Страницы

29.03.2013

Milliliyin və dövlətçiliyin çağdaş durumu

SAFRUH
Mütləqə İnam Ocağının Ruhani Başçısı

İnsanlar nə qədər desələr ki, “hər birimiz müstəqilik, öz fikrimiz var”, bütün bu fikirlər əslində bir ümumi obyektiv axından biçim alır. Bu biçim dövlətlərə, millətlərə, çağlara, demək olar, eyni cür təsir edir. Çağımızda dünya həddindən artıq (mən bunu ayrıca vurğu ilə deyirəm: həddindən artıq!) birləşib, ümumiləşib. Bu isə sifətsizləşməyə doğru aparır. İnsanlar, millətlər, dövlətlər sifətsizləşməyə qarşı ya şüurlu, ya da qeyri-şüuri dirəniş göstərirlər. Burada sanki güclülərin dediyi baş verir. Əslində biz isə həmin «obyektiv» gedişin diktəsini müşahidə eləyirik. Təsvirini verdiyimiz bu qısa mənzərə içində türklüyün və türk dövlətçiliyinin çox ciddi çətinliklərlə üzləşdiyini görürük.

Türklər tarix boyu özlərini döyüşlərdə, yerdəyişmələrdə, dindəyişmələrdə dərk eləyiblər. Çağımız isə belə oynaqlığa çox ağır bədəl ödədir. Dəyişkənliklər sabit güc yaratmır. Üstündə yaşadığımız planet insanların, xalqların yerdəyişimələri üçün sonsuz imkanlara malik deyil. Burada dayanıqlı, dəyişməz xüsusiyyətlər getdikcə köksüzlükləri sıxışdırıb sıradan çıxarır. Bu baxımdan, bizim sevgilimiz olan Türk milləti çox çətin durumdadır. Dövlətin vətəndaşları onun keçmiş dövlət gücünün psixologiyası ilə formalaşıb. İndi isə bu «dövlət» deyilən anlayışın içəriyi, tərkib hissəsi üzə çıxmalıdır. Bu içərik qaçılmazlığı üzərində dayandıqca biz türk dövlətçiliyinin keçmiş gücünün tərkib hissələrini bir yerdə görə bilmirik. O gücün yiyəsi kimi güman edilmiş Türk ulusu bu gün bir çox yöndən əliyalın durumdadır. “Osmanlı təəbələri” deyilən dövlətlərin Türk dövlətində birləşməyi həmin dövlətlər üçün daha anlamsız bir hal kimi görünür.
Türk millətinin özünün də müstəqil ulusal yaradıcılığı zəif olub. Dərin idraka əsaslanmayıb. Ona görə də bugünkü türklər nə özünəməxsus mədəniyyət daşıyıcısı kimi, nə özünəməxsus iqtisadiyyat yaradıcısı kimi, nə də özünəməxsus mənəviyyat yaradıcısı kimi dünyada tanınmırlar. Ona görə də çağın çaxnaşmalarına sinə gərəcək qədər ulusal birliyə və gücə malik deyillər.
Bu gün artıq din onları gücləndirmir, öz ruhaniyyatları yoxdur, öz qiblələri yoxdur. Buna görə də səmimi, gerçək olaraq, ali anlamda üzrlü olaraq Türklük axtaran könüllər harada, nəyin yörəsində, nəyin üzərində birləşəcəklərini ayırd edə bilmirlər. Bu hal Türkiyə Cümhuriyyəti dövlətini çox sarsıdır. O dərəcədə ki, İsrail kimi balaca bir dövlət göz görə-görə Türkiyə gəmisinə desant sallaşdırıb, öz tüfənglərinin lüləsini türklərin təpəsinə dirəyir. Türkiyə dövləti bunun qarşılığında heç nə edə bilmir. Məsələ illərlə süründürülür. İsrailin üzr diləməsini, öldürülənlərin ailələrinə ödəniş verilməsini istəyirlər. Bunlar Türk dövlətçiliyi üçün son dərəcə alçaldıcı və düşündürücü faktlardır. Balaca İsrail dövləti bu üzrü də istəmir. Öldürdüyü adamlara qan bahası da vermir. Hətta deyirdi ki, Türkiyə bizdən üzr istəməlidir.
İndi birdən ABŞ prezidenti Orta Doğuya gəlir, İsrail dövlətinin başçısı ilə dostcasına məsləhətləşir və ona deyir ki, bizim Türkiyə adlanan dostumuzdan ağızucu da olsa telefonda üzr istə. O da Barak Obamanın məsləhətini eşidir və elə onun yanındaca «Türkiyədən üzr istəyir».
Məsələnin üzr cəhətinə belə bir diqqət edilməlidir. Deyirlər ki, ABŞ-ın Yaxın Doğuda ən yaxın müttəfiqləri Türkiyə və İsraildir. İsrailin ərazisi 14 min kv.km-dir. Türkiyəninki isə 788 min kv.km-dir. İsrailin əhalisi 5 milyon, Türkiyəninki isə 75 milyondur. İsrailin son dövlətçiliyi 1948-ci ildən başlanır, Türk dövlətçiliyinin başlanğıcı isə xristian erasından öncələrə gedib çıxır. İndi görün, Türkiyə hansı acınacaqlı duruma gəlib çıxıb ki, o, Orta Doğuda ABŞ-ın İsraillə bərabər müttəfiqi olmasından qürur duyur. Bu balaca müttəfiq tüfənginin lüləsini heç çəkinmədən türklərin təpəsinə dirəyir. Bu, Türkiyənin dışarı güclərə münasibətdəki durumudur.
İçəridə isə Türk tarixinin son onillərinin ən gərgin hadisəsi olan «kürd açılımı». Burada lap faciəli – gülünc bir durum var. Türkiyə Cümhuriyyətinin ölümə məhkum etdiyi bir cani (dövlətin təyininə görə cani) dövlətin gündəmini özünün cəza evindən diktə eləyir. Başbakan isə özünü elə göstərir ki, Türk dövləti aşağılanmayb. Guya fərəhli gəlişmələr var, bunun da qurucusu sanki indiki başbakan R.T.Ərdoğandır. Bu məsələyə Öcalanın məktubunun oxunmasıyla bağlı Türkiyədə elə bir mənzərə hakimdir ki, sanki türk xalqı yoxdur, o xalq görünmür məktub komediyasında.
Cocuq qatili, 30-40 min dinc vətəndaşın öldürülməsinin təşkilatçısı, Türkiyə dövlətinə öz hesablamalarına görə 300 milyard dollarlıq ziyan vurmuş birisinə az qala həbsdən çıxmaq, sevilən, sayılan bir kəs olmaq taleyini yazmaq istəyirlər. Türkiyə dövlətinin qurucusu, qoruyucusu, rəmzi olan paşaları generalları isə ağırlaşdırılmış ömürlük həbsə atırlar. Türk tarixinin, türk qeyrətinin goru çatlar! O generallar adam öldürməyə hazırlaşmırdılar. Onlar Vətənin, Millətin, Dövlətin başına gətirilən hərc-mərcliyi dövlət yolu ilə aradan qaldırmaq istəyirdilər. Onlar insanları qırmağa hədəflənməmişdilər. Bu, mümkün də deyil, məntiqi də deyil. Çünki nizami ordunun başında duranların psixologi baxımdan öz ölkəsinin əhalisini qırmaq qəsdi ola bilməz. Onlar yalnız rejim dəyişikliyi edə bilərlər. Bu dəyişiklik əski rejim baxımından qeyri-qanuni ola bilər. Lakin qeyri-qanunilik heç də mütləq şəkildə cinayət deyil, pozuculuq deyil. Tarix bənzər olaylarla doludur.
Rejimi dəyişib, daxili və xarici təhlükələri sovuşdurub, daha ədalətli, daha sivil, çiçəkləndirici rejim yaradan qərəmanlar demək olar, hər ölkədə olub. Qəhrəmanlığa can atmaq cinayət deyil. Görəsən, indi o həbsdə olan generallar öz istədikləri rejimi qursaydılar, Türkiyə vətəndaşları daha çox itki verərdilər, yoxsa indi daha çox itki verməkdədirlər?
Biz Mütləqə İnam Ocağı olaraq millətin şərəfini, şəstini, ləyaqətini taleyini dövlətinkindən üstün tuturuq. Lakin bir millətə aid olan bu xüsusiyyətlər başqa millətin eyni xüsusiyyətlərinin tapdanması və ya gözardı edilməsi hesabına olmamalıdır. Biz onu alqışlamırıq.
Məsələn, mən Azərbaycanın Sovet İttifaqının tərkibindən çıxmasını istəyirdim. Lakin heç zaman rus xalqının ləyaqətini danmağa, tapdamağa çağırmamışam, elə bir şeyi yuxuda da görməmişəm. Ağlımın yetkin çağında görürəm ki, heç bir dövlət üstün kimliksiz olmaqla insanın ləyaqətinə xidmət edə bilməz, qabaqcıl ola bilməz. Üstün kimlik dövlətin bel sütunudur. Bel sütunu olmayan orqanizm raxitdir, çolaqdır, topaldır. Ondan hünər umula bilməz. Bu baxımdan, üstün kimliyi olan başqalarının da kimliyini dəyərləndirər və qoruyar.
Üstün kimlik məsələsi yalnız həmin görəv üçündür. Birinin asılılığından çıxmaq istəyən nə gözəl iş tutur! Lakin başqaları bilmir ki, sən asılılıqdan çıxdıqdan sonra onlarla necə rəftar edəcəksən? Azadlığa çıxmaq gözəldir, hamının arzusudur. Ancaq o, ali azadlığa layiq mənəviyyat və idrakı kim harada qazanıb? Mən elə bir qazanc ünvanı görmürəm. Mənim bir deyimim var: “Əsarətdən çıxdın – əsarət yaratma.” Bu hal indiki çağda heç bir gücdə özünü göstərmir.
Nə qədər qəribə olsa da, mən Safruh olaraq düşünürəm ki, insanlığın qurtuluşu, üzağlığı yuxarıda nəzərdə tutduğum şəkildəki üstün kimlikdədir. Bunsuz həm bütün millətləri, həm də ayrılıqda hər bir insanı mənəvi-ruhani puçluq gözləyir.
Son olaraq həm Öcalanın məktubunun oxunmasını, həm də İsrailin guya Türkiyədən üzr istəməsini türklüyün faciəsi və ələ salınması sayıram.
Atamız var olsun!

Комментариев нет:

Отправить комментарий