Страницы

23.04.2013

Siz bizim dostumuzsuz, müəllim...

Günel Treu

Bu sözləri bu gün eşitdim, bir şagirdimin, özü də oğlan şagirdimin dilindən! Doğrusu, bu balaca cümlə dünən korlanmış əhvalıma dərman kimi gəldi, ürəyimə sərinlik gətirdi sanki. Zəng vurulduqda, tənəffüsə çıxan şagirdin qəfil geri dönüb, niyə bu sözləri deməsini doğrusu, anlamadım. Amma əsas odur ki, niyə deyilməsindən asılı olmayaraq, çox sevindim! Bu sevincimin əsas səbəbi isə...
Çox deyil, elə bir gün öncə sosial şəbəkələrdə insanı heyrətə düşürəcək video material yayıldı: Üç-dörd yuxarı sinif şagirdi utanmadan, çəkinmədən müəllimin qarşısında rəqs edirdilər, özü də necə rəqs! Əvvəlcə nə baş verdiyini anlamadım. Düşündüm ki, bu uşaqlara nə olub axı? Onları nə vadar etdi ki, qəfil ayağa qalxıb müəllimin qarşısında “atılıb-düşməyə” başladılar? Bu videoya baxa-baxa sanki özümü itirdim, kimi günahkar çıxaracağımı bilmədim. Həmişəki düşüncəmlə yenə də bütün diqqətimi müəllimin üzərində cəmlədim və elə ilk olaraq ağlımdan bu keçdi:
Demək ki, bu biabırçı şəraiti müəllim özü yaradıb, yoxsa belə özbaşınalıq baş verməzdi! Amma sonra daha dərindən düşündükcə hadisələrin hamısını müəllimin üzərinə yükləməyin özü də haqsızlıq kimi göründü mənə! Yaxşı deyək ki, müəllimin dərs keçmə metodikası o qədər də ürəkaçan deyil və o, müasir şagirdlərin istəklərinə cavab verə bilmir. Bir sözlə, strategiyası zəifdi! Yaxşı, bəs bu şagirdin tərbiyəsi yoxdurmu? Onu dünyaya gətirən ata-ana bu neçə illər ərzində nə ilə məşğul olub?  “Tərbiyə etmə” taktikaları bu qədərmi zəif olub?  Amma doğrusu, bu da mənə inandırıcı görünmədi! Fərz edək ki, orda olan şagirdin birinin, lap ikisinin tərbiyə aldığı ailə o qədər də övladına diqqətli olmayıb, onu cəmiyyətə layiq böyütməyib, bir sözlə bu şagirdlərin tərbiyəsi bir az “axsaqdı”. Yaxşı bəs qalanları? Necə ola bilər ki, bütün sinfin tərbiyəsi zəif olsun? Onların icində bir ağıllısı, bir ağlı başında olanı yox idimi qarşıya çıxıb etiraz etsin? Axı nə qədər zəif müəllim olursa olsun, sonucda bunların qarşısındakı müəllimdi! Bu qədər tərbiyəsiz, bu qədər düşüncəsiz, bu qədər manqurd beyinə malik olmağı necə bacardı bir sinfin şagirdləri?
Sizi bilmirəm, amma mən hələ də çaşqınlıq içindəyəm! Elə bu çaşqınlıq içində olduğum vaxtda bu gün eşitdiyim bu sadə cümlə mənə ruh verdi sanki! Bəlkə də haqsızam, israr etmirəm. Dünənki hadisənin motivində məhz kimin günahkar olmasını bilmirəm. Məncə, bir az cəmiyyət, bir az valideynlər, bir az da müəllimdir günahkardır. Özüm də müəllim olduğum üçün “müəllim günahı”nın üzərində bir az dayanmaq istərdim. Düzdü, əslində bu çox böyük mövzudu, amma dörd-beş cümlə ilə də olsa, fikrimi deməyi özümə borc bilirəm. Bizim müəllimlərin ən böyük problemlərindən biri də şagirləri duya bilməmələri, onları yalnız şagird kimi görmələridi. Məsələn, elə dünən belə bir hadisənin şahidi oldum. On birinci sinif şagirdimin çantası yerə düşdü. Ona nə üçünsə hirslənmiş gənc sinif rəhbəri hirsini çantaya təpik vurmaqla çıxardı. Əslində çox intellektual, savadlı şagirdimin həmin müəllimə elə o andaca  sərt bir cavab qaytaracağını gözləyirdim doğrusu, çünki üzündəki ifadə bunu deyirdi. Amma etmədi! Halal olsun! Ay müəllimlər, on birinci sinif şagirdləri artıq gənc kişi, gənc qadındırlar, onların qürurunu adi, primitiv səbəblərdən də qıra bilərik! Etməyin! Şagirdlərinizlə bir az dost, bir az yaxın olmağa çalışın! İnanın ki, peşman olmazsınız! Onların o təmiz dünyasında olmaq və bu dünyada həmişə gənc qalmaq hər müəllimin işi deyil, bir az anlayışlı olaq! Unutmayaq ki, onlar gələcəyin ataları, analarıdı. Biz onların təsəvvüründə unudulmayan müəllim kimi qalaq, axı biz yaxşı hər şeyə layiqik!

publika.az

Комментариев нет:

Отправить комментарий