Страницы

20.04.2013

1940-cı il. Britaniya və Fransanın Bakını bombalamaq planı

Molotov-Ribbentrop paktının imzalamasından və Polşanın işğalı ilə 2-ci Dünya Müharibəsinin başlanmasından sonra London və Parisin rəsmi dairələrində Bakını bombalamaq planı yaranır. Bu yolla onlar Bakının neft istehsalını məhv etmək və almanların Sovet neftindən asılılığını minimuma endirmək məqsədi güdürdülər.
Bu, tarixdə az analoqu olan hallardan biridir: 2 Avropa dövləti müharibə elan etmədən başqa bir ölkənin - SSRİ-nin böyük şəhərlərindən birini bombalamağı qarşılarına məqsəd qoyurlar. Və planın reallaşdırılmasının baş tutmaması Azərbaycan paytaxtını yanğın alovunda məhv olmaqdan, əhalisini isə kütləvi qırğından xilas edir.
2-ci Dünya Müharibəsi ərəfəsində Bakı nefti SSRİ-nin ümumi neft istehsalının çox böyük hissəsini təşkil edirdi: Bakı neft sənayesi yüksək çeşidli benzinin 80 faizini, liqroin və kerosinin 90 faizini, avtomobil və traktor yağlarının 96 faizini verirdi. Həmin dövrdə şəhərdə irili-xırdalı 122-dən çox neft zavodu fəaliyyət göstərir, şəhər ətrafında 71 mədən yerləşir, yenilikcə qazolin zavodu istismara verilmişdi.

***
1939-cu ilin oktyabrında ABŞ-ın Fransadakı səfiri Uilyam Bullit Vaşinqtona göndərdiyi teleqramda bildirir: “Parisdə Bakının bombalanması və dağıdılması imkanları müzakirə edilir”. Yarım il sonra - 1940-cı ilin aprelində isə Böyük Britaniya Hərbi Hava Qüvvələrinin (HHQ) Yaxın Şərqdəki komandanı general Mitçell Londondan Bakı və Batuminin bombalanması ilə bağlı əməliyyatı hazırlamaq əmrini alır. HHQ Qərargahının rəyinə görə, 3 həftədən 6 aya qədər çalışmaqla bu şəhərlərdəki bütün neft mədənlərini tam sıradan çıxarmaq olar.
1940-cı ilin 17 aprelində Fransa qoşunlarının Yaxın Şərqdəki komandanı general Veyqan öz hökumətinə məruzə edir: “Qafqaz neft yataqlarının bombalanaraq məhv edilməsi planı o qədər irəli gedib ki, əməliyyatın icrasına başlamağın vaxtını dəqiqləşdirmək qalıb”. O, iyunun sonu - iyulun əvvəlində əməliyyatlara başlamağı təklif edir. Tarixin ironiyası da ondadır ki, həmin deyilən vaxtda artıq Fransanın özü nasistlərin işğalı altına düşür.
Fransanın müdafiə naziri general Qamelen baş nazir Reynoya yazır: “Qafqazın neft yataqlarına qarşı əməliyyat bu rayonun daha zəif məntəqələrinə istiqamətlənməlidir”. Yəni, Bakı, Qroznı, Maykop və Batumi hədəf olaraq seçilir. Ancaq Qroznı və Maykop şəhərləri Qafqaz dağlarının şimal yamacında yerləşdiyindən və ingilis-fransızların Yaxın Şərqdəki əsas hərbi bazalarından çox uzaqda olduqlarından, siyahıda Bakı ilə Batuminin adları qalır.
General Qamelen yazır: “Bakıya qarşı aviasiyanın bazası ya Türkiyədə (Diyarbəkir-Van-Ərzurum), ya da İranda, İraqda və Suriyada yerləşməlidir”. Bakının bombalanması ideyasına Türkiyənin asanlıqla razılıq verməsi də diqqətəlayiq faktdır. Fransanın Ankaradakı səfiri Massilyi bununla bağlı öz Xarici İşlər nazirliyinə məlumat verir ki, Türkiyə hökuməti tərəfindən SSRİ-yə hücum planları ilə əlaqədar heç bir maneə yoxdur. O, Türkiyə Xİ naziri Şükrü Saracoğlu ilə söhbətindən detalları açıqlayır: Massilyi türk nazirə hazırkı bombardmançı təyyarələr üçün Bakını bombalamağın problem olmadığını deyərək, bunun üçün ya İran, ya da Türkiyə ərazisi üzərindən uçmaq lazım gəldiyini söyləyir. Saracoğlu soruşur: “Siz yəqin İranın razılaşmayacağından çəkinirsiz?” Bununla da Massilyi anlayır ki, Türkiyə tərəfdən heç bir narazılıq olmayacaq.
1940-cı ilin 2 martında marşal Mitçell Beyrutda general Veyqana bildirir ki, əməliyyatın hazırlanması üçün konkret təkliflər hazırdır və o, ilk növbədə Türkiyənin baş komandanı Çəkməkdən Diyarbəkir, Qars, Ərzurum və Van gölü rayonlarında kəşfiyyat keçirilməsi üçün icazə almalıdır. Kəşfiyyatdan məqsəd təyyarələrin aralıq enişləri üçün aerodromların müəyyən edilməsidir.
Martın 23-də pilot Heyq Makleynin idarə etdiyi “Lokhid-12 A” təyyarəsi İraq ərazisindən qalxaraq 1 saat ərzində Bakı səması üzərində 7000 metr hündürlükdən şəhərin aeroçəkilişini aparır və bu vaxt Sovet hava hücumlarından müdafiə sistemi tərəfindən müəyyən olunmamış qalır.

***
Bakının bombalanması taktikası bu cür olmalıydı: zərbələrdə 90-100 təyyarədən istifadə olunur. Bakını 15 günə, Batumini isə 1,5 günə dağıtmaq planlaşdırılır, nəticədə 122 neft zavodu yerlə bərabər edilir. İngilis HHQ bu məqsədlə Mosuldakı (İraq) bazadan qalxır.
SSRİ-də bu dəhşətli plandan xəbərdardılarmı? Elə görünür ki, bəli. 1939-cu ilin sonlarında Sovet qoşunlarının Bakıya doğru aktiv yerdəyişməsi başlayır. Həmin ilin 31 dekabrında SSRİ Xalq Müdafiə Komissarlığı Qafqaz hərbi dairəsini ehtiyatda olanların səfərbərliyi ilə gücləndirmək əmri verir. Vəziyyətin ciddiliyinə daha bir fakt: 1940-cı ilin 6 martında müdafiə komissarı Kliment Voroşilov şəxsən neft hasilatı rayonlarına baş çəkir. Azərbaycan hökumətinin göstərişi ilə müəssisələrdə təcili olaraq hava hücumlarından müdafiə dəstələri formalaşdırılır. Xüsusi diqqət yanğın əleyhinə xidmətin gücləndirilməsinə yönəldilir.
1940-cı ilin 14 martında Fransa kəşfiyyatı məlumat alır ki, Moskva ABŞ hökumətindən neft mədənlərindəki yanğınları söndürən mütəxəssislər xahiş edib. Cavab olaraq ABŞ mütəxəssisləri bildirir: “Bu yerlərdə (Bakıda - Red.) torpaq neftlə o dərəcədə hopub ki, yaranacaq yanğın mütləq böyük sürətlə yayılacaq və qonşuluqdakı mədənlərə də keçəcək”. Onların fikrincə, yanğınları söndürməyə bir neçə ay, neft hasilatını bərpa etməyə isə illərlə vaxt lazım gələcək.
Üstəlik, 122-dən çox neft zavodunda və 71 mədəndə baş verəcək yanğınların Bakıda həyatı necə iflic edəcəyini də nəzərə alaq. Yanğından bütün şəhəri alov alır, onu söndürmək isə (xüsusilə, küləklər şəhərində) həmin dövrün metodları ilə tamamilə qeyri-mümkündür.
Onu da əlavə edək ki, bombardman nəticəsində uzunluğu 833,1 kilomet olan Bakı-Batumi əsas neft kəməri də sıradan çıxarılmalıydı.
Bütün bu əməliyyata “Nizə ucluğu” (ingiliscə - Pike) şərti adı verilmişdi.
Bəs Bakını baş verəcək fəlakətdən nə xilas etdi? İlk növbədə, 1940-cı ilin iyununda ingilis-fransız alyansı (xüsusən də ingilis HHQ) Norveçin müdafiəsində nasistlərə məğlub oldu. Nəticədə London hökuməti Bakını bombalamağa hazır olan hava hissələrini geri çağırdı. Eyni vaxtda, Fransa da nasistlərin işğalı altına düşdü. Və baş verənlər Bakının məhvi planının aktuallığını yoxa çıxardı, Moskva ilə London isə 1941-ci ilin iyunun 22-dən sonra nasizmə qarşı mübarizədə müttəfiqə çevrildilər.
Daha bir maraqlı fakt: Parisin çöküşündən sonra Fransa və Britaniyanın Qafqaz neft mədənlərini bombalamaq planlarına dair sənədlər Ribbentropun və Göbbelsin idarələrinin (XİN və təbliğat nazirliyi) ixtiyarına keçir. Nasistlər bu sənədləri açıqlayaraq onlardan təbliğat üçün yararlanırlar. Stalinin müttəfiqlərə bir çox hallarda inamsız yanaşmasında bu sənədlər mühüm və zəruri rol oynayır. 1945-ci ildə isə o materiallar Sovet qəniməti kimi Almaniyadan SSRİ-yə gətirilir...

Məmməd Süleymanov                        teleqraf.com

Ədəbiyyat:
Aleksey Stepanov. “Qafqaz böhranı” və ya SSRİ-yə qarşı ingilis-fransız hava təhlükəsi”.
Çapay Sultanov. “Bakı nefti ətrafında Soyuq müharibə”.
Pavel Sudoplatov. “Bakı neft mədənləri hədəfdə”.
Tahir Behmudov. “Bakıya yönələn bombalar”.

Комментариев нет:

Отправить комментарий