Страницы

24.04.2013

Qayaların içərisindəki kənd

Arzu Abdulla

Quzeydən Eynalı dağı, Güneydən Səhənd dağları ilə əhatələnmiş Təbriz dünyanın ən gözəl şəhərlərindəndir. Eynalı dağının ətəklərindən baxanda Təbriz ovuc içi kimi görünür. Burdan qədim şəhəri seyr eləməyin öz ləzzəti var. Biz Eynalıya hava qaralanda çatdıq. Qarşımızda çox qəribə mənzərə açılmışdı. Sanki xırda muncuqlarla bəzədilmiş iri bir çılçırağa baxırdıq. Şəhərdən azan səsi gəlirdi. Azançı bu işıqlı, rahat, qədimdən qədim şəhərdə yaşayanları Rəbbinə duaya səsləyirdi. Təbriz çox mistik görünürdü.
Yəqin ona görədir ki, Eynalı dağı təbrizlilərin çox sevdiyi məkanlardandır.
Eynalı keçəl dağ olduğundan buradakı bütün yaşıllıq sonradan yaradılıb. Səfəvilər dövründə Azərbaycanın paytaxtı olan Təbriz Tehran və Məhşəddən sonra İranın üçüncü böyük şəhəridir. Sənaye baxımından isə ikincidir. Təbrizə tutduğu coğrafi mövqeyə görə “İranın Günbatan qapısı” deylilir.
Bütün dövrlərdə Təbriz İranın ən modern şəhəri sayılıb və sayılmaqdadır. Belə ki, bu şəhər İranda baş tutan ilklərin çoxunun məkanı olub. İranda ilk mətbəə evi 1811-ci ildə Təbrizdə açılıb. İranın ilk modern orta məktəbi 1888-ci ildə Həsən Rəşidi tərəfindən Təbrizdə qurulub. Ölkədə ilk dəfə eşitmə problemi olanlar üçün açılan məktəb (1924) Təbrizdə yerləşib. İranın ilk qadın dərnəyi də məhz bu şəhərdə fəaliyyətə başlayıb.
Bilirəm, ötən söhbətimiz yarımçıq qalmışdı. Sizlərə Biləsuvar Piyada Keçid Məntəqəsində adamların başına gətirilən oyunlardan danışdım. Bu bəllidir... 5 saat yağışın altında, ayaqlarım suyun içində gözləyəndə bilirdim ki, möhkəm xəstələnəcəm. Amma psixoloji olaraq qarşıdakı xəstələnmə ehtimalını sıfıra endirməklə məşğul idim.
Bakıya çatanda artıq gecə idi. Evə yetişən kimi Kəndovandan aldığım mərəzotu ilə çay dəmlədim. Böyürtkən mürəbbəsi ilə mərəzotu çayının dəmləməsi bütün yorğunluğumu çıxardı. Üstəlik, xəstələnmədim. Hələ desəm, yoldakı qanqaraçılığı da unutdum.
Otu satan xanım demişdi ki, bu ürək ağrısı və əsəbləri sakitləşdirir, yorğunluğu götürür. Çox düz demişdi. Xeyli sevindim. Odur ki, sizlərə o otun bitdiyi diyarın, dünyanın çox nadir kəndi olan Kəndovanın cizgisini cızacam. Bilmirəm, bu mənzərə nə qədər xoş olacaq, amma rəsmdəki o Kəndovanı sevəcəynizə əminəm. Odur ki, yolumuz Kəndovanadır. Gəlin, sizə bələdçilik edim.
Kəndovan dünyada dağın içində yerləşən 3 belə kənddən biridir. Təbrizdən 50 km uzaqlıqda, Səhəndin ətəklərində qərarlaşıb. Kəndin evləri qayaların içindədir. Kənardan bu evlər daha çox yuvaya bənzəyir. İddia edirlər ki, kənd vulkanik püskürmədən yaranıb. Kəndin ümumi quruluşu da göylərə çəkilib qəfil geri qayıdan iri dəniz dalğasına bənzəyir.
Bura dünya turistlərinin çox sevdiyi yerlərdəndir. Kəndovan Türkiyədəki dağların içində oyulmuş Kapadokya qədər məşhurdur.
Deyilənlərə görə, kəndin adı Gündoğan, bəzi mənbələrdə isə Xandabandır. Bəzi mənbələrdə isə kəndin adının elə Kəndovan olduğu deyilir. Bura bal kovanlarına bənzədiyi üçün “Kovanlar yeri” də adlandırılıb. Əhali azəri türkcəsində danışır.
Kəndovanın ətrafında sonradan inşa edilmiş müasir evlər də bu məkanın qədimliyinə xələl gətirməyib. Yeri gəlmişkən, bir məqamı da diqqətinizə çatdırım. Kəndovanlılar deyir ki, bura ilin bütün fəsillərində gözəl olur. Amma siz qədimliyin əsrarəngəz mənzərəsini seyr etmək istəyirsinizsə, bu məkana bahar fəslində gedin.
Bir də bu məkana üz tutanda mütləq qurudulmuş ot və meyvələr alın.
O ki qaldı kəndin yaşına, bunu soruşanda əsl nağıl dinləməli olacaqsınız. Bu kəndin qocaman sakini 90 yaşlı Əkbər baba deyir ki, babasının babasının babası da bu ocaqda doğulub. Kənddəki evlərin bəzilərinin 700 yaşı var. Kəndin yaşından dəqiq xəbər verən tapılmadı.
Yerli sakinlər maldarlıq və əkinçiliklə məşğul olur. Dağların başında əkin sahəsi üçün yer yoxdur. Odur ki, sizə oyuqlarda yaşayan kəndovanlıların əkinçiliklə məşğul olması qəribə gəlməsin. Onlar kəndlə üz-üzə dayanan dağın ətəklərində əkinçiliyə yararlı torpaqlardan istifadə edirlər. Kəndlilər mallarını hündür qayaların başındakı tövlələrdə saxlayırlar. Yəqin ona görədir ki, burada iri buynuzlu mal-qara deyil, qoyunçuluq inkişaf edib. Qoyunlar çox rahatlıqla hündürlükdə yerləşən oyuqlarına girirlər.
