Страницы

20.03.2013

“Mən elə kitabı heç yaxın qoymazdım”


“Bu adam “otstavka”da olan polkovnikdir, Daxili İşlər Nazirliyində valyuta axtaran şöbənin müdiri olub. Durdum açdım qapını, dedim “yoldaş polkovnik, durun burdan...”

Bakının bütün kitablı adamlarının Qız Qalasının yaxınlığındakı köhnə kitab mağazasından yaxşı tanıdığı məşhur kitabşünas Elman dayı ilə müsahibə






- Əvvəla bu binanın tarixi barədə danışmaqdan başlayaq.
- Bu bina tikilib 1897-ci ildə, kitab mağazası kimi fəaliyyət göstərir 1978-ci ildən. O vaxta qədər bura cız-bızxana olub.

- Yəni yeməkxana?
- Bəli Bakı qoçuları, o yekə qarınlılar gəlib burda xaş, cız-bız yeyiblər.

- Siz nə vaxtdan burada işləyirsiniz?
- Mən ümumiyyətlə bu sahədə 1967-ci ildən işləyirəm, 47- ildir.

- İxtisasınız nədir?
- Xanım, mənim yeddi ixtisasım var. Onlardan biri də Kitabşünaslıqdır. Uşaqlıqdan kitaba olan həvəsim məni bütün ixtisaslarımdan kənara çəkdi. Orta məktəbi qurtarandan 8 il sonra universitetin kitabşünaslıq fakültəsini bitirmişəm. 1967-ci ildən kitab mağazasının müdiri işləmişəm.

- Burda?
-Yox , ümumiyyətlə. 13-il Fəvvarələr meydanında kitab mağazası var ha, erməni kilsəsinin yanında, oranın müdiri olmuşam (“Ali və Nino”nu nəzərdə tutur-red). Daha sonra 1980-ci ildə Bakı kitab evi açldı, mən ora direktor təyin olundum. Oranın ilk direktoru mən olmuşam, Hökumət evi ilə üzbəüz idi. 1980-1985-ci il ərzində, 5 il də oranın direktoru olmuşam. Sonra bəzi səbəblərdən getməli oldum. Konfiliktlər oldu.

- Konfiliktlərə səbəb nə idi?
- O idi ki, “sən o boyda kitabxananın direktorusan gərək bizim cibimizə qulluq edəsən” deyirdilər. Baxmayaraq ki, o vaxt sovet dövrü idi, indi də çox dəyişiklik yoxdur. Həmin adamlardır, onların törəmələridir bu günkülər də.

- Bəs bu mağazanı necə, əlinizdən almaq cəhdləri olmayıb ki?
- Çox cəhdlər olub, amma ki, nail ola bilməyiblər.

- Hazırda sizi narahat edən yoxdur ki?
- Yox, bura mənim özümündür. 2005-ci ildə böyük çətinliklərlə özəlləşdirdim. Belə bir yerdə kitab mağazasını özəlləşdirmək bilirsiniz nə deməkdir? Amma mən mübarizə aparmağı bacarıram, ömrüm boyu mübarizə aparmışam və çox zaman qalib gəlmişəm. Hətta mənə çox təkliflər olub ki, ay buranı sat mənə və s. Onlardan birini qeyd edim. Biri çox gəlib-getdi bura, dedim ki, “Yaxşı tutaq ki, mən buranı sizə satdım. Siz burda neyləyəcəksiz? Balaca bir sahədə.” Dedi “mən burda iki dənə qaraj düzəldəcəm, maşın qarajı. Birini oğlumun maşınına, birini də öz maşınım üçün” . Bizdə belələri minlərlədir. Özdə bu adam "atstavka"da olan polkovnikdir, Daxili İşlər Nazirliyində işləyib, valyuta axtaran şöbənin müdiri olub. Durdum açdım qapını, dedim “yoldaş polkovnik durun burdan çıxın və bir də bu qapıdan içəri girməyin.” Gözləmirdi, duruxdu, “tərəddüd etməyin, çıxın bayıra. Əəə hansı "kişiyəm" deyən öz iş yerini, özü də kitab mağazasnı satar ki, siz də o yeri qaraj edəsiniz?!” Bizdə bu saat çox təəsüf ki, adamların çoxunun beyni iki yerə işləyir. Bir mədəsinə, bir də cibinə. Bu gözəllikdə ölkə, bu gözəllikdə xalq, bu xalqın nə qədər gözəl xüsusiyyətləri var. Halbuki bu xüsusiyyətlər heç bir avropa və şərq ölkələrində yoxdur.

