Страницы

17.03.2013

Oyuncaq düşüncə

Taleh Eminoğlu

Yeni cənnət

Əsrlər öncəyə qayıda bilsəydik,
mən Adəm olardım
sən Həvva.
Meqapolislərin yerində
sonsuz cənnət bağı,
günəşli, təmiz hava.
Əynimizdə əncir yarpağı
dolaşardıq Cənnəti
qarış- qarış,
addım- addım.
Əl-ələ tutub yaşayardıq məhəbbəti
nəfəs-nəfəs,
udum-udum.

Başını qaldırıb yaradana baxanda
budaqdaki tək almanı görərdin,
“dər” deyərdin 
dərərdim.
Qovulardıq cənnətdən,
qoyulardiq cənnət qapılarının önünə.
Almanın tumların əkərdik elə orada,
yeni cənnət yaradardıq,
təzə  Allahımız olardı.
Nə bilim bəlkədə yaratmışıq 
Cənnəti,
bəlkədə yeni Allahımız var,
bəlkə iki cənnət qapı qapıyadı.

Oyuncaq düşüncə

Körpələrin qırılan 
sevimli oyuncağı kimi, 
qırılır sevimli
düşüncələrim.
O qırılan oyuncaqları
kasıb uşaqlar oynadır,
bəs bu düşüncələri kim?

Yuxusuz şəhər- KABİL

Yatağan yer üzünün
yuxusuz şəhəri var- KABİL.
Qəribədi bu şəhər.
Əks hislər bir- birinə qarışıb.
Uşaq oyuncağıdı güllə gilizləri,
küçələrdə minlərlə yad 
ayağın izləri.
Qum dənələrində sovrulur
insan həyatları.
Ölən ölür, qalan ölür.
Insan ölməyəndə ağlayır KABİLlilər
sevincdən.
Ölümlə yaşamı ayırd edirlər,
azan səslənməsindən.
Onlardı Allahı ən çox sevən,
elə ən çox unudan,
bəlkə elə nifrət edəndə.
Dil açanda ana yox
“SAVAŞ” qışqırır onlar,
gözü açıq doğulub
gözü açıq gedirlər öləndə də.

Комментариев нет:

Отправить комментарий