Страницы

11.04.2013

Bızzəy qalası

Bu qala hansı möcüzələri özündə yaşadır?

Buzeyir kəndi ərazisində yerləşən Bizzəy qalası kənd sakinləri tərəfindən “Diviküşk” (Divin köşkü) adlandırılır. Qonşu Lüləkəran kənd sakinləri isə bu qalanı “Şaverən qalası” adlandırırlar. Bu da XX əsrin əvvəllərində Lüləkəran kəndindən olan Şaverən adlı qaçağın bu qədim qalanı özünə sığınacaq etməsinə görədir. Elə qalanın dağılmasına, uçurulmasına səbəb də Şaverənin onu özünü müdafiə istehkamı kimi istifadə etmiş olmasıdır.
Bizzəy qalası Buzeyir kəndindən 3-3,5 kilometr şimalda, Lüləkəran kəndinin üstündə “Qələhal” (Qala olan dağ) dağının hər tərəfi sıldırımlı olan əlçatmaz hündür bir zirvəsində tikilmişdir.
Qaladan Lerik və Lənkəran rayonları, Muğan düzü, Xəzər dənizi, Oğlan qala zirvəsi və bir çox digər ərazilər görünür. Qala, vaxtıilə beş bürcdən ibarət olmuşdur. Bürclərin dördü tam uçmuş, yalnız birinin yarı hissəsi qalmışdır. Bürcləri biri-birinə birləşdirən divarın da yalnız qalıqlarını müşahidə etmək olur. Divarlar qalanın əsasən, şimal tərəfindən hörülmüşdür. Buna səbəb cənub tərəfdən 100 metrə qədər dərinlikdə sıldırımın olmasıdır ki, o istiqamətdə divar hörülməsinə ehtiyac qalmır.
Qalaya daxil olmaq üçün şimaldan xüsusi məqsədlə qazılmış xəndəyin üstündə salınmış giriş qapısı olmuşdur. Burda divar çox qalın hörülmüş, qalanın müdafiəçiləri üçün əlavə tikili qurulmuşdur. Bütün bu tikililər qaya daşlarından ağ məhlulla (gəclə) hörülmüşdür. Divarların əlavə möhkəmliyi, zəlzələ və yer sürüşmələrəinə duruş gətirməsindən ötrü onların hörgüsünə tirlər yerləşdirilmişdir.
Qalanın su təchizatından ötrü içində hovuz və ovdan qurulmuşdur. Hovuz ölçüləri 20x20,5 sm olan bişmiş kərpicdən qurulmuşdur. Təəssüf ki, kənd sakinləri tərəfindən kərpiclər sökülmüş, ovdan dağıdılmışdır.
Ovdanda tərəfimizdən 1996-cı ildə təmizləmə işi aparılarkən onun qayadan çapılması və divarlarının gil qatı ilə suvanması üzə çıxmışdır. Həmin vaxt ovdanı dolduran suyun yerin təkindən sızılmasının şahidi olduq və ovdanda yayın ən quraqlıq aylarında da daim su olmasının səbəbini öyrəndik.
Bizzəy qalasında yaranmış mədəni qatda araşdırmalar zamanı saxsı qırıqlarına rast gəlmək olur. Burada müəllif tərəfindən tapılan gil qab qırığı daha çox diqqəti cəlb edir. Qabın oturacağında usta möhürü vardır. Bu qabın və digər qabların hazırlanma texnologiyasını nəzərə alan arxeoloqlar, İ.Nərimanov və T.Dostiyevin fikrincə, bu əşyalar nadir tapıntı olmaqla, həmin dövr, yəni qalanın tikilərək istifadə edilən IX-XIII əsrlər üçün səciyyəvi tapıntılarındandır.
Bizzəy qalası Cənub-Şərqi Azərbaycanın dağlıq və dağətəyi ərazilərində bir çox qalalar ilə müəyyən sistemə daxildir. Belə ki, Lerik rayonu ərazisində yerləşən Oğlan qala, Bizzəy qala - Hamarat kəndi ərazisində olan qalalar və Astara rayonunda İranla sərhəddə yerləşən Sindan qalası ilə eyni xətt boyunca yerləşir.
Buzeyir kəndinin ərazisində ən uca dağ zirvələri olan “Kırçıməhal”da (Kürşümlüdağ) və “Atəxani kulət” (Ataxanın abadlığı) deyilən yerlərdə də səngər və bürc qalıqlarına rast gəlmək olur. Onlarda tapılan saxsı qab qırıqları Bizzəy qalasında tapılanlarla eynilik təşkil edir. Görünür böyük əraziləri müdafiə edən iri qalalar ətrafında əsasən, xəbərdarlıq və nəzarət funksiyalarını daşıyan lokal xarakterli müdafiə tikililəri də olmuşdur.

