Страницы

04.04.2013

İlqar Kamal - Ana

Anasız bu dünyamın
nə dadı var, nə də tamı!
İlahi,
al hər şeyimi,
qaytar mənə Anamı...!

Anasızlıq ağır gəlir
ürək onu çəkə bilmir.
“Yetim” adlı yırtığımı
heç bir iynə tikə bilmir.

Anasız çılğın həyatın
nəbzini tutmaq da çətin.
Anasız gülmək, ağlamaq
Anasız yatmaq da çətin.

Anasızı gözlərindən tanıyaram:
kövrək, ürkək.

Heç bir gözün düz içinə baxa bilmir.
Elə bil ki ,baxışında nəsə çatmır.
Anasızlıq
gözlərindən çıxa bilmir...

“Əziz anam!” –deyən görər,
Ana əzizləyən görər-
sol tərəfdə ağrı duyar Anasızlar
bir xəlvətə çəkilərək sızıldayar Anasızlar...

Bircə kəlmə, üçcə hərf
Dərin, çözülməz bir məna.
Desəm ,mələk
desən, insan
əlçatmaz bir imkan –Ana!

...Doğularkən qayçı ilə
göbək bağımızı kəsib
ayırarlar Anamızdan.
Bax, o zaman bəlli olar Ulu istək!
Demək , hər şey ötəridir,
hər şey haçansa bitəcək.
Demək, bu fani dünyada
öz doğmaca Anamıza
belə
bağlanmamaq gərək...

Комментариев нет:

Отправить комментарий