Страницы

27.02.2013

Öldürücü təmizlik


Xərçəng bəlasının qorxunc səbəblərindən birini Mustafa Saatci yazır 

Hər bir texnoloji yenilik insan həyatını asanlaşdırır. Elm bir mənada bəşər övladına xidmət edir. Xlordan maye sabunlara, paltar yumşaldıcılardan parladıcılara qədər bir çox məhsulun rəngarəng çeşidlərini marketlərdə tapmaq elə də çətin deyil. Dəsmalların yumşaq olmasını istəyirsiniz? Heç narahat olmayın, bunu eləməyə nə var! Yumşaldıcı sizə kömək edər. Ağların daha ağ, rəngli paltarların daha parlaq olmasını istəyirsiniz? Yeni yuyucu vasitələrdən birini almaqla işiniz düzələr. “Saralan stəkanları, qaşıq-çəngəl dəstini necə parlada bilərəm?” - deyə üzülməyin. Onun da həlli var. Qabyuyana bir qədər parladıcı qoysanız, qab-qacağınız daha da işıldayacaq, par-par yanacaq.

Kimyəvi məhsullar həyatımıza o qədər nüfuz edib ki... Yumşaq saçlar üçün də, tər qoxusundan azad olmaq üçün də onlara ehtiyacımız var. Yaxşı bəs bu qədər istifadə etdiyimiz yuyucu vasitələrinin zərərləri haqqında nə bilirik? Bu məhsullar “sayəsində” 55000-dən çox zərərli kimyəvi maddələrin təsirinə məruz qaldığımızdan xəbərimiz varmı? Bu maddələrin təkcə mikrobları məhv etmədiyini, həyatımızı, bədənimizi yavaş-yavaş zəhərlədiyini, suyu, havanı, torpağı, təbiəti tədricən kirlətdiyini anlayırıqmı? Bəs xərçəng xəstəliyinə aparıb çıxardığını necə, bilirikmi? Dəri xəstəliklərinə, ağız, mədə-bağırsaq, boğaz iltihabına səbəb olduğunu, sinir sistemini sıradan çıxardığını?..
Yaxın keçmişə qədər amansız xəstəlik – xərçəng uzaq ölkələrdən gələn xəbərlər kimi nadir rastlanan hadisələrdəndi. Ancaq son illərdə yaxın qohum-əqrəbalarımıza qədər uzandı qorxunc əlləri xərçəngin... Və gözümüzün qabağında əriyib getdilər, bir-bir yola-saldıq onları. Bu kimi xəstəliklərin başlıca səbəblərindən biri məhz yuyucu vasitələrin tərkibinə qatılan kimyəvi maddələrdir. Bu xəstəliklər də kor-koranə istifadə edilən təmizlik vasitələrinin qorxunc nəticələridir. Üstəlik bu, bütün bəşəriyyəti  kütləvi “qırğın”a sürükləyir.
Yoxlamaq istəyən varsa, akvarium satıcılarına bir sual versin: akvariumu sintetik yuyucu vasitə ilə təmizləmək məsləhətlidir, ya yox? Akvariumu sintetik yuyucu vasitə ilə təmizləsəniz, balıqlar çox yaşamaz. Belə baxanda, dünya da akvariumdan fərqli deyil. Balıqları dərhal öldürən sintetik yuyucu vasitələr insanı da yavaş-yavaş ölümə sürükləyir. Gündəlik istifadə etdiyimiz bu məhsullardan bir neçəsi: paltar üçün sintetik yuyucu tozlar, qab-qacaq yuyucuları, diş pastası, şampun və maye sabunlar...

Təmizliyin səbəbi

Kirdən qurtulmaq, dolayısilə xəstələnməmək üçün təmizlik etmirikmi? Həftədə bir neçə dəfə duş qəbul edir, kiçik bir ləkə düşən kimi, paltarları maşına atır, qab-qacaqları gündə bir neçə dəfə yuyuruq. Əlqərəz, çirkli qalmırıq, elə deyil? Bəs bu qədər təmizliyə baxmayaraq, niyə hər il istisnasız bütün ailə üzvləri xəstələnir? Evimiz əczaxana kimi dava-dərmanla doludur. Madam ki, təmizik, bəs niyə xəstələnirik? Xəstələniriksə, deməli təmiz deyilik? Bu, adi bir qaydadır... həlli də sadə.

