Страницы

28.02.2013

Rakurs və mövqe (Bir şeirin rezonansı)

Bilal Alarlı

Rəfael Həbiboğlu gileylənir ki, biz bir-birimizi təbliğ etməsək, kiminsə yatmış vicdanı oyanmayacaq ki, bu adamın həqiqi qiymətini zamanında vermək lazımdır. Öləndən sonra verilən qiymət gec olur - yaxınlara, tanıyanlara təsəllidən başqa bir şeyə yaramır...
Rəfael Həbiboğlunun mövqeyi belədir ki, əsil şeir, əsil sənət nümunələri muğama, xalq mahnılarına, qondarma şeirlər isə ara mahılarına bənzəyir. Əsil şerin dəyəri çox sonralar bilinir, uzunömürlü olur, gücənib yazanların "əsər"ləri isə qısa müddətli olur- müəllifi ölən kimi gündəmdən çıxır...

Söhbətə niyə bu yöndən başladım? Mətbuatda, xüsusən, ədəbi orqanlarda çətinliklə çap olunan qələm adamlarının öz ürəklərini boşaltdıqları ən geniş meydan sosial şəbəkədir. Bu məkanda ədəbi azadlığın hüdudları sonsuzdur. Burada hər cür yazıya, səviyyəli və səviyyəsiz ədəbi nümunələrə rast gəlmək mümkündür. Sosial məkan üçün əyalət və ədəbi mərkəz bölgüsü mövcud deyil, bu şəbəkə özü ədəbi mərkəzdir. Sosial məkan cəmi iki kitabı nəşr olunmuş Tərlan Əbilov üçün çoxcildli külliyat timsalındadır. Demək olar, hər gün bir şeirini oxuyuram. Hamısına rəy bildirməsəm də, Tərlan Əbilov imzasının çağdaş poeziyamız üçün önəm daşıdığını şəksiz söyləyə bilərəm. Tərlan öz ətrafında ədəbi aura yarada bilib. Belə qələm sahiblərindən biri şeirləri və ədəbi-tənqidi düşüncələri ilə oxucularının görüşünə gələn Rəfael Həbiboğludur. Bəlkə də, nə vaxtsa, sosial şəbəkə öz statusunu dəyişəcək, ədəbi nümunələrin təqdimatı arxa plana keçəcək. Bu gün funksional ağırlıq ədəbi müzakirələrin üzərindədir. Əlbəttə, informativ və ensiklopedik xarakterli yazıları nəzərə almasaq...
Mən bu kiçik yazımda Rəfael Həbiboğlu şəxsiyyəti və onun ədəbi fəaliyyəti haqqında məlumat verməyi üzərimə götürmürəm, çünki bu iş tənqidçilərin vəzifəsinə daxildir və kifayət qədər məsuliyyətli bir işdir. Bu yazı Rəfael Həbiboğlunu tanımayanlara bir tanıtımdır.
Yaxın keçmişdən bir xatırlatma vermək istəyirəm. 1999-cu ildə “Atilla” nəşriyyatı poeziyamızın dörd çağdaş korifeyindən qırx şeiri ayrıca kitab halında çap etmişdir. Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Önər və Rüstəm Behrudi özlərinin on ən yaxşı şeirini seçib nəşriyyata vermişlər. Qırx bədii nümunə nə qədər gözəl olsa da, oxucuların bu şairlərin yaradıcılığında fərqləndirdiyi şeirlərlə üst-üstə düşmür. Başqa bir olayı da xatırladım: Rəhmətlik Qabilin sağlığında keçirilən son yubiley tədbirində ondan xahiş etdilər ki, “ən yaxşı əsərlərindən biri” olan “Səhv düşəndə yerimiz” şeirini söyləsin. Qabil səhnəyə qalxıb dedi ki, bu, mənim ən zəif şeirimdir, ancaq siz istəyirsiniszə, deyərəm. Həmişə şairin özünün xoşladığı şeirilə oxucularının sevdiyi şeirləri fərqli olub. Amma hər şairin uğur məqamı sayılan şeirlər var. Məsələn, mən cəmi iki bənddən ibarət “Quş dili” şeirimi ən uğurlu şeirim sayıram. Vaqif Səmədoğlunun ən çox bəyənilən şeiri “Dünyanın ən ağır qanteli” adlanır və bəd xəbər verən telefon dəstəyi haqqındadır. Ramiz Rövşəni “Ayrılıq” şeirindəki “Bəlkə də xoşbəxtik, xəbərimiz yox” misrası parlatdı. Vaqif Bayatlı “Unudulacaq bütün sevdalar” yazmaqla ədəbi uğuruna imza atdı. Vaqifin kalamburu da gözəldir: “Mən ancaq Tənhalar, Təklər, Yalqızlar üçün və Yalqızlar, Tənhalar Təki, Təklər, Tənhalar Yalqızı, Yalqızlar, Təklər Tənhası – Tanrı üçün yazıram”. Rəfael Həbiboğlu yaradıcılığı haqqında danışarkən məhz bu ənənədən yararlanmağa çalışıram. Onun bir şeirini nəzərdən keçirmək istəyirəm və elə bilirəm ki, bu bir şeirin kölgəsi Rəfael Həbiboğlu yaradıcılığının aynasıdır. Şeir belə adlanır: “Heç vaxt demə ”heç vaxt”...

