Страницы

18.02.2013

UNUNUZ QURTARIB?

Akif Abbasov

Qəmər səhəngi götürüb bulaq başına yollandı. Yaz günləri idi. Gül gülü çağırırdı, bülbül bülbülü. Gül-çiçəyin ətri ətrafı başına götürmüşdü. Qəmər hənirti eşidib geriyə döndü. Yenə o idi. Elə bil iş-gücünü buraxıb onu güdürdü. Nə vaxt evdən çıxdığından əlüstü xəbər tuturdu.
Qəmər öz-özünü danladı: «Axı keçən dəfə özümə söz vermişdim ki, bir də bulaq başına tək çıxmayım. Hər dəfə bu şorgözün iti, həris baxışlarına rast gəlirəm…
Bircə tez çataydım! Sonra zaval yoxdur. Qızlar bu saat orada qaynaşır, bir-birlərinə şəbədə qoşur, deyib-gülür, zarafatlaşırlar. Qayıdanda onlara qoşularam…»
Qəmər addımlarını yeyinlətdi: «Heç nədən şərə düşəcəyəm. Bircə dəfə xonubaşı ardımca gələn görsələr, ya da onun mənə söz dediyindən xəbət tutsalar, bütün kəndə səs düşəcək.
Qəmər imkan daxilində addımlarını yeyin atmağa çalışırdı. Tələsdiyindən bir-iki dəfə ayağı daş-kəsəyə ilişdi, az qala yıxılacaqdı. Onu izləyən Fərzalı «Can,Can, ayağına dəyən daş kaş mənim ürəyimin başına dəyəydi!» - deyə qayğı göstərdi. O, sürətdə Qəmərdən geridə qalmışdı.
Qadının qorxusu daha da artdı: «Əvvəllər kolun-kosun dalında gizlənir, oradan baxırdı. İndi gör nə qədər həyasızlaşıb ki, dalımca düşüb. Bulaqdan qayıdan qızlardan biri görsə, kifvyətdir. Vallah evdə qan düşəcək. Deyən gərək, mənə lazımdır bu xonubaş?! Özünü öldür, inanan olmayacaq».
Bir az da irəli getsəydilər, bulaq başındakı qızlar onları görəcəkdilər. Qəmər canının dərdindən ayaq saxladı. Üzünü Fərzalıya tutub qəzəblə:
– Eşidirəm, de görüm nə sözün var?
Fərzalı onun qabağına keçib boynunu bükdü:
– Ölürəm, Qəmər, dərdindən divanəyəm!
Qəmər üz-gözünü turşutdu:
– Heç utanıb yerə girirsən? Qara kölgə kimi nə dalımca düşmüsən?! Mən ərli qadınam. Sənin də aradın, uşaqların var. Özün də dədəm yaşındasan…
Fərzalı zarıdı:
– Bu gen dünya mənə dar olub, Qəmər, neynirəm o arvadı, o uşaqları. Sənsiz mənim həyatım yoxdur.
Fərzalının dedikləri həqiqət olsaydı belə, bu, baş tutan sevda deyildi. Qəmər ərinə sədaqətli idi. Bundan başqa, həm də bilirdi ki, Fərzalı gözünün içinə kimi yalan deyir. O, bir az imkanlı idi. Əli pula oynayırdı. Pulun gücünə arvadları yoldan çıxarırdı. Xəyalı özgə arvadlara getdiyindən Qəməri də toruna salmaq istəyirdi. Şirin sözlərlə onu başdan eləyib kam alacaq, sonra başqa sevda dalınca düşəcəkdi.
Qəmər qəti şəkildi:
-Bax, ardımca gəlsən, hay-həşir salıb camaatı yığacam başıma. Ondan sonra gərək papağını götürüb kənddən çıxasan, onu da götürə bilsən…
Fərzalı yenə nəsə demək istədi. Qəmər imkan vermədi:
– Rədd ol, biqeyrət, oğraş!!!
