Страницы

09.04.2013

Yersiz adam

Rüfət Əhmədzadə

Al sənə bir sillə. Al sənə bir təpik. Al sənə qapını açanda üstünə tökülən qazpulu, işıqpulu çekləri!… Al sənə bu cəmiyyətdə yersiz adam olmağın duyğuları.
Bazarda polisin vurduğu sillənin yeri daha çox incidir, yoxsa bu bazarın yerləşdiyiböyük bazarın – bir ölkənin sənə hiss etdirdiyi ruh ögeyliyi? Ruh ağrısı daha dəhşətli olur, hansısa müdrik qocadan eşitmişdin bunu… Elə sənin alver etdiyin bazarın kənarında araq şüşəsini qucaqlayaraq keçinən o pinti, saqqallı, bir dəri-birsümük qalan qocadan.
O sənə həyat yolu göstərə bilməzdi ki… Heç səndə ona baxıb nəsə görə, götürə bilməyəcəkdin.
Həyatın elə tərəfləri var ki,onlara baxmaqla yox, yaşamaqla bələd ola bilərsən. Hər şey göz qabağındadır, hərişgəncə, hər faciə özü aydın görünür. Görünən dağa isə bələdçi lazım deyil. Sən özün əzabların qucağına atılmağa hazırsan. Sadəcə bir bəhanə lazım sənə. Ya da,sadəcə insan… O insan isə səni anlamaz… Nə anlada bildin ki? O səni hiss etməz, nəyi hiss elətdirdin? Dinləsə də eşitməz… Axı sən nə danışdın?
Adi bir “bazar adamı” deyəcək… Evdə yatan diplomun da kimsənin yadına düşməyəcək. Özün dəunutmusan!
Amma sən “bazaradamı” belə ola bilməzsən. Öz yerini belə tapa bilməzsən… Yersiz adam, al sənəbir sillə, al sənə bir təpik, al sənə xudbin qızın bitməyən tələbləri…. Al sənə xəncər kimi sancılan bir ayrılıq. Və sənin qulaqlarında çingildəyir hələ də…O sözlər:
- Biz səninlə tamam ayrı dünyalara aidik… Mənə tamam fərqli adam lazımdır. Sənsə məndən yaxşısına layiqsən…
Səhvd eyirdi? Sən ondan da yaxşısına layiqsən. Özün bunu bilirsən, amma ki…. Eşqinə yetməyəcək qədər aciz, imtina etməyəcək qədərcəsur birisən. Di göm qəlbinə onu. Və davam et, al sənə bu bədliklər içində yersizliyin doğurduğu yeganə çıxış yolu: Qaçmaq.
Ölən də yox, qalan dayox, götür başını və get….
Al sənə bir sillə, al sənə bir təpik də…. Al sənə OMON-çuların rezin dəyənəkləri… Gecə keçəlbaşların təkləməsi var hələ… Yaxşısan? Qalx ayağa… Sağa boylan, sola bax.. Dostum,  bura haradır? Hə, özünə gəlirsən?
Böyük və işıqlı şəhərin kiçik və qaranlıq bir guşəsindəsən artıq. Qazancın yox cibində. Utancınsa… Həmişəki kimi yenə qəlbində. Hər şey yaxşıdır, həkimə getmək nəyə lazımdır? Aptekdən bint-plastır alacaqsan, iş bununla da düzələcək… Növbəti təkləmələrə qədər döz. Nəsə ümid verir, nə isə güc qatır gücünə: gözü yolda qalan xəstə ananın titrək səsi….
Al sənə bəd xəbər, alsənə pərişanlıq… Təkbaşına bir şəhər gəzintisi.. Və birdən, yenə dava… Al sənə bıçaqla  cuman daz heyvərə…. İndi cəzanı çək; hakim hökmünü kəsib, molla da fatihəsini oxuyub.
Yersiz adam,anlayıram, indi yerin soyuqdur… Elə biz də üşüyürük, sovruluruq,qıvrılırıq…. Milyonlarla yersiz adam hər gün məcburən mehribanlaşırıq, süni təbəssümlərlə,qıcayan dişlər ilə… basabasda bir-birimizə yer eləyirik.
Bağışla, sənə yerimiz yoxdur! İntihar edənlərin yerinə də, hər gün yeni-yeni dərdlər doğulur… Darıxma,yersiz adam!

Комментариев нет:

Отправить комментарий