Страницы

22.02.2013

Nə üçün Qarabağ Fələstin ola bilmədi?

Devran Abdullah

Ötən həftədən başlayaraq İsrail rejiminin Qəzzaya hücumu davam edir

Müsəlmanların diqqəti Qəzzadadır. Özünü müsəlman ümmətinin parçası hesab edən hər bir müsəlman İsrail rejimini lənətləyir, mənən fələstinlilərin yanında olur. İndoneziyada, yoxsa Keniyada yaşamasından, türkiyəlidir, yoxsa keniyalı, İran vətəndaşı və ya Avropa sakini olmasından asılı olmayaraq, müsəlmanların Fələstin adlı davası var. Təsəvvür edin, aralarında 10 minlərlə km məsafə olan müsəlman xalqları eyni dərdi paylaşırlar. Bu mövqe ilə dünya hesablaşır. Müsəlman ölkələrinin hökumətləri (hətta korrupsiyaya bulaşmış hökumətlər də) də bunu nəzərə alırlar.

Biz də işğaldan əziyyət çəkirik. Fələstinlilər kimi, bizim xalq da etnik təmizləməyə məruz qalıb. Bir çox həmvətənlilərimiz şikayətlənirlər ki, niyə Ərəbistan yarımadasında, Afrikada, Cənub-Şərqi Asiyada, Avropada, Amerikada yaşayan müsəlmanlar bizim işğal, soyqırımı dərdlərimizdən xəbərdar deyillər? Niyə onlar bizim bu dərdimizə şərik çıxmırlar? Bunun səbəbləri çoxdur.
1. Azərbaycan münaqişəni dünyaya islami deyil, etnik münaqişə kimi təqdim etdi. Müxtəlif beynəlxalq təşkilatlara üz tutdu. Amerikadan, Avropa paytaxtlarından, neft şirkətlərindən kömək istədi.
2. Hakimiyyət münaqişəni diri saxlamadı. Torpaqları işğaldan azad etmək üçün demək olar ki, heç bir real tədbir görmədi. Münaqişə indi ölü nöqtəsindədir.
3. Hicab qadağası, dini ədəbiyyata senzura tətbiq edən hakimiyyət dünya müsəlmanlarından necə, hansı üzlə islami yardım tələb edə bilər? Deməzlər ki, sizin özünüz İslamla mübarizə apardığınız halda, müsəlmanlardan İslam düşməninə (əgər münaqişə islami fonda təqdim edilsəydi, işğalçı ermənilər belə adlandırılacaqdı) qarşı mübarizədə yardım istəyirsiniz.
Beləliklə, nə Qərb dövlətləri, nə neft şirkətləri bizə yardım etmədilər. İndi də əlimizdə heç nə yoxdur. Halbuki əvvəldən islami amillərdən istifadə etsəydik, indi heç olmazsa, arxamızda dünya müsəlmanları durardılar. Müsəlman ölkələrinin çoxunda hakimiyyətlər nə qədər korrupsiyalaşmış olsalar da, küçənin rəyini müəyyən qədər nəzərə alırlar. Biz bundan istifadə etmədik. İndi isə həm Əli aşından olmuşuq, həm Vəli aşından. Hələ də müəyyən şansımız var. Əgər dünya müsəlmanlarının dəstəyini qazanmaq istəyiriksə, ilk əvvəl ölkə daxilində İslamla mübarizəyə son vermək lazımdır. Sonra münaqişəni ölü nöqtədən diriltmək lazım olacaq. Ardınca da başqa tədbirlər. Çətin olsa, da mümkündür. Məncə, bir an gecikmədən buna getməliyik. Bu tədbirləri həyata keçirməsək, heç bir müsəlman dövlətindən islami yardım istəmək üçün haqqımız çatmayır.

Комментариев нет:

Отправить комментарий