Qəmər yoluna düzəldi, Fərzalı onun ardınca baxa-baxa qaldı…
Qəmər su sonarı kimi qadın idi. Baxan göz kəsmək bilmirdi. Yumru ağappaq sifəti, çatma qaşları vardı. Yanağındakı qara xal gözəlliyini birə-beş artırırdı. Qadın nə kök, nə də arıq idi. Həm də incə beli vardı. Belə gözəlləri rəhmətlik Mola Pənah yaxşı vəsf edib:

Baxmaq ilən doymaq olmaz üzündən,
Danışanda şirin-şirin sözündən,
Onun üçün göz kəsmərəm gözündən
Müştağam, ey şəkər kanı, mən sənə.

Qız vaxtlarında çoxları Qəmərin dərdindən ölürdü. O isə hamısını başından eləyib Nağıya ərə getmişdi. Nağının ailəsi varlı, imkanlı olmasa da, zəhmətkeş və halal idi. Ata-anası, qardaş-bacıları kolxozda, özü isə şəhərdəki tikintilərin birində fəhlə işləyirdi.
Qəmər yetkinlik yaşına çatanda Fərzalı artıq evli idi. Bir oğlu, bir qızı vardı. Hər dəfə Qəməri görəndə için-için yanırdı. Bilirdi ki, arvadını boşayıb onu almaq istəsəydi belə, Qəməri ona verməzdilər. Həm də Qəmər özü ona getməzdi. Bundan başqa, subay olsaydı da, yel olub qızın yanından keçə bilməzdi. Odur ki, yavaş-yavaş Qəməri yadından çıxarmağa çalışdı. Lakin qız ərə gedəndən sonra gözəlliyi birə-beş artdı. Fərzalı da artıq arvad bişirməkdə ustalaşmışdı. Bəziləri elə asanca tora düşürdü ki… İnad edənlərin bir qismini hədiyyələrlə, pulla sındırırdı. Odur ki, Fərzalı öz bəxtini bir daha sınamaq istəyirdi. Dünyanın gözəlləri yığılıb gəlsənlər belə, onlardan heç biri Fərzalıya lazım deyildi. Qəməri onlara dəyişməzdi.
Fərzalı cavabını alsa da, üzü-gözü söyülsə də, qərarından dönmək istəmirdi. «Heç olmasa bircə dəfə Qəmərə sahiblənə bilsəydi, dünyada dərdi olmazdı».
Qəmər həmin söhbətdən sonra bulaq başına tək getmir, oradan da qızlarla qayıdırdı. Bunu görən Fərzalı fikirləşdi ki, bir müddət məsləhətdir qadının gözlərinə görünməsin. Qoy o da sakitləşsin, arxayınlaşsın. Bəlkə onda yenə onu görə, söhbət edə, ələ ala bildi.
Zənnində yanılmamışdı. Tamam arxayınlaşan Qəmər «Xonubaş cavabını alandan sonra axır ki yaxamdan əl çəkdi» deyə fikirləşib bir gün bulaq başına yenə tək çıxdı. Amma qadın Fərzalının nə qədər inadkar və əclaf olduğunu yaxşı bilmirdi. Qadının söyüşündən də qətiyyən inciməmişdi. Qəmər nə qədər «yox» deyirdisə, Fərzalının inadı bir o qədər artırdı. Bu yolda bütün var-dövlətini dağıtmağa hazır idi.