Xəstəlik necə əmələ gəlir?

Elm adamları bu sintetik yuyucu vasitələrin və məcunların tərkibini təşkil edən kimyəvi maddələri “şeytan nəcisi” də adlandırırlar. Təmasla insan vücuduna daxil olan bu kimyəvi maddələr bədənimizə ziyan vurmağa başlayır. Bədənin müdafiə sistemi bu maddələrlə mübarizə aparmaq məcburiyyətində qalır. İmmunitet zəifləyir, gücünü itirib mikroblarla mübarizə apara bilmir. Beləcə həddən artıq çox xəstələnirik. Xəstəlik üç gün çəkməlidirsə, on-on beş günə güclə özümüzə gəlirik. İki deyil, onlarla xəstəliyə yoluxuruq. Süd vəzi, rəhm ağızı, prostat, ağciyər, yoğun bağırsaq və dəri xərçəngi kimi xərçəng xəstəlikləri geniş yayılır. Gördüyünüz kimi, bu xəstəliklər əsasən daxili orqanlarımızın xariclə təmas edən nahiyələrində, yaş və nəmli hissələrində meydana gəlir. Həmin nahiyələr isə ən çox paltarla təmasda olur. Paltardan daxili orqanlara isə bir şey keçə bilər ki, o da sintetik yuyucu məhsulların tərkibində qalan kimyəvi maddələrdir. Demək, xərçəng xəstəliklərinin başlıca səbəbi sintetik yuyucu vasitələrdir. Bu gün demək asandır, amma sabah iş-işdən keçə bilər.

Sintetik yuyucu məhsullar və xərçəng xəstəliyi

Dünyada ilk dəfə sintetik yuyucu vasitə 1943-cü ildə istehsal olunub. İlk xərçəng diaqnozu isə bundan altı il sonra, 1949-cu ildə qoyulub. II Dünya Müharibəsindən sonra kimyəvi maddələrin istifadəsinə güclü nəzarətin olmaması kütləvi xəstəliklərə gətirib çıxarmışdı. Bir tərəfdən əlacı tapılmayan və dayanmadan artan xəstəliklər insan həyatını, digər tərəfdən də çay və dənizlərdə çoxalan yosun və natəmizlik oksigeni azaldaraq digər suda yaşayan canlıları ciddi təhlükə ilə üz-üzə qoyur. Balina sürüsünün özünü Yapon dənizi sahillərinə atmasının, yəni kütləvi intihar etməsinin bir səbəbi də şəhərlərdən sulara axıdılan kimyəvi maddələrdir.
Aparılan tədqiqatlara görə, kanalizasiya vasitəsilə sulara axıdılan fosforun 70 faizini fosfatlı yuyucu maddələr təşkil edir. Buna görə də əksər Avropa ölkələri və ABŞ-da yuyucu məhsullar istehsalında fosfat əvəzinə zərərsiz maddələrdən istifadə olunur və fosfat maddəsi, demək olar, qadağan edilib. Bizdə isə əksinə, sintetik yuyucu vasitələrin tərkibində fosfatın miqdarı normadan olduqca çoxdur. Bunun səbəbi isə bizim xanımların ləkəsiz təmizliyə və ağlığa üstünlük verməsidir.

Dünyada xərçəng xəstəliyin yayılma faizi

Dünyada hər il 10 milyon, Türkiyədə isə ildə 150000 insan xərçəngə tutulur. 1960-cı illərin əvvəllərində hər dörd amerikalı və kanadalıdan biri xərçəng xəstəsi idi. 2007-ci ildən etibarən bu xəstəlik hər iki kişi və hər üç qadından birinin həyatını zəhərə döndərir. Son vaxtlar ABŞ və Kanada kimi ölkələrdə xərçəng xəstəliyi ürək-damar xəstəliklərini geridə qoyub. Bizdə isə əksinə, ölüm hallarına səbəb olan xəstəliklər arasında birinci yerdə ürək-damar xəstəlikləri, ikinci yerdə isə xərçəng xəstəlikləri gəlir. Ancaq bu sürətlə gedərsə, xərçəng 2030-cu illərdə ilk sıraya çıxacaq. Odur ki, bu gün müvəqqəti iqtisadi böhranlardan daha qorxunc reallıqla  ilə üz-üzə dayanmışıq.

Müalicəsi varmı?

Xərçəng xəstəliyi tibb və səhiyyənin qarşısında duran əsas problemlərdən biridir. Xərçəngin müalicəsi çox çətin olduğuna görə, xəstə sağalsa da, uzun müddət onun əziyyətini çəkməli olur. Bu səbəblə xərçəng xəstəliyinin müalicəsindən çox, ondan qorunma yollarını tapmaq lazımdır. Çünki bəzən sırf dərmanları satmaq və pul qazanmaq üçün “Xərçəngin dərmanı tapıldı” şəklində xəbərlər yayılır. “Bir dəfə qorunmaq min müalicədən yaxşıdır”, çünki xərçəngin müalicəsinə nə qədər pul xərclənsə də, xəstələrin sayı azalmır, əksinə çoxalır. Xəstəliyin xəstəyə vurduğu mənəvi zərbə bir tərəfə, dövlətə və fərdə verdiyi maddi zərəri hesablamaq belə müşküldür. Sadə bir misal çəkək. Məsələn, süd vəzi xərçənginə tutulmuş bir xəstə tamam sağalarsa, altı aylıq müalicə kursuna 25 min manat xərclənir. Xəstə sağalmaz, xəstəlik xroniki şəkil alarsa, çəkilən xərc bir milyon manata çatar. Çünki müalicə davam etdirilir və bu dərmanlar gündən-günə bahalaşır.

Sağlam həyatın sirri...

İlk növbədə tədbir görmək, özünü qorumaq, “parlaq bəyazlıq”, “gözəl ətir”, “nöqsansız təmizlik” şüarlarını bir kənara qoymaq lazımdır. Sintetik yuyucu vasitələrdən istifadəyə daha ciddi və həssas yanaşmalıyıq. Sintetik yuyucu məhsullar - süni təmizlik maddələri, yəni paltar və qab-qacaq yuyucuları, şampun, maye sabunları, diş məcunları və s.-dən uzaq olmaq lazımdır. Bu süni təmizlik vasitələri və şampunlardan qurtulmağın bir yolu vardır. Sabunu, yuyucu tozu (natriun karbonat) boraks (borat turşusunun natrium duzu) kimi maddələrlə hazırlamaq olar. Sağlamlığının qədir-qiymətini bilənlər təmizlik işində (paltaryuyan və qabyuyan maşınlar da daxil olmaqla) adi sabun kimi vasitələrdən yararlana bilərlər. Bu kimi məhsullar artıq istehsal edilməkdədir. Sabun tozu ilə parlaq, qüsursuz bəyazlığı əldə etmək mümkündür. Hətta sabun və sabun tozundan düzgün istifadə qaydaları da göstərilir. Çünki bu yuyucu vasitələrin istifadəsində də bir-iki məsələyə diqqət etmək lazımdır. Yoxsa sintetik yuyucu vasitələrinə və şampuna öyrəşən bizlər üçün sabun tozundan və zeytun yağı tərkibli sabunlardan istifadə etmək o qədər asan olmaz.

Sabunlar zərərsizdir?

