Страницы

26.02.2013

ERQENEKON+ NEOKON+ SİON= SON

Həmid Herisçi

Məqaləmizə verdiyimiz bu əcaib adı görüb, bilirəm, xeyli dərəcədə təəccüblənəcək, əlinizə dizinizə çırparaq ucadan qışqıracaqsız-“əşşi, belə olmaz, yazığınız gəlsin də bizim savadsız oxuculara, bədbəxtlər yatıblar ey fil qulağında, hardan bilsinlər ki, “neokon”lar kimdir, erqenekonçular kim, sionistlər hansı yuvanın quşudur? Hansı məntiqlə axı siz bu adları bir riyazi düstura yığıb aralarında məntiqi əlaqə axtarır, son məqamda hələ bir, ölüm hökmü də oxuyursunuz bu üç məzlum məhkuma?” Neynək, cavabımı siqaretimlə birgə döş cibimdən çıxarır, “marlbora”nın ağ-appaq tüstüsünü, sualdolu sifətinizə üfürürəm-“əvvəla, biz azərbaycanlılar qafiyəli sözlər arasında əlaqəyə tarix boyu inanmışıq, həmin fəlsəfə üzərində Fizuli, Vaqif, Səməd Vurğun şeriyyatını qurmuşuq, dəqiq bilirik ki, “can” kəlməsiylə “Azərbaycan”  əzəl mübtədamız arasında sarsılmaz bir əlaqə var!
İkincisi, unutmayın, çağdaş Avropa konseptualizmi da söz oyunlarını çox sevir, rəhmətlik Qi Debor kimisinə “sion=neokon=erqenekon=son” zəncirini ver, gör o, “Kabbala”nı yamsılaya-yamsılaya bu tapmacanı necə açır, hansı mənalar çıxarır bütün bunlardan. Üçüncüsü, “Sion”, çoxbilmiş yəhudilərin, “Neokon”, Vaşinqton Kapitoliyasında əyləşmiş Amerika siyasi pərdəarxasının(“neokon”, yəni yeni, “neo” konservator) “Erqenekon” isə, day bunu bütün “Yeni Musavat” oxucuları bilir-Türkiyyə hərbiçilərinin tam gizli qurumudur. Lakin, avara bir şairə çevrilərək, bu təşkilatların adını bir sıraya düzmək, şer, qoşma, qəzəl kimi qafiyələndirmək, sözsüz ki, gülməlidir. Başqa bir mühüm oxşar cəhət- onların tam qapalılıq  amili də, gərək yadınızdan çıxmasın. Bir də, ən vacibi-son vaxtlar, təxminən eyni vaxt kəsiyində,  bu üç gizli təşkilatın qara örtüklü başı üzərində göy guruldayıb, şimşək çaxıb, nəticədə, Türkiyyədə tuthatut başlayıb, Ağ evdə neokonlar hakimiyyəti solçu Barak Obamaya təhvil verərək təqaüdə göndəriliblər, sionistlərin ayağı isə, vaxsey, Qəzza əməliyyatında yamanca büdrəyib... Bir sözlə, hər üç qüvvə, dünyadakı digər pərdəarxası silahdaşlarıyla birgə aşılmaz kor dalana gəlib dirəniblər, daha bilmirlər nə etsinlər, başlarına, yanıb-yaxdıqları hansı kasıb komanın qərib külünü töksünlər. Xüsusən erqenekonçuların əskisi yamanca tüstülüdür-amma, təsəlli tapdıqları gizli məqamlar da var, telekameralara baxarkən hərdən gülümsəkləri, bax, elə burdan qaynaqlanır-bilirlər ki, vaxtilə öldürdükləri minlərlə türk kommunistinin al qanı barədə kimsə onları hələ ki, sorumlu bilmir. 1989-cu ilin noyabr ayında Bakıya “türk turistləri” adı altında gəlməkləri, SSRİ-yə qarşı törədilmiş təxribatlarda (Qarabağ, Bakı hadisələri) neokonlar, sionçular tərəfindən təlimatlandırılmaları da, hələ ki, əfsus, məhkəmə konusu deyil. Bəli, “Erqenekon”un taleyində qibtə ediləsi məqamlar sayca çoxdur-Türkiyyədə kommunistlərin anasını ağlatmaları azmış kimi, hələ bir gəlib SSRİ-nin Bakıdakı dayaqlarını da sarsıtdılar, sosialist xalq mülkiyyətini keçmiş partokratiya, KQB xəfiyyələri, millətçi, demokratlarla birgə bölüşüb “qaz vurub qazan doldurdular” bizim bədbəxt məmləkətimizdə...
Sonra isə, öz əsl sahiblərinə-Amerika neokonları, İsrail sionçularına yol açdılar  ki, gəlib, Bakının neft yataqlarına yiyələnsinlər. Gizli məclislərində bu qafiyəni dəfələrlə təkrarladılar-“Erqenekon bizim, Sion sizin, neokon Amerikanın ağasıdır, vəssəlam!”
Bəli, bax bu şüar onları birləşdirən gizli paroluydu, biləsiz.
Hər üç pərdəarxası qüvvənin vahid başı, qulağınıza sırğa edib asın, başqa ölkələrdəki silahdaşlarıyla birgə, eyni zamanda təsadüfən ağrımayıb-konspiroloji qafamız, belə oxşarlıqlara daha dərin məna verməyə məhkumdur. Demək...
Demək, bu əjdahanın dünyadakı saysız ekiz qardaşları daha güclü bir Məlikməmmədlə toqquşub indi. Politoloji dillə danışsaq, “erqenekon+neokon+sion”çuların irəli sürdükləri “sağçı
qlobalizm”, dünya iqtisadi böhranı nəticəsində tam iflasa uğrayıb, cahan siyasətindəki qüvvələr nisbəti, solçu qalobalistlərin xeyrinə tam dəyişib- vəssəlam-şüd tamam!
Buş administrasiyasında özünə yuva qurmuş neokonların fəlsəfi cəzasını, necə deyərlər “dərsini”, bilirsiz kim versə yaxşıdır, həə?-Tofler fəlsəfə məktəbi məzunu, həmyerlimiz Eyvaz Taha. O, İran mətbuatında çap etdiyi bir məqalədə deyir: “Bəli, neokonlar Amerika daxilində postmodernist mövqedən çıxış etsələr belə, xarici siyasətlərində isə, tərsinə, postmodernist deyil, Levis-Stross kimi əsl strukturalistdirlər- hər yerdə binar ziddiyyətləri qızışdırmaq, dünya xəritəsini “ağ-qara” şəkildə görmək və s.i. neokonların fəlsəfi baxımdan geri qaldıqlarını göstərir. Bəli, biz, Amerikanın xarici siyasətindən də postmodernizm gözləyirik, fikrimcə, Barak Obama məhz buna əl atacaq, yürütdüyü xarici siyasətdə postmodernistik amilləri-yəni, “mərkəzsizlik” prinsipini gücləndirəcəkdir”.
Bəli, bu günkü sionizm, türkizm, vəhşi amerikanizm fikirləri qlobalizmə mane olur, strukturoloji təfəkkürdən qaynaqlanaraq binar ziddiyyətlər yaradır, çağdaş postmodernizmlə ayaqlaşmağı bacarmır deyə, yəqin bilin-onları yığışdıracaqlar!
Bizim üzərimizə, lap yuxarılardan, bir yəhudi müdrikinin kölgəsi düşüb axı həmişə-lap əvvəllər, Karl Marks heykəlindən ayrılan qalın kölgə daim ağuşunda gəzdirib biz yetimləri. Sonra, Amerika neokonları, Reyqan, Buş sarayı, Marksın qalın kölgəsini həyatımızdan uzaqlaşdırmaq istəyə ilə, bir başqa yəhudini-öz müəllimləri Leo Ştrausu tutub gətirdilər hüzurumuza. Şəxsən mən, köhnə yəhudi Karl Marksı, üstəgəl, Lev Trotskini sevirəm, təzə yəhudi Leo Ştraus, vallah, soruşuram, nəyimə lazımdır ee mənim?
Ancaq, əgər sizə “erqenekon=neokon=sion” tapmacasını hökmən açmaq lazımdırsa, burda şıltaqlığımıza yer qalmır, məcburuq neokonların müəllimi sayılan Leo Ştraus barədə sizə bir azacıq bilgi verək.
