Страницы

31.03.2013

Azərbaycan yəhudiləri (qədimdən bu günə)


Kərim Şükürov

Yəhudi diasporu: yaranma tarixi və xüsusiyyəti

Yəhudilər əslən Mesopotamiyadandırlar. Təxminən e.ə. XIII əsrdə Fələstinə gəldilər. Onlar özlərini “ibri” – “keçənlər [çayı, yəni Fərat çayını]” adlandırırdılar. Fələstin dünyanın qədim sivilizasiya mərkəzlərindən biridir. Yəhudilər gələnədək burada xanaan adlı semit qəbilələri məskunlaşmışdır. İlk vaxtlar nəsli-qəbilə şəraitində yaşayan yəhudilər içərisində tədricən dövlət əmələ gəlir. İsrail-İudey dövlətində Saul (e.ə.XI), David (e.ə.1000-965) və Solomon (e.ə. 965-926) hökmranlıq edir. E.ə. 926-cı ildə İsrail-İudey dövləti cənubda İudey, şimalda İsrail dövlətlərinə parçalanır. Bu dövlətlər fərqli tarix yaşamalı olur. İsrail dövləti (e.ə.926-722) ərazisi və coğrafi şəraitinə görə əlverişli mövqeyə malik olduğundan daha çox tərəqqi edir. Burada ayrı-ayrı sülalələrdən olan çarlar hökmranlıq edirdi. Daxili çəkişmələr İsrail dövlətini (paytaxt Samariyə şəhəri idi) zəiflədir.
E.ə. 722-ci ildə Assuriya (e.ə.II min. – 605-ci il) çarı II Sarqon (e.ə. 722-705) İsrail dövlətini dağıdır. İsrail əhalisinin bir hissəsi köçürülür, onun əvəzinə Assuriya hakimiyyətində olan digər ölkələrdən əhali məskunlaşdırılır.
İsraildən fərqli olaraq İudeydə (e.ə.925-586) vahid sülalə - Davidilər hökmranlıq edir. Paytaxt Yerusəlimdə məbəd tikdirilir. İudey hakimi Ezekiya II Sarqonun e.ə.722-ci il hücumu zamanı böyük güzəştlər hesabına (xərac və ərazisinin bir hissəsini verməklə) dövlətini saxlamağa nail olur və İsrail dövlətinin süqutundan sonra 140 ilədək davam edir. Assuriyanın süqutu İudeyin mövqeyini gücləndirsə də, yeni təhlükə - Babil dövləti (e.ə.II min. əvvəlləri – 539) buna imkan vermir. Çar II Navuxodonosar (e.ə.605-562) e.ə.586-cı ildə paytaxt Yerusəlimi tutur. Əhalinin 10 %-i, əsasən, sənətkarlar və əyanlar Babilə köçürülür. Beləliklə, Babil əsirliyi başlayır və bu, 539-cu ilə qədər davam edir. Həmin ildə Əhəməni (e.ə.550-330) çarı II Kir (e.ə.558-530) Babili tutur və köçkünlərin geri qayıtmasına icazə verir. Sonrakı tarixi dövrlərdə yəhudilərin məskunlaşdığı ərazilərin tarixi Əhəmənilər, Selevkilər (e.ə.312-64), Roma (e.ə.VIII-e.V) və b. dövlətlərlə bağlı olmuşdur.
Yəhudilərin əvvəllər də köçürülməsinə baxmayaraq, diaspora tarixinin başlanması Babil əsirliyilə əlaqədardır.
Babil əsirliyi ilə yəhudilərin həyatında yeni situasiya yaranır: əvvəllər onların həyatı, bilavasitə Fələstinlə bağlı idisə, əsirliklə əlaqədar olaraq, Babil də belə ərazilərdən birinə çevrilir. İudey dövlətinin süqutu və Babil əsirliyi yəhudilər içərisində yeni ideoloji axının – peyğəmbərlər hərəkatının yaranması ilə nəticələndi. Bu hərəkatın əsasında vahid allahlılıq və onunla bağlı məslələlər dururdu. Bu baxışlar sistemi iudaizmdə əksini tapırdı. İudaizmin müqəddəs kitabı Əhdi Ətiq idi. Məhz iudaizm yəhudiliyin başlıca göstəricisi olub, diasporanın assimlyasiyasının qarşısını aldı və yəhudilərin varlığını qoruması üçün şərt oldu.

