Страницы

26.03.2013

O MƏN DEYİLDİM

Qalib Şəfahət

-Yox, mən səni sevmirəm!.. Mən sən olmaq istəmirəm!.. Bu arzuda olmamışam, olmayacam da! Çıx get! Məndən nə istəyirsən? Qoysana, öldüyüm yerdə ölüm. Nə başımı ağrıdırsan? Bəsdir sən Allah, qoysana özüm-öz dərdimi çəkim. Dərdim az idi, üstunə də sən bir dərd qoyursan? Nə istəyirsən, verim, bircə uzaqlaş başımdan...
-Yox, yox! Mən səndən əl çəkən deyiləm, məni sən bu günə qoydun! Sən məni, məndən uzaqlaşdırdın. Heç məni tanımaq da istəmirsən. Heç üzümə də baxmaq istəmirsən. Elə bilirdin mən sənə yadam, uzaqam. Amma bilmədin ki, özünsən. İnsan özünə bu qədərmi laqeyit olar?
İnsan özünə bu qədər də  nifrət edərmi? İnsan özünü bu günə qoyarmı heç?! Sən necə də amansızsan! İnsan özü-özünə bu qədər amansız olarmı?!..
-Yadındamı, bir vaxt var idi, ata-ananın tək Gülnarı idin. Gülnar deyəndə ağızlarına sığışmırdın. Vaxtı ilə sənə göstərilə sevginin, qayğının içində itib-batdın... Heç kimi görmürdün, heç kəsi saymırdın. Onların içində özün də var idin. Heç özünü də görmək istəmirdin! Nəinki  başqasını. Sən onda başqası idin. Başqası olub, özünü bəyənmirdin. Özünü ayaqlar altına atmışdın!..
-Dayan, bəs mən necə olmalı idim? Necə, mən başqası idim,başqasının idim?
-Deyim, qulaq as, görünür hələ də özün-özünü dərk etmək gücündə deyilsən. Bir vaxt  var idi, sən orta məktəbi qızıl medalla bitirdin. Ali məktəbə yüksək qiymətlərlə qəbul olundun. Tələbələr səhər tezdən instituta getmək üçün dayanacaqda  tramvay gözləyəndə, sən onların yanından “Cip”lə keçirdin, yadındamı?
-Düz deyirsən, bəs necə etməli idim?
-Ay mənim günü gündən” Gülya”laşan Gülnarım, bunlar sənin öz haqqınmı idi, özünmü qazanmışdın onları? Həqiqəti yenə anlamaq istəmirsən, yenə nəticə çıxara bilmirsən. Düz söz acı olur, bilirəm. Özün öz xəyallarında  itib batmışdın. Öz işindir. Amma həqiqət belədir.
-Yox, bunlar hamısı atamın hesabına idi.
-Bəs  bu hesabı qaytara bildınmi, bu hesabı nə ilə əvəz etdin? O vaxt hər şeydən özününkü kimi bərk-bərk yapışmışdın, özünün olmaya-olmaya. Söz yox,heç qədrini də bilmədin. Axı, özününkü deyildi...
-Nə ilə əvəz etməli idim, öz atamın idi, məndən başqa kimi var idi ki?
-Bəs səni atanın dostunun oğluna vermişdilər, yuksək təmtaraqla toy da elədilər, sən kraliça kimi gəlin köçdün! Gözünə göründüm. Onda yadındamı, sənə əl uzadıb xeyir-dua verdim. Dedim bəlkə öz yoluna gələsən! Sən nə etdin? Məni dilənçi bilib, ovcuma qəpik-quruş atmaq istədin, mən ovcumu çəkdim, qəpik-quruşlar yerə dağılıb, səs-küyü aləmə yayıldı... Sən onda diksinmədinmi?.. Bu, sənin yolunu azmış  talehinin səs-küyü idi...
-Onda  mən səni dilənçi bildim! Dilənçiyə nə lazımdır, beş-on qəpik pul!