Dostum, yadındamı?
Vardı bir zamanlar,
Deyirdin, heç vaxt eləmərəm
filan işi,
Heç vaxt yemərəm filan bişmişi.
Həyat ayrı şeydir,
gördünmü?
İllər keçir, yaş üstünə yaş gəlir,
Bir də görürsən-
İşıq gözlədiyin pəncərədən
Daş dalınca daş gəlir.
Dəyişir ölçülər, ülgülər,
Dəyişir döngələr,
Çox vaxt rahat getdiyin yerdə
Qarşına çıxır
Bir-birindən sərt döngələr.

Şeir üçün adi bir başlanğıcdır. Lap epik əsər kimi süjet üzərində qurulub. Belə şeirlərə süjetli lirika da deyirlər. Bədii müqəddiməsi, düyün nöqtəsi, kulminasiyası və finalı yerli-yerində... Şeir sətirdən-sətrə müəllifin ittihamına döğru yüksəlir, ekspressivlik inkişaf edir. Hələ şair “qəhrəmanını” zamanın keşməkeşləri ilə məlumatlandırır:

Sənə yandı-yandı vermirəm,
Səndə böyük bir günah da görmürəm.
Eləcə yadına salıram.
Biləsən ki, həyat ayrı şeydir.
Adamlar müxiəlif, adamlar ayrı-ayrı,
kimi diribaşdır, kimi keydir.
Dilənçi miskin qalacaq-
İstəyirsən, lap
padşah xələti geydir.
Biz həyatı doğma, məhrəm sayırıq,
həyat isə bizə həmişə ögeydir ki, ögeydir.

Nəhayət, həyat hadisələrinin kulminativ yekunu! Artıq camaat deyilən ətraf mühit qəhrəmanı ağuşuna alır, özünün yazılmamış qanunları ilə hərəkət etməyə sürükləyir. Bu qəhrəman isə sənsən, mənəm, odur – nizamı pozulmuş cəmiyyətdə yaşamağa məhkum edilmiş hər kəsdir. Yazılmamış qanunlar yazılmış qanunlardan daha möhkəm görünür. Yazılmış qanunları pozanlar həmin qanunun tələbinə uyğn cəzasını çəkir, yazılmamış qanunları pozanlar isə “adam kimi” yaşamaq hüququndan məhrum olurlar. Bunu anlamaq da çətin deyil, çünki yazılmamış qanunları özümüz yaradırıq və onun əsirinə çevrilirik. Şair də bunu deyir:

Bir vaxtlar özünə qoyduğun
qadağalar, yasaqlar
necə də yumşalır illər keçdikcə.
İndi hünərin var, yemə
arvadının bişirib
hər gün qabağına qoyduğu,
ancaq heç vaxt 
xoşlamadığın yeməkləri,
Hünərin var, eləmə
yaxın-uzaq qohumlarına
hər cür yardım-köməkləri.
Hünərin var, getmə
zəhlən getdiyi məclislərə,
Yarınma, yaltaqlanma
çeşidli səbəblərdən
asılı olduğun
yamanlara, pislərə.

Sonda, lap sonda aydınlaşır ki, niyə şair bu şeirin adını “Heç vaxt demə “Heç vaxt” qoymuşdur. Novellavari sonluq nə qədər gözlənilməz olsa da, şeirin məntiqi və bədii yekunu kimi görünür. Bu, finaldı, yoxsa ittiham?! Amma daha çox öyüd təsiri bağışlayır. Klassik ədəbiyyatda öyüd-nəsihət oxucuları daha ülvi məqsədlərə yönəldirdi. Nizaminin, Seyid Əzimin və Süleyman Rüstəmin öz övladlarının timsalında gənclərə ünvanladıqları nəsihət xarakterli şeirlər cəmiyyətin çirkablarından yüksəkdə dayanırdı. Bu, romantika idimi? Bəs o zamanlar bizim rastlaşdığımız reallıqların bənzəri olmayıbmı? Niyə Füzulu yazırdı ki, salam verdim, rüşvət deyildir deyə almadılar?! Niyə sağlığında Qasım bəy Zakiri sürgün etdirlər, Seyid Əzimi “mürtəd” adlandırdılar? Onlar ki, realist deyildilər! Düzdür, ədəbiyyat romantika bəxş edəndə daha yüksəkdə görünür. Olayların səviyyəsinə “enən” ədəbiyyat həmişə uğur qazanmır. Amma bu, həyatın özüdür axı! Gülün gözəlliyi onun harada – zibillikdə, yoxsa bağçada bitməsindən nə dərəcədə asılıdır? Belə bir mənfi yönümlü deyim var, boyun əyməklə boyun sınmaz. Doğru! Boyun sınmaz, ancaq qürur sınar!

