirkətin bünövrəsində də «varis» dayanır.
1900-cü ildə ilk avtomobil yaradıcılarından olan Daimlerin oğlu Paul və mühəndis Maybaks yeni avtomobillərini ilk qurucular olan «Daimler-Benz» adı ilə buraxırdılar. Daha sonra yeni avtomobillərinin satışı üçün çex tacir Emil Elenekə müraciət etdilər və avtomobili də onun qızının şərəfinə «Mersedes-Benz» adlandırmağa başladılar. «Mersedes» adlı avtomobil – Elenekə uğur qazandırmışdı və avtomobil bazarında artıq tanınırdı. Ona görə də şirkət sahibləri bu uğurlu addan istifadə qərarına gəldilər.
Hazırda dünya bazarında ən məşhur şirkətlərdən biri kimi «Mersedes-Benz» ilk beşlikdə qararlaşıb.

Rolls-Roys

Kasıb, çoxuşaqlı ailədən olan və heç bir ali təhsil almayan Frederik Henri Roysun avtomobil sənayesinə gəlişi konstruktorluq həvəsində başlayıb. Cəmi-cümlətani 70 funt-sterlinqlə fəaliyyətə başlayan və elektrik lampaları üçün skollar hazırlayan iki dost – Klermont və Roysun - «Klermont» adlı firmasında kommersiya direktoru olan Roys 1903-cü ildə fransız istehsalı olan Decavile avtomobilini aldı. Və bu avtomobilin üstündə dekonstruksiya işlərinə başladı: cəmi iki ildən sonra xüsusi dəyişiklik etmədən avtomobili daha yüngül, daha etibarlı və dizaynlı vəziyyətə gətirməyi bacardı. Qəzetdə yeni avtomobil istehsalını görən Çarlz Stüart Rolls adlı avtomobilə maraq göstərdi. Həmin dövrdə vaxtaşırı olaraq mühəndis-konstruktorların belə iki-üç ədəd modelləri olurdu və onların böyük əksəriyyəti heç bir marağa səbəb olmurdu. Birdən-birə bu avtomobil niyə varlı Rollsun diqqətini çəkdi, bilinmir?
Reallıq odur ki, Rolls bu yeni modelə maraq göstərdi və ilkin böyük vəsait xərclədi. Beləliklə, «Rolls-Roys» avtomobili meydana gəldi.
Bu avtomobil artıq 100 ildən çoxdur ki, «zadəgan avtomobili» adını şərəflə daşımaqdadır.
Daha bir çox, xüsusilə 1906-27-ci illərdə avtomobil sənayesinin inkişafında xüsusi mərhələ kimi qiymətləndirən «Ford»dun da adını çəkmək lazımdır. Hətta Fordu yanlışlıqla avtomobilin ixtiraçısı sayanlar da var.
Ancaq ən böyük tarixi fakt bu üçlüklə qapanır…

Yol və qaydalar

Müasir anlamda qəbul edilən yol hələ eradan əvvəl insanın əsas məqsədlərindən biri  olub. İlk tarixi fakt e.ə. 312-ci ildə Romada salınan Sezar Apiy Klavdiy yoludur. Daş örtüklə çəkilən bu yol hər kilometrin tamamında daş dirək ucaldılmasıyla yadda qalıb.
Deyilənə görə, «bütün yollar Romaya aparır» ifadəsi də burdan yaranıb.
İlk yol hərəkəti qaydası - «sol tərəflə hərəkət» - təhlükəsizlik məqsədilə düşünülmüşdü. Hesab edirdilər ki, arabaçı sağ əlindəki silahdan lazım gələrsə istifadə etməsi üçün sol tərəflə getməlidir.
Bu qaydanı 1798-ci ildə Napoleon ləğv etdi: sağ tərəflə hərəkət barədə göstəriş verdi və qısa müddətdə bu qayda Avropaya yayıldı.
Ancaq təbii ki, əsl yol hərəkəti qaydaları avtomobilin yaranması ilə bağlıdır.
İlk dəfə yol qaydalarını müəyyənləşdirməyin zamanı çatdığını 1909-cu ildə qərarlaşdırdılar. Həmin il Parisdə ilk Avtomobil Konvensiyası qəbul edildi. İlk qaydalar isə bunlar idi:
•        sürücülərin yaşı 18-dən az olmamalıdır;
•        şassi nömrəsi və avtomobil istehsalçısı avtomobildə göstərilməlidir;
•        avtomaşın ildə bir dəfə texniki baxışdan keçməlidir
İlk 4 yol nişanı da burda qəbul olundu: yol ayrıcı, şlaqbaum, nahamar yol, əyri yol.
1949-cu ildə isə Cenevrədə yol hərəkəti ilə bağlı Beynəlxalq Konvensiya imzalanıb…

news.lent.az

Комментариев нет:

Отправить комментарий