Страницы

02.03.2013

Mənim "axmaq" dünyam

Pərviz Sadıqov Pero

Heç nə yaza bilmirəm, heç nə yaza bilmirəm, heç nə yaza bilmirəm, heç bir şey, bir cümlə də yarada bilmirəm. Hərflər, ritmlər, siqaret tüstüsü ruhumu alıb aparır uzaqlara, əslində cismən bulunmadığım, amma fikrimin dolaşdığı yerlərə.... Uzaqdırmı, yaxındırmı, real ya fantaziyadırmı, onu da bilmirəm... Amma o məkanın "varlığına" inanıram... Susuz çöl də ola bilər, yer üzünün cənnəti də, kor bir quyunun dibi də... Haradırsa, ora "mənim dünyamdır", orda səmimiyyət var...
Mənim dünyam ideal deyil, orda da oğrular, qatillər, soyğunçular, rüşvətxorlar, şantajçılar, təcavüzçülər var... Amma hər kəs işinin peşəkarıdır. Qatil səni elə öldürər ki, sənin ölümün "ən yaxşı ölüm"lər nominasıyasında yarışar. Oğru günün günorta çağı adamı elə soyar ki, özünə ləzzət edər. "Molodes, köpəyoğlu elə oğurladı ki..." deyərsən.
Mənim dünyamda heç kəs bacarmadığı bir işin ustası olduğuna iddia etməz, hər kəs yerini bilər. İnsanlar şair, jurnalist, yazıçı, bankir, hərbiçi, məmur doğulur. Rüşvətxor TV-də oturub sənə ölkəmin şəffaf siyasətindən və iqtisadiyyatından danışmaz. Çünki hər kəs bilir o rüşvətxordur, özü də bilir, hər kəs bilir ki, özü bunu bilir, özü bilir ki, hər kəs də bunu bilir...TV kanallarında elə verilişlər var: "Biz susuruq, özüz danışın", "Bədbəxt şou", "Biz sizi adam yerinə qoymuruq", "Qoyunlar üçün", "Səyləmə saatı", "Aktual səylər"...
İddialar yoxdur, orda internet media da fərqlidir. Saytlar adlarından bəllidir, məsələn "gopologiya.md" (mənim dünyamın domenidir bu), "sırınmışlar.md", "sırtılmışlar.md"... Şüarlar da fərqlidir, "Sırtıla-sırtıla yoğrulduq" və yaxud "Bizi izləyin, sizə sırıyaq"... Daha heç kim durub ƏN vicdanlı, dəqiq olduğunu iddia etməz, çünki mənim dünyamda hər kəs bilir ki, bütün insanlar bir az da olsa vicdansızdır, dəqiqlik və qərəzsizlik isə nisbidir...
Ədəbiyyat isə bütün məkanların, zamanların ən idealıdır orda və çox sadə düsturu var. Kim nə istəyir yazıb kitab halına salmaqda azaddır. Lap istəsə dədəsinin puluna boş varaqları çap edib buraxar, ya da öz fotoalbomun buraxar. Düzdür, bizim real zaman uyğun gəlir, amma yanaşma fərqlidir. Çünki dünyada heç bir fikir tək deyil, mütləq hər kəsin həmfikri var, ona görə də axmağı axmaq, qoyunu qoyun, əslləri isə peşəkar və zövqlü oxucular oxuyur. Heç kim heç kmin kitabının kütləvi məhvini təşkil etməz. İnsanlar ən axmaq kitaba da diqqətlə yanaşır ki, "bəlkə o doğrudur, indiyə qədər axmaq olan biz olmuşuq..."
Orda da facebook-a oxşar bir şey var, heç kim statusda kiminsə göZünə girmək üçün ağzının suyunu klaviaturaya axıda axıda yazmaz, şəxsi həyata qarışılmaz, "onun yatağında kimin olmasından mənə nə" prinsipi var. Amma evdən çölə çıxdınsa istər ictimaiyyətə açıq adam ol istər yox, "paparazzi" səni hədəfləyə bilər, əgər görsən hətta poz da verə bilərsən... Çünki küçədə hansısa hərəkəti edirsənsə, kimləsə görüşürsənsə, deməli bunda utanmırsan, gizli və ayıb olsaydı, küçədə etməzdin bunu... Amma fotoqrafı döysən, fotoaparatı əlindən alıb "səni bilirəm neyniyərəm" desən, sənin özüvü nə edəcəyindən məlumun olsun... Sənə cəza kimi elə dünyaya atacaqlar ki, orda heç bir şey göründüyü kimi deyil... Çaşbaş qalıb intihar edəcəksən...

Комментариев нет:

Отправить комментарий