Страницы

24.02.2013

Qəmli ədəbiyyat və kütlə alqışı


Dalğa Xatınoğlu

"Facebook" səhifənizə baxın, hər gün dostlarınızın passiv və mənfi enerjili yazıları ilə dolur. Çevrədəki insanların çoxu, adətən, problemləri haqqında danışır və dünya şairləri və yazıçılarının oxuduğunuz əsərləri, habelə fəlsəfi kitablar qəm-kədərlə doludur, hətta medialarda faciələr və problemlər daha çox qabardılır. Başa düşürəm ki, insanları ortaq sevinc deyil, müştərək dərd birləşdirir, ancaq həyatın qayəsi şən və xoşbəxt olmaqdırsa, demək, ortada ciddi problem var. Əlbəttə, bu gün şənlik-xoşbəxtlik haqqında da öyüd-nəsihət janrında minlərlə kitab yazılır.

Adətən, bir şeyin mövcudluğu, xüsusilə də indiki zamanda popular olması onun daha da gündəmə çıxarılması və intensiv müzakirə olunmasına səbəb olur. Əksinə, şənlik, şadlıq və xoşbəxtlik elə mövzulardır ki, həmişə yoxluğu, yaxud azlığı ilə ədəbi-fəlsəfi mübahisələrin prioritet mövzusunda çevrilib.
Çox az filosof var ki, antik yunan dövründə insanları və ictimaiyyəti, yəni miladi tarixdən 600 il əvvəl Sokratadək olan dövrü şən, xoşbəxt və yaradıcı dövr hesab etməsin.
Nitsşe "Yunanların tragik dövrdə fəlsəfələri" əsərində antik dövrü əsl sağlam toplum hesab edir. Bu, təsadüfi deyil, birinci dəfə olaraq antik dövrdən sonra Platon "Metafizika" ideyasında sistemli şəkildə şad yaşamaq haqqında danışır, yaxud Aristotel deyir ki, "bilikli yaşamaq şənliyin səbəbidir". Platon əxlaq, Aristotel isə etikanı xoşbəxtlik üçün vacib amil hesab edir. Onlardan əvvəlki filosofların şənlik adlı düşüncə mübahisəsi olmayıb.
Sokratdan qabaqkı dövrdə, yəni antik fəlsəfədə bu mövzu haqqında danışan olmayıb, bəlkə də toplumda o qədər depressiya olmayıb ki, şənlik haqqında danışmağı vacib saysınlar. Yəni Falesin, Anaksimenesin, Heraklitin və s. əsas fikri dünyanın mənşəyi və həqiqətin detalları olub. Sokratın məhkəməsi, demokratiya bitdikdən sonra şadlıq, xoşbəxtlik haqqında nəzəriyyələr sistematik şəkildə başlayıb. Sonrakı filosoflar, xüsusilə də ictimaiyyətin ən passiv dövrlərində daha çox şənlik haqqında danışıblar.
Bunun bir səbəbi də kütlənin gündəlik məişəti ilə həmrəylik nümayiş etdirmək və onlarla dərd ortağı olmağa can atmaq vasitəsilə gündəmdə qalmaq cəhdi bugünkü ədəbi-fəlsəfi əsərlərin çoxunu bu qədər dayaz edib.

Şən ədəbiyyat

Əlbəttə ki, ədəbiyyat insanları əyləndirmək üçün deyil, hətta məncə, ədəbiyyat və fəlsəfə hamı üçün deyil, müəyyən adamlar üçündür. Ancaq güclü ədəbiyyat həmişə müsbət enerji ilə dolu olur. Bunu kütlə yaxşı qavraya bilmir, məsələn, insanların Kafka, Dostoyevski, Borxes, Kamyu, Salinger, Şekspir, Mövlana və bir çoxlarının əsərlərini oxuyub kövrəlməsi göstərir ki, yazıçının sözünü deyil, özlərinin bildiyini tutublar.
Ədəbiyyat hamı üçün deyil. Hamı üçün yazılan əsər, məcburən hamının başa düşəcəyi səviyyədə olur - məktəbdə müəllimin 40 şagirdə verdiyi dərsin səviyyəsi kimi. Buna görə, adətən, dərin savadı məktəbdə deyil, fərdi mütaliə və praqmatik fəaliyyətlə qazanmaq olur. İncəsənət müəyyən adamlar üçündür və məncə, bir də buna görə ki, ədəbi-fəlsəfi yaradıcılıq kütləni qətiyyən maraqlandırmır. Kütlənin öz marağı var və ədəbiyyata olan marağı da həmin maraqlar çərçivəsindədir.

Bir nümunə:

Son zamanlar ilin Nobel ədəbiyyatı mükafatına layiq görülmüş çinli yazıçı Mo Yanın əsərləri və yaradıcılığı haqqında oxuyuram. İnternet onun Çin Yazarlar İttifaqında tutduğu yüksək vəzifə, ölkəsində söz azadlığına qoyulan limitləri dəstəkləməsi, senzuraya qarşı çıxmaması, vicdan azadlığı uğrunda fəalların həbsinə reaksiya verməməsi, "Mo Yan" sözünün mənasının "danışma" olduğu, onun Qabriel Qarsiya Markezin mistik realizm üslubunu imitasiya etməsi və bu kimi söhbətlərlə doludur. Yəqin ki, siz də axtarsanız, onun əsərləri haqqında isə çox az məlumat tapa bilərsiniz. Mən elə bir yazıçını nümunə gətirdim ki, adətən "mistik realizm" janrında kəndlər və kəndçilər haqqında əsərlər yazıb.
Əlbəttə ki, media adamları, insan haqları müdafiəçiləri, iş adamları, politoloqlar, zülmə məruz qalmışlar və bir çoxlarını onun əsərləri deyil, özlərinin məişət tərzi və şəxsi problemləri maraqlandırır. Bu isə ədəbiyyat üçün olduqca təhlükəlidir, yəni incəsənəti kütləviləşdirməyin bir problemi də budur.
Davamlı xoşbəxtlik hissi davamlı və güclü yaradıcılıqdadır. Yalnız ədəbiyyat deyil, bütün sahələrdə belədir. Yaradıcı adam özünü xoşbəxt hiss etmirsə, ola bilsin ki, bir səbəb də özünün yaradıcı bir insan olduğu barədə səhv təsəvvürudur. Güclü əsər güclü insan kimi heç vaxt passiv və qəmli olmur. Hətta antik yunan dövründə yazılan tragik əsərlər qəmli deyil, əksinə, qəhrəmanlıqlar, mübarizələr və üsyanlarla doludur. Zevsin istəyinə baxmayaraq, Prometeyin insanlara sevgisi ucbatından odu bağışlama aktı ciyərinin quşlar tərəfindən didilməsi qədər önəmlidir.
Nitsşe Homeri dünyanın ən xoşbəxt adamı sayırdı, çünki o, yunanların tanrılarını yaratdı, özü də antik dövrdə. Bundan böyük yaradıcılıq nə ola bilər?
Fizika üzrə alim, xalqın onun nəzəriyyələrini başa düşməməsi üçün kədərlənməz, eləcə də uğurlu incəsənət adamı. Demirəm ki, başa düşülməyən, xalqın alqışını qazanmayan əsərlər əladır.
Kütlənin alqışı onsuz da ötəri əyləncədir, mütəmadi xoşbəxtlik deyil. Belə olan halda, gündəlik əyləncələrə razılaşan kütlənin alqışları hansı əhəmiyyətə malikdir? Futbol yarışı kimi, 90 dəqiqə içində, yalnız bir anlıq vurulan qol qədər yaddaşlarda qalır və bir neçə gündən sonra o da unudulur.
Kütlənin məişət probleminə ortaq çıxmaqdansa, məncə, möhtəşəm və dərin əsərlər yaratmaq barədə düşünmək daha səmərəli olar. Bunu musiqi sahəsində daha aydın görmək olar: əsl musiqi və şou-biznes.

az.trend.az

Комментариев нет:

Отправить комментарий