Buzeyirin dəfn adətləri 

Buzeyir, qeyd edildiyi kimi, Cənub-Şərqi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Tarix boyu bu ərazidə yaşamış insanların izləri buradakı dəfn abidələrində də qalmaqdadır.
Qədim Buzeyir nekropolu - Buzeyir kəndindən 1,5 km şimalda, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, “Qurgitəpə” və “Kulijdayləpək” deyilən sahələrdə yerləşir. Buranın Qurgitəpə-Qoruqtəpə, deyilən ərazinin hələ babalarımız öz əcdadlarının uyuyan yeri bilərək qorumaqlarına işarə edir.
Abidədə 1994-cü ildə təsərrifat işləri zamanı iri daş sərdabə tipli qəbirdən kənd sakinləri tuncdan hazırlanmış iki ədəd xəncər və bir ədəd qılınc tapmışlar. Bundan sonra bu ərazidə təsadüfi fərdi “qazıntılar” dövrü başlanmış, qəbirlərin çoxu dağıdılmışdır. Burada tapılan silah, bəzək və digər əşyaların çoxu həmin “qazıntılar” zamanı məhv edilmiş, bir qismi də mənimsənilmişdir. Buna səbəb, tuncdan olan bu silahlar və bəzi əşyaların sürtüləndə parıldamasıdır. Həmin əşyaları tapanlar onları qızıl olub olmadığını bilmək üçün sındırmışlar.
Nəhayət, 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İ.Nərimanovun rəhbərliyi ilə Buzeyir nekropolunda tədqiqat aparılmış, onun dövrü müəyyənləşdirilmiş, ulu babalarımızın həyat tərzini və məişətini öyrənmək üçün vacib dəlillər əldə etmişlər. Bunların nəticəsində abidə haqqında dəqiq elmi mülahizələr irəli sürmək mümkün olmuşdur. Həmin zaman 4 müxtəlif sərdabə tədqiq edilmişdir.
İlk nöbədə 1994-cü ildə təsadüf nəticəsində açılmış sərdabənin tədqiqi zamanı bəlli olub ki, onun uzunluğu 380 sm, eni 125 sm, dərinliyi 125 sm, baş tərəfi günbatana olmuşdur. Daxilində təmizlik işləri apararkən ilk nöbədə günçıxan tərəfdə gil qab qırıqlarına və sümükdən hazırlanmış piyaləyə rast gəlindi. Qəbirdə olan sümüklərin dagınıq halda olması müşahidə olunurdu. Bununla bərabər sərdabənin giriş hissəsinin dağılmış olduğu qəbrin hələ qədim dövrlərdə qarət olduğuna dəlalət edirdi.
Qəbirdən tapılan yuxarıda adı çəkilən tuncdan olan xəncərin uzunluğu 35 santimetdır. Dəstəyin tiyəyə bərkidilməsi üçün tiyənin dilçəyə keçən yerində üç dəlik açılmışdır. Tiyə ucunun hər iki ağzı itidir, ortadan boy uzunu qabarıqdır. Eyni tipdə və ölçüdə olan xənçərlərdən biri Buzeyir kənd sakini Mikayıl Rüstəmovda saxlanılır.