Azərbaycanın yəhudi diasporu: formalaşması və tərkibinə dair 

Azərbaycanla yəhudilərin ilk əlaqəsi nə vaxt yaranmışdır? Azərbaycanlı tədqiqatçı Məhəmmədhəsən Vəlili (Baharlı) hələ 1921-ci ildə Bakıda nəşr olunmuş “Azərbaycan. Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabında bu suala belə cavab vermişdir: “Azərbaycan yəhudiləri, Assuri padşahları tərəfindən əsir edilmiş, əvvəl Assuriyada və sonra Midiyada sakin edilmiş qədim yəhudilərin övladlarındandırlar. Buradan yəhudilər Assuri hökmranlığının süqutundan sonra, Salmanasar şahın zamanında (720 il İsadan qabaq və 1342 il hicrəti – Mühəmmədiyədən irəli), indiki Azərbaycana, Gürcüstana və Dağıstana köçmüşdülər”. Azərbaycanda yəhudi diasporunun təşəkkülünün Əhəmənilər dövrü ilə əlaqələndirilməsi barədə də fikirlər vardır. Hər bir halda, Azərbaycanda yaranmış yəhudi diasporunun dünya üzrə meydana gəlmiş ilk diasporalardan olması aydın olur. Azərbaycanda bu etnos daha çox “cuhud”, yaxud “yəhudi” adlandırılır.
Uzun tarixi inkişaf nəticəsində Azərbaycan yəhudilərinin tərkibində müəyyən dəyişikliklər baş vermişdir. Ən qədim yəhudi qruplarından biri dağ yəhudiləridir. Onlar ilk vaxtlar dağlıq ərazilərdə yerləşdiklərinə görə belə adlandırılmışlar. 
Dağ yəhudilərinin Azərbaycanda məskunlaşması xaricdən köçürülmələr və daxili yerdəyişmələr nəticəsində baş vermişdir. İlk köçürülmələr Sasani dövlətilə (III-VII əsrlər) əlaqələndirilir. Sasanilər Xəzərsahili bölgələrin müdafiəsini təşkil etmək üçün imperiyanın müxtəlif yerlərindən buraya əhali köçürmüşdür. Onların içərisində yəhudilər də var idi. Bu proses Ərəb Xilafəti (VII-IX əsrlər), monqollar (XIII-XIV əsrlər) və sonrakı dövrlərdə də davam etmişdir. XIII əsrdə Şirvana səyahət etmiş Rubruk burada yəhudilər olduğunu qeyd etmişdir. Mərkəzi və yerli hakimiyyətlərin bir-birini əvəz etməsinin yəhudilərin də vəziyyətinə təsiri olmuşdur. İkinci böyük dalğa kimi Səfəvi (1501-1736) hökmdarı Şah Abbasın dövrü (1587-1629) ayrılır. Dağ yəhudilərinin daxili məskunlaşmasında əsas dəyişikliklər Səfəvi dövlətinin varlığına son qoyaraq hakimiyyəti ələ alan Nadir Şah Əfşarın dövründə (1736-1747) baş vermişdir. Nadirin zamanında yəhudilər Çıraqqalada da yaşayırdılar. Cuhudlar və Cuhudkənd adlı kəndlər də əvvəllər burada yəhudilərin məskunlaşdığını bildirir.
Nadirin hücumları zamanı dağ yəhudilərinin Qudyal çayın sol sahilində yerləşən qəsəbəsi dağıdılmışdır. 
1747-ci ildə Nadir şahın öldürülməsi ilə Əfşarlar dövləti parçalanmış, xanlıqlar yaranmışdır. Yeni yaranmış Quba xanlığının banisi olan Hüseynqulu xan (1747-1758) yəhudilərin əvvəlki yerlərindən nisbətən aşağıda məskunlaşmasına icazə vermişdir. Beləliklə, burada Yəhudi qəsəbəsi yaranır. Hüseynqulu xanın oğlu Fətəli xanın dövründə (1758-1789) Quba xanlığına əhali köçürülmələri davam etmişdir. Cənubi Azərbaycandan və Gilandan köçürülən əhali içərisində də yəhudilər var idi. Bu köçürülmələr nəticəsində Quba ilə birgə, digər ərazilərdə də yeni dağ yəhudi məskənləri yaranırdı. 
XIX əsrin əvvəllərində Azərbaycanın şimalında Rusiya imperiyasının işğalları başladı, 1804-1813 və 1826-1828-ci illər rus-İran müharibələri nəticəsində Azərbaycan torpaqları bölüşdürüldü. Bundan sonra dağ yəhudilərinin məskunlaşdığı Şimali Azərbaycan torpaqları Rusiya imperiyasının tərkibinə qatıldı. Dağ yəhudilərinin vəziyyəti Rusiya imperiyasının onlara münasibəti ilə müəyyən edilməyə başladı. 
Avropada yəhudi əhalisinin çox olduğu yerlərdən biri Polşa idi. Lakin II Yekaterina dövründə (1762-1796) həyata keçirilən bölüşdürmələr zamanı (1772, 1793, 1795) Polşanın yəhudilər yaşayan ərazisinin bir qismi Rusiyaya keçdi. Rusiya imperiyasında yəhudilərə qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirildi.  1791-ci ildə “oturaqlıq hüdudları” («черты оседлости») haqqında qanun (müəyyən olunmuş hüdudlardan kənarda yəhudilərin yaşaması qadağan olunurdu) qəbul edildi. Bu qanun yeni işğal edilmiş Azərbaycan torpaqlarında tətbiq edilmədi. Bununla bərabər, imperiyanın yəhudilərə qarşı siyasətinin başlıca prinsipləri burada da əksini tapırdı. Azərbaycan yəhudilərinə münasibətdə də həqarətli “jidlər” ifadəsi tətbiq edilir, yaxud onların etnik mənsubiyyəti təhrif edilərək tatlaşdırılırdı və s.
Rusiya işğalından sonra Azərbaycanda yəhudilərin məskunlaşma arealında müəyyən dəyişikliklər oldu. Yəhudilər, əsasən, Qubanın Kulqat, Şəkinin Vartaşen (Müasir Oğuz), Şirvanın Şamaxı şəhərində, Mücü və Mücü-Həftəran məskənlərində yaşayırdı. Bakının quberniya mərkəzinə çevrilməsi ilə əlaqədar (1859) Bakıda da dağ yəhudilərinin sayı artırdı.
Qafqaza aid ilk məlumat sorğu kitablarından birində (1823) göstərilirdi ki, Qubanın qarşısında yerləşən Kulqat kəndində məskunlaşan jidlər öz qanunlarına etiqad edir, dörd ravvin və dörd sinaqoqu vardır. Qafqaz Statistika Komitəsinin redaktoru 1870-ci ildə yazırdı ki, yəhudilər Bakı quberniyasında Şamaxı qəzasının Mücü kəndində yaşayırlar. Sayları 145 həyət və hər iki cinsdən 1065 nəfərdir. Quba qəzasında isə ayrıca sloboda olan Kulqatda məskunlaşmışlar, onların sayı hər iki cinsdən 4390 nəfərdir. Bakı hərbi qubernatorunun 1869-cu il hesabatına görə, quberniyada onların sayı hər iki cinsdən 6046 nəfər (1848-ci ildə 6163 nəfər) idi. Redaktor digər bir məlumata əsasən, Qubada 10 ravvin, 10 sinaqoq və 20 məktəblə 952 ev, 3 ravvin, 1 sinaqoq və 2 məktəblə Mücü kəndində 145 həyət olduğunu qeyd edir. XIX əsrin sonlarında Qubadan və Yəhudi slobodasından Bakıya xeyli adam köçmüşdür. Həmin dövrdə Şəki qəzasının Vartaşen kəndində də əhalinin müəyyən hissəsini yəhudilər təşkil edirdi.
XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi hadisələr (1905-1907-ci illər inqilabı, 1917-ci il fevral inqilabı və s.) dağ yəhudilərinin də say dinamikasına təsir göstərdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan yəhudilərinin konsolidasiyası sahəsində müəyyən addımlar atıldı. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra 1926-cı ildə aparılan Ümumittifaq əhali siyahıyaalmasına görə Azərbaycanda 10270 dağ yəhudisi (4999 kişi və 5271 qadın) qeydə alınmışdır.
Azərbaycanın etnoxəritəsində rast gəlinən digər yəhudi qrupları karaimlər və krımçaklardır. Karaimlər mənşə etibarı ilə xəzərlərlə bağlıdır. Xəzər xaqanlığı ilə (VII əsrin ortaları – X əsrin sonları) Azərbaycan arasında sıx münasibətlər olmuşdur. Xəzər xaqanlığı dağıldıqdan sonra xəzərlərin bir hissəsi Krımda qalmışdır. Krımçaklar da Krımın orta əsr yəhudi əhalisidir. Həm karaimlər, həm də krımçaklar türk dil qruplarında danışırdılar. Karaimlər və krımçakların Azərbaycana gəlməsi Krım xanlığının Azərbaycana yürüşləri, Rusiya işğalından sonra isə Krımla Azərbaycan arasındakı əlaqələr zamanı baş vermişdir. 1926-cı il Ümumittifaq əhali siyahıyaalması zamanı az miqdarda krımçak (2 nəfər) və karaim (18 nəfər) qeydə alınmışdır. 
Xronoloji cəhətdən Azərbaycanda məskunlaşan növbəti yəhudi qrupu Kürdüstan yəhudiləri – laxluxlar olmuşdur. Laxluxların Azərbaycana gəlməsi 1826-1828-ci illər rus-İran müharibəsi və sonra həyata keçirilən köçürmələrlə bağlı olmuşdur. 
Dağ yəhudilərindən sonra Azərbaycan yəhudiləri içərisində başlıca yeri Avropa yəhudiləri – aşkenazlar tutmuşdur. Aşkenazların əsas coğrafi mənbələrini Rusiyanın “oturaqlıq hüdudları”ndan və Avropa ölkələrindən gələn yəhudilər təşkil etmişdir. İlk aşkenazların gəlişini XIX əsrin 30-cu illərində imperiyanın sektantları köçürmə siyasətilə əlaqələndirmək olar. Sonrakı axınlar Bakının ticarət və sənaye mərkəzinə çevrilməsilə genişlənmişdir. Bakı şəhərinin ümumi əhalisi ilə birgə, burada yəhudilərin də sayı artmışdır. 1926-cı il Ümumittifaq əhali siyahıyaalmasının nəticələrinə görə Azərbaycanda 20578 yəhudi (10048 kişi, 10530 qadın), əsas etibarı ilə aşkenaz qeydə alınmışdır. 
Azərbaycan yəhudiləri içərisində sefardların da olması məlumdur. Sefardlar ilk orta əsrlərdə İspaniyada məskunlaşmış yəhudilərin nəslindən idilər. Sefardların Bakıya gəlişi də burada ticarət və sənayenin inkişafı ilə bağlı olmuşdur. 
Gürcüstan yəhudilərinin formalaşması tarixi dağ yəhudilərinin gəlişi ilə eyni dövrə aid edilir. Onlar gürcü dilində danışır, Gürcüstan şəhər və kəndlərində xüsusi məhəllələrdə yaşayır, başlıca olaraq ticarətlə məşğul olurdular. Gürcüstan yəhudiləri XIX əsrin sonları –XX əsrin əvvəllərində  Bakıya gəlmişdir. 1926-cı il Ümumittifaq əhali siyahıya alması zamanı Azərbaycanda 427 nəfər (210 kişi, 217 qadın) Gürcüstan yəhudisi  var idi.
Azərbaycanda az miqdarda olsa da, Orta-Asiya (Buxara) yəhudilərinə də təsadüf olunmuşdur. Onların da Azərbaycanda görünməsi Bakıda ticarət və sənayenin inkişafı ilə bağlı olmuşdur. 1926-cı il Ümumittifaq əhali siyahıyalmasına görə, 48 Orta Asiya yəhudisi (31 kişi, 17 qadın) qeydə alınmışdır. 
1930-cu illərin sonlarında SSRİ-də milli münasibətlər sahəsində etnosların “birləşdirilməsi” prosesi baş verir. Azərbaycan yəhudi qrupları da “ixtisar” olunur.  SSRİ-nin dağılması ərəfəsində‚1989-cu ildə keçirilən sonuncu əhali siyahıyaalmasına görə, Azərbaycanda 30 594 yəhudi qeydə alınmışdır ki‚onlardan 5 404 nəfəri dağ yəhudisi idi. Hazırda Azərbaycan yəhudiləri – dağ yəhudiləri, aşkenazlar və Gürcüstan yəhudiləri icmaları ilə təmsil olunur.

Azərbaycanda yəhudilərə və yəhudilərin Azərbaycana münasibətləri

Bu baxımdan az və ya çox dərəcədə faktların olduğu təxminən son üç yüz ilə qədərki dövr aydın nəticələr çıxarmağa imkan verir. Burada müəyyən dövrlərə də ayırmaq mümkündür: Nadir şahın öldürülməsi və xanlıqlar dövrü (1747 – XIX əsrin əvvəlləri). Qubalı Hüseynqulu xan və onun oğlu Fətəli xanın əhali siyasəti  nəticəsində dağ yəhudiləri yenidən təşkil olundu, sabit məskən (Kulqat – Yəhudi slobodası – Qırmızı qəsəbə) əldə etdi (Yəqin ki, Qırmızı qəsəbənin tarixi adının – Yəhudi slobodasının bərpa olunması daha doğru olardı).
Rusiya imperiyasının işğalları və müstəmləkə dövrü (XIX əsrin əvvəlləri – 1917-ci il oktyabr). Bu dövrdə yəhudilərə münasibət çar Rusiyasının baxışı ilə müəyyən  edilir. Yəhudilərə qarşı “oturaqlıq hüdudları” tətbiq edilməsə də, onlara qarşı məhdudlaşdırıcı münasibətlər davam edir. Lakin Azərbaycanda, nəinki Rusiyanın qərbində baş verən yəhudi qırğınları (Kişinyov (1903), Odessa (1905), Belostok (1906) və b.) olmadı, əksinə, yəhudilərin iqtisadi və dini-mədəni inkişafı üçün müəyyən şərait yarandı.
Azərbaycanda istiqlaliyyət uğrunda mübarizə dövrü (1917-ci il oktyabr – 1918-ci il may). Yəhudilər Azərbaycanın istiqlaliyyətinin əldə edilməsində iştirak etdilər. 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı qırğınlarında, xüsusilə, Quba qırğınları zamanı (1918-ci il aprel-may) azərbaycanlılarla birlikdə olmuş, ciddi itkilərə məruz qalmışdılar. 
Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1918-1920-ci illər). Bu dövr Azərbaycan yəhudilərinin tarixində çox mühüm yer tutur. Azərbaycan parlamentinin təsisi haqqında qanuna görə, Yəhudi Milli Şurasına qanunverici orqanda bir yer ayrıldı. Hökumətdə yəhudilərə nazir, nazir müavinləri və digər vəzifələr verildi. Yəhudi Milli Şurası bütün yəhudilərin orqanı kimi tanındı və s.
Azərbaycan SSR dövrü (1920-1991). Bu dövrdə yəhudilərə münasibət SSRİ-nin siyasi kursu əsasında həyata keçirilirdi, lakin Azərbaycanda yəhudilərə münasibətdə formalaşmış tarixi ənənə bəzi müsbət istisnalarla müşayiət edilirdi.
Rusiyada bolşevik hakimiyyəti qurulan dövrdə (1917-ci il oktyabr) yəhudilər siyasi rəhbərlikdə həlledici mövqe tutmuşdular. Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin üçdə biri yəhudilər idi. 1917-ci il 26 oktyabrda seçilmiş Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin altı bolşevik üzvündən dördünü yəhudilər təşkil edirdi. Bu isə “yəhudi inqilabı”, “yəhudi nüfuzu” («еврейские засилье») kimi fikirlər yaratmışdı. Nəticədə yuxarı partiya orqanlarında antiyəhudi birliyi meydana gəlmişdir. Bir tərəfdən Azərbaycanda sovet hakimiyyətinin qələbəsinin belə bir dövrə təsadüf etməsi, digər tərəfdən Azərbaycanda siyasi rəhbərlikdə erməni-rus güruhunun möhkəmlənməsi yəhudilər üçün maneə oldu. Əslində, Azərbaycan yəhudiləri, xüsusilə, elita yaranmış siyasi vəziyyətdən düzgün nəticə çıxartdı. Azərbaycan yəhudiləri siyasi hakimiyyətdə möhkəmlənməkdən daha çox iqtisadi və sosial-mədəni həyatda üstünlüyə nail olmağa çalışdı. Bu xətt Azərbaycan yəhudilərini daha kəskin sarsıntılardan, demək olar ki, xilas edə bildi. 1970-ci illərdə yəhudilərin SSRİ-dən köçməsinə icazə verilməsi zamanı Azərbaycan SSR-dən də bir neçə min yəhudi getmişdir.
Müstəqil Azərbaycan Respublikası dövrü (1991-ci ildən). Azərbaycan yəhudiləri müstəqillik uğrunda mübarizədə, istiqlaliyyətin əldə edilməsi və möhkəmləndirilməsində Azərbaycan xalqı ilə birlikdə olmuşdur. Təsadüfi deyildir ki, 1990-cı il 20 yanvar faciəsinin şəhidləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsinin qəhrəmanları sırasında yəhudilərin də övladları vardır. Azərbaycan yəhudiləri Respublikanın həyatının bütün sahələrində hərtərəfli təmsil olunur, Azərbaycanın dünya yəhudiliyi və İsrail dövləti ilə dostluq münasibətlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan dövlətinin yəhudilərə münasibətdə tarixən formalaşmış xeyirxah siyasəti də uğurla davam etdirilir. 2500 ildən çox yaşı olan Azərbaycan yəhudi diasporasının həyatiliyi bu vəhdətin sayəsində mümkün olmuşdur.