Qəmər fikirli-fikirli gedirdi ki, birdən Fərzalı elə bil yerin altından çıxıb onun qarşısında peyda oldu, hətta əlini atıb qadının mərmər kimi ağ biləyindən yapışdı. Qəmər dartınıb onun əlindən çıxdı, səhəngi fərlayıb Fərzalıya tulladı. Fərzalı yıxıldı, Qəmər uzaqlaşdı. Fərzalı daha onun ardınca getmədi. Üst-başını çırpıb yerə tüpürdü:
– Doğanının… Yaxşı baxarsan, bu heyfi səndə qoysam…
Fərzalının sözləri Qəmərin də qulaqlarına çatdı. Amma qadın bilmədi ki, Fərzalı necə hayıf çıxacaq. Fərzalı isə axır bir gün Qəməri yola gətirə\cəyini, onu qolları arasına alacağını nəzərdə tuturdu. Bu xəyallara qapılaraq hətta gülümsüdi də…
Fərzalı yenə əvvəlki metoduna keçmişdi. Kol-kosun dibinə, ağacın arxasına sığınıb Qəmərə baxır, baxdıqca alovlanırdı. O, gözəl çöhrəni, mütənasib və biçimli bədəni, düz, yaraşıqlı qıçları görmək onun zövq mənbəyinə, həyat eşqinə çevrilmişdi. Bir dəfə kola sığınmış Fərzalı ehtiyatsızlıq eləyib həmişəkinə nisbətən özünü bir qədər irəli verdi və bu, Qəmərlə Qoşa addımlayan Sonanın gözündən yayınmadı:
– O xonubaşı görürsən?! Kolun dalında gizlənib sənə baxır.
Qəmər tutuldu. Lakin vəziyyətdən çıxmaq lazım idi. Ona görə də:
– A…z, nə bilirsən mənə baxır. Bəlkə sənə baxırmış.
Sona and-aman eləməyə başladı:
– Yox, vallah, mənə baxsaydı, gözünü daha sənə niyə zlləyirdi?!
– Sona, baxır, cəhənnəmə baxsın. Onu saya salan varmı?! Heç mənim tayımdır? Cavan, nər ərim var. Beləsinin yüzünə dəyər. Qoy anqırıb tayını tapsın!
Sona dedi:
–  Deyirlər, bu şorgözün pulu çoxdur. Arvadlar da onun puluna yerikləyib, saqqızlarını oğurladırlar…Birdən, ay Qəmər, səni də yoldan çıxarar…
«Bax, bu çatmırdı. İndi kənddə damba-durum başlanacaq» deyə fikirləşən Qəmər tez:
– Tüpürüm ona da, onun puluna da…Fərzalı kimi pullu mürdəşirlə bir yatağa girməkdənsə, əlli il ərsiz, özü də dilənçi kökündə yaşamaq yaxşıdır.
Qızlar sahənglərini doldurub ev-eşiklərinə gəldilər və bir daha həmin söhbətə qayıtmadılar. Lakin məsələ get-gedə qəlizləşir, Fərzalını qandırmaq olmurdu. Sabah Fərzalı Sona kimi bir başqasının da diqqətini cəlb edər, onun Qəmərə baxdığını, yaxud qadının qarşısını kəsdiyini görə bilirdi. Ondan sonra camaatın ağzını heç cür yığışdırmaq olmayacaqdı. Deyəcəkdilər: «Torbada nəsə var». Əri Nağı da cin atına minəcək və soruşacaqdı: «Əgər torbada pişik yox idisə, niyə mənə demirdin?»
Qəmər onun suallarına cavab verməyə söz tapa bilərdi. Tutaq ki, deyərdi: «İstəmirdim heç nədən qanını qaraldım, aranızda söz-söhbət olsun». Onda Nağı da deyə bilərdi: «İstəmirdin? İndi jamaatın ağzını yum görüm, necə yumursan».
Odur ki, axşamüstü Nağı işdən gəlib xörəyini yeyəndən sonra Qəmər onu içəri otağa çağırdı və əhvalatı danışdı. Nağı Fərzalının ünvanına xeyli asdı-kəsdi. Bir istədi gedib evindən bayıra çağırsın, arvadının, uşağının yanında təpiyinin altına salsın. Düşündü ki, onda özü də dilə-dişə düşəcək. İşi sakitcə görmək, onun dərsini vermək lazımdır ki, nə dil bilsin, nə dodaq. Bəs necə? O, fikrə getdi.
Ər-arvad bir müddət Nağının ata evində yaşayandan sonra ayrıca torpaq sahəsi götürmüş, ev tikmiş, bağ-bağça, bostan salmışdılar. Gündüzlər Nağı şəhərdə - işdə olurdu. Qəmər evdə çox vaxt tək qalır, iş-güc görürdü. Nağı yalnız şənbə və bazar günləri, bir də axşamlar evdə olurdu. Lakin buna baxmayaraq, Fərzalı evin həndəvərinə yaxın düşə bilmirdi. Qohum-qonşu görərdi. Hamı həyət-bacada əlləşirdi. Nağı axır ki, qərara gəldi və fikrini arvadına dedi…
Qəmər bir-iki gün bulağa tək getdi. Arada gözlərini dolandırıb kol-kos səmtə, ağaclara sarı baxırdı. Fərzalı görünmürdü. Nəhayət, üçüncü gün Fərzalını yenə də tülkü kimi ağacın arxasından onu pusan gördü. Qəmər adətinin ziddinə gedərək addımlarını yavaşıtdı və çağırdı:
– Fərzalı!
Fərzalı qulaqlarına inanmadı. Bu səsdə acıq, qəzəb, hiddət yox, bir mülayimlik vardı. «Adın nədir – Daşdəmir. Bax, belə yumşalarsan», - deyə fərasətinə özü də heyran qaldı. Zarafat deyildi, dünyanın gözəlini özünə ram edə bilmişdi. Fərzalı cəld ağacın dalından çıxdı. Sevincək:
– can, Fərzalı! Fərzalı deyən dilinə qurban!
Qəməri gülmək tutdu, lakin bir təhər özünü ələ aldı. Fərzalı ona yaxın gəldi. Qəmər yan-yörəsinə baxıb kimsənin onu eşitməyəjəyinə əmin olaraq dedi:
– Fərzalı, inandım ki, mənim eşqimdən həqiqətən dəli-divanəsən…
Fərzalı boynunu büküb yazıq görkəm aldı:
– Mən nə deyim, özün görürsən də…
Qəmər davam etdi:
– Burada çox ləngimə. Görən, eşidən olar. Sözlərimə qulaq as. Sabah axşam Nağı evdə olmayacaq. Şəhərdə işi var. Axşam saat birdə gözləyəcəyəm. Gələrsən, söhbət edərik. Di get. Sabaha qədər.
Fərzalının sevincinin həddi-hüdudu yox idi. Nitqi kəsildiyindən nə «hə» deyə bildi, nə də «yox». Bircə Qəmərin sözünə qulaq asıb tez yoxa çıxdı. Qəmər onun ardınca baxıb gülümsündü və yoluna düzəldi…
…Axşam saat birə qalırdı. Kənddən əl-ayaq çəkilmişdi. Sərin meh əsirdi. Bədirlənmiş ay göyün üzünə min yaraşıq verirdi. Bir yandan da ulduzlar sayrışırdı. Fərzalı srağa gün rayon mərkəzindən zavmaq Orucun şəxsən özündən aldığı üç metrlik «otrezi» və şokolad qutusunu səliqə ilə qəzetə büküb qoltuğuna vurmuşdu. Asta-asta yeriyir, arada ayaq saxlayıb yan-yörəsinə, arxaya baxırdı. Ehtiyatı əldən vermək istəmirdi. Sevinci aşıb-daşsa da, canına qorxu da çökmüşdü. Şərtləşdikləri kimi Qəmər həyət qapısını arxadan bağlamamışdı.
