Страницы

16.03.2013

Xalq hərəkatı fəalı olmuş din adamının həbsinin arxa səbəbləri

Azərbaycanda son illərdə aparılan silsilə həbslər dalğasında həbsxanaya düşən dindarlardan biri də Hacı Mehdi Şamillidir. Hacı Mehdi 2012-ci il avqustun 6-da Zabrat qəsəbəsində, yaşadığı evdə həbs olunub. Sahə müvəkkili onu küçəyə “söhbət etməyə” çağırıb və burda polis onu həbs edib.
Həbs olunduqdan sonra polis onun evində axtarış aparıb və evdən bir sıra fotolar və yazı materialları götürülüb. Yalnız səhəri gün Sabunçu polisi elan edib ki, Hacı Mehdinin üzərindən 6,9 qram narkotik vasitə tapılıb. Beləliklə, Hacı Mehdiyə qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi açıldı. 5 ay sonra, 2013-cü il yanvarın 24-də isə Sabunçu Rayon Məhkəməsi Mehdi Şamillini 1 il 6 ay müddətinə azadlıqdan məhrum etdi.
Hazırda o, Bakı İstintaq Təcridxanasında saxlanılır. Martın 27-də Apelyasiya Məhkəməsində Hacı Mehdinin işi ilə bağlı şikayət araşdırılacaq.
Qeyd edək ki, Hacı Mehdi Şamilli 1962-ci ildə dünyaya gəlib. Gəncliyində xalq hərəkatına qoşulub, 1988-90-cı illərdə Məhəmməd Hatəminin rəhbərliyi altında ilk günlərdən meydanda olub. Dekabrın 4-dən 5-nə keçən gecə meydan dağıdılarkən həbs olunub işgəncələrə və təzyiqlərə məruz qalıb. M.Hatəminin yaratdığı Azərbaycan Milli Qurtuluş Partiyasının Ali Şurasının üzvü olub. Moskvada Qırmızı meydanda çadır şəhərciyinin təşkilatçılarından biri kimi 1990-cı ildə həbs olunub. 1990-cı ildə Rusiya İslam Hərəkatının rəhbəri Heydər Camalla birlikdə SSRİ üzrə İslam Dirçəliş Partiyasının Həştərxanda keçirilən təsis konfransında Azərbaycandan nümayəndə kimi iştirak edib. 90-cı illərin əvvəllərində Azərbaycan İslam Partiyasına qoşulan Hacı Mehdi 1991-2000-ci illər ərzində Azərbaycanda İslam hərəkatının fəal üzvü olub. İslam Partiyasının Ali Şurasının sədri, qurultay təşkilatçısı, Ali Şura üzvü, Azərbaycan İslam Müdafiə Komitəsinin sədri kimi fəaliyyət göstərib. Ancaq sonradan AİP-dən ayrılıb, ancaq buna baxmayaraq müxlifətə, milli demokratik düşərgə ilə əlaqələrini saxlaylb. 2003-cü il prezident, 2005-ci il parlament seçkilərində fəal şəkildə iştirak edib. 2003-cü il oktyabrın 15-də, eləcə də 2006-cı ildə Bakı kəndlərinin torpaqlarının satılması əleyhinə keçirilən etiraz aksiyasının təşkilatçısı kimi həbs olunub. Yalnız beynəlxalq təşkilatların, Avropa Şurası və yerli hüquq müdafiəçilərinin səyi nəticəsində azadlığa buraxılıb.
Ancaq son 6 ildə Hacı Mehdi demək olar ki, Azərbaycandan kənarda – Rusiyada yaşayıb. Demək olar ki, Azərbaycanda gedən ictimai-siyasi proseslərə qatılmayıb. Yalnız özünün təcridxanadan yazdığı məqalələrdə qeyd etdiyi kimi, arada ailəsini gömək üçün Azərbaycana gəlib. Yəni “təhlükəli” hansısa fəaliyyəti olmayıb. O zaman sual yarana bilər ki, əgər Hacı Mehdi son illərdə ölkədə olmayıbsa və ictimai-siyasi proseslərə qatılmayıbsa, onun həbsi hakimiyyətə niyə lazım olmalı idi?
Əvəllcə ondan başlayaq ki, Hacı Mehdinin həbsinin sifarişli olması ilk gündən heç kimdə şübhə doğurmadı. Birincisi, ona görə ki, uzun illərdir dindar həyatı yaşayan bir insanın Ramazan ayında cibində narkotik gəzdirməsi, onu qəbul etməsi inandırıcı deyil, ikincisi, Hacının “uçastkovı” çağırdıqdan sonra “sağ cibində narkotik, sol cibində namaz qılmaq üçün möhür”lə (aktda belə qeyd olunub.red) polislə söhbət etməyə çıxması heç inandırıcı deyil. Aydın məsələdir ki, xalq hərəkatından çıxmış, uzun illər ictimai-siyasi sferada fəaliyyət göstərmiş bir şəxsin narkotik ittihamı ilə həbs olunması ilk gündən cəmiyyətdə inandırıcı qəbul olunmadı. Aydın idi ki, Hacı Mehdi siyasi sifarişlə həbs olunub. o zaman nədən?
Müşahidəçilərin fikrincə, son iki ildə davam edən həbslər dalğasında bir sıra nüfuzlu din adamları, dindarlar arasında nüfuza sahib şəxslər saxlanılıb. Əsasən, “təhlükəli ola biləcək”, yəni müxalif düşüncəli və hakimiyyətə qarşı çıxa biləcək din xadimləri həbs etdirilib. Həbslərin təhlili onu göstərir ki, bu şəxslərin heç də hamısı (Hacı Mehdi kimi) hakimiyyətə qarşı çağırış etməyib və ya aksiyalara qarışmayıb. Ancaq görünür, hansısa mənbələrdə onlar “təhlükəli” şəxslər qrifinə qeyd olunub. Bakıda və bir sıra bölgələrdə aparılan həbslər zamanı məhz ilk baxışdan hakimiyyətə qarşı çıxmayan, “üsyankar” olmayan din adamları da həbs olundu, onların əksəriyyəti silah, narkotika və ya xuliqanlıq ittihamı ilə müxtəlif müddətə həbsə atılıb. Həbs müddətlərinin az olması bu şəxslərin qorxudulması və hakimiyyətə qarşı çıxışlardan çəkindirməyə hesablanıb.
Hacı Mehdinin həbsi və aparılan mühakimə prosesi onu göstərdi ki, hakimiyyətin bu şəxsi ittiham etmək üçün əsası olmayıb. Sadəcə, güc orqanları Hacını növbəti çıxışlardan və ya anti-hökumət çıxışlarından çəkindirmək və daha dəqiqi bir müddətliyinə kənarda saxlamağa çalışıb.

birlik.az

Комментариев нет:

Отправить комментарий