Страницы

01.03.2013

Bank kreditlərinin gətirdiyi bəlalar

Azərbaycanda problemli kreditlərin artma sürəti kritik xarakter daşıyır

Bu gün respublikamızda istehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri bank sektorudur. Xüsusilə kreditlərin ödənilməsinin vaxtı ilə bağlı vətəndaşlarla banklar və kredit təşkilatları arasında daim narazılıqlar yaranır. Bir tərəfdən vətəndaşların bağlanılan kredit müqavilələri ilə yaxından tanış olmaması, digər tərəfdən isə məhkəmələrin bu işləri yetərincə araşdırmaması səbəbindən insanlar çox vaxt əmlaklarını itirirlər. Ötən ilin martında Bakıda baş verən bir hadisə isə çoxlarını sarsıtdı. Şəki sakini 64 yaşlı Səadət Həsənova “KredAqro” bank olmayan kredit təşkilatının ofisində üzərinə benzin tökərək özünü yandırdı.
Hadisədən sonra 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan qadının həyatını xilas etmək mümkün olmadı. S.Həsənovanın özünü yandırmasına səbəb isə ödənilməyən kreditə görə mənzilinin əlindən alınması idi. “KredAqro\" təşkilatı hadisədən sonra yaydığı açıqlamada bildirdi ki, S.Həsənovanın təşkilatla heç bir kredit müqaviləsi və təşkilat qarşısında heç bir öhdəliyi olmayıb. Şəki sakini Vüqar Əliyev 19 oktyabr 2007-ci il tarixli kredit müqaviləsi ilə təşkilatdan 35.000 manat kredit götürüb, əvəzində kreditin təminatı kimi Səadət Həsənovanın oğlu Təyyar Həsənovun Şəki şəhəri M.Əzizbəyov küçəsi 49 saylı ünvanda yerləşən yaşayış evi girov qoyulub. Borclu Vüqar Əliyev borcunu ödəməkdən boyun qaçırdığına görə borc öhdəliyi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə girov evə yönəldilib. S.Həsənova isə bundan sonra təşkilatın mərkəzi ofisinə girərək oğlunun evinin girovdan azad olunması barədə tələblər irəli sürüb. Sonda isə intihar edərək həyatına son qoyub. Bu gün banklarla problem yaşayan vətəndaşların sayı yüzlərlədir. Respublikamızda problemli kreditlərin həcmi isə ildən-ilə artır. Bu isə yaxın vaxtlarda Səadət Həsənovanın taleyini yaşayacaq şəxslərin sayının az olmayacağını göstərir. Odur ki, artıq kritik həddə çatan bank-vətəndaş probleminin qarşısının alınması üçün həyəcan təbili çalmağın vaxtı yetişib.

«Sənədlərə diqqət etsələr, heç bir yerdə imzamın olmadığını görə bilərlər»

Oğlunun mənzilinin ələ keçirilməsi üçün bank fırıldağına etiraz olaraq həyatına son qoyan S.Həsənovanın oğlu Təyyar Həsənov deyir ki, Vüqar Əliyev qonşusu olub və kredit götürərkən qonşusu onu aldadıb: «Savadsız adamam, ancaq bu işdə əlim yoxdur. 20-25 adama fırıldaq gələn, artıq 3-cü məhkumluğuna görə saxlanılan Vüqarla bankın çox sıx «işbirliyi» var. Kredit götürüləndə orada olmamışam. Sənədlərə diqqət etsələr, heç bir yerdə imzamın olmadığını görə bilərlər. Mənə zaminlik adı ilə çayxanada imza etdirilən bir səhifə, 2 ildən sonra \"İpoteka\" adı ilə məhkəməyə verilib. İpoteka müqaviləsinin 3 tərəfli bağlanması göstərilsə də, notariat kitabında 2 nəfərin imzası var. Məndən xəbərsiz evim girov qalıb. 4 ay girov pulu ödəmişəm. 5 min manat verdim ki, evimi girovluqdan çıxartsınlar. Ancaq bu mümkün olmadı. Dəfələrlə qapımıza gəlib evimizdən bizi çıxartmaq istədilər. Axırda anam dözməyib Bakıdakı ofisə getdi və bu hadisə baş verdi».
Amma maraqlıdır ki, bu hadisədən sonra evin boşaldılması ilə bağlı heç bir addım atılmayıb. ”KredAqro\"nun rəsmisi Zaur Əliyevdən aldığımız məlumata görə, həmin problemli kredit bugünədək ödənilməyib: «Həmin mənzil məhkəmənin qərarı ilə ”KredAqro\"nun mülkiyyətinə verilib. Amma təşkilat humanistlik göstərərək güzəşt edib və Həsənovlar ailəsinə hələ ki, o mənzildə yaşamağa şərait yaradıb. Təşkilatın marağı yoxdur ki, vətəndaşların mülkiyyətini ələ keçirsin. Amma kredit götürənlər də əvvəlcədən düşünməli və vəziyyətin bu həddə çatmasına imkan yaratmamalıdır».
Məhkəmə qərarı ilə ”KredAqro"nun mülkiyyətinə verilən digər mənzillərin həmin vətəndaşlara güzəştə gedilməsinə gəldikdə isə Z.Əliyev bu barədə hər hansı fikir söyləyə bilməyəcəyini vurğuladı.

