Страницы

29.03.2013

Şadlıq evləri toy sahiblərinə necə toy tuturlar?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  ötən ilin dekabrında "Şadlıq saraylarının təsnifatı və qaydalar" (AZS 746-2012) dövlət standartı müəyyən etdi. Standartın tətbiqinə 1 mart 2013-cü ildən başlandı. Xatırladaq ki, yeni standartda şadlıq saraylarının təsnifatı, interyeri, texniki və digər tələblər öz əksini tapıb. Sənədə görə, sarayda qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı, bar, artistlərin otağı, gəlin otağı, administrator otağı, şəkilləri çap etmək üçün otaq olmalıdır. Texniki tələblər sırasında şadlıq sarayının mətbəxi əsas yer tutur. Belə ki, sarayın mətbəxinin ümumi sahəsi 1 nəfərə 0.40 kvadratmetr təşkil etməlidir.Mətbəxdə soyuq qəlyanaltıları hazırlamaq üçün bölmə, manqal yeməklərinin hazırlanacağı ayrıca yer, ət məhsullarının qəbulu, kəsilməsi və hissələrə ayrılması üçün xüsusi otaq və ya bölmə olmalıdır.

Standartda yeməklərin hazırlanmasına, qabların yuyulmasına, masa örtükləri və dəsmallara, xidmət dəstinə, ümumi sanitariya norma və qaydalara, xammalların anbarda saxlanmasına aid tələblər də yer alır.  Eləcə də, xidmət personalının 3 və 6 aydan bir tibbi müayinələrdən keçirilməsi haqqında sənəd təqdim etməlidirlər. Musiqinin səslənməsinə müəyyən hədd qoyulub, stolların standart üzrə düzülüşü nəzərdə tutulub. Şadlıq sarayı ilə istehlakçı arasında müqavilə bağlanması da standartın vacib tələblərindəndir.
Dövlət standartı toy sahibini kifayət qədər qane edəcək olsa da, əslində heç nə dəyişməyib. Martın 23-də “Ağ çiçəyim” şadlıq evində toy mərasimində iştirak edən əməkdaşlarımızdan birinin dediyinə görə, masaya qoyulan yeməklərdən tutmuş, şənlik mərasimindəki musiqi səslənməsinədək hər şey əvvəlki qaydada ifrat həddə olub.
Ayın əvvəllərində Dövlət Komitəsindən bizə bildirilmişdi ki, qurumun nəzdindəki Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti martın ikinci ongünlüyündən başlayaraq həftədə iki şadlıq evində monitorinqlərə başlayacaq.

“Menyunun altına imza atırıq, bu da olur müqavilə...”

Bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq. Şadlıq evlərində yeni standartlar üzrə monitorinqin aparılıb-aparılmaması ilə maraqlandıq. Qəzetdən olduğumuzu bilincə əksər şadlıq sarayından dedilər ki, müdiriyyət yerində olmadığı üçün cavab vermək səlahiyyətləri yoxdur. “Murad”, “Amor” şadlıq evlərindən bildirdilər ki, onlarda yoxlama aparılıb və tələb olunan şərtlərə “əməl ediblər”.
“Murad” şadlıq evindən sualımıza cavab verən şəxs məsələyə öz münasibətini bildirdi. Dedi ki,  dövlət standartındakı əksər tələblər bundan sonra tikiləcək şadlıq evlərinə tətbiq olunmalıdır: “7 ildir fəaliyyətdəyik. Biz həmin tələblərə uyğunlaşmaq üçün bu boyda tikintini söküb yenidən tikə bilmərik ki. Amma musiqinin səslənməsi toy sahibinin istəyinə uyğun aşağı həddə qoya bilərik, toy sahibi ilə müqavilə bağlayarıq. O ki qaldı dövlət qurumları ilə razılaşmaya, indiki şəraitdə özbaşına daşı daş üstə qoymaq mümkün deyil, əlbəttə, biz də razılaşdırılmış şəkildə qanuni
fəaliyyət göstəririk”.
“Amor”un səlahiyyətlisi istehlakçı ilə şadlıq sarayı arasında bağlanacaq müqaviləni belə izah etdi: “Toy sahibinə təqdim edilən menyunun altından imza çəkdiririk ki, menyuda göstərilənlərə əməl etməyə cavabdehik, bu da olur bizim müqaviləmiz”.
“Qızıl tac” şadlıq sarayının səlahiyyətlisinin sözlərinə görə, toy sahibi ilə heç bir müqavilə bağlamırlar: “İlk dəfədir belə bir şey eşidirəm, siz ünvanı səhv salmısız, başqa yerə müraciət edin”.

“Şadlıq evi mənimdir, özüm bilərəm necə menyu tərtib edirəm!”

“Zirvə”dən isə dedilər ki, toy sahibinin menyuda dəyişiklik etməsi onların maraqlarına uyğun deyil: “Şadlıq evi mənimdir, istədiyim şəkildə menyu tərtib edirəm. Toy sahibi menyuda arzuladığı ixtisarları etsə, yaxud qonaqlar restoranlarda olduğu kimi, menyu üzrə sifarişlər versələr, bu, bizim şadlıq sarayı üçün antireklam olar. Süfrədə bolluq olmasa, gedib orda-burda danışacaqlar ki, süfrə boş idi, nəticədə müştərilərimizi itirəcəyik. Bizim camaat yeməyə çox tələbkardı, qonaqları doyurmalıyıq ki, bizdən razı getsinlər. Amma camaat  nə yediyinin qədərini bilsə, bu, bizə də sərf edər, çünki aldıqlarımızın çoxu israf olur, bu da qiymətlərə təsir edir”.

Şadlıq sarayı bəyi girov götürüb 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun bildirdiyinə görə, Azərbaycan toylarının hazırkı durumu acınacaqlı vəziyyətdədir: “26 iyun 2009-cu ildə Antiinhisar siyasəti üzrə dövlət xidməti yaradılanda ümid edirdik ki, ciddi dəyişiklik baş verəcək. Təəssüf ki, bu qurum dövlətin siyasətini formalaşdırmağa ciddi diqqət yetirmədi. Vaxtı keçmiş məhsulların mağazalardan yığışdırılması əhəmiyyətli olsa  da, bununla iş bitmir. İstehlakçı hüquqları yenə də arxa planda qalıb. Keçən il dönərlə bağlı standart qəbul olundu, lakin yenə də dönərlərin 98 faizi standartın tələblərinə cavab vermir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz işini görür, müvafiq sənədlər hazırlayır. Lakin çox təəssüf ki, ölü standartlar, ölü qanunlar doğulur və nəticədə istehlakçıların xeyrinə heç bir dəyişiklik olmur. Bu sənədlər ayaq altına atılıb tapdalanır.
Toy sahiblərinin bizə müraciəti əsasında dəfələrlə məhkəmə işlərimiz olub, lakin bütün hallarda məhkəmələr şadlıq evlərinin mövqeyini müdafiə edib. Şadlıq evinin vətəndaşın cibini soyması, düzgün xidmət göstərməməsi ilə bağlı tanınmış fotoqraf Tahir Cəfərov məhkəməyə müraciət etmişdi, amma nəticəsi olmadı. Təsəvvür edin, toy sahibi masanın qiyməti 50-100 manata olan toy edir və gələn qonaqların verdiyi pul şadlıq evinə çatır. Ailə quran gənclər - bəylə gəlin bundan heç nə qazanmır. Çox mənasız bir situasiya əmələ gəlib.
Toy o məqsədlə edilir ki, ailə quranlara dəstək verilsin, amma əksinə olur, gənclər borca düşür. Bizə verilən məlumata görə, toyun sonunda tələb edilən pulu verə bilmədiyi üçün elə şadlıq evi olub bəyi girov götürüb. Azərbaycan toylarının hazırkı durumun acınacaqlı vəziyyətdədir”
Birlik sədrinin fikrincə, Azərbaycanda toy və yas mərasimləri mədəniyyətində ciddi dəyişikliyə ehtiyac var: “İstehlakçı ilə kontrakt bağlanmır, kassa çeki verilmir, fotoqraflar şərt qoyur ki, toyda başqa adamlar şəkil çəkməsin, akustika pis vəziyyətdədir, musiqinin səsini bilərəkdən artırırlar ki, insanlar bezib getsin, stollarda sıxlıq olur, yayda kondisioneri tez söndürürlər, isti olur, qışda yandırmırlar, soyuq olur. Bir çox metodlar var, bunlardan istifadə edirlər ki, toy tez başa çatsın”.

Şadlıq evindən verilən rüşvətlər toy sahibindən alınır

Ekspert hazırkı şəraitdə problemin yeganə həllini istehlakçıların şadlıq evlərinin xidmətindən imtina etməsində görür: “Nə qədər ki, məmur qanunsuz olaraq bizneslə məşğuldur, istehlakçı əziləcək. Nə üçün sahibkar rüşvət verir? Cavab budur ki, o, istehlakçıdan bu rüşvətin qarşılığını alacağına əmindir. Sahibkar bilsə ki, verdiyi rüşvətin qarşılığını istehlakçıdan qopara bilməyəcək, məhkəməyə, korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edər. Şadlıq evi asan yolu seçir, rüşvətini verir, əvəzini toy sahibindən çıxır.
14 yanvar 2011-ci ildə Nazirlər Kabinetinin toplantısında ölkə prezidenti şişirdilmiş qiymətlərin mövcudluğundan narahatlığını bildirdi və dövlət orqanlarına tapşırdı ki, şişirdilmiş qiymətlərin qarşısı alınsın. Yəni verilən rüşvətlər xidmət qiymətlərinə oturdulur və bu istehlakçıdan alınır. Yeganə çıxış yolumuz odur ki, istehlakçı olaraq şadlıq evlərini boykot edək! İstehlakçı nə qədər protest etməyib, o, əziləcək. Sanitar xidmətlər göstərən, tualeti, mətbəxi olan səyyar çadır toylarına üstünlük verilməlidir. Əks təqdirdə toy mərasimləri istehlakçını borc içində qoyacaq”.

Sevil Hilalqızı              teleqraf.com

Комментариев нет:

Отправить комментарий