Fərzalı darvazanı itələyib həyətə keçdi. Ətrafa göz gəzdirdi. Sakitlik idi. Otaqlardan birinin işığı yanırdı. Qəmər onu gözləyirdi. O, Fərzalını üzügülər qarşıladı. Fərzalı gətirdiyi hədiyyələri Verdi. Qabaqcadan hazırlıq görülmüş, süfrə salınmışdı. Qəmər yer göstərdi. Fərzalı əyləşdi. Qadın mətbəxə çay gətirməyə getdi. Fürsətdən istifadə edən Fərzalı cəld ayağa qalxıb qonşu otağın işığını yandırdı. Qorxu canından getməmişdi. Hətta şifonerin qapısını da açıb baxdı. İçəridə ins-cins yox idi. İşığı söndürüb geri qayıtdı və yerində əyləşdi. Qəmər iki stəkan çay gətirdi Fərzalının birdən yadına düşdü ki, həyətə girəndə çöl qapının cəftəsini vurmayıb. Odur ki, ayaqyoluna dəymək bəhanəsilə həyətə düşdü. İri cəftəni vurdu. Əllərini yuyub təzədən stolun arxasına keçdi. Artıq ürəyi sakit idi. Arabir mətbəxlə otağın arasında vurnuxan Qəmərə göz yetirir: «Xudaya, dərgahına min şükür! Arzumu gözümdə qoymadın», - deyə fikirləşir, baxışlarını Qəmərin yanından-yançağından çəkə bilmirdi:
– Süfrənin üstündə dünyanın naz-neməti var. Niyə özünə əziyyət verirsən? Gəl bir yanını yerə qoy. Yorulub əldən düşdün ki…
Qəmər əyləşməyə tələsmir, hər dəfə bir şeyi bəhanə edib məxbəxə, qonşu otağa keçir, həyətə düşürdü.
– Darıxma, ay Fərzalı, hər şeyin öz vaxtı, vədəsi var. Hövsələn olsun.
Bu ara otağın qapısı açıldı. Nağı daxil oldu. Onu görən kimi Fərzalı dik ayağa qalxdı. Sifətinə ölüm rəngi çökdü. Tez dönüb Qəmərə baxdı. Baxışlarından oxumaq olurdu: «Bə deyirdin bu gecə ərim şəhərdə olacaq?!»
Nağının heç nədən xəbəri yoxmuş kimi:
– Bıy, Qəmər, qonağımız var ki… Fərzalı, xoş gəlmisən. Yallah…- deyib əlini irəli uzatdı. – Əşi, otur. Niyə durub baxırsan. Arvad, yemək çək.
Fərzalı bir anda ölüb təzədən dirildi: «İndi Nağı birdən soruşsa ki, gecənin bu vaxtı xeyir ola, qonaq gəlmisən? Nə deyim?»
– Çörək kəs, Fərzalı…
Fərzalının çörək yadına düşürdü?! Öz hayındaydı. İndi bu vəziyyətdən necə çıxsın?
– Hə, çörək boğazından keçmir? Ay biqeyrət, camaatın arvadına söz atırsan? Arvadımızla özümüz bacara bilmirik ki, sən köməyə gəlmisən? Dünya dərəbəylikdir? Bunun bir yiyəsi yoxdur? Ay oğraş, bir özünə bax, bir də mənə. Səndən əskik kişiyəm? Yoxsa atam atandan əskik idi? Əlinə beş-on manat düşüb, girişmisən ağılsız arvadlara… İndi mən gərək səni tənbeh eləyəm. Bəlkə ağlın gələ başına.
Fərzalı yalvarmağa başladı:
– Nağı, qələt eləmişəm, keç günahımdan. Nə cəza verirsən ver, ancaq kənd arasında məni rüsvay eləmə.
Qəmər mətbəxə keçmişdi. Nağı ayağa durdu, Fərzalı da qeyri-ixtiyari qalxdı.
– Düş qabağıma!
Nağı Fərzalını mətbəxə apardı. Fərzalı əmrə müntəzir dayandı. Hey fikirləşir tapa bilmirdi ki, Nağı ona nə cəza verəcək. Demə, məxbəxdən evin zirzəmisinə yol varməş. Nağı əyilib dizlərini yerə qoydu. Zirzəmiyə açılan balaca qapını qaldırdı. Qəmərin ona uzatdığı fənərlə pilləkəni işıqlandırdı. Nağı Fərzalıya müraciətlə dedi:
– En aşağı!
Fərzalı deyilənə əməl etdi və eyni zamanda fikirləşdi: «Yəqin bir neçə gün zirzəmidə dustaq saxlayacaq. Ey dadi-bidad, birdən öldürər, elə buradaca basdırar. Nə biləcəklər ki… Heç meyitim də tapılmayacaq. Deyəcəklər itkin düşüb. Əcəb ölümdür!»
Nağı da pilləkənlə aşağı düşdü. Əlini uzadıb sol tərədəki işığın açarını basdı. Zirzəmi işıqlandı. Burada iki kisə qoyulmuşdu. Nağı kisələri göstərib dedi:
– Bu kisənin birində buğda, digərində arpa var.
Sonra o, kisələrdən birinin, daha sonra digərinin ağzını açıb zirzəminin ortasındakı təmiz süpürülmüş və üzərinə göy rəngli qalın parça salınmış yerə töküb möhkəmcə bir-birinə qarışdırdı:
– Səhərə qədər arpa ilə buğdanı bir-birindən ayırıb kisələrə yığarsan. Gəlib yoxlayacağam. Arpa kisəsində bir dənə buğda, ya da buğda kisəsində bir dənə arpa görsəm – kisələri bir daha yerə boşaldacaq, səni məcbur edəcəyəm ki, bu işi yenidən görəsən. Evdə un qurtarıb. Sabah kisələri dəyirmana aparmalıyam. Hər şey qaydasında olsa, sən sağ, mən də salamat, çıxıb gedərsən evinə. Çatdırmasan, ya da işi yarıtmasan sabah axşam da burada qalmalı olacaqsan.
Fərzalı zirzəmiyə açılan qapının necə qıfıllandığını aydınca eşitdi. Başqa əlac qalmamışdı. Boş kisələrdən birini sağ, digərini isə sol yanına qoyub buğdanı sağ, arpanı isə sol tərəfindəki kisəyə atmağa başladı. Bu çox ağır iş idi, xəlbirlə su daşımağa bənzəyirdi. Sürətlə işləyirdi. Odur ki, az keçmiş yorulub əldən düşdü. Ac və susuz idi. Lakin çəkdiyi əziyyətə, işgəncələrə dözərək tapşırığı yerinə yetirirdi. Günahını yumalı idi. Nağının necə tərs adam olduğunu bilirdi. Sözünə baxmasaydı, onu kəndin ortasına çəkib o ki var çırpacaqdı.
Fərzalı tutduğu əməldən peşman olmuşdu. Öz-özünü qınayırdı: «Mənə deyən gərək nə düşmüsən bu arvadların dalına…Xoruzsan?!
Sübh vaxtı zirzəminin qapısı açıldı. Nağı:
– Qurtarmısansa açıb-buraxım?
Fərzalıdan səs çıxmadığını görüb elə bildi ki, işi yarımçıq qalıb. Qapını bağlamaq istəyəndə Fərzalının zarıltısı eşidildi:
– Qurban olum, Nağı, qurtarmışam. Mənə yaxşı dərs verdin. İndi uzaqdan zənən xeylağı görəndə də yolumu dəyişəcəyəm. Sən lap mənim anamı…
Nağı yol verdi. Fərzalı səndələyə-səndələyə yoluna düzəldi…
…Həmin hadisədən bir xeyli keçmişdi. Fərzalı bir neçə gün gözə görünmədi. Bütün bədəni ağrıyırdı. Kötəklənsəydi, bundan yaxşı idi. Xəcalətindən dərdini heç kimə deyə bilməmişdi. İndi daha qadınları görəndə ağzının suyu axmırdı. Başına gələn əhvalatı yadına salıb üzünü yana çevirirdi. Bir dəfə darıxıb bulaq başına çıxmışdı. Fikirli-fikirli gəzişirdi. Birdən Qəmərlə rastlaşdı. Qəribə idi. O, Fərzalıdan əvvəlki kimi qaçmırdı. Düz ona sarı gəlirdi. Qarşılaşanda Fərzalı yolunu dəyişmək istədi, bir də gördü ki, Qəmər Fərzalının üzünə gülümsəyib ona göz vurdu.
Fərzalı başına gətirilən oyunu yadına salıb peşman-peşman dedi:
– Deyəsən, ununuz qurtarıb?

Комментариев нет:

Отправить комментарий