Şərqi Azərbaycanda yerləşən Kəndovandakı evlərin içərisi çox rahatdır. Bəzilərində dağların içini oyub yaşayan bu adamların evlərinin tam səliqəsiz olduğu fikri yarana bilər. Amma belə deyil. Kəndovandakı evlərdə müasir hamam da var, mətbəx də. Burada oyuqlarda iri mağazalar da var. Bəziləri turistlərin axınını nəzərə alıb evindən ticarət köşkü kimi istifadə edir.
Əkbər baba deyir ki, indi adamlar daha çox əkinçiliklə deyil, qoyunçuluqla məşğul olur. Kənd əhli çox firavan yaşayır. Çünki turist axını onların evlərində toxuduqları xalça-palaza, xırda əl işlərinə xeyli tələbat yaradıb. Qadınların evlərdə toxuduqları xalça-palazı, kiçik çantaları, dağlardan yığıb qurutduqları otları, meyvə qurularını, balı, doşabı, saxsıdan hazırlanmış qabları bura gələn turistlər həvəslə alırlar. Artıq 7 ildir ki, kənd dünyadan bura axışan turistlərin sevimli məkanına çevirilib.
Tarixi mənbələrdə deyilir ki, bu kəndin evləri vulkanik suxurdan yaranmış dağ olduğu üçün rahatlıqla oyulur. Bir evi 3-4 ilə külünglə çapıb düzəldirlər. Əhali artdıqca ətrafdakı kəndlərə, şəhərlərə dağılışır. Bizimlə söhbət edən kəndin qocalarından biri də övladlarının Tehranda və Təbrizdə təhsil alıb elə orada yaşadıqlarını deyir. İndi artıq bu dağları ovub özünə ev düzəldənlər yoxdur.  
Kəndin yaranması ilə bağlı xeyli ziddiyyətli fikirlər də var. Kəndin düşməndən qorunmaq, gizlənmək  üçün sığınacaq yeri seçildiyini iddia edənlər də az deyil. Onu da deyim ki, evlərin içinə girəndə bu iddiaların o qədər də yanlış olmadığını düşünürsən. Çünki burada təkcə düşməndən, vəhşi heyvanlardan yox, eləcə də təbiətin şıltaqlığından rahatca yaxa qurtarmaq olar.
Kəndovan evləri xalça-kilimlə bəzədilib. Evdəki əşyaların çoxu əl işidir. Amma burada da Çin mallarına rast gəlirsən.
Onu da deyim ki, kəndovanlılar bizim milli valyutamız olan manata böyük həvəs göstərirlər.
Bayaq qeyd elədim ki, kənddəki evləri arı yuvasına bəzətdikləri üçün Kəndovan adlandırılması ehtimalı var. Bəlkə də, bu kənddə arıçılıqla məşğul olduqları üçün belə adlandırılıb. Çünki burada bal satanlara daha çox rast gəlmək olur. Amma Kəndovan təkcə balı ilə deyil, eyni adlı suyu ilə də məşhurdur. Bu kənddəki Kəndovan mineral suyu orqanizmdəki daşları tökdüyü üçün müalicəvi əhəmiyyət daşıyır.
Kənd müalicəvi otları ilə də məşhurdur. Artıq bu otlardan birini-mərəzotunu mən sınadım. Çox gözəl effekt verdi.
Buradakı evlərin quruluşunu nəzərə almasaq, ticarət köşkləri eyni ilə bizim İçərişəhəri xatırladır. Amma Kəndovanda qadınların əlləri ilə toxuduqları kiçik ölçülü xalçalar, kilimlər, palazlar çoxluq təşkil edir.
Xalçadan tikilmiş kiçik çantalar, mücrülər çox nəfis hazırlanıb. Diqqətimizi Şamaxı yaylıqları da çəkdi. İri butalarla işlənmiş yaylıqların Şamaxı adlandırılması Şamaxının ən qədim ipəkçilik məskəni olduğunu sübut edir. Kəndovanlıların turistlərə sevə-sevə təklif etdiklər xalça-palazlarda daha çox Şamaxı ornamentləri nəzərə çarpır. Qəribədir... Kəndovan Şamaxıdan qopub, yoxsa şamaxılılar Kəndovandan gəlib? Bunu araşdırmağı tarixçilərimizə həvalə etsək, çox yaxşı olar.
Kəndovandan Təbrizə dönəndə yolda, dağların ətəyində bir kəndə rast olursan. Bura “Batmış kənd” deyirlər. Eyni ilə Kəndovanı xatırladır. Amma yerin altında qalıb. Yerin altındakı iri oyuqdan içəri keçəndə geniş otaqları olan əsl Kəndovan evinə girirsən sanki. Bələdçimiz deyir ki, divarların dibindəki oyuqlar bu kəndin əhalisinin maldarlıqla məşğul olduğunu göstərir. İrəli getdikcə qaranlıq və havasızlıq yerin altındakı kəndi tam gəzməyə imkan vermir.
Amma yer altındakı əzəmətli divarları saxlayan iri sütunlar vaxtilə burada yaşamış əhalinin zəhmətsevər, güclü olduğunu göstərir. Axı bu oyuqlar da külünglə hamarlanıb. Hətta külüngün izləri də qalıb divarlarda...

teleqraf.com




Комментариев нет:

Отправить комментарий