Şikayətlər araşdırılmır, məhkəmələr isə bankların xeyrinə qərar verir

Maraqlıdır ki, hüquq-mühafizə orqanları zərərçəkən ailənin evinin girov qoyulması və kredit götürülməsi ilə bağlı sənədlərə imza atılmaması ilə bağlı iddialarının heç birini araşdırmayıb. S.Həsənovanın ölümündən sonra Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) üzrə cinayət işi başlanılıb. Nərimanov rayon prokurorluğundan aldığımız məlumata görə, araşdırmaların nəticəsi olaraq cinayət işinə xitam verilib. Amma həmin mənzilin”KredAqro\"nun mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qərarı olduğu üçün prokurorluq digər məsələləri araşdırmayıb.
Amma sonradan «KredAqro\" bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olan materiallar əsasında filialın sabiq müdiri Nəsimi Əliyev barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb. N.Əliyev və filialın bəzi əməkdaşları 2010-cu ilin yanvar ayından 2012-ci ilin aprel ayınadək olan dövr ərzində ciddi qanun pozuntularına yol verilərək ayrı-ayrı vətəndaşların adlarına saxta sənədlər əsasında qanunsuz olaraq kreditlər verməkdə təqsirləndirilib.
Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, məhkəmələrdə bu tipli işlərə baxılarkən bankların, bank olmayan kredit təşkilatlarının xeyrinə qərar verilir: «Hətta mənim təcrübəmdə bir hadisə olub ki, vətəndaş əmlakını banka girov qoymayıb. Amma Ali Məhkəmə qərarında göstərib ki, əvvəllər bankda həmin əmlak başqa müqavilələrin bağlanması zamanı girovluqda olub. Buna görə də bu müqavilə üzrə həmin mənzili girov kimi qəbul etmək olar. Bu həqiqətən, biabırçılıqdır. Bu isə ondan xəbər verir ki, bankların maliyyə imkanları kredit alanlardan çox olduğuna görə, məhkəmələr ədaləti yox onların gücünü nəzərə alır. Çünki hazırda məhkəmə hakimlərinin əksəriyyəti pulun qarşısında davam gətirə bilmir. Bu isə digər vətəndaşların hüququnun pozulmasına gətirib çıxarır».

İlin sonuna problemli kreditlərin həcmi kritik həddə çatacaq

Azərbaycanda 2009-cu ilin ortalarından başlayaraq problemli kreditlərin həcmində artımlar müşahidə edilir. Maliyyə böhranından sonra qəbul edilən beynəlxalq standartlara görə problemli kreditlərin payı bank aktivlərinin illik 5 faizindən çoxdursa, bu artıq kritik hədd sayılır. Bu baxımdan vaxtı keçmiş kreditlərlə bağlı problemlər Azərbaycandakı kommersiya bankları üçün ciddi baş ağrısına çevrilməkdədir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il ölkə iqtisadiyyatına qoyulan kreditlərin 761,1 mln. manatının ödənilmə vaxtı keçib. Bu da əvvəlki illə müqayisədə 19,5 faiz artım deməkdir. Ötən il ölkə iqtisadiyyatına qoyulan kreditlərin ümumi həcmində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 6,3 faiz olub. Təkcə ötən il ölkədə problemli kreditlərin həcmi təxminən 1,5 dəfə artıb. Bu da kifayət qədər kritik həddir. Bu o deməkdir ki, əslində kommersiya banklarının böyük bir qismi 2006-2008-ci illərdə verdiyi kreditləri geri almaqda çətinlik çəkir. Xüsusən də istehlak kreditlərinin qaytarılması ilə bağlı vəziyyət daha pisdir. Nəticədə praktiki olaraq kommersiya banklarının likvidliyi kifayət qədər aşağı düşür. Bankların gəlir mənbələri azalır, maliyyə resurslarının qıtlığı baş verir. Eyni zamanda vətəndaşlar üçün ciddi problemlər yaranır.
Problemli kreditlərin səbəblərinə toxunan iqtisadçı Vüqar Bayramovun qənaətinə görə, əsas səbəblərdən biri bankların kifayət qədər yüksək faizlə əhaliyə kreditlər verməsidir: «Problemli kreditlərin əsas günahkarlarından biri də kommersiya banklarıdır. Kommersiya bankları, heç bir əsası olmadan, 2006-2008-ci illərdə kifayət qədər yüksək faizlə əhaliyə kreditlər təklif etdilər. Nəticədə kredit faizləri kifayət qədər kritik həddə, yəni 35 faizə yüksəldi. Bu da dünyanın heç bir yerində müşahidə olunmayan kredit faizləri idi. Kommersiya bankları həmin kreditləri verərkən düşünməli idi ki, bu cür yüksək faizlə verilən kreditlərin qaytarılması heç də asan olmayacaq. Ancaq kommersiya bankları ucuz gəlir əldə etməkdən ötrü kifayət qədər yüksək faizlərlə kredit verdi. Qlobal maliyyə böhranı ilə bağlı vətəndaşların bir qismi iş yerini itirdiyindən və yaxud da gəlirləri kəskin azaldığından, həmin kreditləri qaytara bilmədi».
«2008-ci ildən başlayaraq yaşanan maliyyə böhranı kreditlərin vaxtında ödənişinə də təsirsiz ötüşməyib. İqtisadi böhran, bazarın qıtlığı, insanların gəlirlərinin azalması və vəsaitlərin daha çox zəruri malların alınmasına yönəldilməsi bu problemlərin yaranmasına gətirib çıxarıb. Azərbaycan banklarında verilən kredit faizləri də bütün dünya miqyasında ən yüksək hesab olunur. Biznes kreditləri 18-20 faiz, istehlak kreditləri 36 faizə yaxınlaşıb. Bundan başqa kreditin sığortalanması, bank əməliyyatları və kreditlər verilərkən alınan «şapka» kredit alanın vəziyyətini daha da ağırlaşdırır. Sonradan isə pul qazanaraq bunu ödəmək çox çətindir» -deyə sabiq millət vəkili Nazim Məmmədov vurğulayıb.
İqtisadçının sözlərinə görə, bankların özlərinin də müəyyən nöqsanları var: «Bəzən kredit ekspertləri riskləri doğru qiymətləndirmir. Bankların koorperativ idarəetmə mədəniyyəti azdır. Həmçinin, banklar daha çox gəlir əldə etmə fonunda yüksək faiz tətbiq edir. Bu da sonda belə nəticənin yaranmasına səbəb olur».
İqtisadçı millət vəkili Əli Məsimli isə Azərbaycanda problemli kreditlərin artma sürətinin kritik xarakter daşıdığını vurğulayır: «Bunun görünən tərəfləri odur ki, bu kreditlər verilərkən kifayət qədər təhlil aparılmır. Faiz dərəcələrinin yüksək olması da kreditlərin qaytarılmasında ciddi problemlər yaradır. İnsanlar da texniki iqtisadi əsaslandırma aparmadan kreditlər alırlar».
Beynəlxalq Əməkdaşlıq üzrə Əmanətlər Kassaları Fondunun bank məsləhətçisi Elnur Vəliyev isə problemli kreditlərin əsas yaranma səbəbini kredit verilərkən düzgün qiymətləndirmə aparılmamasında görür: «Müştəri təhlili düzgün aparılmadığına görə bu cür hallar yaşanır. Banklar düşünür ki, artıq hansısa girov qoyulubsa, müştərinin gəlirliliyi, fost-major hallarını araşdırmağa ehtiyac yoxdur. Kredit faizlərinin yüksək olması da müəyyən qədər rol oynayır. Sonradan isə vaxtında monitorinqlər aparılmır. Əgər monitorinq aparılsa və problemin yaranması ilkin vaxtlarda aşkar olunsa, müəyyən tədbirlər görərək vəziyyətdən çıxmaq olar».

İnsanların illərlə çəkdikləri zəhmətin nəticəsi olaraq əldə etdiyi əmlak dələduzların yeminə çevrilir

Araşdırmalar göstərir ki, mövcud problemlərin yaranma səbəblərinin biri də, notariusların öz işlərini lazımınca yerinə yetirməməsidir. 2000-ci ildə təsdiq olunan «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın tələblərinə görə, hər bir vətəndaş notariusa müraciət edərkən onun hüquq və vəzifələri izah olunmalıdır. Kredit götürərkən və ya zamin durarkən əmlakını girov qoymaq istəyən vətəndaşa izahat verilməlidir. Vətəndaş müraciət edərkən və daşınar və ya daşınmaz əmlakını girov qoyarkən bununla bağlı tələblər ona aydın şəkildə izah edilməlidir. Amma hazırda buna riayət edilmir. Rəsmi sənədlərdə ev girov kimi götürülərkən orada qeydiyyatda olan hər bir şəxsin razılığının olması tələbi əksini tapsa da, bunlara reallıqda əməl olunmur. Sonradan notariusların bununla bağlı səhlənkarlığı ortaya çıxanda da nə hüquq-mühafizə orqanları, nə də məhkəmələr onları bu işlərə cəlb edir.
Hüquqşunas M.Baxışov da hesab edir ki, yaranan problemlərin bir səbəbini də notarius və məhkəmələrdə axtarmaq lazımdır: «Kreditlər rəsmiləşdirilərkən girovla bağlı məsələləri çox vaxt hansısa dəllallar, tanışlıq vasitəsilə həll edir. Nəticədə isə vətəndaşın əmlakı sonradan əlindən çıxır. Bu zaman məlum olur ki, ona heç nə izah olunmayıb və özünün də bilgisizliyi onu uçuruma sürükləyib. Problemin həlli yollarının ən ümdəsi bu cür müqavilələri təsdiq edən notariusların öz vəzifə borclarını qununda nəzərdə tutulan qaydada yerinə yetirməsidir. Həmçinin, vətəndaşlar maariflənməlidir. Xüsusilə, daşınmaz əmlakla bağlı ehtiyatlı olmaq lazımdır. İkinci ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti yaradılmalıdır. Məhkəmələr işlərə qanunverciliyin tələblərinə uyğun baxsalar, qanuni qərarlar qəbul edər və bu problemlər yaranmaz. İşbazlar da bu işlərin keçmədiyini görəndə bu işlərdən çəkinəcək. Bu isə insanların illərlə çəkdikləri zəhmətin nəticəsi olaraq əldə etdiyi əmlakın dələduzların yeminə çevrilməsinin qarşısını alardı».
Ə.Məsimli isə hesab edir ki, problemin qarşısının alınması üçün ciddi tədbirlər görülməsinə ehtiyac var: «Bunun obyektiv və subyektiv səbəblərinin üzə çıxarılması üçün araşdırma aparılmalıdır. Dövlət də bu işin tənzimlənməsində banklarla birgə fəal iştirak eitməlidir. Beynəlxalq təcrübədə bəhrələnilərək problemin həllinə çalışılmalıdır».

Dövlət vətəndaşına sahib çıxmalıdır

«Hökumətin bu problemə, prosesə müdaxilə etməsi olduqca vacibdir. Rusiyada qlobal maliyyə böhranı başladıqdan sonra problemli kreditlərlə bağlı Nazirlər Kabinetinin xüsusi qərarı oldu. Həmin qərarla vətəndaşlara problemli kreditləri qaytara bilmək üçün 5 il güzəşt müddəti tətbiq edildi. Praktiki olaraq, məhz kreditləri qaytara bilməyənlərə həmin müddətdə faizlərin hesablanması saxlanıldı. Təəssüflər olsun ki, Azərbaycanda əks proseslər müşahidə olunmağa başladı. Yəni krediti qaytara bilməyən vətəndaşlara güzəştlərin tətbiq olunması əvəzinə, Banklar Assosiasiyası krediti qaytara bilməyənlərin ölkəni tərk etməsinə qadağa qoyulması ilə bağlı parlament və Nazirlər Kabinetinə müraciət etdi. Bu onu göstərir ki, kommersiya bankları ilə müştərilər və kredit götürənlər arasında olan münasibətlər sivil deyil. Kommersiya bankları, nəyin bahasına olursa-olsun, problemli kreditləri vətəndaşlar vasitəsilə həll etməyə çalışır. Təbii ki, bu cür siyasət doğru deyil. Çünki bu ona gətirib çıxarır ki, vətəndaşlar bir növ diskriminasiyaya məruz qalır. Kommersiya banklarının indiki halda problemli kreditlər məsələsinin həll edilməsilə bağlı düşündüyü inzibati metodlar yaranan problemi həll etməyəcək. Əksinə, problem daha da dərinləşəcək. Banklarla əhali arasında ziddiyyətlərin dərinləşməsinə və bir neçə bankın müflis olmasına gətirib çıxaracaq»- bunu iqtisadçı Vüqar Bayramov bildirdi.
Bank məsləhətçisi Elnur Vəliyev isə ilk növbədə düzgün qiymətləndirmə aparılmasını vacib sayır: «Banklar müştəriyə kredit verərkən hərtərəfli araşdırma aparmalıdır. Kredit verərkən kəmiyyətə yox keyfiyyətə önəm vermək lazımdır. Banklar müştəri sayını artırmaq və daha çox gəlir əldə etmək üçün kimə gəldi kredit verməməlidir. İndiki vəziyyətdə isə dövlət vətəndaşına dəstək olmalıdır. Beynəlxalq təcrübədən çıxış edərək problemi yoluna qoymaq olar».
Sabiq millət vəkili N.Məmmədov isə deyir ki, bu problemlərin həlli üçün ilk növbədə inhisarçılıq aradan qaldırılmalı, sahibkarların maliyyə resurslarına çıxışı asanlaşdırılmalıdır: «Hökumət də banklara yardım etməlidir. Beynəlxalq təcrübə göstərir ki, əgər vətəndaşların borcları belə şişirsə, hökumət banklara bu borcları kompensasiya etmək üçün vəsait verir. Bu da həmin insanlara şərait yaradır ki, borcları ödəmək üçün yollar tapsın. Hökumətin vətəndaşı bankla baş-başa buraxması düzgün deyil. Dövlət vətəndaşına sahib çıxmalıdır».
Son illərin təcrübəsi göstərir ki, banklarla vətəndaşların problemi yarananda əksər hallarda məhkəmələr ədaləti üzə çıxarmaq əvəzinə, daha çox resursu və gücü olan bankların tərəfində durur. Bir tərəfdən düşdüyü çıxılmaz vəziyyət, bir tərəfdən isə ədalətsiz qərarlar sonda insanları özünə qəsd etməyə də sürükləyir. Problemli kreditlərin artma sürəti və bununla bağlı məhkəmələrdə baxılan işlərin sayı göstərir ki, yaxın zamanlarda Səadət Həsənova ilə eyni taleyi yaşayacaq insanların sayı yüzlərlə ola bilər. Bunların baş verməməsi üçün isə vətəndaşların maarifləndirilməsi, notarius və məhkəmələrin qanun çərçivəsində fəaliyyət göstərməsi, bankların kredit verərkən ciddi araşdırma aparması və hər bir halda dövlətin vətəndaşını müdafiə etməsi vacibdir.

aznews.az

Комментариев нет:

Отправить комментарий