Страницы

24.03.2013

Poema özəlliyi və poetika gözəlliyi

Qadir Cəfəri

Mir Cəlil Hüseyninin Ağırlama mərasimi münasibəti ilə Qanlı Günəş poeması mehvərində

Keçmişdə düzənli və vəznli yazılan hər bir yazıya şer deyilirdi. Başqa sözlə klasik ədəbiyyat anlayışında, hər  vəznli və düzənli şəkildə formalaşan sözcüklərə şer deyilmişdir. Sonralar bu düzən ya Nəzm olaraq tanınmış və həyəcanla duyğu faktoru da şerə artırılmışdır. Bu düzən əruz vəznlərində fərqli qaliblərə girərək öz formasını tapırdı. Beləliklə Məsnəvi qalibi nağılları rəvayət etmək üçün, Qəzəl qalibi qinayi və lirik şerlər, eləcə müəyyən dövrdən irfani qonular üçün, Qəsidələr də mədhlər və mərsiyələr üçün və başqa qaliblərdə şerin içəriyinə uyğun qullanılırdı.
Bu arada bizim öz doğma şer qaliblərimiz olan Bayatı, Qoşma, Gərayli, Dördlük, Beşlik və ... özəl imkanlarıyla vəznlərlə deyil, hica sayı əsasında ədəbiyyatımızda fərqli bir cəhətdə axıb, daha çox şifahi olaraq davam etmiş və günümüzə qədər demək olar aşıqlıq sənətinin gücü ilə çatmışdır.
Bayatılar daha çox sadə dünya görüşləri, ibrətli sözlər, Həsrət və... içərirdisə, Qoşmada lirika, nəsihət, vəsf etmə kimi mövzülar axırdı. Beləliklə hər qalib içəriyinə uyğun seçilirdi. Bu arada vəznlərin doğru-düzgün olması şer estetikasında daha çox önəmli sayılırdı. əski Yunan dilində şerə Poem deyilmiş və hələ də həmin söz İngilis dilində, həmin anlamda işlənirsə də, həmin söz dilimizə Poema şəklində keçərək, özəl anlam almışdır. Yəni poema əslində şer anlamını daşısa da, bizdə bir sıra özəlliklərə malik şerə deyilmişdir. Klasik anlayışda daha çox təhkiyə xarakteri daşıyan, bir nağılı rəvayət edən, nəzmli biçimdə yazılan hər bir şer, poema deyə tanınmışdır. Bir sözlə Fars ədəbiyyatında mənzumə anlamını daşımış. Belə olduqda Azərbaycanda tam əmin deyilsəm də Gəncəli Nizami ilk poema yazan şair kimi tanınacaqdır. əlbəttə daha dəqiq araşdırılmalıdır və bu səhv də ola bilər. Sonralar Fuzulinin "Leyli və məcnun"u, aşıqlarımızın Əsli-kərəm, Koroğlu, Abbas və gülgəz poemalarını nəzərə alırsaq, hamısında nağılçılığı görmək mümkündür. əslində nağılçılığın ədəbi forması roman olursa da, keçmişdə düzənli şəkildə olmasının səbəbi, qulaq oxşadığından dinləyicilər yaddaşında qalması, eləcə sazla söylənməsi ola bilər.
Çağdaş dövrə gəlincə məncə mənzumə sözü poema qarşısında keçərliliyini itirmiş və təcrid olunmuşdur. Bunun səbəbi isə çağdaş poemaçılıqda nəzm və düzənin itməsi ilə yanaşı, sərbəst poemaların ortaya gəlməsidi. Digər yöndən çağdaş dövrdə klasik poemalar belə, içərikcə fərqlənərək, yalnız nağıl rəvayətini buraxmışdır. Buna açıq-aydın örnək isə, Şəhriyarın "Heydərbabayə səlam" və "Səhəndiyyə" poemalı, Bəxtiyar Vahabzadənin "Muğam" və "Gülüstan" poemaları və Prof.Zəhtabinin "Şahin Zəncirdə" poeması