- Kitabların satışından necə, razısınızmı?
- Bilirsiniz bu barədə müxtəlif fikirlər var. Mən onların çoxu ilə razılaşmıram. Əllbətdə kitab oxuyanların sayı xeyli azalıb. Səbəbsə bir deyil. Birinci səbəbi kitabların həddindən artıq baha olmasında görürəm. Vətəndaşın aldığı maaşla kitabların qiyməti tərs-mütənasibdir. Ayda 150 manat maaş alan adam, 7-8-10 manata necə kitab alsın? Həm də internetdə məlumatlar, elektron kitabların da bu problemdə payı az deyil. Amma bilirsiniz bunlar heç bir kitabı əvəz edə bilməz.

- Xarici ədəbiyyat məlumdur, bəs bizim ədəbiyyat necə, oxunurmu?
- Bizim ədəbiyyat da oxunur. Mən deməzdim ki, Azərbaycanlılar kitab oxuyan deyil. Klassik ədəbiyyatı da, dünya ədəbiyyatından da, müasir ədəbiyyatı da oxuyurlar. Xüsusən son vaxtlar xarici ədəbiyyatdan nə qədər kitablar tərcümə olunub.

- Bəs bizim müasir ədəbiyyatdan cavan yazıçılardan kimlərin kitabını çox alırlar?
- Seymur Baycan, Əli Əkbər, Elçin Hüseynbəylini oxuyurlar, dedektiv ədəbiyyat sevənlərsə Çingiz Abdullayevi, Elxan Elatlını. Sevindirici haldır ki, cavanlar hətta fəlsəfə ilə maraqlanırlar. Volteri (Fransua-Mari Arue), Russonu (Jean-Jacques Rousseau), Hegeli (Georg Wilhelm Friedrich Hegel) oxuyurlar.

- Tanınmışlardan gəlib-gedən varmı bura? İctimai-siyasi xadimmi, yazıçımı?
- Bəli çox gəlib-gedirlər.

- Kimlərdir?
- Elçin Hüseynbəyli, Anar, Seymur Baycan, bəlkə indi xatırlamadıqlarım da var, amma var.

- Şairlərimizdən kimi oxuyurlar?
- Bizim klassik şairləri oxuyurlar, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Ramiz Rövşəni oxuyurlar.

- Əkrəm Əylisli necə, tanışlığınız vardımı, gəlib-gedirdimi heç bura?
- 30 ildən çox tanışlığımız var , onun da əsərlərini həmişə məmnuniyyətlə alırdılar.

- İndiyə kimi satmaqdan imtina etdiyiniz hansısa kitab olubmu? Milli-mənəvi maraqlara görəmi, dini hessiyata görəmi ki, hansısa kitabı satmaqdan imtina eləmisiniz. Ümumiyyətlə kitablar sizə satış üçün göndəriləndə, o kitabları özünüz oxuyub nəzərdən keçirirsinizmi?
- Məsələn dini xurafat, müxtəlif dini məshəbləri yayan ədəbiyyat, açıq-saçıq tərzdə yazılmış ədəbiyyat. Bunlar Azərbaycan şərq mentalitetinə zidd şeylərdir, bir də ki, ədəbiyyat axı bir növ tərbiyyə vasitəsidir. Ədəbiyyatda heç vaxt açıq-saçıqlıq, intim duyğular, hisslər çox qabarıq şəkildə verilməməlidir. Bir də o yerdəki millətin adına ləkə gətirən motivlər var, mən elə kitabı heç yaxın qoymazdım. Mən onları nəzərdən keçirirəm. Hansı ki, ifrat dərəcədədir mən onları heç qəbul etmirəm.

- Bayaq qeyd etdiniz ki, kitablar çox bahadır. Hər halda, dövlət buna rüsum qoyur. Onda belə çıxır ki, sizə çox az, qəpik-quruş qalır.
- Əllbətdə, kitabı qəbul edəndə ona 20 % əlavə edirik, o da mağazanın saxlanmasına, dövr etməsinə gedir. Bilirsiniz, ən böyük bəla odur ki, sivil ölkələrin heç birində kitaba nə o 18% ƏDV deyirlər e, o, gömrük xərcləri yoxdur. Amma təəssüf ki, bizdə hamısı var. O da kitabın son həddə baha çıxmasına səbəb olur.

- Oxuculara son sözünüz, tövsiyyəniz.
- Bir filosofdan soruşurlar ki, sizin üçün ən gözəl şey nədir? Deyir “tənhalıq və kitab.” Kitab insanı işıqlandırır eyni zamanda psixoloji sarsıntılardan qoruyur. Odur ki, istirahətinizi kitab oxumaqdan salın.

Aybəniz Ali           qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий