Страницы

22.04.2013

Təbrizin yolları dolanbadolan...

Arzu Abdulla

Bu, İran İslam Respublikasına üçüncü səfərim idi. Bir çox həmvətənlərim kimi mən də qonşu ölkəyə səyahətə deyil, müalicəyə getmişdim. Cümə İranda bazar günü olduğu üçün xəstəxanalar işləmir. Amma Təbrizdəki Behbud klinikası bütün günlərdə açıq olur və xəstələri qəbul edir. Bazar və bayram günləri də daxil olmaqla səhər saat 8-dən axşam gecə saat 2-yə qədər fəaliyyət göstərir. Səbəb xaricdən, xüsusən Azərbaycandan gələnlərin daha çox bu klinikaya üz tutmasıdır. Adıçəkilən klinika digərlərindən fərqli, bütün tibbi xidmətləri göstərir.
Eyni zamanda buradakı bütün həkimlər azəri türkcəsində danışırlar. Bu isə Azərbaycandan şəfa tapmağa gedən həmyerlilərimizi özünə cəlb edir.
Klinikaya bitişik Behbud yeməkxanası və Behbud apteki var. Qiymətlər də digərləri ilə müqayisədə ucuzdur.
Amma burada şəfa tapmağa gəlmiş insanları saatlarla çəkən növbə problemi bezdirir. Bu isə bayaq dediyim kimi müraciət edənlərin çoxluğundan yaranır. Bu növbə xəstə, çarəsiz, yerdən-göydən ümidi üzülən azərbaycanlıları təkcə Behbudda deyil, digər məkanda da üzür. Bu, Biləsuvar Piyada Keçid Məntəqəsidir.
Məsələyə baş vurmazdan öncə deyim ki, İrana müalicə dalınca gedən azərbaycanlılar klinikada işlərini bitirdikdən sonra apteklərə, oradan isə telefon köşklərinə baş çəkirlər. Yəqin ölkəmizdə xaricdən gətirilən telefon aparatlarının qeydiyyatı məsələsini də elə bu axın vacib etdi.
Amma təkcə telefon mağazlarında deyil, eləcə mindiyin taksidə, üz tutduğun ərzaq dükanında, bütün hər yerdə azərbaycanlı olduğunu danışığından hiss edən iranlıların ilk sualı bu olur: “Bakılısan, doktora gəlmisən? Bəs sizdə doktor olmur?”
Hə, bunu İsfahanda olanda eşitmişəm. Məşhur məsəldir, iranlılar deyirlər ki, əgər Təbriz olmasaydı, İsfahan nəqşicahan olardı, yəni dünyanın naxışı. İnsafən, daha çox tarixi abidələri ilə məşhur olan İsfahanın havası Təbrizin havasından çox gözəldir. Təbrizin havası qurudur, İsfahanda isə sanki bütün günü cənnət mehi əsir.
...Təbrizdə olduğum günlərdə bir neçə dəfə yağış yağdı. Gecə göydən leysan tökəndə pəncərədən şəhəri seyr etməyin öz ləzzəti var. Amma dözməyib küçəyə çıxdım. Yağış deyəsən, isti idi. Şəhərə yağan leysandan danışanda yəqin ki, ilk ağlınıza gələn Bakının yağışdan bərbad günə düşən küçələri oldu. Təbrizdə isə yağan yağış yolun kənarında çəkilmiş xırda zolağa dolub axıb gedirdi. Asfaltda yağış qalmırdı.
Yeri gəlmişkən, iranlı sürücülər Təbrizin küçələrində çox nadir hallarda tıxac olduğunu deyirlər. Çünki yollarda avtobus xətti ayrıdır. Marşrut avtobusları şəhərdə sürətlə gedirlər. Yolun kənarında çəkilmiş xüsusi zolaq ictimai nəqliyyat, velosiped və motosiklet üçün nəzərdə tutulub. Bu yollarda şütüyən motosikletin tərkində sürücüyə sıxılan başı örpəkli qadınları görəndə inkişaf etmiş, sevgi ilə dolu bir Şərq şəhərində olduğundan məmnun qalırsan.
Təbriz eyni zamanda bir islam şəhəridir. Burada heykəllərə, büstlərə çox az halda rast gəlinir. Çünki heykəl və büstlərə sevginin bütpərəstliyə aid olduğunu deyirlər. Şəhərdə gözə dəyən azsaylı heykəl və büstlər isə inqilaba və şəhidlərə aiddir.
Qeyd edim ki, təkcə Təbrizdə yox, eləcə də bütün İranda şəhidlərə və müharibə veteranlarına böyük hörmətin olduğu bəllidir. Şəhərin küçələrində ancaq şəhidlərin şəkillərinə rast gəlmək olur. İranda şəhid övladı əsgəri xidmətə getmir. Dövlət şəhidlərə, döyüşçülərə və onların ailələrinə onlarla imtiyaz verib.
İranda ölkə vətəndaşlarının xəstəxanalardakı qeydiyyat şöbəsinə təqdim etdikləri kitabçanın üstündə İbn Sinanın şəkli əks olunub. Bu kitabça onlara pulsuz və keyfiyyətli müalicə hüququ verir.
Yol boyu ağacların altında, təbiətin qoynunda ailələrin birlikdə istirahət etdiyinin şahidi olursan. İranlılar buna “döşəmə” deyirlər. Evdən gətirdikləri xalça-palazı yerə salıb üstündə oturur, yemək yeyir, çay içir və dincəlirlər.
Yeri gəlmişkən, Təbrizdə bir taksi sürücüsü Azərbaycandan olduğumuzu biləndə bizə Bakı səfəri zamanı başına gələn qəribə əhvalatdan danışdı. İranda bütün parklarda, bağçalarda, yol kənarında, ağac altında döşəmə etməyə adətkərdə olan bu sürücü Bakıda Milli Parkda ağacın altında oturub dincini almaq istəyəndə polis başının üstünü kəsdirib ki, burada oturmaq olmaz, qazonu əzirsən.
Müayinə və müalicədəki ucuzluğu da vurğulamaq lazımdır. Bir nümunə göstərim. Bakıda ağız boşluğunun rentgeni üçün 20 manat pul ödəməli olursan. İranda isə bu, 6 manatdır. Azərbaycanda özəl klinikalarda onkoloji xəstələrə bir dəfə tətbiq olunan kimya terapiyası 700 manata, dövlət xəstəxanalarında isə 300 manata başa gəlir. Onkoloji xəstəlikdən əziyyət çəkən İran vətəndaşı isə kimya terapiyası üçün cəmi 3 manat pul ödəyir. Çünki İran radioaktiv dərman istehsalına görə dünyada öncül yerlərdən birini tutur.
Təbrizlilərin çox sevdiyi Şah gölündə gəzinti zamanı 6 nəfərlik nahara biz 10 manat ödədik. Bu qiymətə Bakıda 4 nəfər ancaq sosiska yeyə bilər. İrandakı bolluğun səbəbi bayaq dediyim kimi bazarın daxili məhsullarla təmin edilməsidir. Burada satılan hər nə varsa, hamısı İran istehsalıdır. Yəqin bilirsiniz ki, İrana xarici ölkələrin istehsalı olan minik maşınlarının gətirilməsi qadağandır. İran dünyada məşhur olan avtomobil modellərinin əksəriyyətini öz ölkəsində istehsal edir. Əlbəttə, o modellərin aid olduğu ölkələrin icazəsi ilə. Bu isə hər bir iranlının istədiyi vaxt avtomobil almaq arzusunu reallaşdırır.
Eyni zamanda ölkədə işsizlik problemini aradan qaldırır. İranın 2009-cu ildə istehsalına başladığı “Samaryon 153” və “Renyom 186”  radioaktiv dərman perapatlarının analoqu yoxdur. Bu xərçəng xəstəliyindən əziyyət çəkənlərin sümük ağrılarını azaltmaq üçün nəzərdə tutulub.
Ölkədə iki aydan sonra prezident seçkiləri keçiriləcək. Təbrizdə yaşayan dostum deyir ki, İran qanunları bu dəfə hazırkı prezident Əhmədinejada namizədliyini irəli sürməyi yasaqlayır: “Əgər namizədliyini versəydi, ona səs verərdim. Əhmədinejada İranda islahatçı prezident deyirlər”.
O, prezidentliyi dövründə ölkədə xeyli yeniliklərə imza atıb. Amma onların arasında daha çox diqqətimi çəkən yenicə evlənmiş gənclər üçün salınan şəhərciklər oldu. İranın Təbriz, Osku, Səhənd və digər şəhərlərində gənc ailələr üçün tikilən mənzillər göz oxşayır. Osku şəhərində prezidentin açılışını etdiyi şəhərcik dağların ətəyində yerləşir. Tam təmirli bu iki otaqlı mənzillər üçün gənclər bizim pulla 2 min manat pul ödəyəcəklər. Özü də faizsiz, hissə-hissə.
Tikintidən danışmışkən onu da deyim ki, Təbrizdə və digər şəhərlərdə tikilən yeni binalar şəhərin mərkəzində deyil, kənarlarında və yaşayış olmayan yerlərində aparılır. İran seysmik ərazi olduğu üçün binalar kərpiclə yox, dəmir-betonla tikilir.
Bakıda gördüyümüz beton körpülərə İranda da rast gəlmək olur. Amma İranda bu körpülər beton deyil, dəmir konstruksiyadan hazırlanıb. Bu isə İkinci Dünya Savaşından sonra dünyada daha çox tətbiq edilən körpü modelidir.
Biləsuvardan Bakıya qədər çox uzun yol keçəsi olduq. Əslində elə uzun yol deyil, sadəcə, bu yolu cəhənnəmə çevirən hər iki dünyadan xəbərsiz adamlar var.
İran sərhədindən növbəsiz, basırıqsız, rahatca keçmək olur. Biləsuvar Piyada Keçid Məntəqəsinə çatana qədər belədir. Adıçəkilən məkanda isə cəhənnəm əzabı başlayır. Biz yağışın altında 5 saatdan çox ayaq üstə gözləməli olduq. Ayaq üstə dayananların arasında böyrəyindən əməliyyat keçirmiş insanlar da vardı, hamilə qadın da, ağır xəstə olan qoca da.
Ən dəhşətlisi odur ki, piyada keçid məntəqəsində 25 kilodan artıq yük keçirmək qadağan olduğu halda buradan 200 kilodan çox yük keçirənlər də var idi. Yox, siz elə bilməyin ki, piyadaların 5 saatdan çox ayaq üstə qalmasına səbəb ancaq bu yüklər oldu.
Belə deyil. Məntəqəyə daxil olanda xəstə, yarımcan adamların saatlarla ayaq üstə qalmasının səbəbi aydınlaşır. Məntəqə işçiləri zarafatlaşır, telefonla oynayır, hərdən də çöldəki, ucu-bucağı görünməyən canlı kütləyə gözucu nəzər yetirir. Sanki çöldə gözləyən xəstə, qoca, əlil insanların əzabı bu adamların nəşəsini artırır, bu əzabdan onlar zövq alırlar.
Onu da qeyd edim ki, məntəqəyə gedən yolun əks istiqaməti İrana gedənlər üçün nəzərdə tutulsa da, oradan ölkəyə gələnlər növbəsiz, rahat, qollarını yelləyə-yelləyə keçirlər. Səbəbini soruşanda isə məntəqə işçiləri deyirlər ki, onların yükü azdır. O zaman sual olunur, bəs yükü artıq olanları niyə onlar üçün nəzərdə tutulan xətdən keçməyə məcbur etmirsiz? Axı bunu qanun tələb edir...

Ardı var                                 teleqraf.com



Комментариев нет:

Отправить комментарий