“KƏLLƏ VƏ SÜMÜK”. Soros fondu, hər dəqiqəbaşı, yeri gəldi-gəlmədi, özünə nə qədər “açıq cəmiyyət” deyirsə, xahiş edirəm, bir o qədər də ehtiyatlı olun, “gizli cəmiyyət” fikrini öz küt beyninizdən silməyin. Bəli, Amerika siyasi missionerlərinə imkan versən “açıq cəmiyyət” barədə səhərdən axşamacan danışıb beynimizi yorarlar. Deyirəm, belə dar məqamlarda, təbrizlilərin “ölməyib ki, hələ xandadaş!” nidasını səsləndirməyiniz lap yerinə düşər bəlkə-adə, gedin özünüzü dolayın, biz, uşaq uşaq-zad  deyilik əlinizdə, yaxşı bilirik ki, Amerikada bircə dənə tumluq “açıq cəmiyyət” varsa, o da elə həmin Soros fondudur, vəssəlam! Bəs, yankilərin “gizli, qapalı cəmiyyətləri” barədə, xeyir ola, bizlərə neyçün heç vaxt moizələr oxumursuz, hə? Sorosun “Açıq cəmiyyət”ini açıq söhbətə çəkirəm, məsəlçün soruşuram bu zati-alilərdən: “Yel Universitetindən çıxan, Amerika siyasi elitasını birləşdirən “Kəllə və sümük” gizli cəmiyyəti haqqında neyçün bizi məlumatsız saxlayır Əli Abbasov, Asim Mollazadə, Hikmət Hacızadə, Toğrul Cuvarlı, Rəhman Bədəlov kimi bizim tam milli sorosçularımız?”.
Corc Buş ki, vallah, bizimkilərdən səmimidir, bu cəmiyyət qarşısında tələbəykən and içdiyini, şükür, əsla danmır, sonra, xahiş edir ki, bu barədə ona artıq sual-zad verməsinlər.
Amerika prezidentlərinin bayağı andiçmə mərasimini, çaşıb, o müqəddəs andla səhv salmayasınız haa!
“Amerika, demokratik cəmiyyətdir, bizi hakimiyyəti seçkili qurumlar təyin edir” cəfəngiyyatını, bilirsiz kimə sırıyın?-“Azadlıq”, “Yeni Musavat” qəzetələrinin avam oxucularına! Sovet dönəmində karyerə pilləkanına sıçramağın yolu bəlliydi-partiya, komsamol xətti! Amerikada isə karyera pilləkanına gedən yol, sovetlərinkindən fərqli olaraq tam məxfi dolanbac ünvanlardan keçə-keçə, gəlib yetişir Harvard, Stenford, nəhayət Yell Universitetinin- dəhşət! - başıçarşablı “Kəllə və sümük” cəmiyyətinə. Həə, Amerika siyasi elitası öz gənc qvardiyasını, sözün əsl mənasında, bax, ordan dartıb çıxarır. “Dartıb” deyəndə ki, bu həqiqətən də belədir-andiçmə mərasimindən öncə, adına “Məzar” deyilən tam qapalı odada hər il 15 namizəd çirkab gölməçəsinə çılpaq şəkildə girərək öz aralarında güləşəməyə başlayır, yuxarı mərtəbədən üzərlərinə işəyən “ustad”lara əsla fikir vermirlər...Üzvlüyə qəbul olunmaqdan ötrü gərək mütləq çox qiymətli nadir bir əşyanı hardansa çırpışdıraraq cəmiyyət muzeyinə təhvil verəsən. Yaxud, Amerika düşmənlərindən birinin qəbrini qazasan, çıxardığın kəllə sümüyünü “yeni qardaşlarına” ötürəsən. Sonuncular, adına “Yorik” deyilən bu ölü kəlləyə qan süzüb onu sənə təqdim edəcəklər. Prezident Corc Buşun babası Preskott Buş, 1918-ci ildə cəmiyyətə üzv olarkən, həyasızlıqda lap ağını çıxarıb- “apaçi” hindularının başçısı, 49 ağdərilinin qatili Ceronimaya icəzə verməyib ki, qəbrində rahat uyusun-görunu eşib, kəllə sümüyünü “ustad”lara hədiyyə göndərib. Deyilənə görə, Çe Qevara, sovet marşalı Axromeyevin (SSRİ Qenştabı, yəni, əslində QRU-nun rəhbəri!) kəllə sümüyü də həmin muzeydə sərgilənir.
Yaxşı, daha bəsdir bütün bu iyrənc təfərrüatlar... Sonra bəs nə olur, soruşuram?