Sabundan istifadənin tarixi olduqca qədimdir. Tarixi faktlar müəyyən edir ki, sabun e.ə. IV minillikdə su ilə birlikdə istifadə edilən yeganə və zərərsiz təmizlik maddəsidir. Mövzumuzu daha da konkretləşdirmək üçün gəlin yaşadığımız dünyaya, insana və ətraf mühitə bir nəzər yetirək. İlk növbədə bu faktı diqqətə almaq lazımdır: nə istehsal edirsiniz-edin, istehsal etdiyiniz məhsul nə qədər keyfiyyətli olursa-olsun, həmin məhsulun fayda və ya zərərini müəyyən etmək üçün insan və ətraf mühitə təsirini müşahidə etmək lazımdır. Bunun üçün də bir qədər vaxta ehtiyac var. 
Adi sabun məlum yağların natrium hidrooksidlə birləşməsindən əldə edilir. Bu maddə olmadan yağ sabuna çevrilə bilməz. Sabun natrium hidrooksiddən alınır, amma sabunun tərkibində bu maddə olmur. Natrium hidrooksid yağla birləşərək öz kimyəvi xüsusiyyətini dəyişir və sabunu meydana gətirir.  
Altı min ildir istifadə edilən sadə sabun həqiqi təmizlik üçün ideal vasitədir. O vaxtlar nə bu qədər xəstəlik, nə də xərçəng adlı mərəz vardı. Sabun su ilə birlikdə istifadə edilir. Onun kimyəvi tərkibi təmizlik işini görür, sonra da təbii şəkildə parçalanır. Nə insan səhhətinə bir ziyan vurur, nə də ətraf mühitə.

Qabyuyan maşın üçün təbii yuyucunu necə hazırlamaq olar?

Bir qədər çay sodası, karbonat, bitkinin uçucu efir yağları, sirkə və boraks almaq kifayətdir. Suda asan həll olan, zahirən naftalinə bənzəyən təbii boraks əslində təbii bor birləşməsidir. Əsasən sabun və yuyucu vasitələrin təmizləmə qabiliyyətini artırmaq üçün istifadə edilir. Kiloqramı 2-3 manata satılır. Çay sodası isə yağ və ləkələri çıxarır, cod suyu yumşaldır. Karbonat da (natrium karbonat) qidadan təmizlik məhsullarına qədər geniş istifadə edilən bir maddədir. Mineralları və yağları həll edib  şüşənin səthini parladan sirkə də mikrobları məhv edir.
Məhz bu maddələr əsasında evinizdə təbii yuyucu vasitələri hazırlaya, taxta qaşıqları, körpənin əmziyi və s.-i ürək rahatlığı ilə yuya bilərsiniz. Qab-qacaqları təmizləyib parladan təbii yuyucu maddə hazırlamaq üçün bir stəkan boraks (apteklərdən, kimyəvi maddə satıcılarından, kənd təsərrüfatı malları satıcılarından əldə edə bilərsiniz) maddəsi, bir stəkan yemək sodası, stəkanın dörddə biri qədər duz, dörddə biri qədər limon turşusu, yəni sitrik turşusu (iri deyil, toz halına salınmış) götürün. Qab-qacağın portağal, limon, mandarin və s. ətri verməsini istəyirsinizsə, bir qədər də həmin meyvələrin yağlarından əlavə edin.
Hazırlanmasına gəlincə... Plastik bir qabda əvvəlcə duz və 30 damcı yağı yaxşıca qarışdırırıq. Sonra digər maddələri də əlavə edirik. Qabdakı maddələri yaxşı-yaxşı qarışdırdıqdan sonra üstünü örtərək bağlı bir yerdə saxlayırıq. Hər yumada 1-1,5 xörək qaşığı istifadə edirik. Qab-qacağın par-par parlamasını istəyiriksə, qabyuyan maşının parladıcı yerinə alma sirkəsi əlavə etməliyik. İstifadə olunan suyun kirəc səviyyəsini nəzərə alaraq qarışığa əlavə edilən yemək sodası və limon turşusunun miqdarını çoxaltmaq da olar. Bu maddələrin miqdarı nə qədər çox olur-olsun zərərli deyil, çünki tamamən təbiidir.
Bu maddəni qabyuyan maşında istifadə etsək, qab-qacaqlar həm təmizlənər, həm də parıldayar. Üstəlik, maşından portağal və ya limon ətri gələcək. Yuduqdan sora bəzi şüşə qablarda azca su ləkələri qala bilər. Eybi yoxdur. Bunu aradan qaldırmaq və ya belə halları azaltmaq üçün qurutmadan sonra maşının qapısını açıb havalandırın.
Yaxşı, bəs əllə yuyulan qab-qacaq üçün nə istifadə etməliyik? Deməli belə: Bir ədəd sadə sabunu xırda-xırda doğrayıb su ilə dolu bir qapa tökürük. Vam odun üstünə  qoyulub sabun əridilir. Yarım çay qaşığı boraks və yarım çay qaşığı da camaşır sodası (natrium karbonat) əlavə edib, möhkəm qarışdırırıq. Hər yumada bu qarışıqdan bir çay qaşığı istifadə edirik. Əgər çox vaxt alacağını düşünürsünüzsə, qabyuyan maşın üçün hazırladığınız təbii yuyucu vasitəsindən - meyvə yağı qatmadan - istifadə edə bilərsiniz.
Mətbəxdə soba və piltələr təmizləmək üçün də alternativ maddələr var. Məsələn, soba və piltələrin çirkli səthinə bir qədər karbonat, bir az yemək duzu və bir neçə damcı sirkə tökərək yüngül sürtmək kifayətdir. Əmin olun ki, eyni nəticəni alacaqsınız.
Yaxşı, bəs səth təmizləyicisi kimi nəzərdə tutulmuş yuyucu vasitələr necə? Mağazalarda bu adda satılan bütün yuyucu vasitələrin tərkibində insana və ətraf mühitə zərərli kimyəvi maddələr vardır. Odur ki, məhsulu alanda etiketində “normalaşdırılmayan” və “normalaşdırılan” qeydlərinə diqqət etmək lazımdır. Kimyaçılar bildirir ki, zərərli kimyəvi maddələr yüksək təmizləmə qabiliyyətinə malik deyil. Alimlər alternativ kimi hansı yuyucu vasitələri məsləhət görürlər, gəlin ona bir baxaq: “Taxta səthlərin təmizliyi üçün bir yemək qaşığı limon suyu ilə iki yemək qaşığı zeytun yağını qarışdırın. Qarışıqdan azca götürüb təmiz bezə tökün və taxta səthləri dairəvi hərəkətlərlə ovuşdurun. Qarışığı xüsusi qablara töküb fısqırdaraq da istifadə edə bilərsiniz”.

Səhhətimizi hansı bitkilərlə qoruyaq?

Kimya mühəndislərinə görə insan dərisində vaxt ötdükcə ağır metallar toplanır. Xüsusilə də civə və alüminium. Bu maddələri detoks duşları, idman və sauna ilə təmizləmək mümkündür.
Bitkilərə gəldikdə isə: Adi ala qanqal toxumu güclü antioksidantdır, qaraciyəri zərərli maddələrdən qoruyur, hüceyrənin yenilənməsinə kömək edir. Uzun kurkuma da kanserogen (xərçəng əmələ gətirən) maddələrin bədəndən ifrazını təmin edir. Yaşıl çay xərçəng xəstəliyinin meydana gəlməsinin qarşısını alır. Təsərrüfatda istifadə olunan kimyəvi preparatların artıqlarının vücuddan ifrazını da təmin edir.
Böyrəklərin təmizlənməsində qaragilənin böyük faydası var. Bağayarpağı toxumu isə qalın bağırsağın bakteriya tərkibini qoruyub qaraciyəri toksik maddələrdən təmizləyir. Təsərrüfatda istifadə olunan kimyəvi preparatlara qarşı kətan toxumu da faydalıdır. Üstəlik B1, B2, C, A və E vitaminli qidaları da mütəmadi qəbul etmək lazımdır.
Hər kəsə sağlam həyat diləyilə...

lent.az

Комментариев нет:

Отправить комментарий