Ədəbiyyat 

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabat).  I c. Bakı, 1998
Cavadov Q. Tatlar // “Azərbaycanın azsaylı xalqları və milli azlıqları” kitabında. Bakı, 2000, s.67-106
Quliyeva N. Azərbaycan tatlarının ailə məişəti və mənəvi mədəniyyəti. Bakı, 2005
Vəlili M. Azərbaycan. Coğrafi – təbii, etnoqrafik və iqtisadi mülahizat. Bakı, 1993
Агарунов М., Гусейнов Р., Кeримов Э. Горские евреи Азербайджана. Библиографический указатель. Баку, 2000
Агарунов Я.М. Большая судьба маленького народа. М., 1995
Беккер М. Евреи Азербайджана: история и современность. Баку, 2000
Всесоюзная перепись населения 1926 года. Т.ХIV. ЗСФСР. Народность – родной язык – возраст – грамотность. М., 1929
История и культура горских евреев Кавказа. Научный ред. и составитель  д-р. Микдаш – Шамаилова Л.А. Иерусалим – Куба, 2009
Кожинов В.В. Правда Сталинских репрессий. М., 2008
Миллер Б.В. Таты, их расселение и говоры // Изв. О-ва обслед. и изуч. Азербайджана 1929, вып.VII, №8.
Новейшие географические и исторические известия о Кавказе собр. и пополн. Семеном Броневским. М., 1823
Списки населенныx мест Российской империи по Кавказскому краю. LXV. Бакинская губерния. Тифлис, 1870.

publika.az

Комментариев нет:

Отправить комментарий