Sonra həmin bu komsomolçulardan “partiya” üzvləri seçilir-iki yüz illik tarixi boyu, Vaşinqton siyasi elitası üçün hazırlanmış 3 minə yaxın bu namizəddən 800  “kəllə” ( onlar özünü belə adlandırır) indi hələ də iş başındadır... Tədqiqatçı Aleksandra Robbinsonun “Məzar” kitabını oxuyub, adıəzbər konspiroloq Entoni Sattonu mütaliə edib, ünlü Mel Qibsonun “Sui-qəsd nəzəriyyəsi” (1997), Hollivud aktyoru Mett Demonun iştirakıyla çəkilmiş “The good shepherd” (2004) kinofilmlərinə baxdıqdan sonra, hə, Vaşinqtonun bu gizli komsamol-partiya təşkilatı barədə müəyyən təsəvvürlər əldə etmək mümkündür. Əvvəla, Amerikanın çox saylı kəşfiyyat mərkəzlərinə, bank-maliyyə sahəsinə, ədliyyə qurumlarına, bir adəd olaraq,  istisnasız, həmişə bu “kəllələr” rəhbərlik edib. Qapalı təşkilatların əbədi xəstəliyi var-onları nəzarətsiz saxla beş-altı il, vəssəlam, sonra bax gör onlar necə, xüsusi xidmət mərkəzlərinə yiyələnərək gedib yuxarıbaşda əyləşirlər! Yəni, gicləməyin, burda seçimə yer yoxdur-yerli istixbarat mərkəzləri bir qələt edib, gizli qurumları nəzarətə götürməsələr, heç, qanları getdi, əks hadisə baş verəcək-bəli, bir də bəli, yerli Lyubankalar, gizli təşkilatların girovuna çevriləcəklər!
Hollevud ulduzu Mett Demonun, adını çəkdiyimiz filmdə yüksək peşəkarlıqla yaratdığı Uilson surətinə baxın, vəssəlam, dediklərim Quran ayəsi kimi təsir bağışlasın sizlərə. Yell Universiteti “Məzar”ından çıxmış xortdan Uilsonların sonrakı taleyi “neokon+erqenekon+sion” düz xətti boyu uzaq üfüqlərə doğru irəlilədi. Son nəticədə Amerikanı “Neokon”, Türkiyyəni “Erqenekon”, İsraili “Sion” kabusunun əsirinə çevirərək, bu ölkələrini öz hakimiyyət çətiri altına aldı. Necə deyərlər “ölünü, üzr istəyirəm, istixbaratçını başına buraxsan, kəfənini nədi?-bütün ölkəni batırar”...
***
Demək, razılaşdıq sizlə: “Kəllə və sümük” xortdanları tarix boyu, bəli, Amerika prezidentlərinə şəkil çəkdirərkən, hansı istiqamətə baxmağa işərə veriblər-bu aydın, mübahisə etmirik. Amerika konservatizmi, bəli, bir məktəb halında bu “kəllələrin” beynindən süzülüb. Lakin, bu, hələ ənənəvi konservatizmdir, hələ fəlsəfi-ideoloji həllini tapmayıb, sırf Amerika daxili məhsulu kimi öz beşiyində yırğalanır, hələ də Yell Universitetindəki “məzar”dan dışarı sıçramayıb, onun marksizm-leninizm kimi qlobal miqyas halını almağına- nə gizlin?- hələ ki, imkan yoxdur. Fəqət, vaxt keçir, gün batır, qaş qaralır- onun fəlsəfi-ideoloji mahiyyət almağına qəti ehtiyac yaranır!
Bax belə bir dar məqamda, ahaa!- Amerikaya faşist Almaniyasından  yəhudi filosofu Leo Ştraus təşrif gətirir. Ölkədəki hakim konservativ fikri diqqətlə öyrənir, onun, yalnız əxlaqi mahiyyət daşıdığını, öz fəlsəfi izahından məhrum olduğunu görür. Çikaqo Universitenin fəlsəfə kafedrası kürsüsünə qalxır. “Neokonservativ fəlsəfə” fənni üzrə təlimə başlayır. Deyir ordan: “Ay balam, ay Amerika konservatorları, bəsdirin, adam nə qədər Yell məzarlığında qalar, ucuz simvolik ayinlərlə başını qatar, konservativ təfəkkürün əlifbasını bilmədən dövlət idarəetmə mexanizmini, kəşfiyyat mərkəzlərini utanmazcasına ələ keçirər. Ayılın! Çıxın “Kəllə və sümük” misteriyasından, əski yunan-roma konservatizmini öyrənin. Yalnız yeni konservativ nəzəriyyəm, bilin, sovetlərin Marks-Lenin modernizmini Yelldəki “məzara” kömə bilər. Siz tələbələrimə təzə ad verəcəm-“neokonlar!”.
Rədd olsun alman fəlsəfə məktəbi, bütün bu Heqellər, Kantlar, Feyerbaxlar. Neyləyib ee onlar? Heç, axırda, marksizm-leninizmi yaradıblar! Yaşasın əski yunan-roma filosofları, Əflatun, Ərəstun, Ksenefont kimi dahilər, qılıncının dalı da, qabağı da kəsən roma-yunan quldarlıq ideoloqiyası... Afina aristokrat-filosof təbəqəsi, Zevs kimi tanrıların təyinatını, əslinə baxarsaq, sadə xalq kütlələri üçün nəzərdə tutmuşdu, özləri heç vaxt qələt edib bu tanrılara inanmayıblar. Amerikanın tanrıları “söz azadlığı, demokratiya, vətəndaş cəmiyyəti”dirsə, gərək bizdə onları qara kütlənin istifadəsinə verək, özümüz isə, “Böyük Heç”ə inanaq... Allah elə siyasi hakimiyyətin özüdür, biz isə onun xüsusi təyinatlıları... Demokratik cəmiyyətlər gec-tez Veymar Almaniyasındakı kimi, diktatorların əlinə keçəcək, gəlin tələsək, hakimiyyətə özümüz sahib çıxaq. Cənab Pol Vulfoviç, siz, Beynəlxaq Valyuta fondunu, siz, Abram Şulski, Dik Çeyni, Riçard Perl Pentaqonu, Ağ evi ələ keçirin. Təkrarlayıram bir də-demokratik hakimiyyətlər ixtiyarlarındakı gücdən qətiyyən istifadə etmirlər, bu səhvdir. Corc Buş, siz bu nöqsanı aradan qaldırın, hərbi gücdən istifadə etmək ləzzətini daddırın Ağ evdəki məmurlara... Mətbuat katibləri həqiqət deyil, məhz yalan danışmalıdırlar! Dezinformasiya kimə ötürülür, soruşuram?-düşmənə! Biz onu qara kütləyə ünvanlayaq-çünki odur, biz, siyasi elitanın əsl düşməni! İnformasiya-elitaya, dezinformasiya-xalqa, TV-ələrə, mətbuat səhifələrinə...Cəmiyyətdə elita olmasa, hakimiyyət adında heç nə yoxdur, gəlin elita yaradaq. Onun yaratmaq sirri isə sadədir-gərək bizi müdhiş, qanlı bir sirr birləşdirsin! O da həqiqətimiz olacaq. Və bizə xidmət edəcək. Yadda saxlayın- “həqiqət” yoxdur, “həqiqətimiz” var... Bilirəm, mənim məktəbim ölməyəcək, gələcəkdə Metyu Brayza, Zeno Baran kimi tələbələr yetişəcək oxucularım arasından. Roma qeysərlərinin “parçala, hökm sür!” siyasətini qoy gedib Qarabağ movzusu ətrafında yenidən təcrübədən keçirsinlər, “idarə olunan xaos” nəzəriyyəmə uyğun şəkildə yerli buşmenləri aldatsınlar...
***
Belə-belə işlər, qırılsın Leo Ştraus, Metyu Brayza, Dik Çeyni kimi keşişlər. “Neokon, erqenekon, sion” adlı “kişilər”. Ancaq, necə deyərlər sən saydığını say Leo Ştraus, gör fələk nə sayır” -Amerika neoimperializminin Vyetnam savaşından sonra qalxan ikinci dalğası Əfqanistan, İrakda tam əks nəticələr verib, tam tərsinə, qarşı tərəfi daha da gücləndirdi. Dünya solçularının gizli şəbəkəsi hərəkətə keçdi-sağçı qüvvələrə imkan verdi ki, hakimiyyətə gələrək əsl simalarını dünya zəhmətkeşlərinə göstərib abırdan düşsünlər. Digər tərəfdən iqtisadi böhran Uolt-strit birjasındakı elektron rəqəmləri bir-birinə qatıb-qarışdırdı, “azad bazar” ideyası sabun köpüyünə döndü, özəlləşdirmə taunu mililəşməylə nəticələndi. Neokonların sağ qlobalizmi yaman yerdə axşamladı... Yerini ötürdü dünya pərdəarxasının sol qlobalizm tərəfdarlarına-yəni, Barak Obama siyasətinə, yəni, yəhudilərin sol qanadına, Erdoğanın məxməri islam inqilabına, islam sosializminə. “Erqenekon-neokon-sion” üçbucaqları siyasi gündəmdən düşdü...
Ən böyük zərbə bizim iqtidarla müxalifətin xarici dayaq nöqtələrinə dəyib bizimkiləri də yaman günə qoydu. “Yeni Musavat”, millətçilər “Erqenekon”u, hakim siyasi elitamızla birgə liberal-demokratlarımız neokonları, sionistləri qeyb edib başlarını itirdilər. Zarafat deyil, bütün xarici dayaqlarımız sarsılıb! Asim Mollazadə, Hikmət Hacızadə, Anar Məmmədxanov, atlantistlər, yerli sionistlərimiz, Los-Ancelesdəki konsolumuz Emil Süleymanov, Elmar Məmmədyarov əlini dizinə döyürlər. Nazim İbrahimovun diaspora, lobbi siyasəti, yəhudi icmalarıyla işbirliyi nəxşəsi iflasa uğrayır... Xarici banklardakı pullarımız batır. Neft dönüb olub heç nə... İranda Mossad agentləri tutulub, Qəzvin tərəfdəki hərbi karxanalarda partlayış törədənlər sən demə gecələr Az.TV-yə baxırmışlar... Tehran, ölkəmizi beynəlxalq terrorizmdə suçlaya bilər və s.i. və ilaxır...
Marksizm-leninizm kabusu, yenidən siyasət meydanına qayıdır, yolaşlar.
KOMMUNİZM KABUSU. “Avropa üzərində bir kabus dolaşır-kommunizm kabusu!”
Dahi Karl Marksın ölməz “Kommunizmin manifesti”ndəki mistika ilə yüklü bax bu şairanə cümlə, deyəsən yenidən gündəmə gəlir. Sovet zamanları beynimizə ilişmiş bu cümlənin ilk mənşəyini axtarsaq, gəlib çıxarıq müqəddəs Bibliya kitabının ən təsirli birinci sətirlərinə. Görərik ki, ateizmi elan etmiş “Kommunizmin manifesti”ylə, qatı teizmi sərgiləyən Bibliyanın ilk cümlələri əslində oxşardır. Eyni oxşar musiqili ahəngə, eyni mistik kabusa söykənir sən demə hər iki başınadöndüyümüz.
“Neokon-erqenekon-sion” mistikası, “Kəllə və sümük” misteriyaları qələt edir marksist mistisizmi qarşısında.
***
Məşhur fransız filosofu mərhum Jan Bodriyar buna özünəməxsus şəkildə cavab tapıb: ”Bilgisayar virusları, üstəgəl, AİDS xəstəliyi, islam terrorizmi, Leninin iqnqilabi mistisizmi, məncə, məntiqi hücum altda saxlayan “məntiqdən kənar” ən yeni laməkan qüvvələrdir. Onlar, bilin dəə birdəfəlik, Heqel məntiqi, Qərb loqosu, sadə insan məntiqinin dərin daxili böhranından qidalanır. Köhnə Heqel dialektikası arxivə gedir, yerini ötürür bir başqasına-bizə hələ tam bəlli olmayan qüvvələrin ziddiyyətli qarşıdurmasına. Postmodernizmə qapılıb köhnə Heqel, Marks dialektikasını ləğv etməyimizin, bəlkə, həll etməyimizin acı nəticəsi kimi baxın düşdüyümüz bu oyuna-dünya, ağrı içində öz yeni dialektikasını doğur. Bütün sadaladıqlarım hələlik  mistik şəkildə mövcuddur, ancaq, tezliklə onlar bizə öz məntiqini də sırayacaq”.
Pol Pilar, Roxan Qunaratna kimi tanınmış politoloqların bir başqa oxşar fikri: “Əl-Qaidə”nın öz fəallarını bir mərkəzdən idarə etdiyi xoşbəxt günlərə indi min şükür. Basqılardan qorunmaq xatirinə birbaşa idarəetməni ləğv edən “Əl-Qaida” əsl kabusa, mistikaya çevrilib! İndi o, öz şəbəkəsini idarə etmir, yalnız dolayı yollarla təşviq edir. Dünyanın dörd güşəsində ona yüzlərlə insan qoşulur, müstəqil şəkildə öz təşkilatlarını yaradır, Ben Ladeni yamsılayırlar, bu da, işin ən qorxulu cəhətinə çevrilir. Terrorun idarə olunmaz mistik kabusa çevrilməsi də məhz burdan başlayır. 1905-ci ildə rus eserləri də eyni taktikaya söykənərək çarizmin anasını ağlatdılar”.
***
“Mıs-mıs” deyə-deyə gəlib yetişdik məqaləmizin “Mustafa”sına- İnqilablar həmişə bax belə bir şəraitdə baş verir- nə vaxt ki, inqilabçılar onun mexanizmini qurub, işi ötürürlər xalq kütllərinin istifadəsinə, özfəaliyyətə icazə verirlər, bəli, belə şəraitdə möcüzələr baş verir, Qərb guruldayır, Şərq batır, solçu Obama hakimiyyətə gəlir, konservativ “kəllə və sümük” xortdanları təzədən qayıdır Yelldəki məzarlarına. Karl Marksın dediyi “kabus” hərəkətə keçib köhnə siyasi elitaları, “yallah” deyib, Balaxanı zibilliyinə tullayır.
Belə anlarda əksinqilabçıların “kəllə və sümük” rəmzi inqilab kabusuna məğlub olur. Leo Ştrausun “idarə olunan xaos” nəzəriyyəsi Metyu Brayzaların əlindən çıxıb inqilab kabusuna çevrilir.
Bəli, gizli təşkilatlar gələcək inqilabın özülünü qoyur təkcə- xalq kütlələrinin özfəaliyyəti olmadan, Oktyabr inqilabının alovlu ruhu dünyaya qayıtmayacaq. Yəni siyasi təşkilatlanma, inqilabın ilk pilləsi, ilk nəfəsidir ancaq. Həlledici döyüş o vaxt baş verir ki, sən öz inqilabçı nəzəriyyəni xalq kütlələrinin istifadəsinə ötürəsən, sonra baxıb görəsən xalq necə idarəolunmaz kabusa çevrilir. Yəni, inqilabların həmişə “idarə olunan”, bir də, “idarəolunmaz” dövrləri var. Leninin böyüklüyü ondaydı ki, o, bu “idarəolunmaz dövrə” əsla mane olmadı, o vaxta qədər gözlədi ki, xalq kabusa çevrilib Tanrının əlində həm dığıdıcı, həm yaradıcı bir alətə dönsün...
Sonra isə SSRİ adlı bir dövləti yaratdı...
Lev Trotski özünün məşhur “Mənim həyatım” kitabında həmin həyəcanlı günləri belə təsvir edir: “Hər yazıçının qələmini nə zamansa görünməz bir qüvvə idarə etdiyi kimi, inqilab da buna bir misaldır. Oktyabr İnqilabı vaxtı bizi sanki tanımadığımız bir məchul əl idarə edirdi, fikirlər, əməllər anında beynimizdə şimşək kimi çaxır, ən düzgün qərarlar vermək işində bizlərə inanılmaz yardım göstərirdi. Günlərlə ac-susuz yaşamaq, üstə gəl, əbədi yuxusuzluq, bizi dərkolunmaz mistika içinə tulladı-inqilabın sehirli iksiri də, bəli, elə məhz bu misteriyanın içindəymiş sən demə”.
“Erqenekon-neokon-sion”çuların bu sahədə siyasəti isə kommunistlərinkindən fərqlidir- Leo Ştrausun “idarə olunan xaos”unu, yəni, Yell “məzarından” çıxardıqları Kabusu onlar, azadlığa buraxmaq istəməyiblər heç vaxt. İstəyiblər ki, həmin Div daim onlara qulluq etsin.
***
Tarixi təcrübə də sübut edir-kommunistlər, şüşədəki divi azadlığa buraxmaq istəyənlərdi, “kəllə və sümük”çülər isə əksinə, bu divi şüşəyə qaytarmağa tələsənlər:  
İran Kommunist Partiyası “Tudə” 1975-ci ildə çətin duruma düşmüşdü-bir tərəfdən KQB-nin daxili cəsusları, digər səmtdən qaniçən şah SAVAK-ı partiyanı öz barmağına dolayıb onu çıxılmaz hala salmışdılar. Şah da, Kreml də partiyanı demək olar tam nəzarət altına saxlamaqdaydılar, buna isə nə kömək edirdi, hə,  soruşuram?-Tudənin tam nəzarət altına düşmüş elə öz idarəetmə mexanizmi! Partiya Təşkilat şöbəsi, başda Nurəddin Kəyanuri olmaqla, birbaşa Kremlin tabeçiliyindəydi, onu kənara itələmədən, Qafar Kəndli, İyrəc İskəndəri kimi dönməz inqilabçılar öz arzularına çatıb Təbrizdə inqilab alovunu alışdıra bilməzdilər. Vəziyyəti sözün əsl mənasında “rusca” görən sağlam partiya rəhbərliyi, 1975-ci ildə, özünün 15-ci pleniumu zamanı, atam Qafar Kəndlinin təkidiylə, polittexnoloji hiyləyə əl atır-Tudənin İrandakı məxfi fəaliyyətini tam “demərkəzləşdirirlər”. Yəni, yerli partiya özəkləri öz işlərində tam sərbəstdirlər, mərkəzlə məsləhətləşmədən-əhsən!- istədiklərini etmək hüququna malikdirlər.
Nəticə son dərəcə uğurlu alınır-şah da, Kreml də ipin ucunu itirirlər, bir Tudənin əvəzinə İranda yox yerdən 60 yeni Tudə partiyası yaranır. Yeni yaranmış müstəqil “Tudə” təşkilatlarına köhnə rus, şah aqenturası daha yol tapa bilmir, həmin təşkilatlar, xüsusən, 250 min tirajla çıxan “Nəvid” qəzeti ətrafında toplaşanlar (rəhbəri Hüşəng Tizabi) 1978-79-cu il İran inqilabı zamanı sanki dağı dağ üstə qoyurlar, silahlı dəstələri vasitəsiylə şah generallarını məğlubiyyətə uğradırlar.
Divin canı şüşədən qurtarır.
Ancaq, 1979-cu ilin yanvarında, inqilabın ən həlledici anlarında, Moskva, partiya rəhbərliyinə öz tulası N. Kəyanurini gətirib, ilk olaraq, Tudənin məhz bu müstəqil qanadlarını yenidən bir mərkəzə toplayır. İran ordu komandanlığındakı tam gizli Tudə təşkilatı da (admiral Əttariyan, general Əfzəli) neyçünsə partiya Mərkəzi Komitəsinə tabe etdirilir. Demərkəzləşmə mərkəzləşməylə əvəz olununca, faciə baş verir-1981-ci ildə əvvəlcə Tudənin hərbi qanadı məhv edilir. Marksın dediyi o inqilab kabusu da tudəçilərin əlindən çıxır!
Az sonra, 1983-də, bütün “mərkəzləşdirilmiş partiya”, Tehrandakı KQB rezidenturası rəhbəri Şebarşin, Kuziçkinin gizli göstərişi, xəyanəti nəticəsində Britaniya kəşfiyyatına peşkeş edilir, son nəticədə tam şəkildə uçuruma yuvarlanır...
Divi təzədən şüşəyə qaytarırlar.
Partiyamızı satmış Şebarşinə isə Kremldə “gözün üstə qaşın var” belə deyən tapılmır, əksinə, o yeni vəzifə sahibinə çevrilir, 1989-da Berlinə gəlib, bir vaxt Tudəyə rəhbərlik etmiş Erik Xonekkeri də taxdan yerə endirir, sonra, 1991-də, cəmi üçcə gün KQB sədri taxtında əyləşsə də, yenə də öz həmişəki xəyanətindən qalmır-bu dəfə doğma təşkilatındakı Kommunist partiya komitəsini ləğv edən cinayətkar sənədə imza atır...
***
Lakin, deyəsən bütün bu xəyanətlər artıq keçmişdə qaldı. Dünya sol hərəkatı yenidən dirilərək, onu vaxtiylə məğlub etmiş “neokon-sion-erqenekon” cütlüyü, “kəllə və sümük” cəngavərlərini siyasi arenadan silib-süpürür. Qalxın, məhkəmə gedir, “Erqenekon” artıq mühakimə olunur, növbə yavaş-yavaş gəlib çatır “neokon-sion” cütlüyünə.
“Dünya üzərində bir kabus dolanır- kommunizm kabusu”...
Obama ilə tam irəli!

marakaqol@rambler.ru

Комментариев нет:

Отправить комментарий