Qəbirdən tapılan qılınca gəldikdə o tam deyil, sınıb. Buzeyir nekropolunda tədqiq edilmiş 2 və 3 N-li sərdabələrdən silah tapılmadı. 3 N-li sərdabənin də ətrafı sal daşlarla hörülmüş, üstü isə iri qaya parçaları ilə örtülmüşdü. Bu sərdabədə 5 çoxyaşlı insan kəlləsi və üç gil qab aşkar olundu. Bunlarla bərabər müxtəlif bəzək əşyaları da tapıldı. Bunlar əsasən, daş və pastadan hazırlanmış muncuqlardan, tuncdan hazırlanmış üzük və halqalardan ibarət olmuşdur. Buzeyir nekropolunda tədqiq olunmuş 4N-li sərdabənin uzunluğu 4 m, eni isə 1,5 metr olmuş, iri sal daşlardan qurulmuşdur. Onun daxilində aşkar olan insan sümükləri, müxtəlif qab-qacaq və bəzək əşyaları alt-üst edilmiş, dağınıq vəziyyətdəydilər. Şübhəsiz bütün bunlar sərdabəninn hələ qədim zamanlarda qarət olunmasına dəlalət edir. Quman ki, qəbirdə müxtəlif silahlar da olmuş. Onların həmin zaman çox qiymətli əşya olduğundan qarətçlər ilk nöbədə onları götürmüşlər.
Burada tapılan 50-yə yaxın gil qablar həm forma, həm də hazırlanma texnologiyalarına görə müxtəlifdir. Onlar əksər halda dulus çarxından istifadə edilmədən əldə hazırlanmışlar. Üzərləri şaquli cızma, batıq xətlər və yapma zolaqlarla bəzədilmiş, əksər halda boz rəngdədirlər. Sərdabənin içindən aşkar edilmiş materialların bir qismini təşkil edən bəzək əşyalarının içində müxtəlif forma və ölçülü mavi rəngli pasta, şüşə, əqiq və diqər materialdan hazırlanmış muncuqlar daha çoxdur.
Aydındır ki, adları çəkilən bəzək əşyaları qədim Şərqin xüsusi istehsal ocaqlarında külli miqdarda bazar üçün hazırlanmışdır. Onların Azərbaycan ərazisində tapılması çoxpilləli mübadiləni və yerli tayfaların mədəni inkişaf səviyyəsini əks etdirir.
Bəzək əşyalarının başqa qrupunu təşkil edən mis barmaqçıqlar, burmalı saç bəzəkləri, əqiq muncuq keçirilmlş mis sırğalar və sair qadın və qızların dəblə bəzənməsindən xəbər verir.
Qəbirdə aşkar edilmiş yaşlı qadına məxsus kəllə barədə antropoloq R.Qasımovanın şifahi məlumatına əsasən, kəllə cənubi Avropoidlərin Kaspi məhəlli insan tipinə mənsubdur. Ümumiyyətlə, bu sərdabədən ayrı ayrı dagınıq sümüklərlə yanaşı 23-ə qədər insan kəlləsi tapılmışdır.
Qazıntı zamanı əldə edilən bir insan kəlləsinin içərisində tunc ox ucu tapıldı. O, qulağın arxasından kəlləni deşərək içəri keçmiş və həmin şəxsin ölümünə səbəb olmuşdur. Həmin qəbirdən daha üç eyni tipli ox ucu tapılmışdır. Maraqlı cəhət həmin elmi ədəbiyyatda “skit tipli” adlanan ox üclarının yerli tayfalara məxsus olmadıqlarıdır. Görünür, vaxtılə həmin oxların sahibləri bu ərazilərə soxularaq yerli tayfalarla muharibə etmiş və tədqiq edilən sərdabələrdə dəfn olunanların bir qismi həmin döyüşlər zamanı həlak olanlardır.
