Страницы

17.04.2013

Azərbaycan “alimlərinə” açıq məktub

Firudin Gilar Bəg

Bu günlərdə, televizyadakı xəbərlər buraxılışının birində, AMEA-nın Tarix institunun direktoru, millət vəkili Yaqub Mahmudovun, 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımla bağlı çıxışını dinlədim. Yaqub Mahmudov, dünya ictimaiyyətinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımına münasibətindən şikayətlənirdi və qərbin Azərbaycana qarşı ikili standartla yanaşmasından danışırdı. Azərbaycanı yazıq, köməksiz vəziyyətdə qalmış kimi təqdim edən Yaqub müəllimin sözləri mənə çox pis təsir etdi. Çünki, azərbaycanlıların bədbəxt millət obrazının yaranması məhz Yaqub müəllim və onun alim yoldaşlarının “əməyi” ilə bağlıdır. Bu alimlərin “fəaliyyətinin” nəticəsidir ki, bu gün azərbaycanlılar öz əsillərini danır, İran, Rusiya və s. ölkələrdə yaşayan soydaşlarımız isə özlərini digər millətlərin nümayəndəsi kimi qələmə verirlər. Nəticədə isə azərilərdə əskiklik, natamamlıq kompleksi yaranmışdır ki, bu da xalqımızı assimliyasiyaya uğramasına və bir xalq kimi məhvinə aparır.      


2004-cü ildə mən, qədim dünyanın sirlərini açan və onların bilavasitə Azərbaycanla bağlı olmasını sübut edən, “Красная Башня” (“Qülleyi Al-Ala”) adlı kitabımı yazdım və müəlliflik hüququmu qorumaq üçün Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə təqdim etdim. Məhz Yaqub müəllimin təkidi ilə Müəllif Hüquqları Agentliyi mənim kitabımı qeydiyyatdan keçirmədi. Bunu mən, Müəllif Hüquqları Agentliyinin işçilərindən sonralar öyrəndim. Nəyə görə, Yaqub Mahmudov, Azərbaycan həqiqətlərinin açılması istiqamətində yazılmış kitabın müəllif hüquqlarının tanınmasına mane oldu? Çünki, orada yazılanlar, bu alimlərin yazdıqları saxta tarixin tam əksidir və o təsdiq olunsa, onların savadsızlığı və məntiqlizliyi, azərilərin isə dünyanın ən qədim və ən qüdrətli xalqı olduğu üzə çıxacaqdı. Deməli, bu alimlər üçün Azərbaycan xalqı haqqında həqiqətlər yox, şəxsi mənafe, vəzifə, mövqe əsasdır. 
Qarabağ müharibəsi başlayanda, mən, istehsalatda işləməyimə baxmayaraq, elimiz haqqında həqiqətləri bilmək üçün, kitablar oxumağa başladım və anladım ki, bu gün qəbul olunmuş tarix başdan ayağa cəfəngiyatdır. Bütün mənbələr rəmzlərlə yazılmışdır və onları başa düşmək üçün rəmzlər dili olan sufizmi bilmək lazımdır. Çox qısa müddətdə mən “Süleyman peyğəmbəri quş dili” adlanan bu Batin elmini öyrəndim və mənim üçün qədim dünyanın bütün sirləri açıldı. İlk məqaləmi 1994-cü, ilk kitabımı isə 1996-cı ildə yazdım. 2008-ci ildə isə “Batini-Quran” kitabını çap etdirdim. Yazdıqlarım kitabların müzakirəsi üçün də dəfələrlə AMEA-ya, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini şurasına, müxtəlif unversitetlərə və s. elmlə bağlı ünvanlara müraciətlər etdim. Lakin hər yerdə mənim yazılarımla bağlı müzakirələr keçirməkdən imtina etdilər.
Son kitabım olan “Batini-Quran” kitabında mən, qədim dünyanın bütün sirlərinə elmi izah verdim və göstərdim ki, bütün bəşəriyyətin inkişafı məhz biz azərilərdən başlanır. Rəhman Allah ilk olaraq, qədim mənbələrdə Osiris, Asar və s. kimi tanınan biz azəriləri dünyaya hakim kimi yaratmış, sonra isə digər xalqları yaratmışdır. 5000 ildən artıq dövrdə bütün dünyanı Azər nəslinin törəmələri idarə etmişlər. Bütün qədim kitablarda yazılanlar - müqəddəs Azər elinə və bu eldə baş vermiş kosmik səviyyəli mistik hadisələrə həsr olunmuşdur. Bu hadisələr nəticəsində, bu gün pir, bəg, seyid, şıx və s. adlandırdığımız Azəri müqəddəsləri – padişahlar və peyğəmbərlər nəslinə çevrilmişlər ki, Qurana görə Allah onlar üçün göydə Cənnət yaratmış və onlara ölümsüzlük vermişdir. Həqiqi (Batini) İslam və digər bütün dinlər də məhz biz- azərilərdən başlanır.
Mən, qədim yazıların əsil, yəni batini (gizli) mənalarını açıb, internet səhifələrində və qəzetlərdə də çap etdirdim. Lakin, istənilən halda alimlər mənim yazılarıma münasibət bildirmədilər. Bu yazılara münasibət bildirmək, müzakirələr keçirib, həqiqəti üzə çıxarmaq əvəzinə, Yaqub Mahmudov və digər alimlər, KİV qarşısına çıxaraq, erməniləri bizi necə qırdıqlarını, bizim necə də bədbəxt millət olduğumuzu xalqımıza aşılayırlar. Televiziya verilişlərində isə, tarixə aid mənasız verilişlər hazırlanır və bu alimlərin yüksək “fəaliyyətləri” tərənnüm olunur. Faktiki olaraq bu alimlər Azərbaycan həqiqətlərinin açılmasının tam qarşısının alınmasına nail olmuşlar ki, bu da məntiq etibarilə ermənilərə qulluq deməkdir. Öz ölkəsində, öz millətindən olan, lakin ondan fərqli mövqe tutan vətəndaşlarına düşmən münasibəti göstərən Yaqub Mahmudov hansı məntiqlə xarici ölkələrin bizə münasibətində ikili standartlardan danışır. İkili standartın Azərbaycanlılara tətbiq olunmasının əsas səbəbkarı da məhz belə ziyalılarımızdır. Ölkəmizə gələn qonaqlar məhz bu ziyalıların öz xalqına münasibətini görüb, onlar da eyni münasibəti bizim ölkəmizə göstərirlər.
Demokratik ölkələrdə bu alimləri məhkəməyə verib, mövqeyindən sui-istifadə edərək, bütöv bir xalqla bağlı həqiqətlərin açılmasının qarşısını almaqda və bununla da xalqın milli mənliyinin yox olmasına şərait yaratmaqda günahlandırmaq mümkündür. Azərbaycanda isə belə ittihamlarla, xüsusi ilə də Milli Məclisin deputatına qarşı heç bir şeyə nail olmaq mümkün deyil. Bu isə o deməkdir ki, Azəri xalqı manqurtlaşmağa və məhvə doğru sürətlə irəliləyir.
Yadımdadır, bir dəfə televiziya verilişlərin birində, “Təbiəti sevənlər” verilişiin aparıcısı Qara Mustafayev, Azəri xalqının keçmişindən və onun nə qədər qüdrətli xalq olmasından danışmaq istəyirdi. Lakin aparıcı jurnalist, faktiki olaraq Qara müəllimin sözünü kəsərək, ona danışmağa imkan vermədi. Bunu bütün izləyicilər açıq-aşkar başa düşdülər. Bu o demək idi ki, Azərbaycan televiziyasında Azəri xalqının keçmişi ilə bağlı həqiqətlərin efirə verilməsinə qadağa qoyulmuşdur.
Mən bilirəm ki, xalqımıza qənim kəsilmiş bu saxta alimlər ordusuna qarşı tək mübarizə aparıram və mənə qarşı bu elm adamları müxtəlif tədbirlər görməyə çalışacaqlar. Azərbaycan həqiqətlərinin açılmamasına səy göstərən bu alimlərə bildirirəm ki, qədim yazılara görə, Azəri xalqının ölümü mümkün deyildir və Allah axirətdə bu xalqı yenidən dirildəcəkdir. Rəhman Allah, Yuxarı Azərbaycan sayılan Albaniya (Arran, Ermənistan və s.) ölkəsini və İslamı, axirətdə Gelar bəglərindən bir nəfərə əbədi verəcəyinə, hələ “Dünya”nı yaratdığı zamanlarda and içmişdir. Siz alimlər isə hələ də Albaniyanın nə demək olduğunu başa düşməmisiniz və Allahın “Siz Mənimsiniz” dediyi xalqının bir xalq kimi məhvinə nail olmaq üçün çalışırsınız. Onu da bilin ki, Rəhman Allah bütün olacaqları əvvəlcədən “Lövhi Məhfuz”da yazaraq Azərbaycan ərazisində gizlətmişdir. Bu müqəddəs yazılara görə, axirətdə sizin kimi alimlər və saxta din adamları öz layiqli cəzasını alacaqlar. Buna heç şübhəniz olmasın.

Комментариев нет:

Отправить комментарий