Страницы

14.04.2013

Köklü dəyişikliklər

FotoğrafımSahil Qənbərli

Gəlin ilk öncə inqilabın nə olduğuna geniş mənada nəzər salaq.
İnqilab - Hər hansı bir toplumda və ya individual olaraq beyində, baş verən radikal köklü dəyişiklikdir. Və ya ictimai -siyasi dəyişikliklərin insan tərəfindən sürətləndirilməsi də demək olar.
Mövzu sadəcə Əliyev rejiminin getməsindən gedirsə, deməli hələ ideoloji olaraq dəyişikliyə ehtiyac yoxdur. Çünki əvəzləyicilər də liberal bazarın inkişafı naminə işlər görəcəklər. Qərb sivilizasiyasına inteqrasiya edib, adını isə globalizm qoyacaqlar, necə ki, indi də belədir.
Yox əgər struktur dəyişikliyi deyil, iqtisadi sistem dəyişikliyindən söhbət gedirsə, onda nəzərə alınmalıdır ki, "Azərbaycanda liberal bazarın sonu" OPEC, BP kimi dünya nəhəgləri ilə üz-üzə gəlmək, onlarla - hansı ki, rəqiblərini dollar əskinasları ilə sözün hər iki mənasında boğa biləcək güclə mübarizə aparmaq deməkdir.
Ağıllı adamlar çoxdan bilirlər ki, dünyada maddi maraqlar hakimlik edir və romantizmə qapılmanın siyasətdə böyük fəlakətlərə yol açılacağı pünhan deyil. Demək istədiyimin tamam başqadır. Son aylarda Azərbaycanda ələxüsus Bakıda baş verən bir sıra mitinq və aksiyalar cəmiyyətdə rezonans doğurub ki, "Ay haray, inqilab gəlib qapını döyür, durun açın." Sadəlövh insanlar da buna inanır. Halbuki, siyasi analiz eləsəniz məsələləri, qarşınızda tamam başqa pəncərə açılacaq. Mən heç unutmuram ki, kiçik ölkələrin taleyini xalq yox, "böyüklər" təyin edir. Bu deviz mənə siyasi baxışımda romantik olmamağa yardım edir. Həqiqətən də belədir, hazır ki, dövrdə Azərbaycan kimi xırda ölkədə, belə siyasi oyunların içində inqilabı xalq edəcək? Gəlin tarixə nəzər salaq. 1918-ci il də Azərbaycan Cümhuriyyəti nümayəndələri qərbə ölkəni tanıtmaq üçün səfər edir. İngilis Generalı ilə görüşən hökümət başçısı Xoyski, Azərbaycanın İngiltərə tərəfindən tanınmasını müzakirə etmək istəyir. General isə bunun qarşılığında "Biz bu qədər plan üzərində işlədik ki, cırtdan dövlətlər yaransın?! Əsla!" deyib. Əlbəttə nə qədər acınacaqlı olsa da, "xalqların öz müqəddəratını özləri təyin etməlidir" kimi frazalar artıq ciddi qəbul edilmir, heç vaxt da qəbul olunmamışdır əslində. Aydın eləmək istəyirəm ki, başa düşəsiniz : Xalq kütlədir, və bələdçi isə çox vaxt "böyük"lərin nəzarətində olan "buratino"dur. Biz isə hələ də demokratik "şəffav seçkilər"ə inanırıq, hətta çıxışda exitpol da tələb edirik. Stalinin bir sözü var, deyir, "Seçkiləri kimin qazanması önəmli deyil, önəmli olan səsləri kimin saymasıdır." Yəni çıxıb etiraz da eləsən ki, "mənim səsimi icazəsiz istifadə edirlər.", sənin səsini elə icazəsiz boğacaqlar. Yuxarıda dediyim Azərbaycanda baş verə biləcək inqilablar siyahısından 2-ni göstərdim, struktur islahatı və sistem islahatı. Sistem islahatı deyərkən mən, ekonomik islahatdan yəni, Liberal bazardan, Sosialist rejimə keçidi nəzərdə tutmuşdum. Bu hazır ki, halda mümkün deyil, bazis yoxdur ən əsası. Amma sol güc sağlam müxalifət rolunu oynaya bilər. Çünki liberallardan fərqli olaraq, sol`u bu vaxtda heç bir siyasi güc dəstəkləmir, qrantlarla dolanıb, kiməsə söykənmirlər. Sol ancaq xalqın gücündən istifadə edə bilər ki, bunun üçün də ilk öncə etimad qazanmalıdır. Bəli, sağlam inqilabı yalnız və yalnız sol edə bilər, amma indi yox. (Təşkilatlanmaq və təbliğat başlıca şərtdir.)
20 illik liberal müxalifətin hər seçkilərdəki fiaskosunun səbəblərini, artıq sırtıqlaşmağa başlayan liderlərini xalq dinləmək istəmir. (Məsələ məlumdur) Struktur islahatının isə əhəmiyyəti olmayacaq. Əsla sizi pessimizmə qapatmaq istəmirəm. Sadəcə məsələyə realist yanaşmağa çalışıram. Xalqın kütləvi atacağı addımdan öncə şüur inqilabı olmalıdır. Liberal müxalifət həqiqətən xalqı düşünsəydi, (Ki liberalizm daha çox fərdi düşüncəyə söykənir, nəinki kollektivi) bu gün hakimiyyətə gəlməkdən öncə bu mühüm silahdan - "beyin inqilabı" teoriyasından maksimum istifadə edərdi. Ümumi planda götürsək, liberalizmin inqilablarına baxmağa dəvət edərəm sizi. İraq, Tunis, Liviya, Misir. Onlara demokratiya "göydən" düşdü. İraqa demokratiya gəldi, 3 dövlət yarandı (Az qala hər gün partlayış olur), Tunisə, Liviyaya, Misirə demokratiya gəldi, 1 ildən çoxdur ki, "ərəb baharının" solmuş tumurcuqlarına tamaşa edirik. Xalq isə peşmandır, bəli peşman.
Hakimiyyətin əhalidən təhsili almasının səbəbi bilirsiniz nədir? 100 qoyunu idarə etməyə 1 çoban bəs edər. Başını aşağı sal, otla. Nə qədər sərt olsa da deyirəm, təhsilsiz cəmiyyət sürüdən fərqlənmir. Bu gün başımızı "Qarabağ" mövzusu ilə qatırıqsa, bunun tək bir səbəbi var, doğru düşünməməyimiz. Maaşdan maaşa yox, borcdan borca yaşayan xalq ilə hansı inqilab edə bilərlər axı?
Son aylardakı mitinqlərin təşkilatçıların məqsəd və səbəbləri iki başlı idi. Ona görə heç bir uğur qazanılmadı, istəyirsiz hər ay edin, yenə uğursuzluq, yenə fiasko. Bu 100 nəfərlə olacaq iş deyil, milyonlar lazımdır, milyonlar. Kütləvilik.
İnqilab beyinlərdə baş verən radikal dəyişiklikdən doğur və ictimai dəyişiklik üçün katalizator rolunu oynayır. Beyinlərdə hansı inqilab baş verib? Təkan verici qüvvə ilk öncə beyinlərdə formalaşmalıdır. Əgər bu gün yuxarı sinif şagirdlərinin əllərində kitab yox, təsbeh və bıçaq varsa və buna ictimai reaksiya verilmirsə, bu toplumla inqilab eləmək niyyətindəsiniz, cənab "qrandyorlar"? Və ya bu toplumunmu inqilab edəcəyini düşünürsünüz, cənab sadəlöhvlər? Bunun absurd olduğunu deməyəcəm, özünüz anlayacaqsınız.

Türkiyə, Trabzon

Комментариев нет:

Отправить комментарий