Страницы

29.03.2013

Xəlil Rza Ulutürk - ÇƏTİN YOL

Dəli könlüm, nədir yenə bu qəm, qubar?
Mən bilirəm bu cahanda bir qanun var:
Yaxşı gündə, yaman gündə
Bulaq axar, irmaq axar,
Ancaq dəniz ürəkləri sökər bəzən qasırğalar.
Zəlzələlər gurlayanda, bəzən zirvə gedər bada,
Yadındamı, sən bu yolu özün seçdin.
Qarşına sal qaya çıxdı,
Nə sivişdin, nə yan keçdin,
Bir külüngə bütöv dağı hədəf seçdin.
Dəmir yardın, zireh deşdin.
Nə Herkules, nə də Fərhad, sən adicə bir insandın.
Fəqət şərlə döyüşəndə Sən özünü yer-göy qədər güclü sandın.

Dağlara yox, öz ruhuna arxalandın!
Tüstüləndin... su tapmadın,
Cəhənnəmdən alov içdin,
Kor, qaranlıq tunellərdən qızıl qatar kimi keçdin.
Sən bu yolu seçməsəydin gözümüzdə bəlkə heçdin.
Nə yaxşı ki, ən şərəfli yolu seçdin!
Nə qeyzini cilovladın, nə qüvvəni ölçüb biçdin,
Sən bu yolu özün seçdin!
Həzər vurdu ağciyərlər:
-Təkcə, yalqız qalacaqsan.
Bircə özün anladın ki, Cır meyvəli bu bağda sən bir calaqsan.
Birsən... yüz min olmalısan!
Heçsən..hər şey olmalısan!
Fərdsən.. Vətən olmalısan!
Gülsən.. Bahar olmalısan!
Kəsafəti alt-üst edən təzə rüzgar olmalısan.
Asandımı?
Külüngləşən barmaqların dağ çapmaqdan usandımı?
Çətin yolu seçənlərin səadəti bəlkə də kəm..
Fəqət qəlbi Elbrusdan, Himalaydan uca, möhkəm.
Qəmginsənmi? Vur, saçılsın qəm çınqısı çəkicindən.
Sənin qəmin qiymətlidir çoxlarının sevincindən..

Комментариев нет:

Отправить комментарий