-Gərək gözlərimə  baxaydin, onda  bəlkə də sən tanıyardın özünü. O gözlər sənin öz gözlərin idi. Ay yazıq, hec başın açılırdı ki, itirmişdin özünü! Özündə idin ki, heç bir gözə də baxaydın?..
-Bəs getdiyin ərfason biri var idi, o necə oldu? Ər xatirinə getdiyini deyirəm! Güya ki, ailə qurdun, ailə-uşaq sahibi olacaqdın? Uşaq dünyaya gətirəcəkdin? Ərinlə birlikdə ailəyə, evə bağlanacaqdınız, eləmi?!..
Siz nə etdiniz? Hərəniz öz kefinizdə, kim nə vaxt evə gələrdi, kim nə vaxt evdən gedərdi, heç kəsin bir-birindən xəbəri olmazdı! Nə qədər davam edərdi belə yüngül həyat? Hər şeyin bir axırı olmalıydı, ya yox?!..
Bəs hardadır sənin o ər dediyin? Öldümü? Niyə öldü,bildinmi? Bircə eşitdin ki, qəzaya düşüb ölüb. Heç vecinə də olmadı. Bağlılıq yox idi axı!.. Harda idi, kiminlə idi, niyə qəzaya düşüb,bilmədin?!..
  Tanışlar sizə baş sağlığı verdilər,”başınız sağ olsun,son qəminiz olsun”, dedilər. Nə deməli idilər? Bildinizmi, dostları ilə birlikdə qızlarla kef məclisi qurub,sonra qayıdanda qəzaya düşüb ölmüşdü.İnsan nə qədər  kef məclisi qurardı, nə qədər narkotik, spirtli içki qəbul etmək olardı?
-Sən mənim bu dünyada  az-çox qalan yaşamaq ümidimi də məhv edirsən...
Bu an Gümüş evdə  xoşa gəlməz abu- havanın olduğunu hiss edirmiş kimi arabir ulayırdı.San ki, yazıq heyvan içində ağlayırdı.  Onun zingiltili səsi zorla eşidilirdi... Elə evin divarlarında da əriyib itirdi...
-Sən niyə yaşamağının da fərqində deyilsən?.. Danışmasan yaxşıdır. Yadındadımı, kimsəsizləşirdin, onda gedib bu iti özünə həmdəm gətirdin.Tənhalaşdıqca meylini ona salırdın. Bir ərin, övladın qayğısına qalırmış kimi nazını çəkirdin... Amma dostların gələndə, bir balaca üzün güləndə iti də yaddan çıxarırdın. Günlərlə yemək verməyi belə unudurdun. Elə ki, yanındakılar gedirdi,tək qalırdın, yenidən ona bağlanırdın. Amma bu dilsiz-ağızsız bədbəxt  it heyvan  olsa da, səndən etibarlı idi...Meylini sənə saldı...Sənin ən sadiq dostun kimi qaldı. Hamı çəkildi yan-yöhrəndən, yenə sənə qalan Gümüş oldu” Gülya”  xanım!..
-Ondan sonra bildinmi, sənə kölgəlik edənlər çəkildikcə təklənirdin, tənhalaşırdın. Atan öləndən sonra tək-tənha qalmışdın... Arxan, dayağın çəkildikcə cılızlaşırdın, adiləşirdin, günü-gündən hər şeyini itirirdin, rəfiqələrin də səndən uzaqlaşırdı, elə kişi dostların da... Bəs sənin yatağının yaraşığı olan o insanlar haradadır?!.. Nə düşünürsən? Nə elə imkanın qalmışdı, nə də gözəl bədənin!.. Daha heç kimə gərək deyildin!. Bir vaxtlar sənə verilən qiymətli hədiyyələri belə sağa-sola  dağıdırdın.. Onda da mən sənin gözünə tez-tez görünürdüm, bəlkə ayılasan, ayılmadın ki, ayılmadın!..