Azərbaycan ərazisinin müxtəlif yerlərində, o cümlədən, Mingəçevir, Qazax, Naxçıvan, Şəmkir, Gədəbəy, Fizuli və Cəlilabadda “skit tipli” ox ucları tapılmışsa da, Talış dağlarında üstəlik Buzeyir kimi yüksək ərazidə belə ox üclarınin tapılması çox maraq doğuran haldır. Yeri gəlmişkən, 1965-ci ildə İdeal Nərimanov və Fərman Mahmudov tərəfindən Cəlilabad rayonu ərazisində “Həmşəri təpə” (”Mişarçay”) yaçayış yerində kəşfiyyat qazıntıları apararkan, aşkar etdikləri istehkam divarına sancılmış belə ox uclarına ract gəlmişlər. Bu tapıntılar Skit tayfalarının e.ə. I-ci minilliyin ortalarında bu ərazilərdən keçməsini və yerli tayfalarla döyüşdüklərini göstərir.
2009-cu ildə AMEA arxeoloqiya və etnoqrafiya institutunun əməkdaşı Tufan Axundov tərəfindən bu nekropolda daha bir sərdabə tədqiq olundu. Həmin sərdabənin uzunluğu 5,7 m, eni və dərinliyi -1,2 m olmaqla şimal-qərb - cənub-şərq istiqamətində uzanmışdır. Onun divarları da diqər sərdabələr kimi iri daş və qaya parçalarından hörülmüş, üstü iri qaya parçaları ilə örtülmüşdür. Cənub - şərq tərəfdən sərdabəyə giriş yolu qoyulmuçdu.
Buradan da, diqər sərdabələrdə olduqu kimi çoxlu müxtəlif daş və pastadan muncuqlar, tuncdan hazırlanmış bəzək əşyaları əldə edilmişdirsə də, insan sümüklərinə rast qəlinmədi. Guman ki, keçmiş uzun dövr ərzində, sərdabəyə daima sızan su, orada olmuş bütün sümükləri məhv etmişdir. Deyilən fərziyəni, sərdabənin dibinin 0,5 m qalınlıqda, zaman-zaman su ilə axan çöküntü torpaqla örtülməsi və tapılan bütün əşyaların həmin çöküntü qatının müxtəlif səviyyələrində olması təstiqləyir.
Tədqiqat zamanı müəyyənləşdirildi ki, sərdabə inşa ediləndən və uzun müddət istifadə ediləndən sonra, onun içi tam təmizlənib, orada müəyyən təmir işləri aparılıb, döşəməsi xüsusi su kecirməyən qil qatı ilə suvanmışdır. Tapılan əşyalar həmin təmirdən sonra dəfn olunanlara məxsusdur.
Tufan Axundovun fikrinə görə, Buzeyir nekropolunda aparılmış tədqiqatlar nəticəsində, Talış-Muğan mədəniyyətinin daşıyıcılarından olan əcdadlarımız həmin mədəniyyətin özünəməxsusluğunu, adətən elmi mədəniyyətdə qəbul olunmuş e.ə VII- ci əsrə qədər deyil, e.ə.V-IV-cü əsrin əvvəllərinə qədər qoruyub saxladıqlarıni söyləmək olar.
Buzeyir ərazisindəki qədim qəbirstanlıqların biri də Jindi adlanan yerdə salınmışdır. Təəssüf ki, yer məhdudluğundan bu barədə ətraflı söhbət aça bilmirik.
Beləliklə, Buzeyir kəndi, buradakı mağaralar və qalalar haqqında söhbəti yekunlaşdırır və inanırıq ki, dəyərli alimlərimiz burada daha qiymətli tapıntıların şahidi olacaq.

Habil Əliyev, Lerik rayonu

cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий