Страницы

13.04.2013

Amitabh Baççan Bakıda

Məşhur aktyor: ““Atəşgah”a ziyarətimi yaxşı xatırlayıram...”

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqprəvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açırlar. Ötən illər ərzində Bakıda çoxlu məşhurlar qonaq olub. Modern.az saytı Bakıda olmuş məşhur qonaqlar barədə yeni layihəyə başlayır. “Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olan dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açacağıq, o səfərlərin şahidi olan şəxslərin təəssüratlarını təqim edəcəyik. Bakıya kimlər gəlməyib?
Modern.az olaraq ilk olaraq məşhur hind aktyoru Amitabh Baççanın Bakı səfərinin təəsüratlarını təqdim edir.
Vaxtilə SSRİ-də hind filmləri fantastik dərəcədə populyar idi. Bu melodramalarda oynayan aktyorlarla canlı təmas hər bir sovet tamaşaçısı üçün böyük sürpriz, inanılmaz gerçəklik sayılırdı.
Azərbaycanda da hind aktyorlarının başgiccələndirici şöhrəti, bəzən hətta əndazəni keçən sevgisi o zamanın ən isti xatirələrində yaşayır. Belə aktyorlardan biri də məşhur Amitabh Baççan idi. Onun baş rolda oynadığı filmlər xalq arasında hədsiz sevilirdi. “Qanun və intiqam”, “Şakti”, “Üç məngənə”, “Bağışla, Aruna”, “Üç qardaş”, Qığılcım” və daha neçə-neçə ekran əsəri azərbaycanlı tamaşaçıların yaddaşında silinməz izlər buraxıb.
1986-cı ildə Azərbaycana gələn A.Baççanı Bakıda böyük fanat kütləsi qarşılayıb.
O zaman “Kino” qəzetinin baş redaktoru olmuş Mehdi Mükərrəmoğlu Modern.az-a o səfərin detalları ilə bağlı maraqlı məqamları danışıb: “1986-cı ildə  Daşkənddə növbəti beynəlxalq kino festivalı keçirilirdi. O zaman qaydaya görə bu nüfuzlu festivalda nümayiş olunan filmlərdən bir neçəsi Bakıya gətirilərək nümayiş olunurdu. Amitabh Baççan da öz filmini təqdim etmək üçün Bakıya gəlmişdi”-deyə o xatırlayıb.
Bakıya oğlu Abişek və qızı Şveta ilə gələn A.Baççan çox isti və mehriban qarşılanıb.
A.Baççanı Bakıda o zaman Azərbaycan SSR Kinematoqrafiya Komitəsinin sədri Azad Şərifov qarşılayıb. Komitədə keçən görüşdə Azərbaycan kinosunun ən yaxşı aktyorları ilə Baççanın fikir mübadiləsi və görüşü olub.  “Amitabh oğlu ilə birlikdə Bakını gəzdi. Şəhər çox xoşuna gəlmişdi. Ona şəhərin qədim abidələrini, İçərişəhərlə tanış etdirlər”. Məşhur aktyor Suraxanıdakı “Atəşgah”a da baş çəkib.
A.Baççan 2012-ci ildə özünün internet gündəliyində SSRİ ilə bağlı səfər xatirələrini yazarkən Bakıya gəlişi barədə də qeydlər edib.
“Bakıya səfərimdə “Atəşgah”a ziyarətimi yaxşı xatırlayıram. Məbəddəki divarlarda qədim hind dövrünə aid yazılar məni çox heyrətləndirmişdi. Azərbaycanda xalça sənətkarlığının yüksək səviyyəsinin şahidi oldum. Bakıda mənə bağışlanan zərif və gözəl xalçalar bu gün də evimi bəzəyir”-deyə Amitabh Baççan yazıb.
Amitabh Baççanı “Nizami” kinoteatrının qarşısında gördüyünü xatırlayan Mehdi Mükərrəmoğlu deyir ki, həmin vaxt Azərbaycana gələn nümayəndə heyətinin tərkibində daha bir neçə hind aktyoru da olub.
“Baççan bizim aktyorlarla – Leyla Bədirbəyli, Həsən Məmmədov və bir çoxları ilə görüşüb xeyli söhbət apardı”.
Amitabh Baççanın Bakıda olması xəbəri şəhərə ildırım sürəti ilə yayılıb. Onu görmək istəyən yüzlərlə gənc şəhərə axışıb. Lakin çox az bir qismə Baççanla şəxsən görüşüb avtoqraf almaq nəsib olub. Deyilənə görə, onlardan biri o zaman yeniyetmə qız olmuş Aygün Kazımova olub.
Amitabh Baççan 1942-ci il oktyabrın 11-də Hindistanın Allahabad şəhərində ziyalı ailəsində anadan olub. 1969-cu ildə karyerasına başlayan Amitabh Hindistanın ən məşhur aktyorlarındandır. O, Hindistan kinematoqrafçıları tərəfindən “Minilliyin aktyoru” adını alan yeganə sənətkardır.

Aytən Əliyeva

Комментариев нет:

Отправить комментарий