Daha nəyin qalmışdı? Heç nəyin!..  Daha səni idarə edənlər yox idi. Özün–özünü idarə etmək üçünsə nə ağlın var idi, nə savadın, nə də ki, bacarığın!..Hamısını gənclikdə itirmişdin...
Yadındadır, vaxtılə tramvayla instituta gedən tələbələr bir vaxt sənin sahib olduğun var-dövləti zəhmətləri ilə qazanıblar. Onların özününküdür, ona görə ki, əziyyətlə  qazanıblar, zəhmətləri ilə hər şeyə nail olublar, məqsədlərinə çatıblar... Səndə məqsəd olmayıb ki, məqsədsiz yaşamısan, öləndə də məqsədsiz öləcəksən... Çoxdan səni ötüb keçiblər. Onlar qazana-qazana gəliblər, sən isə itirə-itirə gedirsən. Hələ bununla yenə  də məni bəyənmirsən,  yuxarıdan aşağı baxırsan. Bir güzgüyə bax,  gör mən kiməm,sən kimsən?..Ondan sonra bəlkə hər şeyi anlaya bildin? Başqa bir yolun qalmayıb, ey yazıq mən!..Sənin tutduğun yol, həyat  tərzin səni buraya gətirib çıxarıb... Keçmişin həmişə səni təqib edib...Anlamırdın, elə bilirdin ki, ömrün kef-damaq içərisində keçəcək. Həyat belə davam edəcək...
-Deyəsən sən məni öldürməyə gəlmisən?!..
-Yox, mən sonuncu dəfə vidalaşmağa gəlmişəm. İllərlə arxanca süründüm, düz yola çəkmək istədim.Sənsə məni anlamadın ki, anlamadın, getdikcə məndən uzaqlaşdın. Daha səni tərk edirəm!.. Məni birdə görməyəcəksən!.. Əlvida...
-Yox ,yox! Getmə, getmə! Məni tək qoyma! Onsuz da mən təkəm... Sən də məni tərk etmə, nə olar?!.Düz deyirsən, düz deyirsən!..O, mən deyildim..
...Gözünü açib, heç kəsi görmədi. Əlini qapıya atdı, qapı arxadan kilidlənmişdı. Bircə pəncərə açıq idi...
Səhər həyətdə qadın meyidi görüb, hamı təşvişə düşdü. Polis şöbəsinə zəng etdilər. Polis gəlib hadisə ilə tanış olduqdan sonra yoxlamaya başladılar...                 Pilləkənlərlə qalxarkən Gümüşün ulama səsini eşidib, hadisənin hansı evdə baş verməsını müəyyən etdilər. Evə yaxınlaşdıqca, itin ulaması daha aydın eşidilirdi...Yaxınını itirmiş adam kimi ah-naləsi ərşə çıxırdı...Qapı açılan kimi Gümüş pilləkənlərlə üzü aşağı qaçdı. Elə bil yaxınına köməyə tələsirdi. Həyətdə meyidi   görub, ayaqlarını qatlayıb meyidin yanına uzandı... Başını meyidin sinəsinə qoyub dili ilə sifətini təmizləyimiş kimi, qan ləkələrini  yalamağa başladı.. Sanki sifətindəki ləkələri itirmək istəyirdi. İtin gözlərindən axan yaş damlaları meyidin sifətini isladırdı. İçin-için ulaması eşidilirdi...
Polislər evdə müayinə apardıqdan sonra, meyidi maşına qoyub hadisə yerindən uzaqlaşmağa başladılar. Gümüş yaxın adamını kimsə aparırmış kimi maşının arxasınca  qaçırdı...
...Kimsə  hadisəni belə vəziyyətdə görüb, çox təssüfləndi, başını buladı, maşının arxasınca deyindi:-“Yazıq, kimdisə kimsəsizdi yəqin”...

Комментариев нет:

Отправить комментарий