və başqaları ola bilər. Vurğulanan poemalarda rəvayət etmək ənənəsi qalırsa da, artıq nağılçılıq duyulmamaqdadır. Dünyada tanış olduğumuz modern poemalar içində T.S.Elyotun "Çoraq ölkə"sini və çağdaş ədəbiyyatımızda Nasir merqatinin "Talanmış günəş" kitabında həmin adı daşıyan poemanı və "Yad torpağım" poemasını ad aparmaq olar. Modern poemalar rəvayət ənənəsinə sadiq qalmışlarsa da, modern estetika əsasında qurulmuşdur.
Kəsin də olmasa, sanıram Bəhre təvil vəznində ilk poemaya ustad Şəhriyarın "Səhəndiyyə"sində tuş gəlirik. Sonralar Prof.Zəhtabi də görünür və beləliklə bu vəzndə poemaya yol açılmış sayılır. Muğan düzənliyinə gəldikdə bu sayaq yaradıcılığı Mir Cəlil Hüseyninin "Qanlı günəş" poemasında ilk olaraq görürük. "Səhəndiyə" poemasından fərqli olaraq, burada şairin muraciəti tarixi bir hadisəyədir. Şair bu əsərdə Azərbaycanın tarixi qəhrəmanı Babək simasını və onun həyatını yenidən yaratmaqla və bir sözlə əski poema özəlliklərinə qayıdaraq, Bəhre təvil vəznində bildiyimə qədər ilk nağılçılıq ənənəsini daşıyan poemayla bizi qarşılaşdırmışdır.
Demək olar bu dram əsərində eyni ilə təhkiyə özəlliklərini görmək olursa da, bir neçə cəhətdən fərqlənmişdir də. Yəni burada biz hadisə, cidal, ravi, oc nöqtəsi, xarakterlər və başqa təhkiyə ədəbiyyatına ayid özəlliklərlə üzbəüz oluruq. Babək bir nağılın baş qəhrəmanı kimi çıxış edir və onun həyatını etgiləyib, düşüncəsini formalaşdıran, həyat tərzini bəlirdən toplum durumu, eləcə digər xarakterlər Babək xarakterinin necəliyini və seçimlər qarşısında,xeyr ilə şər cidalında yolunu tutmaqda iştirak edir. Eyni ilə baş qəhrəman simvollaşaraq, bir qəhrəman tipi oluşdurur. Bu qəhrəman tipləşdikcə, fərdi özəllikləri ilə deyil, tip kimi davranır. əlbəttə burada tarixi bir olay təsvir olunduğundan, şair istər-istəməz buna məcbur olacaqdı da. əslində Babək xarakteri Azərbaycan xalqının simvolu olduğunu bütün poemada görmək olursa da, oxucu üç yerdə bunu rahatca sezir. "o qədər döydü zaman çəkkişi Babək polad oldu" dizəsində, artıq Azərbaycan xalqının zaman keçişində döyülməsi açıqca Babək simasında ortaya gəlir. Yəni zamanın tələbinə görə Babək üzə çıxmalıydı da. Eləcə poemanın sonlarında "Tək də qalsam bir elin tək başına ləşkəriyəm mən" və "Qanını sürtdü üzə çehrəsini eylədi alqan/ Sankı alqan boyanıb odlu diyar, Azəribaycan" dizələrində açıq şəkildə bunu görmək mümkündür. Bu sayaq tipləşdirmə və baş qəhrəmanın şəxsi həyatından deyil, ictimai yaşamını əks etdirmə, eləcə digər xarakterlərin sadəcə adca huzuru, bizə düzənli və vəznli biçimdə klasik bir hikayə oxuduğumuzu anladır. Hikayə dediyimdə, əslində xarakterlər münasibətinin sadəliyi, dərin və buruşuq münasibətlərin qurulmadığı, bir başa bir tərəfdə xeyr və onun yandaşları, digər tərəfdə isə şər qüvvələr və yandaşlarının durması mənə bunu söyləməyə əsas verir.
Bunlar yalnız rəvayət biçimi baxımından nəzərə aldığımızdaydı, ancaq dediyim kimi fərqli cəhətləri də mövcuddur. Bu dram əsərində şersəllik əsasən duyğuları coşdurmaq və vəznli şəkildə himasə yüklü dizələrin, dayanış və dözüm aşıladığı ilə bərabər, oxucunu tarixi ağrı-acıların, xəyanətlər, sevinc və fərəhlər, yenmələr və yenilmələrlə qarşılaşdığında, duyumsal ilgi yaratmaqla gerçəkləşir. Şair yalnız nağıl və hadisəni rəvayət etmir, eləcə azadlıq qavramından olan görüşünü, tarixi qəhrəmanımızın dönməzliyində əks etdirir. "Satmısan sən özünü, mən eli şövkətlə dəyişmən\ Elə əsgərliyimi mincə xəlafətlə dəyişməm\ Nəqədər sərvət ola, ləhzə ədalətlə dəyişməm\ Bir gün azadlığı mən qıx il əsarətlə dəyişməm\ Nuru zülmətlə dəyişməm" dizələrini oxuduqda bizdə oyanan hüzün və kədər, eləcə kövrəlmə və qəhrəmanlıq ruhu, azadlıq sevər insan ruhunun, acımasıdı. Digər tərəfdən rəvayət arası poemada gözəl vəsf etmələrə də tuşlanırıq. Yurdumuzun gözəlliyini vəsf etmək, digər tərəfdən düşüncəsəl təsvirlər yaratmaqla yanaşı, əsərin şer ruhu daşıdığına da yardım edir. "Xəyalın üzmədədir duyğuları incələrindən\ Sehrili arzu gülün hey qoparır qönçələrindən\ Üfüqün al şəfəqi ruhuna günbəzli otaqdır\ Dənizin dalğaları sankı üfüqlərlə qonaqdır\ Baxasan göy üzünə yerlərə bir mavi papaqdır\ Nə bilim bəlkə qapaqdır" dizələri Əfşinin Azəbaycana qoşun çəkməsini vəsf edərkən, onun şöhrət axtarışındakı xəyalını vəsf edib də, son dizədə "Nə bilim bəlkə Qapaqdır" sözündə özünü doğruldan təzad və çəlişki, bəzək olub gözəllik bəxş edən həmin şeylərin, başqa yöndən qapaq olub, insanı bir boyutlu və məsx olmuş bir varlığa çevrildiyini də anladır. Ancaq bu intizai vəsf etmədən kənar, təbiət və doğa vəsfinin də şahidiyik. "Nə baxırsan bu diyar hey baxisan güldü çiçəkdir\yer üzündə bura təkdir\ Güllərə nəğmə deyən incə boyaqlı kəpənəklər\ Nə xumar gözlü gözəllər uca boy nazlı mələklər\Nərgizin neşə dolu gözləri illərdi oyaqdır\ O xumar gözdəki şeh mıncığı yaqutə qabaqdır\ Lalənin al yanağı hansı ocaqlardan alınmış\ Qara xal qanə qarışmış" son dizə kimi kilişələrə rast gəlsək də poemanın poetikalığı baxımından da önəmlidir.
Bütü dediklərimi özətləmək istəsəm, "Qanlı günəş" ya Babək poeması, bildiyimə qədər ədəbiyyatımızda ilk Bəhre təvil vəznində yazılmış, hikayəçilik ənənəsinə söykənən poemadı. Poemada nağılçılıq axırsada, şersəl deyiş və şairanə təsvirlər də unudulmamışdır. Əsər çağdaş muqavimət ədəbiyyatımızda, milli ruh dirçəlişində, özəlliklə Azərbaycanın Muğan bölgəsində özəl önəmə malikdir. Sayın şairimiz Mir Cəlil hüseynini ad günü münasibəti ilə və qarşıda gələn bayram şənliyi üçün təbrik edir, can sağlığı və uğurlu həyat diləyirəm.

Комментариев нет:

Отправить комментарий