Страницы

02.02.2013

PAZA KEÇMIŞƏM

AKİF ABBASOV

Zeynal deyinməyə başladı. Bakıda işləyən oğlu Zakir nə vaxtdan idi ki, nə evə zəng edir, nə bir xəbər göndərir, nə də gəlib ata-atasına, bacı-qardaşlarına baş çəkirdi. Hirsindən Zeynalın dişi bağırsaqlarını kəsirdi: «Belə də övlad olar, ata-anasının öldü-qaldısı ilə də maraqlanmır».
Zeynal eləməyib tənbəllik kəndin poçtxanasına gedib, sifariş verdi. Sabaha Zakiri telefona çağırtdırdı. O zamanlar indiki kimi telefon danışığı belə rahat deyildi. İndi nə var ki, mobil telefonu götürüb yığırsan, kimi harada istəyirsən, tapırsan. Əlqərəz…
Deyilən vaxtdan yarım saat keçmiş Zakirlə telefon danışığı baş tutdu. Zeynal um-küsü elədi:

- Ay oğul, adam bir ata-anasını axtarmaz. Belə də insafsızlıq olar. Axı narahat oluruq, yuxumuz ərşə çəkilir.
Zakir səhvini başa düşərək, üzrxahlıq elədi:
-Ay ata, vallahi-billahı başım bərk qarışıq idi. Fikirləşdim vaxt tapıb əlaqə saxlayaram, sən özün zəng çaldın.
Zeynalın ürəyi bir balaca yerinə gəldi. Odur ki növbəti sualına keçdi:
-Şükür, çox şükür! Bala, de görüm, başının qarışıqlığı xeyirə idi, yoxsa, dilim qurusun, şərə?!
-Bilirsən, ay ata, xəbərin olsun, paza keçmişəm…
Bunu eşitcək Zeynalın yenə halı qarışdı:
-Necə yəni, paza keçmişəm?! Hansı paza keçmisən? Kimin pazına keçmisən?
Zeynal sualları bir-birinin ardınca düzürdü. Birdən başa düşdü ki, həmin sualların heç biri Zakirə çatmayıb. Telefon danışığı kəsilmişdi. Zeynal tez telefonçu qızın yanına qaçdı. O da öz növbəsində:
-Dayı, rabitə kəsildi. Həm də sifarişi on dəqiqə vermişdiniz. Vaxtınız da qurtarıb.
-Ay qızım, sözüm ağzımda qaldı. Nə vaxt-vədə? Əvvəl heç belə həyəcanlı deyildim. Oğlumla danışandan sonra narahatlığım bir az da artdı. Sən demə, uşaq paza keçib, bilməmişəm. Bildin, a qızım, paza keçib.
Qız pərt oldu, qıpqırmızı qızardı:
-Zeynal dayı, bu nə danışıqdır? Nə paz? Bura ictimai yerdir…
-Ay bala, ictimai yer olanda nə olar? Dərdimizi deməyək? Uşaq paza keçib, xəbər tutmamışam. Oğlumla məni bir də calaşdır. Pulunu verəcəyəm.
Qız çalışdı. Xəttin o biri başında dedilər ki, burada Zakir nə gəzir, danışıb, çıxıb gedib.
Zeynal kor-peşman evə qayıtdı. Arvad-uşaq başına yığışdı. Zeynalı halı pərişan görüb qorxuya düşdülər. Sərvinaz tez:
-A kişi, nə olub? Zakirdən nə xəbər? Başına bir iş gəlməyib ki?
-Gəlib deyəsən, ay arvad, elə hey paz deyirdi. Nəsə paza keçib. Amma biləmmədim kimin pazına keçib. Əlaqə kəsildi. Nə billah elədim, təzədən oğlumla danışa bilmədim.
Arvad-uşağın yeyib-içdiyi haram oldu. Həmin gecə ilan vuran yatdı, nə Zeynal, nə də Sərvinaz yata bildi. Səhər ertə hamı dik ayaq üstə idi: «Uşağın başında qəza var. İşə düşüb deyəsən, gərək gedib görək…» - deyə möhkəm narahatçılıq keçirirdilər.
Yığışıb bir maşın tutdular, ailə Bakıya yola düşdü. Ata-anasını, bacı-qardaşını görən Zakir təəccübləndi: «Heç dünyanın düz vaxtında bunların belə dəstə ilə yığışıb Bakıya gəldikləri olmayıb. Atamla dünən danışmışam. Görəsən nə hadisə baş verib?». Odur ki tez soruşdu:
-Sizdən nə əcəb?! Küllü-külfətli bu nə gəlişdir?
Zeynal izah etməyə başladı:
-Ay oğul, elə ürəyimə dammışdı?
Zaur:
-Ürəyinə nə dammışdı, ay ata? – deyə xəbər aldı.
-Sözümü kəsmə. Bu müddətdə zəng etməməyindən dalağım sancmışdı. Odur ki, zəng etdim. Deyəndə ki, paza keçmisən, bildim ki, zənnim məni aldatmayıb. Arada rabitə kəsildi. Nə qədər zəng etdilərsə, sənə düşə bilmədim. Çıxıb getmişdin. Ona görə bilmədim ki, düşdüyün o zibil nədir? Səni kim şərləyib?
Zaur nəhayət anladı və qəh-qəhə çəkdi:
-A kişi, hər şey qaydasındadır. Paza keçmişəm deyəndə, bilirsən nəyi nəzərdə tuturdum?
Zeynal heyrətlə açılan gözlərini ona zillədi:
-Nəyi?
Zaur davam etdi:
-Köhnə maşınımı təhvil verib, təzə maşın görümüşəm. Paz onun markasıdır.
Gələnlər bir-birinin üzünə baxdılar. Zeynal təqsirli adamlar kimi başını aşağı dikdi.

prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий