Страницы

23.04.2013

Masallı Mamed Dostoyevskinin bütün kitablarını oxumuşdu

Azər Nurun “Masallı Mamed" kitabından seçmələr

O, orta məktəbi bitirəndə univermaqda şöbə müdiri işləyən atasının işi məhkəməyə düşdü. Üzünə duran iman­sız şahid də milis işçisi idi... Əslində atası şöbədə satı­cı işləyən gənc bir qızın milisə-məhkəməyə düşməsin deyə “günahını” öz üzərinə götürmüşdü, bu, əsl azər­bay­can­lı-müsəlman kişisinin necə böyük ürək sahibi olduğuna dəlalət edən alqışa layiq bir xarakter idi. Amma ailənin yeganə çörək qazananı olan ataya nahaqdan maddi və mə­nəvi ziyanlar vurulurdu. İşi o qədər yubatdılar ki, oğlu 17 yaşına qədəm qoydu. O, ailənin ikinci oğlu idi. Böyük qardaşı hərbi xidmətə yola düşmüşdü. Evdə ondan başqa 5 uşaq böyüyürdü. Böyük ailənin başsız qalacağını düşünə-düşünə içinə qorxunc fikirlərin nə zaman dolduğunu bilmədi... 5-10 qəpiyə görə ticarətçi atasının üzünə duran milisi yalan ifadəsini geri götürtmək, əks təqdirdə ona həddini bildirmək, cəzalandırmaq fikrinə düşdü.
Bürcündə deyildiyi kimi, “Əqrəblər ağlasığmaz, qeyri-adi hərəkətlər törətməkdə mahir, daim narahatlıq hissi keçirən adam­lardır”. Elə bu narahatlıq hissilə də atasını həbsə saldırmaq niyyətindən əl çəkməyən milis işçisinin dərsini verdi...
Milisə əl qaldırdığına görə ona 3 il məcburi əməyə cəlb olun­ması haqqında hökm çıxarıldı. Bir həftə keçməmiş Sum­qayıtdan – məcburi əməyə cəlb olunduğu “kolon pas­ledni”dən Bakıya gələndə tale yenə onu namərd əli ilə sı­nağa çəkdi. Texnikumda oxuyan qohumuyla tələbə şən­liyinə getmişdi. Tələbə bir qıza sataşan oğlanla arala­rın­da mübahisə düşdü. Qızı ağır söyüşlərlə təhqir etdiyinə görə həmin oğlanı bıçaqla vurub qətlə yetirdi. O dövrün qanunlarına görə Mamedi ölüm hökmü ilə güllələnməyə də göndərə bilərdilər. Atası İsgəndər kişinin döymədiyi qara me­şin qapılar qalmadı. Meşin qapılarsa, belə müşkül işlər­də adamın üzünə pul cingiltisinə açılır... Nəhayət, ata oğlunu güllələnmə cəzasından güclə xilas etdi. Gözlənilən ölüm hökmü 15 illik cəza müddətilə əvəz olundu.
Və bu dəfə öz cəzasının 5 ilini çəkmək üçün əvvəlcə Şu­şaya – Azərbaycanda ən sərt rejimi ilə seçilən qapalı tipli həbsxanaya göndərildi.
Burda da kəcrəftar çərxi-fələk yenə nə onun, nə atası­nın saydığını saydı. Dustaqlardan biri öz yoldaşları ba­rədə tez-tez həbsxana nəzarətçilərinə “informasiya” çat­dı­rırdı. Belə “informator”lardan “nadzor”lar gəlir mənbəyi kimi istifadə edirdilər. “Poqon”lularla məxfi əməkdaşlıq onsuz da ağır şəraitdə yaşayan dustaq yoldaşlarının vəziyyətini daha da çətinləşdirirdi. O, dustaqlara “torba” tikən adamın əclaflığına dözə bilmirdi. Bir dəfə ona həddini bildirdi, möh­kəmcə əzişdirdi...
Onu Şuşa “qapalı”sından da ağır rejimli Qroznı həbs­xa­nasına göndərdilər.
Sovet İttifaqının bir həbsxanasından digərinə ötürülən gəncin sorağı özündən qabaq Qroznıya çatmışdı. Çünki Ma­med “asi” məhbusu özünəməxsus tərzdə cəzalan­dır­maqla günahsız dustaqların haqqını müdafiə etmişdi...
Kriminal aləmdə suçu sübuta yetirilən satqın məhbuslara “suka” deyilir. Həbsxanalarda belə məhbuslar “mavi”lərdən də aşağı səviyyəli, hörmətsiz şəxs hesab olunur. Belələri azadlıqda olan­da da dolanmaq xətrinə “işverənlik” vərdişlərindən əl çəkmir­lər. Qanuna görə (əlbəttə, burda söhbət kriminal aləmin qa­nun­larından gedir – A.) bu şərəfsizliyi istər azadlıqda, istər “zon”da edən “sukalarla” əl verib salamlaşmaq, yoldaşlıq etmək, bir masa arxa­sında çörək yemək yasaq sayılır. Hər hansı “zon”a, yaxud “xata”ya təzə gələn məhbusa dərhal həmin adamların kimliyi barədə məlumat verilir ki, sonradan pis vəziyyətə düşməsin.
Qroznı həbsxanasında o, nüfuzlu avtoritetlərlə tanış oldu. Gələcəyin iki “qanun oğrusu”nun – Masallı Mamed adıyla tanınacaq bir gəncin Dağlı Cavanşirlə dostluğu da Qroznıdan başladı...
Həbsxana hücrəsi onun üçün dünyanın ən “yaxşı” qiraətxanası oldu.
O, bircə saatını belə boş keçirmirdi. Dini, fəlsəfi, tarixi kitablar oxuyurdu.
Yada düşən o qədər xatirələr vardı ki...
Qapalı həbsxanada cəzası bitəndən sonra onu Rusi­ya­dan Bakıya, 6 saylı cəzaçəkmə müəssisəsinə gön­dər­dilər. 80-ci illərin ortalarında cəzasını Bakı həbsxanasında yenə Cavanşirlə bir kamerada çəkdi. Burada da nə­za­rət­çi­lərin qanunsuz əməllərinə dözmədiyi üçün yenidən yu­m­ruğunu işə saldı. Onu Rusiya həbsxanalarına göndər­di­lər.
Öz səyi ilə Voloqda şəhərində “Sentral” adlı müvəqqəti sax­lama təcridxanasında “polojeniya” yaratdı. Sonra onu “Mat­­rosskaya tişina”ya göndərdilər. Anzor Bezruki, voro­nejli Balandin və başqa tanınmış “qanuni oğru”ların cəza çək­diyi bu həbsxana Lefortovo, Bastiliya qədər məşhur idi. Burada ağır şəraitə etiraz edən dustaqlar qiyam qal­dır­dılar. Qi­yamçı dustaqların sakitləşdirilməsində Ma­medin də bö­yük xidməti oldu. Dustaqların ona hörməti məş­hur oğ­ru­ların diqqətini cəlb etdi. Ona “Qanuni oğru” titulu tək­lif olun­du. “Sən bizim ailəyə lazımlı adamsan!” O bu göz­lə­nil­məz təklif ba­rədə düşünəcəyini bildirdi. Rusiya həbs­xa­nalarında cəza müd­dətinin 5 ilə yaxınını Voloqda şəhərində çəkdi.
Elə burdan da “yaxşı oğlan” kimi azadlığa çıxması ilə kri­minal aləmin daha çox diqqətini özünə cəlb etmişdi... Am­ma hələ “qanuni oğru” deyildi.
..1992-ci ilin mart ayının 26-da azadlığa çıxdı. Bu vaxt o, keçmiş SSRİ ərazisində – ümumittifaq miqyasda krimi­nal aləmin ən nüfuzlu şəxsiyyətlərindən biri idi. Artıq azad­­lığa təkcə o yox, adına SSRİ deyilən imperiyanın əsa­rətindən qurtulan XALQ(lar) da çıxmışdı.
1992-ci il. 4 noyabrda – ad günündə toyu oldu... Toyun ən unudulmaz məqamlarından biri Məşədi Təvəkkülün ürəklə “Oğru qisməti” mahnısına rəqs etməsi idi. Cansız videolent 31 bir yaşlı bəyi ekranda canlandırır. Türmə hə­ya­tının acısını dadmış Məşədi ərklə bəyi rəqsə dəvət edir... Leninin şəkli olan qırmızı onluqlar, bənövşəyi iyir­mi­beşliklər yağış kimi yağır. Bu kağız əskinaslar bir il öncə süqut edən sovet imperiyasının ayaqlar altında tap­danan son atributu idi! Yeni ildən Müstəqil Azərbay­canın milli pulu dövriyyəyə buraxılacaqdı: Üzərin­də Məmmə­də­min Rəsulzadənin, Nizami Gəncəvinin və Qız Qalasının şəkli olan milli manatlar...
Onu yenə kriminal aləmin tanınmışları öz sıralarında görmək istəyirdi. Çoxları bu adla “təltif” olunmağa can atır­dı. O isə “Qanuni oğru” adı daşımağın nə qədər məsuliy­yətli ol­du­ğunu dərk edirdi. Amma bu da onun taleyinə yazılmış­dı.
HAŞİYƏ: Uşaqlıq dostu Rafiqə bir dəfə: “Mənim bir adım var, onu da mənə atam İsgəndər verib!” demişdi. Çox sonralar “oğru” dünyasına maraq göstərən, onların ləqə­bindən, statusundan “kodeksindən” ağızdolusu danışan, kriminal terminlərini söyləməkdən zövq alan gənclərə Mamed belə deyəcəkdi:
-Əsl qibtə olunası adam öz ev-eşiyində, ailəsinin başın­da avtoritet olan şəxsdir.
-Deyəcəkdi ki, özünüzə ayrı yol seçin! “Oğru” dünyasın­da qibtə ediləcək nə var ki? “Qanuni oğru” hər gün, hər ZAMAN “bespridel”lə duelə çıxmaq idi.
...1993-cü ilin dekabrında Bakıda “Leyla” şadlıq evində Sa­birabadlı Hikmət, İrəvanlı Faiq, Lotu Bəxtiyar, Dağlı Ca­van­şir, Yetim Hüseyn, Ənvər, Çingiz Axundov və başqa av­to­ritetlərin iştirak elədiyi mərasimdə ona “Qanuni oğru” ti­tu­lu verildi (Bəzi mənbələrdə yanlış olaraq Mamedin Sabi­ra­badlı Hikmətin toyunda “korenavat” olduğunu yazırlar).
Könüllərdən və bədənlərdən qan fışqıran qanlı-qadalı illər idi. Cəbhə bölgələrindən Masallıya gətirilən şəhid­lərin sayı 150 nəfərə çatmışdı. “torpağa dən əkmək üçün doğulanlar, özləri torpağa dən kimi əkildilər”. Müstəqillik Azərbaycana qan-qada bahasına başa gəlirdi. Ölkə 20 min şəhid vermişdi, minlərlə adam əsir və itkin düşmüşdü. Atəşkəs elan olunsa da, ölüm-itim casus kimi hər yanda insanları pusur, öz toruna salırdı.
1995-ci ilin mayın 4-də müharibə şəraitində yaşayan bir ölkənin paytaxtında – Bakıda onu tapança “gəzdirdi­yi­nə” görə həbs etdilər.
Kriminal aləminin qanunlarına görə “qanuni oğru” üs­tün­də yaxalandığı tapançadan imtina edə bilməzdi. Hət­ta o silah əməliyyatçılar tərəfindən qəsdən onun adına “yazıl­saydı” belə... (“Qanuni oğru” statusu daşıyan hər kəs bu alə­min “kodeksi”nə sadiq qalacağını öz öhdəsinə götürür. Bu ehkamı pozanlar aid olduğu aləmdə nüfuzdan düşürlər.).
Tapançaya görə cəzasını çəkmək üçün onu Keşlədəki həbsxanaya göndərdilər.
Xatırlamalı elə anlar vardı ki...
...16 il öncə həmin həbsxanadan çıxanda Saşa adlı bir rus dustağın son kəlməsi qulaqlarında əks-səda verdi: “Mənə ünvan verməyinə ehtiyac yoxdur, kardeş, səni yerin altında da olsan tapacağam!” Amma taqanroqlu həmin rus yerin üstündə tapdı onu.
...Masallıda əmisi oğlunun toyuna, sonra Moskvaya ad gününə – şad gününə gəldi Saşa. Ona həsr etdiyi şeri də oxudu:

 Когда бы поняли меня,
 Вы б, несомненно, согласились:
 Нам Божий суд будет вменять
 Всё то, чем души окрестились.
                  
 Нам не дано, конечно, знать,
 Кого Господь возьмёт на Небо
 – Единый Бог! Мой долг сказать:
 Возьми того, кто дал мне хлеба.

Bu şerin altında Saşa rusca “4 ноября 1995 г. г. Баку, пос. Кишлы” yazmışdı (28 aprel 2011-ci ildə Masallıda Mamedin məzarı önündə özünün dediyi kimi hələ o zaman Saşa Mamedin soyadını da bilmirdi.).
Üç il əvvəl yenə Bakıya gəldi. 10 saylı cəzaçəkmə müəs­­sisəsində ona baş çəkdi. O gün Mamed Saşaya təsbeh ba­­ğışlamışdı...
Dustaqların zövqlə düzəldib cilaladığı 33 ədəd kəhrəba daşlar...
5 il əvvəl aprelin 7-də bahar günlərinin birində tanımış “qa­­nuni oğru” “Sabirabadlı Hikmət” Moskvada – Leninqrad pros­­pektində odlu silahla öldürüldü. Baharın o sarsıdıcı, göz­­lənilməz “sürprizindən” sonra Rusiyada məskunlaşan kri­­mi­nal qrup­laşmalar daxilində anlaşılmaz vəziyyət yaran­dı. O öz ira­də­sindən və “böyük qardaş statusu”ndan ba­ca­rıq­la istifadə edib, anlaşılmaz durumu aradan qaldırdı. Bun­dan sonra Azər­bay­canın hüdudlarından kənarda böyük nüfuz sahibi kimi o, kriminal aləmdə Sa­birabadlı Hikmətin yoxluğunu hiss etdirməmək üçün var gücü ilə çalışdı... Görüləsi işləri çox idi.

Ölüm korpusunda ölüm

Bir vaxt mütaliə etdiyi dini kitabda Xaliqin öz məx­lu­quna buyurduğu ismarışı xatırladı: “Mən sizi yarat­dım. Sizə ağıl, istedad və gözəllik verdim. Bundan sonra bəxş etdiyim ömür payınızı insan kimi yaşayın! Mənim uca səltənətimi – ucsuz-bucaqsız kainatımı DÜZ əməllərinizlə şərəfləndirin. Bir-birinizə qarşı mehriban olun!”
 ...İki gün idi ki, həbsxanada bayram ab-havası vardı. Onun adına göndərilən maşın-maşın bayram sovqatı dus­taq­lara paylanırdı.
– Bəlkə ərzağa, siqaretə qənaət edək, qədeş!
– Bayram ərəfəsidir, qoyun dustaqlar gen-bol yeyib-içsinlər, bura nə gətirirlərsə hamısını paylayın!
... İki gün idi ki, dustaqlara konsert verirdilər. İki gün idi ki, gələn qonaqları qəbul edirdi. Yorulmuşdu. “Eybi yox, bay­ramı yola verib, sonra doyunca dincələrəm!” düşündü. Bu gün də konsert proqramı nəzərdə tutulmuşdu. Durub üzü­­nü qırxdı. Duş qəbul elədi... İnsan çiməndə ruhən din­cə­lir. Ruhu sevinc içindəydi.
...amma ürəyi sıxılırdı. “Bir az uzanım, dincimi alım, son­ra durub gedərəm!” Uzandı. Gözlərini yumub xəyala dal­dı. Az sonra gözlərini təzədən açmaq istədi. Kirpiklə­rin­dən elə bil daş sallanmışdı. Göz qapaqları HƏYAT səhnəsində pərdə kimi qapanmışdı.
Dünən qardaşlarına – Elşənə, Əjdərə: “Qohum-qardaşı yı­ğın, gedin Masallıya, bayramı anamla birgə keçirin!” – de­mişdi. Dünən elə yaxşıydı ki... Özünü sapsağlam hiss edir­di. Dos­tu Rafiq gəlmişdi... Deyib-güldülər. Heç ayrılmaq ist­ə­mirdi. Dünən dünəndə qalmışdı.
Bu gün... Dünya dünənki dünyaya bənzəmirdi. Bədbəxt­çilikdən yanında da heç bir dustaq yoxdur. Belə məqamda onu silkələyib yuxudan oyatmaq yenidən həyata qaytarmaq de­mək idi.
Xəyalı yenə Azərbaycan fəzasında quş kimi qanad açdı... Ma­vi dənizin üstündən keçib cənuba getdi. İsti təndir çörə­yi­nin ətri doldu burnuna...
 Ata evində – aynabəndli eyvanda yuxuya getmişdi.
 “Oyan, Mamed, oyan!”
 Gözlərini açdı. Qardaşı idi.
“Nə olub, niyə rəngin qaçıb?”
“Qorxdum, elə bil nəfəsin gizlənmişdi”
“Hə, nə yaxşı ki, məni oyatdın, ürəyim bərk sıxılırdı...”
Onu burda – həbsxana hücrəsində yuxudan oyatmaq la­zım idi.
 “Məni günün bu vədəsində dərin yuxuya getməyə qoymayın, qardaşlar!”
 ... Doğma qardaşlarını bir-bir xatırladı: Möhübbət, Əjdər, Elşən, Qoşqar...
 Anası açıq qalmış həyət qapısından yola boylanırdı.
 Əziz gündə oğullarının yolunu gözləyirdi. O, anasını çağırmaq istədi.
Səsi uzaq bir vadidən gəldi.
 ... Bura son görüş yeri – vida vadisi idi.
 “Ayrılıq” nəğməsinin sonuncu akkordları o taylı-bu taylı Azər­baycana səs salmışdı:
“Hər bir dərddən olur, yaman ayrılıq...”.
...Ölümün al yaşıla bürünmüş AYRILIQ vadisində so­yuq nəfəsini duyan xəyal geri dönmək istədi. Burda – həbs­­xa­nada BÖYÜK QARDAŞ tituluna görə “azad” ya­şamaq hüqu­qu “qazansa” da, insan kimi AZAD ÖLMƏK hü­ququndan məhrum edildiyini bilirdi... “Lotu Bəxtiyar” da bu həbs­xanada – məşhur “Ölüm korpusu”nda gözlərini əbə­di yummuşdu... İndi də o əbədi AZADlığın astanasında idi.
“İlk dəfə 18 yaşında həbsxanaya düşən Məmməd Hüseynov 18 ya­şından 49 yaşınadək yetkinlik dövrünün 33 ilinin 20 ilə qədərini həbsxanalarda keçirdi.
 Masallıda belə möhtəşəm dəfn və hüzr məclisinin keçirildiyi kimsənin xətrinə gəlmir. Hüzr məclisinə minlərlə insanın qatılmasını, ata yurdundan qəbiristanlığadək səpələnmiş qərən­fil­ləri, daim dolub-boşalan, sonu güclə görünən 800 nəfərlik yas çadırına baxanları bir sual düşündürürdü – bu şəxsə bu qədər ehtiram nədəndir? Əgər qorxudan idisə, o artıq həyatda yox idi. Kino ulduzu, məşhur idmançı da deyildi. Qardaşları heç bir xeyir-şər məclislərindən qalmasalar da, bu da minlərlə insanın bura toplaşmasına əsas vermirdi. Bəs bu ehtirama səbəb nə idi? Düzü, bu sualı birbaşa cavablandırmaq çox çətindir. Yaxın dostlarının bildirdiyinə görə, Masallılı Mamed təkcə Masallı camaatının yox, Azərbaycanda, eləcə də, Rusiyada yaşayan qafqazlıların ən ümidsiz vaxtlarında onların dayağı idi. Kimsə nahaqdan incidiləndə, kiminsə haqqı tapdalananda onun bircə kəlməsi ilə aylarla, illərlə çözülməyən məsələlər bir neçə dəqiqəyə həll edilirdi. Mamedin yaxşılıq etdiyi, dardan qurtardığı insanlar haqqında yüzlərlə nümunələr göstərmək olar. Həbsxanada təmir işlərindən, kommunal məsələlərin həllinədək onun xidmətləri olurdu.
Qəribə səslənsə də, Mamed hansı həbsxanaya düşürdüsə, oradakı dustaqlar daha çox sevinirdilər. Bilirdilər ki, Mamed olan yerdə onlar nahaqdan incidilə bilməz, o olan yerdə möhkəm qayda-qanun olar. Dostlarının bildirildiyinə görə, əgər həmin “zonda” ət qıtlığı olurdusa, onun bir sifarişi ilə həmin həbsxanaya bir neçə yüz kiloqram ət gələrdi. Yaxud bir də görürdün ki, həbsxanaya bir KAMAZ siqaret gəldi.
 ...Hələ bir neçə ay öncə onun xəstəlikləri barədə mətbuata xəbərlər sızırdı. Bəziləri bu xəbərlərin gələcəkdə ona qarşı baş verə biləcək təxribatlara baza hazırlamaq üçün olduğu qənaətində idilər. Amma hazırda onun xəstəlikdən ölməsi barədə mövcud versiyalarda özgə şübhəyə əsas verəcək heç bir əsas yoxdur. Düzdür, ölümündən bir gün əvvələ qədər onun halında pis bir şey müşahidə edilməsə də, yekdil rəy ondan ibarətdir ki, Masallılı Mamed beyninə qan sızmasından və ürək çatışmazlığından vəfat edib.
Bu hüzr məclisinə 7 gün insan axını kəsilmədi. Yas mərasimində Rusiyadan, Türkiyədən, İrandan, Ukraynadan, Gürcüstandan və sair yerlədən məşhur avtoritetlərin iştirak etdiyi bildirilir. Digər məlumata görə Moskvada azərbaycanlılara məxsus əksər restoranlarda “Masallılı Mamed”in 7 mərasimi düzənlənib. “Konkret Moskvanın cənubundakı DAK-ın Rusiya nümayən­də­liyinin sədri Mirəşrəf Fətiyevə məxsus ”Qız qalası" , habelə “Kura”, “Səmərqənd”, “Şəki” restoranlarında ehsan verildiyi dəqiqdir" deyə, mənbəmiz bildirir. Yeri gəlmişkən, mərhumun üçü günü Bakıdakı əksər cəzaçəkmə müəssisələrində ehsan mərasimləri keçirilib...”

Sonuncu səfər

O gecə Mamedin cənazəsini aparan “Kar­van” mənzil başına cataçatda idi... Gecə yarıdan ötsə də, elektrik dirəklərində yanan gur işıqlar küçələrə çıraqbanlıq paylamışdı... Bir az əvvəl həyətlərdə tonqallar yandırılır, səma­ya fişənglər atılırdı. Ağsaqqallar, ağbirçəklər ilin təhvil-təslim duasını oxumuşdular... Adətə görə ilin təhvil saatı evlərdə ailənin bütün üzvləri bir yerə yığışmışdı, evlərin bü­tün otaqlarında işıqlar bərq vururdu. Dünyagörmüş ulu­­la­r­ımızın fikrincə, qaranlığa şər-şeytan yığışmasın deyə, NOV­RUZ bayramı axşamı evdə-eşikdə bir otaq olsa belə, zül­mət­də qoymaq olmazdı...
Sabah – Azərbaycanın hər bir guşəsində olduğu kimi Ma­­sallıda da Novruz bayramı münasibətilə hamı bir-birinə “Bay­ramın mübarək!” deyəcəkdi. Hətta ağbirçəklər-ağsaq­qallar küsülüləri barışdıracaqdılar:

 Gəbənin eni qarış,
 Güllü-butalı naxış...
 Bayram küsülü sevməz –
 Qadan alım, gəl, barış!

Xalq arasında “Bayramın qara gəlsin!” qarğış duasıdır.
Mamedin ailəsini, doğmalarını indiyədək heç kim belə qarğımamışdı.
Əksinə, məhəllədə kiçiyə izzət, böyüyə hörmət edən Mamed kimi bir adamın anasına hamı alqış duaları edərdi:
 – “Gedənin gəlsin, üzün gülsün!”
 – “Oğlun darda qalmasın!
 – “Oğul dağı görməyəsən!”
 – “Allah balanın başından bir tük də əskik eləməsin “....
 Mamedin doğma Masallıya hər dəfə gəlişi toy-bayram idi...
 Amma bu dəfə...

Mamedlə ilk tanışlığım

4 oktyabr 1998-ci il. “Masallı” qəzetinin nəşri ilə bağlı rayondan Bakıya gəlmişdim, eşitdim ki, Qaradağda İlham Müseyib oğlunun toy məclisində Mamed də iştirak edəcək. Axşamüstü İlhamın tələbə yoldaşları Mə­za­him, Ramiz, Oqtayla birlikdə toya getdik. Məzahimlə Ra­miz Mamedi tanıyırdılar. Onun barəsində o qədər maraqlı söh­bətlər danışırdılar ki... Biz toya bir-iki saat geciksək də ha­mımız bir masa arxasında əyləşdik. Həddən ziyadə şux gö­rünən və həmişə şən əhval-ruhiyyədə olan Oqtay tez-tez “gö­rəsən, qədeş hansı masada əyləşib” deyə ora-bura boy­lanırdı. Hərdən də mənə söz atırdı: “Ə, redaksiya müdiri, (qəs­­dən redaktor demirdi, bəzən də məni “qəzet müdiri” ça­ğı­raraq cırnatmaq istəyirdi) sən də öz eloğlunu tanımır­san?” Mən çiyinlərimi çəkib, sakitcə: “Yox!” – dedim. Birdən tama­da Mamedin adını çəkdi, onun şəninə xoş sözlər deyib, üzü­nü musiqiçilərə tutdu: “Mamed qardaşımızın şərəfinə qəlb­ləri­mizi iftixar hissi ilə coşduran “Koroğlu uvertürası” səs­lən­sin!” Məzi (yəni Məzahim) mənim qulağıma pıçıldadı ki, bizim qədeşin iştirak etdiyi bütün toylarda – istər Ru­si­ya­da olsun, istər Azərbaycanda bu uvertüra himn kimi çalınır.
Düzü, ilk dəfə idi ki, uvertüra ifa olunan zaman toyda o cür səssizliyin şahidi olurdum. İnsafən, çalğıçılar da çox yax­şı ifa edirdilər. Hamını Üzeyir bəyin “Koroğlu” operası­nın uvertürasındakı əzmkarlıq, qəhrəmanlıq və fədakarlıq duy­ğuları ovsunlamışdı...
O,  yəni Mamed bizdən bir xeyli uzaqda – bəyoğlana ya­xın masaların birində Yapon Adil deyilən bir şəxslə yanba­yan oturmuşdu. Bu qədər uzaqdan onun oturduğu masadakı adamlardan hansının Mamed olduğunu müəyyən eləmək çətin idi. Möhtəşəm uvertüra bitəndən sonra Oqtay ayağa durub dedi ki, gedib qədeşlə görüşəcəyəm... Getdi və kimin­ləsə görüşüb-öpüşüb qayıtdı. Mən bir də gördüm ki, Mə­za­himlə Ramizin ürəkləri gülməkdən qəşş eləyir. Sən demə, Oqtay Mamed zənn edib, qucaqlaşıb görüşdüyü tamam başqa adammış. Mən də onlara qoşulub bir xeyli güldüm. Özünə dəmbədəm “general müavini” deyib öyünən Oqtayla o vaxt “müvəqqəti işsiz” qalan tələbə yoldaşlarının zarafatı indi də yada düşəndə gülməkdən özümü güclə saxlayıram.
 ...O toyda mənə də söz verildi. Böyük Üzeyir bəyin tələ­bəsi – skripkada ifa etdiyi musiqiləri Azərbaycan Radio­sunun Qızıl Fondunda saxlanılan Mir Kazım Aslanlının – Sarəngin adını dilə gətirdim, onu Masallının və masallıların mənəvi zirvəsi adlandırdım. Cənub bölgəsinin bu dilbər guşəsinə Ana Təbiətin bəxş etdiyi Dəmbəlo dağı, Viləş çayı, şəfa ocağı İstisu tək misilsiz nemətlərə və Masallının simvolu kimi bu nemətlərin qədrini bilib, doğma el-obasının adını uca tutan oğullara ürəkdən alqış dedim. Fikrimi Sarəngin ölməz misraları ilə tamamladım:

 Ax, Viləş, qəlbimdə qanlar tək, fəğanlar tək Viləş,
 Ax, Viləş, gərdişi dövranda zamanlar tək Viləş!

 Hey axırsan naz ilə, avaz ilə, dəmsaz ilə,
 Ruhuma layla çalan sənsən kamanlar tək, Viləş!..

...Mamedin ağayana iştirak elədiyi həmin toyda mikro­fona ikinci dəfə dəvət olundum. Sarəngin qəzəllərin­dən bir ne­çəsini söylədim.
Tamadanın “səlahiyyətlərini” demək olar ki, ələ alan mil­lət vəkili Əhəd Abiyev də (səhv etmirəmsə, İslam adlı ta­ma­daya da elə toyu aparmağı o, həvalə etmişdi) çıxışında Ma­medi Azərbaycanın qeyrətli, təəssübkeş oğlu adlandırdı. Bir-iki dəfə işlətdiyi “Mamed müəllim” ifadəsindən sonra Mə­­zahim sanki gələcəkdə mənim Mamedlə görüşəcəyimi du­­yurmuş kimi, qulağıma: “qanuni oğruya müəllim deyə mü­­raciət etmək düz deyil, sadəcə, Mamed, ya da Mamed qardaş demək olar...”
Əhəd Abıyev dedi ki, Moskvada müalicə olunanda bizim Muğan torpağının ziyalı oğlu Nurəddin Ədiloğlunun “Masallı” qəzetini oxuyub, şəfa ta­pır­dım (O vaxt Əhəd çox ağır yol qəzası keçirmişdi. Əslində 95-in parlament seçkilərində “Avrasiya” qəzetində dərc olu­nan “Masallıda seçkilərə güllələr də qəhqəhə çəkdi” ya­zı­ma görə məndən incimişdi. Buna görə toyda onun bu diqqəti mənə bir az qəribə gəldi.). Muğan torpağının, Masal­lının ünvanına bir-iki xoş söz deyəndən sonra o, yenidən məni mik­rofona dəvət etdi. Ona yaxınlaşıb: “həmişə ayaq üstə” dedim. Mikrofonu mənə verəndə qulağıma dedi ki, beş-on dəqi­qə­dən sonra rayona çıxacaq. İlham çox yaxşı oğlandır. Gərək onun toyu axıracan şən keçsin”. Get­di.
Bir azdan masa yoldaşlarım siqaret çəkməyə çıxanda mən də onlarla foyeyə çıxdım. Bu məqamda bilmirəm, Mamed də getməyə hazırlaşırdı, yoxsa havasını dəyişməyə çıxmışdı. Onu üzük qaşı kimi əhatəyə almışdılar. Məzi ilə salamlaşandan sonra üzünü mənə tutub:
– Sağ ol, Azər  müəllim, çox yaxşı sözlər dedin, – söylədi.
O vaxt mənin 40 yaşım vardı. İlk baxışdan Mamedə 28-30 yaş vermək olardı (Dünyasını dəyişəndə bildim ki, o, məndən 3 yaş cavandır.). Qəribə də olsa, Mamed mənim yaddaşımda ən çox o cavan, canlı və şahanə obrazıyla qalıb...
...Mən Moskvada Sabir oğlu Vaqifi köhnə “yurd yeri” ki­mi axtarırdım. Xoşbəxtlikdən o özü mənə rast gəldi. Ma­sallıda deyilənlərə görə Vaqif Mamedin həm sürücüsü, həm də can­güdəni idi. Amma diqqətlə baxanda o, nə can­güdənə oxşayırdı, nə də sürücüyə. Mən onu doxsanıncı illərin əvvəllərindən tanıyırdım.
İndi – 10 il sonra həmən Vaqif məni Moskvada – Tel­manın (Röv­şən İsgəndər oğlunun qardaşı) kafesində görəndə gözlə­rinə inanmadı: “Sən hara, bura hara?” Söhbətimə har­adan, nədən başladığımı bilmirəm. Bircə ondan xahiş etdim ki, məni Ma­medlə görüşdürsün. Mən onu deyib, bura gəlmişəm. De­dim: “Səni and verirəm Seyid Sadıq ağanın cəddinə...”
Seyid Sadıq ağanın adı gələndə Masallıdan olan ən daş qəl­bli adam belə rəhmə gəlir. Vaqif isə mənim xətrimi istə­yir­di. 1994-cü ildə ağır cərrahiyyə əməliyyatı keçirəndə dəfələrlə mə­nə baş çəkmişdi və ən bahalı dərmanı o alıb gətirmişdi...
İndi budur, yenə “dərdinə təbib axtaran xəstə adam” kimi onun mənalı, təbəssüm əskik olmayan gözlərinə baxırdım. O, iki barmağını qalın həbəşi dodaqlarının üstünə qoydu: “Dilini dinc qoysan, istəsəm səni qədeşlə bu dəqiqə görüşdürərəm. Amma sənə bələdəm.
And içdim, kişi sözü verdim. Heç beş dəqiqə keçmədi ki, “Viktoriya” restoranına çatdıq... (Bu restoran barədə eşitdik­lə­rim və gördüklərim barədə irəlidə söhbət açacağam) Foyedən içə­ri daxil olanda pəhləvan cüssəli Vaqif him-cimlə mənə “da­yan” işarəsi verdi. Sağdakı qapını açıb hündürdən: “Qədeş, Azər Nur gəlib”. İçəridən Mamedin səsi gəldi: “ O jur­nalist oğlan?” – deyə soruşdu. Bu dəfə mən Vaqifi qabaq­la­dım, üzünü görməsəm də: “Mən bura jurnalist kimi yox, Ma­sallıdan olan bir eloğlu kimi gəlmişəm, Mamed!” Vaqif dönüb gülə-gülə mənə baxdı və başını buladı. Yəni “sənə bir az əvvəl dilini dinc qoy, demə­dim­mi?”
Deyəsən cavabım, Ma­medin xoşuna gəldi, onun iznin­dən sonra içəri daxil ol­dum. Əvvəlcə, Mamedlə, sonra yanın­da­kı adamlarla görüş­düm. Masanın üzərində demək olar ki, heç bir ləziz xörək gözə dəy­mirdi. Pendir, bir tava qayğanaq, mineral sular, yarımçıq araq və konyak şüşəsi, bir də sadə salat idi. Ürəyimdə “Ma­me­din əyləşdiyi süfrə, görəsən, niyə belə kasaddır?” düşündüm.
Mamedsə mənə üzünü tutub: “Sən xoşbəxt jurnalistsən, – dedi, – ...dünyanın dörd “vor-zakon”uyla bir süfrədə əylə­şib­sən. Çeçen Alloddin, Gürcüstanlı Vaqif, (üçüncü adı indi xatırlamıram – A.) və mən – Masallı Mamed. Bu cavan oğlan isə bizim qardaşımız Rövşəndir...
Masallıdan olan Rövşəni (Allah ona qəni-qəni rəhmət eləsin!) iş-güc adamı kimi qiyabi də olsa, tanıyırdım. Onun da atasının adı İsgəndər idi. Ona:
– Haqqınızda Əlqadir qohumum mənə çox danışıb, – de­dim. Rövşən Mamedə Əlqadirin Moskvada itkin düşməsi və 6 aydan sonra “üzə çıxması” barədə macərasını qısaca da­nış­dı. “Oğlu da atasını tapmaq üçün sənə xahişə gəlmiş­di...” Ma­med Əliqadiri xatırlayıb: “O qoca kişini deyirsən...” bildirdi.
...Az sonra Mamed rusca Çeçen Alloddinin adıyla mənim adı­m­ı özünəməxsus şəkildə açıqladı: “Allahın dini və dinin nu­ru”.
O gün Gürcüstanlı Vaqifin bir gün əvvəl azadlığa çıxması qeyd olunurdu. Vaqifin azərbaycanlı vəkili Nazim haqqında xoş sözlər deyildi. Sən demə, Nazim ana tərəfdən Mamedin uzaq qohumu, Masallının Xıl kəndindənmiş. Slavyan kökənli döv­lət ittihamçısının soyadının mənasını məhkəmə istinta­qın­da elə şərh edib ki, hakimin özünün də dodağı qulaq­la­rı­nın dibinəcən qaçıb... O söhbətlərdən yadımda qalan son cüm­lə budur: “Dövlət ittihamçısının insan taleyinə soyuq mü­na­si­bəti daşıdığı familiyasından bəllidir”. İki gün sonra məni o qa­lıb vəkillə – Nazim İbadovla da tanış edəcəkdilər... Gürcüstanlı Vaqifi, Rövşən, Nazim və mən gecənin xeyli hissəsini “Vik­toriya”da keçirəcəkdik. Mən o unudulmaz gecəni “Poe­zi­ya buketi, nəğmə çələngi” adlandıracaqdım
...Vaqifin “izin” jestindən sonra gəlişimin məqsədini qı­saca söylədim. Çantamdan bir-bir çıxartdığım “Seyid Sadıq aləmi”, “Əsrin sönməz şamları”, “Bakı açıq şəhərdir” kitab­la­rımın hə­rəsindən bir nüsxə, Alim Qasımovun zərb-mu­ğam­ları top­lan­­mış audiokaseti və bir də Seyid Sadıq ağa haq­qın­da ssenari müəllifi və rejissoru olduğum 45-50 dəqi­qəlik yeni fil­min vi­de­okasetini Mamedə hədiyyə etdim. Yeri gəlmişkən, qeyd edim ki, istər bu filmin, istər “Masallı XX əsrdə” (2000-ci il) sə­nədli fil­mi­nin quruluşçu operatoru və əsl cəfakeşi Hacı El­nur Kami­l­oğlu mənim təklifimlə “Azərsel”in 55 metrlik ötürücü qül­lə­si­nə çıxıb yuxarıdan Masallının panora­mını çəkmişdi. Elə gö­zəl çə­kilmiş ki, sanki təyyarənin illümi­na­­torun­dan Masallını seyr edir­­sən. Ayrı-ayrı vaxtlarda çə­ki­lsə də, hər iki filmin kadr­la­rın­da Mamedin tikintisi yarımçıq qalan qırmızı kərpicli evi diqqəti özünə cəlb edirdi (Sən demə bu ev onun qardaşı El­şənin imiş... Mamed həmişə de­yər­miş ki, azadlıqda mənim evim köh­­­nə ata ocağımdı, həbs olunanda da ikinci evim həbs­xanadır...).
Vaqif özünəməxsus istehza və təbəssümlə mənə:
– Öz cəzandı, çək indi. Kitablarını vur qoltuğuna, gəz Ru­siyanı şəhərbəşəhər. Düz sözə nə deyəsən? İlin əvvəlində Samara, Nijni Novqorod, Kazanda olmuşdum. Hər şəhərdə kitablarımın bir-iksini Azərbaycan diasporuna hədiyyə edib, qalanını tanış-bilişin köməyi ilə satırdım. Dədəmin (atamın) qəfil ölüm xəbərini alan kimi səfərimi yarımçıq qoyub geri qayıtmışdım. Səhv etmirsənsə, Vaqif mənə Seyid Sadıq ağa haqqında yazdığım kitabımın “satışına” Mamedin etiraz edə­cəyini də qabaqcadan – hələ Telmanın kafesində görüşəndə bildirmişdi. Bu dəfə də zənnində yanılmamışdı.
Mamed öz qərarını aydın şəkildə belə bildirdi:
– Bu kitabları aparıb oxuyacağam! Xoşuma gəlsə, sənə yax­şı bir köynək, üstündə də xameleon qalstuk hədiyyə edə­cəyəm. Vəziyyətə baxaram, bəlkə sənə bir cib telefonu da bağışladım?! Qaldı, “Ağa”nın kitabları, kasetləri satıl­ma­malıdır... Sən də ziyalısan. Ziyalı adamın Masallıdan – Azər­baycandan gəlib burda kitab-kaset satmağı yaxşı deyil! Burda hər millətdən var...
Düzü, mən çox pərt oldum. Qatarda gələndə təsəvvür et­diyim ümidlərim nagahan puça çıxdı. Yeyib-içməyə iştaham belə qalmadı. Niyə? Məni Moskvaya gəlməyə, Mamedi axtar­mağa vadar edən səbəb nə idi?
Qısası, övladımın ali məktəbdə təhsil haqqını ödəmək üçün bir nəfərdən sentyabrın əvvəlində borc almağa məcbur oldum. O mənə minnətlə ayın sonuna kimi vaxt verdi. Üs­tə­lik, borcunu yubadan, ya da qaytarmayan qohum-qar­da­şının ünvanına elə qəliz söyüş dedi ki, mən ona dübarə, əməlli-başlı KİŞİ SÖZÜ verməli oldum: “Oktyabra bir həftə qalmış pul sənin masanın üstündə olacaq, vəssalam!”
Bələdiyyədən aldığım maaşla borcumu heç bir ilə də ödə­yə bilməzdim…
Beynəlxalq Bankın Xətai filialına rəhbərlik edən doğma dayım oğlu isə telefonda böyük təəssüf hissi ilə “xaricdə” olduğunu bəhanə etdi. Bizlərdə belə bir xalq deyimi var: 12 imama yalvarınca, bir olan Allaha pənah apar!”
...Bu barədə özümə qürbətdə bir köynək yaxın bildiyim Vaqifə belə, heç nə danışmamışdım. Moskvaya şəxsən onu və onun vasitəçiliyi ilə Mamedi özümə pənah bilib gəl­miş­dim... Bakıda verdiyim “kişi sözü”nün qürbətdə başı­ma hansı oyun­lar açacağından hələ xəbərsizdim. Maddi əzablar bir ya­na qal­sın, bəd ayaqda özündə dözüm tapırsan! “Axırı yaxşı olar, in­şallah” deyə-deyə birtəhər yaşayırsan... Mənəvi əzab-əziy­yətlər isə keçmişdə qalsa da, adamın qəlbini qəbir evinə­cən yandırıb-yaxır. Əgər ali məktəbə (özü də özəl yox, dövlət!!!) oğ­lum qəbul olsaydı, yəqin ki, qürbətə üz tutmazdım və ru­hu­­­mu yun kimi didik-didik eləyən, az qala hər gün xa­tırla­dı­ğım – ÖLÜMÜN soyuq NƏFƏSİNİ bir addımlıqda duy­du­ğum qorxunc bir səhnənin nə “tamaşaçısı” olardım, nə də işti­rak­çısı...
Bəli, övladımın ali təhsil alması üçün yeganə ümidim ki­tab­larımı satmağa qalırdı. “Seyid Sadiq aləmi” o vaxt son ki­ta­bım (“Əbilov, Zeynalov və oğulları”, Bakı – 2011) idi. Mos­k­va­ya kitabdan 31, eyniadlı sənədli filmin “Səbuhi” studi­yası tə­rəfindən hazırlanan videokasetlərindən 20 ədəd gətirmiş­dim.
– Sən o kitabları hədiyyə kimi paylayarsan, – Mamed sınayıcı nəzərlərlə mənə baxdı, elə bil qəlbimin dərinliklərinə boy­landı və içimdəki nigarançılığı hiss edib ani pauza ve­rən­dən sonra dedi, – darıxma, ağlı oğlanlar səni burdan hörmətlə yola salacaqlar...
Özümə gəldim. Bayaqdan itən iştaham geri qayıtdı. O, sö­zü­nü belə tamamladı:
– Pul məsələsində məndən əlini üz, çünki pulum yoxdur... O ki qaldı dediyim hədiyyəyə, Vaqif günü sabah bura gələndə gətirib sənə verər...
Gedəndə Vaqifə: “Müəllimi “İzmaylovo” otelində yerləş­dir, ya da apar, sənin yanında qalsın”. Və o dəqiqə Vaqifin qı­rı­mından bildi ki, ikinci variant nə mənə, nə də ona sərf edir. Bəlkə də Vaqifin “başqa qonağı” olduğunu, ya da qaldığı mən­­zilin şəraitini xatırladı? “ İzmaylovo” daha rahat olar!” – dedi.
İsmayıl adı qədər mənə doğma gələn “İzmaylovo” məni özünə cəlb etdi.
Bir neçə gündən sonra belə rahat və “doğma” yerdə NA­RAHAT olacağımı ağlıma da gətirə bilməzdim...
Mamedin məni xoş qarşılaması, hədiyyəsi ruhuma qol-qanad verdi. Rövşən mikro­fo­nu mənə verib: “Qədeş deyir, sən yaxşı şeir deyirsən! Al, musiqi sədaları altında ürəyinin istədiyi qədər şeir de, biz də feyziyab olaq...” Bunu o Rövşən deyirdi ki, işgüzarlığı, baca­rı­ğı ilə vaxtilə Moskva şəhərinin meri Lujkovun diqqətini özünə cəlb etmişdi (Əslində yerli rusların “BöyükKepka” adlandırdığı bu şəxs bir çox millətçi siyasətçilər kimi azər­bay­canlı biznesmenlərə birmənalı münasibət bəsləmirdi.).
…Birnəfəsə bir necə şeir dedim. Xalam nəvəsi, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, şair Arif Fərzə­linin şeirlərindən tutmuş, Aşıq Pənahın qoşmalarınacan! Əli Kərim, Ramiz Rövşən, Sabir Almazov (“Sağlıq” şeri, mən­cə, onundu: “Ömrümüz qalmasın təki yarımçıq, yarımçıq içil­miş piyalə kimi”). Əlbəttə, məqamı çatanda Masallının mə­nəvi zirvəsi – Sarəngin qəzəllərindən söyləyirdim. Bu za­man təkcə “tamaşaçılar” deyil, musiqiçilər də məndən məmnun qalırdılar:

 Qadan alım, tarçı, bir az asta çal,
 Könlüm yaralıdır, gəl ahəstə çal...
 Mizrabı yavaş vur, ürəyim dolub,
 Sarı simdə gəziş, bir az pəstə çal.
 Canan xəstəsiyəm, sevda yolçusu,
 Canım çıxhaçıxda, son nəfəsdə çal.
 ... Sarəng zarıncıdır sevda dəmindən,
 Axırda sən Allah, “Segah” üstə çal!

Əli Kərimin “İki sevgi”, Arifin, “Mənim yolum haqq yo­lu­dur”, “Onda toylar vardı...”, “Axır pasın çıxar üzə...”, “Dün­ya düş­­­mən qapısıdır, döymüşdük döyməmiş olaq” misrası ilə başla­yan şeirlərini improvizə edir, bəzi adları, ifadələri qeyri-ixti­yari dəyişirdim. Məsələn, “İki sevgi” şerində “Daşkəsən” əvə­zinə:

...Mən səni sevirəm,
 Bakıdan, Masallıdan gələn gur səda kimi...

– deyirdim.
Musiqinin müşayiətilə Arifin şerini isə o gün Mamedin iştirak etmədiyi sözlü-nəğməli məclisimizdə belə söylədim:

 Axır sirrin(!) çıxar üzə,
 Zorun zordur, zər deyil ki!
 Əyləşdiyin hər nədirsə,
 Kürsüdür, minbər deyil ki!

 Haqq itib, divan ki qalır,
 Nər ölüb, meydan ki qalır.
 Şeş oynadın, YEKi qalır.
 Ağlatmasa, zər deyil ki...

 Şahım, (!) gəl vurdur başımı,
 Neynirəm çaylaq daşını,
 Ver içim, “puff” göz yaşını, (!)
 Bu, müşkü-ənbər deyil ki...

 Yanar bu OCAQ, nə bilim,
 Sönərsə haçaq, nə bilim,
 Sonu nə olacaq, nə bilim,
 Mamed (!) peyğəmbər deyil ki...

...Doğrudan da, Moskvada o soyuq payız gecəsi “Vik­to­riya”dakı məclisimiz əsl “Poeziya buketi, nəğmə çələngi”ni xatırladırdı. Masallıdan olan böyük Azərbaycan filosofu Ra­hid Ulusel demişkən: “Gərək söz qəlbə qaranquş yuvasına qonan kimi gəlsin...”
Qatıb-qarışdırdığım bu bir bənd şerinsə qəlbimə hardan, hansı şairin könül bağçasından qaranquş kimi qanad aça-aça gəldiyini bilmirəm:

 Masallının əcəb, gözəl havası var,
 Suyu sərin, ürəklərə şəfası var,
 Moskvayla onun xeyli arası var,
 Mən qürbətə yurddaş deyib gəlmişəm,       
 YURDdaşlara qardaş deyib gəlmişəm...

...Hətta tələbə yoldaşım Fəxrəddin Nəsirovun 1978-ci ildə – universitetə qəbul olduğumuz il auditoriya kürsüsündən söylədiyi “Şirinliyi gedən deyil damaqdan, çox çəksən də cə­fasını qızların” rədifli qoşması da qəfil yadıma düşdü:

 ...Qız incisə dünya qopmaz, dağılmaz,
 Qız naz etsə, oğlan üzü ağ olmaz,
 Cavan canı dərdə düşər, sağalmaz,
 Kim almasa, qadasını qızların.

 Hər kəsin ki, öz başıdır, öz əli,
 Qız axtarar, nazlı, duzlu, məzəli,
 Biri sevər nərmə-nazik gözəli,
 Biri sevər potasını qızların.

 Qoy cavanlar inciməsin, küsməsin,
 Qız üstündə dalaşmasın, kəsməsin,
 Oğul odur barmaqları əsməsin,
 Qaldıranda fatasını qızların.

Arada “Azərbaycan oğluyam” mahnısına birlikdə rəqs elədik. Gürcüstanlı Vaqif çalğıçılara rus minliyi, Rövşən 50 dollar, Nazim iki şax 50 minlik (Azərbaycan manatı verdi. O vaxt bu pula 5 şirvan deyirdilər)
Söz limiti yavaş-yavaş “qurtardı”...
Puldan söz düşəndə, onu israfla xərcləyən adamlara tuş gələndə, öz “şəxsi dərdim” – hər beş ildən bir, ətək-ətək pullar tö­küb, deputatlığa namizəd olan ziyalı eloğluma ayın sonu­nacan verəcəyim borcum yada düşürdü.
Elə yazımın bu yerində, əl boyda Moskva gün­dəliyim hardansa masamın üstünə düşdü. Və RUHUN var­lığına, varlığın möcüzəsinə bir də inandım. Bu kiçik cib dəftəri digər əlyazmalarım kimi Masallıdan Bakıya köçəndən sonra mə­nimlə 4-5 ünvan dəyişmişdi. Hər dəfə yükümüz az olsun de­yə, orta məktəbdən, əsgərlik həyatından, tələbəlik il­lə­rin­dən üzü bəri “sandığa çinlədiyim” qeyd dəftərlərimi saf-çü­rük edib zibilliyə atardım və özümə “Köç-köç Hüseyn­xan” de­­­yib “kvartirant” yaşayacağım növbəti ünvana köçürdüm. Moskvada payızın vur-tut YEDDİ anı əks olunan “gün­də­lik”də Mamedin adını M.yazmışam.
Görünür, ilk gündən “Bura jurnalist kimi gəlməmişəm” vədim öz işini görmüşdü. Heç kimdən heç nə soruşmurdum. Hət­ta bizlərə xas olan “haralısan” sualını belə vermirdim. Əsas o idi ki, mənəvi və maddi sığınacaq kimi tapdığım bu qür­bət guşə mənim üçün Azərbaycanın bir parçasıydı. Özümə aid qeydlərimi xəlvətcə yazırdım. Düşünürdüm ki, görsələr, kiminsə xoşuna gəlməz. Lap elə Mamedin qulağına çatar, o da mənə irad tutar: “Bəs deyirdin bura jurnalist kimi yox, eloğlu kimi gəlmişəm?!”
20 sentyabr. Bu gün niyyətim tək gəzməkdi. Evə zəng edəcə­yəm. Met­ronun Leninqrad stansiyasının yaxınlığın­da­kı kafedə in­qi­lab­la görüşdüm. M. haqqinda xeyli söhbət et­dik. inqilab dedi ki, M. mü­taliəni çox sevir. Bibliomandı. Marksdan tutmuş, Dos­to­ye­vs­kiyə­cən bütün dahilərin kitab­larını oxuyub... Nə isə... Burdan qayı­dan­dan sonra gərək “Qaçaq Mozu” nu bitirim... Bu romanı qaçaq həyatı yaşayan qoçaq M-in taleyinə həsr edəcəm”
...İndi bu qeydlərə baxa-baxa Mamedin qəribə taleyini dü­şü­nürəm. 


kulis.az

Комментариев нет:

Отправить комментарий