Страницы

19.02.2013

Gülnarə Rəfiq - Psixotron terror

Xalq adlanan kütlənin bunu bilməsi hələ tezdi!

«Bizdən nələri gizlədirlər» silsiləsindən

İndi yeni, psixotron silahlardan, insan ağlı kəsməyən təsir növlərindən, sirri möhkəm gizlədilən layihələrdən danışmaq bir növ dəbdir. Biz kənardan sirrli vasitələrlə idarə edildiyimizə gizli bir inamla yaşayırıq. Hazırda şəhərimizdə az qala hər yerdə kameralar quraşdırılır və rəsmi rəqəmlər deyir ki, biz bu məsələdə inkişaf etmiş ölkələrdən çox geri qalırıq. Dövlət hər vətəndaşının hər saniyəsini nəylə məşğul olduğunu biləndə daha güvənli sayılır. Amma bunun bizim sağlamlığımıza nə dərəcədə ziyanlı olduğunu düşünmürük. Nəzarət altında olmaq artıq normaya çevrilib.


«Məni elektromaqnit şualanma ilə lap əldən salıblar!»

Həmvətənimiz Lela Şeyxzamanovanın həyat hekayəsi adıçəkilən məsələyə aydınlıq gətirə bilər. Bu xanımı şəhərimizin az qala bütün redaksiyalarında tanıyırlar. Çünki o, hər dəfə redaksiyaya bir qovluq kağız və sənədlər, müxtəlif orqanlara yazdığı ərizələri və dövlət başçısına qədər ünvanladığı xahiş, tələblə dolu məktublarını göstərərək bu barədə yenidən yazılmasını tələb dir. Leyla xanım 1993-cü ildən bəri nəzarət orqanları tərəfindən elektromaqnit şüalarla təsir altına salındığını və illər uzunu hələ də təcrübə altında olduğu iddia edir. Bir qədər ekssentrik davranışı, qeyri-stabil psixi durumu bu qadının dediklərini ciddi qəbul etməyə mane olur. Amma riyaziyyatçı, elmlər namizədi, vaxtilə kosmik tədqiqatlar institutunun əməkdaşı bu boyda uydurma qoşardımı? Onun barəsində yazılarda keçirdiyi ağrı-acıları duymamaq mümkün deyil. Axı elektromaqnik şüalar bədəndə izlər buraxmır ki, hər dəfə həkimə müraciət edib onu sənədlə təsdiqləyəsən, yaxud da fotoya alıb kimsəyə sübut-dəlil kimi göstərəsən. Şeyxzamanovanın təqdim etdiyi sənədlər arasında beyində kənar şüalanmaların təsiriylə əmələ gələn fəsadları təsdiqləyən həkim kağızı da var.
Bu izləmələr hələ kosmik tədqiqatlar institutunun əməkdaşı olarkən başlamışdı. Deyilənə görə MTN bütün əməkdaşların mənzillərini atmosferin skanerdən keçirilməsi yoluylu nəzarətdə saxlayırdı. Əməkdaşların nəinki ünvan və şəxsi koordinatları, üstəlik üz quruluşu, qan tərkibi və s. məlumatlar əlbəttə ki, mütləq qaydada təqdim edilməli idi. Xanımın iddiasına görə orda hər kəsin bir növ pasportu var, yəni sifət quruluşunun istilik dalğalarının verdiyi məlumatlar çiplərdə saxlanılır. Sovet quruluşu dağılandan sonra bəzi proqramlar dayandırıldı. Amma bəzi insanlar hələ də özlərini nəzarət altında hiss edirlər. Onlar adətən tənha və kimsəsiz adamları seçirlər. Çünki onların şikayət edəcəyi və müşahidəyə qoşulacaq adamı yoxdur deyən onları xəstə, paranoik, ağıldankəm elan etmək daha rahatdı.
1994-cü ildə Şeyxzamanovanın israrlı təkidindən sonra Azərbaycan Respublikası Elmlər Akademiyası xarici şöbəsi təxminən belə bir mətnli arayış təqdim etdi: «1993-cü ilin 23 dekabrında Şeyxzamanova L.A-nın müraciətindən sonra MTN operativ müvəkkili Şərifov Ş.Ş. 1217 şöbəsi, Hüseynovla telefon əlaqəsi yaradaraq Şeyxzamanovadan telefonda səs tellərinin xarakteristikasını bir daha təsdiqləməyi xahiş etdi ki, MTN-nin biodalğalı generatoru söndürülsün».
Bu məsəlylə bağlı Şeyxzamanova 1999-cu ildə Səbail rayon məhkəməsinə şikayət ərizəsi verib MTN-ndən aldığı fiziki travmalara görə kompensasiya tələb edib. Amma hansı hakim dövlətin Təklükəsizlik orqanına qarşı bir qərar çıxarmaq qüdrətində ola bilər. Bir də ki, qanuna görə kənardan təsiri təsdiqləyən sənədləri şikayətçi təqdim etməlidir. Əgər bu məsələ dövlət sirri kimi saxlanırsa və sənədləri yalnız cavabdeh tərəf verə bilərsə çevrə qapanır.

«Bu onlarn nəyinə lazımdır?» 

sualına cavab verməyə çalışaq. Onlar insan toxumaları üzərində təcrübələri davam etməkdə insanları kənardan idarəetmənin yeni yollarını axtara bilərlər. İnsanlar üzərində total hakimiyyəti arzulayan bir quruluş üçün kimsənin orqanizminə elektron «soxulcanlar» buraxıb araşdırmaq bəlkə də sivil yol görünür. İndi, artıq mobil rabitənin hətta metronun tunelində də tuta bildiyi zamanda insan bu soxulcanlardan heç yerə qaça bilməz. Şeyxzamanovanın danışdıqları bu sahədə axtarışlara təkan verdi və məlum oldu ki, dünyada yüzlərlə adam bu məsələdən əziyyət çəkir. Kənar təsirləri öz üzərində hiss edən adamların Rusiyada birliyi və rəsmi saytı var. Bu saytda elektromaqnit və başqa tip şüaların təsiri altında yaşayan onlarla həyat hekayəti, çoxlu dəlil-sübut və ən vacibi, bu təsirlərdən qorunma üzulları var.
Bolqarıstandan başqa bütün dünyada insanlara kənardan təsir etməyi norma sayırlar. Bircə Bolqarıstan buna qarşı qanunu uzun illərdən bəri qəbul edib. Rusiya Federaiyasının qanunvericiliyində «Silahlar barədə» qanuna əlavədə dalğavari silahın hətta insanların sağlamlığı və müdafiəsi xətrinə tətbiq edilməsi yasaqlanır. Bu, bir daha dalğavari şüalanma silahının mövcudluğunu və insan sağlamlığına çox ziyanlı olduğunu təsdiqləyir.
Dünyanın əsas idarəediciləri sayıla biləcək radioelektron xüsusi xidmət orqanları bu üsulla cəmiyyəti tarazlıqda saxlayır. Lazımsızları aradan götürür, kimisə müxtəlif xəstəliklər və əsəb gərginliyilə sıradan çıxarır. Bu kütləni idarə etmə üsulu olsa da kütləvi qaydada tətbiq edilməz, çünki onlar hər kəslə ayrı-ayrılıqda işləyirlər. Etiraf etməliyik, bu silahın təsir zonasına intellektual əməklə məşğul olanlar daha çox düşür. Özü də sosial şəbəkənin bu cür artdığı zamanda kiminsə elektron ünvanını, mobil nömrəsini, fotosunu əldə etmək su içmək qədər rahatdır. Yəni bu məlumatları əldə etmək üçün heç kabinetdən çıxmaq da lazım deyil. Siz hardasa həkim müayinəsindəsizsə deməli orda sizin qan tərkibiniz, xəstəlikləriniz barədə geniş məlumat var. Bütün bunları cəmləməklə insanı dalğaların keçə biləcəyi hər yerdə tapmaq və təsir altına salmaq mümkündür. Dalğalarsa hər yerə keçir…

Taxıl zəmilərindəki hadqaları biz özümüz yaradırıq

İnternet dalğalı silahların mövcudluğunu sübut edən materiallarla doludur. Ən əvvəl bu silahın mövcudluğunu taxıl zəmilərində əmələ gələn fiqurlar, həndəsi formalar və naxışların yaranmasıyla bağlayırlar. Deyilənə görə dalğavari silah aparatını kalibrovkadan keçirəndə, yəni işə salmazdan əvvəl kökləməyə çalışanda yer üzünün müxtəlif nöqtələrində belə işarələr əmələ gəlir.
İndi keçən əsrin uğursuz təcrübələrindən danışmaq ciddi səslənmir. Amma bu gün Rusiya rəsmi şəkildə şüa, gen, dalğavari, lazer və işıq, səs və sair dalğaların birlikdə əmələ gətirdiyi titrəyişə əsaslanan yeni nəsil silahları hazırladığını deyirsə deməli artıq təcrübələr, sınaqlar mərhələsi bitib. Bu silahın elmi bazası artıq yaradılıb və ordunun bu növ silahla təhcizatı 2020-ci ilə planlaşdırılıb. Taxta ikinci çıxışından sonra Putinin yeni nəsil silah hazırlamaq planını bəyan etməsi ekspertləri dəhşətə gətirib. Bu artıq dünya ağalığına can atmaq deməkdir. Rusiya isə bu məsələdə geri qaldığını, Qərb ölkələrinin, Amerikanın daha öndə getdiyini deyir. Misal üçün bəzi Qərb ölkələrində nümayişləri dağıtmaq üçün dalğavari silahın tətbiq edildiyini sübut dəlil kimi gətirilir. Bu silahı işə salanda nümayişə çıxmış insanlar müəyyən radiusda qala bilmir, başgicəllənmə, panik durum yaranır və onlar özlərinin mikrodalğalı sobadakı kimi hiss edirlər deyə bu yeri tərk etməyə çalışırlar. Gözlənilməz yerlərdə seysmik aktivliyin qəfil artması, sunamilər, və s. bu tipli fəlakətlərin bütün yer kürəsi boyu fəallaşması həm də dalğavari silahın artıq işlədilməsinə daha bir misaldır. Bu silahın başqa növləri, «ağrı şüası» və «başda dözülməz qışqırıq generatoru» o qədər adiləşib ki, bunlar artıq polis üsulları sayılır. Həmin prinsipə əsaslanan siçovul qovlayan, yaxud itləri qorxudan portativ şüalandıran aparatlar çoxdandı ki, satışdadı. Heyvanlara təsir edən vasitənin insanlarçün yaradılmadığını düşünmək sadəlöhvlük olardı. Bütün ölkələrin kəşfiyyatları yeni prinsipə əsaslanan silah yaranması barədə informasiya əldə edən kimi bu faktı ictimailəşdirir. Amerika elektromaqnik silahı ilə Tayvanı mikrodalğalı sobadakı kimi «bişirmək » istəyən Çini ifşa edir. Çin isə özünü Amerikada qoruduğunu deyir. Bir sözlə insan öz özüylə vuruşur.

Nəfəslikdən başqa heç nə açma!

Kənardan təsirlərə məruz qalmışların sayı həqiqətən çox imiş. Nəzərə alsaq ki, onlar arasında etiraz səsini qaldıranlar da çox azdı, ondə nəinki Azərbaycanda, hətta dünyada olan mənzərə təxmini aydınlaşmağa başlayır. Kiməsə elə gəlir ki, başqa dünyalarla əlaqəyə girib, kimsə dəli olduğunu və səslər eşitdiyini, kimsə ona vergi verildiyini, öncəgörən olduğunu zənn edib susur. Dünyada elektromaqnit şüalanmaya qarşı vətəndaş müqaviməti cəmiyyətləri var. Rusiyada bu işlə Moskva mənzil ekologiyası komiteti, Litvada Beynəlxalq Alternativ Məhkəmə, Amerikada «Mind Justice», Almaniyada elektromaqnit şüalanmaların qurbanı cəmiyyəti araşdırmaqla məşğul olur. Amma xalq adlanan kütlə bu barədə bilməməlidir düşünən dövlətlər üçün bu etiraz səsləri arzuolunmaz sayılır. Bulə adamlar maddi dəstəkdən, stabillikdən uzaqlaşdırılır, ideyaların və insanların təcridi baş verir.
Qəfil ağrılar baş qaldırıb sonra qəfil yoxa çıxırsa, sonra bu, tibbi müayinələrlə təsdiqlənmirsə, fiziki durum normada olduğu vaxt əsəblər gərgindirsə və artıq sahibinə tabe olmursa özünüzə qarşı bir qədər diqqətli olun və müşahidələriniz dərinləşdirin.
Kənardan təsir üsullarında televiziya və radio müstəsna rol oynayır. Reklamlar, aparıcıların xalqa yad olan xüsusi danışıq intonasiyası, mənasız musiqilərin daimi təkrarlanması insanların əsəblərini oynadır və onları asan əldə edilən, tarazlıqdan çıxmasıyla yad təsirə daha rahat düşən fərdə çevirir. Ona görə də cəmiyyətdə izaholunmaz hərəkətlərin sayı artır. Kimsə küçədə soyunub çılpaq gəzməyə, kimsə qonşusunu söyməyə, başqa birisi isə dünyalar qədər sevdiyi ailəsinin başını kəsməyə qərar verir. Cəmiyyət üzvləri artıq kükla teatrında iplərlə hərəkətə gətirilən marionetkalara bənzəməyə başlayırlar. Bu mövzuda saytlar açılırsa da kənardan təzyiqlər olur və onlar qapadılırlar. Kənar təsirlərdən şikayət edənlərin elektron poçtu çox vaxt qapadılır ki, məktub yazıb paylaşa bilməsinlər.
Sovet dönəmində MTN-nin isanları şüalandırması qarşı tək-tək adamlar mübarizə aparırdı. Məsələn, yazıçı alim, psixotron terror barədə 3 kitabın müəllifi Vasili Lenski 3 il ərzində minə yaxın mənzil dəyişməyə məcbur olub. Cəmiyyətdə ictimai gücü aşağı olan fərdləri isə dəli kimi nəzarətə götürmək daha rahat idi. Dünyada yerli məhkəməyə, İnsan Haqqları üzrə Avropa məhkəməsinə müraciət edənlərin demək olar hamısı Strassburqdan eyni cavabı alırlar: «Sizin şikayətdə Konvensiyada, ya da Protokollarda qeydə alınmış hüquq və azadlıqların pozulması barədə əlamətlər görünmür». Kosmik peyklərin planeti əhatələdiyi bir zamanda insanı istənilən nöqtədə tapmaq mmükündür. İndi bizim də öz fərdi peykimiz planetin başına dolaşacaq.

Köstəbəklər!

Kənardan təsir altında olan daha bir təbəqə də var, onlar cəmiyyət üçün kifayət qədər təhlükəlidir. Tədqiqatlar deyir ki, «köstəbəklər» deyilən insanlar bütün sosial qrupların ayrılmaz hissəsidir. Onların işi qarışdırmaq, eşələnmək və riyakarlıq etməkdir. Onların vəzifəsi stabilliyi pozmaqdır. Onlar informasiya toplamaqla deyil, hadisələrin lazımi istiqamətdə yönəldilməsi ilə məşğul olurlar. Köstəbəklər də distansion təsir altındadır, amma bunu özləri bilmir. Belə adamlar hər yerdə, sosial şəbəkədə, qonşuluqda, kollektivdə də var. Onlar dostluğa can atır, kömək əlini daima uzadır. Belə adam qoca pensiyaçının evinə kömək adıyla, dərdi-səri başından açan kasıbın evinə bir parça çörəklə gələ də bilər. Onlar zarafatlaşır da. Amma bütün bunlar, yəni mərhəmət də, kömək də ona kənardan əmr edilmiş iş planının tərkib hissəsidir. Köstəbəkləri şüalarla təsir altına salınmış insanlarla səhv salmaq olmaz. Onlar səni həyatının ən vacib, qərar verəcək məqamında qəfil peyda olur və səhv yola çəkə bilərlər. Köstəbəklərin içində ən təhlükəlisi görünməz olanıdır. Onun yeri baş beyinin alın hissəsidir və o özünü Allah, ya İblis, yad planetli, ya da sadəcə radist kimi qələmə verməyi sevir. Köstəbək distansion əlaqəyə çıxıbsa qoruyucu papaq xilas edə bilər. Köstəbəyin nə deməsi önəmli deyil, o, «Pozitiv düşün», «Özün günahkarsan», ya da «Çağrılmamış qonaq olma» da deyə bilər. Əsas məsələ öz fikirlərini təlqin edilmiş fikirlərdən ayıra bilməkdir.

Quluncunu tut və qərar mərkəzini işə sal

Özünü qorumağın yolları varmı? Əlbəttə, olmamış deyil. Amma sizə kənardan təsir göstərən aparatı, üsulu kəşf etmiş adamlar bunu sizə deməyəcəklər. Təsiri üzərində hiss edənlərdən kimsə başına şlem qoyur, kimsə bədəninə xüsusi lövhələr bağlayır, elektromaqnit dalğaları keçirməyən materiallar axtarır. Bu tip materiallar var. Bəziləri kafelə bənzər piramidalar şəklindədir. Amma onları evinin içində tətbiq etmək etməkçün pəncərələrdən imtina etmək lazımdır. Belə həyat isə insan üçün dözülməzdir. Çünki insanı şüalarla təqib edirlərsə onu mənzilində də, küçədə də, iş başında da «əl çatdırırlar».
Şüalanan silah növləri insanlara tanış olmadığından ondan qorunma üsulları da hələ ki, yaxşı işlənməyib. Vaxtilə biz atom bombasının, radiasiyanın nə olduğunu bilmirdik. Araşdırmaçılar aşağıdakı əlamətləri əsaslardan sayır: yuxunun pozulması, beyindən çıxmayan eyni fikirlərin təkrarlanması, qəfil öskürək, gözlənilməz ishal, sidiyə həddən artıq çox getmək, istiliyin dalğavari gəlib-getməsi, qəifl ağrı və spazmlar, mənşəyi bilinməyən gəzən ağrılar, dərialtı düyünlər, yorulanda onurğa sütununun yuxarısında qabarıqlığın əmələ gəlməsi. Şərqdə bu nöqtəni «Qərar vermə mərkəzi» adlandırırlar. Bizim yerli falçılar bu qabarıqlığı, quluncu tutub bir saniyəyə mənfi təsirin, yəni cadunun kimdən gəldiyini deyə bilir.
Ən dəhşətlisi odur ki, obyekt kimi seçilmiş adamı elə şəraitə salırlar ki, göndərilən impulslar ona reallıq kimi gəlir. Amma kənardakılar bütün bunları görmür və onu dəli sayırlar. Bu yeni reallıqdır və ona uyğunlaşmaq lazımdır. Müqavimət göstərən cərəyanlar deyir ki, bu barədə insanlara danışmaq hələ tezdi. Hökümətlərsə ağzına su alıb oturub. Kim ki, kənardan təsirin qarşısına ala bilən mexanizmi kəşf edəcək, o da dünyanın ağası olacaq. Bu bəladan xalqları qurtaranlar barədə isə əfsanələr qoşacaqlar.

bizimyol.info

Комментариев нет:

Отправить комментарий