Görürsənmi?
Yaşadığımız həyat
Heç də hamar deyil,
Bunu yaxşı düşün, yaxşı bil.
Adamın üzünə gülmür
Heç də həmişə həyat.
İstəyirsən ömrün boyu keçsin rahat?
Həyatda heç vaxt demə: “heç vaxt”!

Şeir bitdi, həm şairin özünüifadəsinin, həm də mənim bu şeir haqqında deyəcəklərimin yekunu kimi! Rafael Həbiboğlu yaradıcılığı haqqında isə hələ deyiləsi sözlər çoxdur. Geniş mütaliəsi olan Rəfael Həbiboğlu təkcə öz şeirlərinin qayğısını çəkmir, onun maraq dairəsinə uyğun olan ədəbi nümunələri də təbliğ edir. Çox kasıb bir yazar, hətta öz şeirini çap etdirə bilməyən Rəhman Süleymandan nümunəni müzakirəyə çıxaran şair bu istedadlı şəxsin təəssübkeşliyini, fitri istedadını yüksək qiymətləndirir:

Suyunda lili çoxdusa,
Vay halina o millətin.
... Agzinda dili yoxdusa,
Vay halina o millətin.

Bu tipli şeirlər Rəfael Həbiboğlunu ona görə narahat edir ki, onun öz yaradıcılığının əsas qayəsi millətsevərlik, vətənsevərlik üzərində qurulmuşdur. Şair “Narahat dünya” şeirində elə bu tipli mövqe göstərir:

Dünyamızın səbri yaman daralıb,
Dünyamız yamanca çalxalanır ha.
Siz, ey sakitliyin tərəfdarları,
Dünyamız bax sizə arxalanır ha.

Tarixin sükanı əlinizdədir,

Bir səhvin ucundan dəyişə bilər.
Bəşər keçmişinə qayıdıb gedər
Gedib mamontlarla döyüşə bilər.

Dünyada nə qədər insan vardırsa,

Hərənin qəlbində bir bomba yatır.
Günün bir dar vaxtı, kimsə, hardasa,
Hansı ölkəyəsə bir bomba atır.

“Xatirələr” şeirində oxşar fikirlər daha da dərinləşir:

Uşaqlığım yaddaşıma ilişib qalıb,
Yatanda da hey fırlanır böyür-başıma.
O qayğısız çağları yadıma salıb,
Xatirələr qamçısını döyür başıma.

Öz köçünü sürüb getdi körpə günlərim,

Dodağımda donub qaldı körpə gülüşüm.
Ay atlılar, o uşağı geri döndərin, 
Həsrətimin yaşıdıyla bir də görüşüm.

Rəfael Həbiboğlunun şeirlərində oturaqlaşmış formalar yoxdur, hər mövzunun tələb etdiyi struktural yanaşma şairin forma və məzmun tamlığına sayqıdan irəli gəlir. Firkin azad şəkildə ifadə olunduğu ictimai mövzulu şeirlər sərbəstliyə meyillidir. “Ay belə Sənəm”, “Bura yaxşı yer deyilmiş”, “Son nəğmə” və “Şaiq Vəliyə elegiya” şeirləri monumental janrlardadır, çünki bunu mövzunun ağırlığı və recitativ tonu tələb edir. “Qurşaqlı vətənim”, “Bu şeir” və “Qurban olum sənə, İlahi!” şeirləri firkin sərbəstliyi üzərində qurulmuşdur, buna görə də semantik şeirlər sırasına daxildir. “Qurşaqlı vətənim” şeirində maraqlı tutuşdurmalar aparan şair, iqlim qurşaqlarının Vətənə həmişə uğur və başucalığı gətirmədiyi qənaətinə gəlir:

Belə çıxır ki, 9 iqlimin varsa,
9 da qurşağın var.
Bir yana baxanda belədir ki, var.
Sən başdan-ayağa
qurşaqdan ibarətsən,
Ey mənim 9 qurşaqlı Vətənim,
Can Azərbaycan!

İqlim qurşaqlarını təbii sərvətlərinə görə “ağ qızıl”, “qara qızıl” və sair adlandıran şair bunlardan həmişə vətənin və xalqın xeyir görmədiyini yazır: Qərəz, qurşağın çoxdur, dərdlərinsə ondan da çox – saymaqla qurtaran deyil”.
Rəfael Həbiboğlu realist şairdir. Bu realist sovetlərin anlatdığı realist mənasında deyil, günümüzün real olaylarını poetik şəkildə, obrazlı ifadələrlə gündəmə gətirən, əslində vətəndaş mövqeyini şair təəssübkeşliyi ilə birləşdirib öz mövqeyini ortaya qoyan bir qələm adamının söz yanğısıdır. Nə dərəcədə uğurludur və nə dərəcədə uğur qazanacaq, bax, bunu demək çətindir. Rəfael Həbiboğlunun öz sözləri ilə desəm, ədəbi uğur “dəyəri çox sonralar bilinən” poetik nümunələrin ədəbi taleyidir.

Комментариев нет:

Отправить комментарий