Страницы

13.05.2013

Bakının dərdi var…

Elçin Bayramlı

Bu mövzuda dəfələrlə yazmışıq. Bakıda sərnişin nəqliyyatı acınacaqlı haldadır. Bu hamıya aydındır. Hamı çıxış yollarını düşünür. Müvafiq qurumlar isə nəticələri ilə uğraşır. Lakin problemin səbəblərini aradan qaldırmaq nəticələrini aradan qaldırmaqdan daha asan və təhlükəsizdr. Bu üzdən bu yazımda səbəblərə toxunacam.
Şəhərdaxili sərnişindaşımada  yaranmış problemin fundamental səbəbləri var. Bunların nədən ibarət olduğunu görmək üçün bir az geriyə qayıtmaq lazım gələcək.
Məlum olduğu kimi, 80-ci illərdə Bakı keçmiş SSRİ-nin böyüklüyünə görə Moskva, Leninqrad, Kiyev və Daşkənddən sonra 5-ci şəhər idi. Ətrafı ilə birlikdə əhali 2 milyon nəfərə çatırdı. Lakin bu şəhərin əhəmiyyətini təkcə əhalisi yox, həm də strateji, siyasi, mədəni və iqtisadi səviyyəsi müəyyən edirdi.

Bakının strateji əhəmiyyətini nəzərə alaraq burada metro tikintisi ilə bağlı qərar hələ 40-cı illərdə Azərbaycan KP MK-nın 1-ci katibi Mircəfər Bağırovun təşəbbüsü ilə qəbul edilmişdi. Sovet standartlarına görə, əhalisi 1 milyona çatan şəhərlərdə metropoliten tikilməli idi. O zaman Bakıda əhali bu tələbdən 2 dəfə az idi. Lakin Mərkəz istisna kimi Azərbaycan paytaxtında metronun vaxtından tez tikilməsini dəstəklədi.
Açılışı 1967-ci ildə olan metro sərnişindaşımanı xeyli yüngülləşdirdi. Lakin sərnişindaşımada ağırlığı metro ilə bərabər tramvay, trolleybus, avtobus və elektrik qatarları da bölüşürdü.
Ötən əsrin 90-cı illərində Sovet İttifaqının dağılması nəticəsində respublikada özbaşınalıq baş alıb getdi. Zavod, fabrik və digər müəssisələr bağlandı. İşsizlik kütləvi hala gəldi.
90-cı illərdə Ermənistandan və işğal olunmuş bölgələrimizdən deportasiya edilmiş 1 milyon qaçqın və köçkünün ən azı yarısının Bakıya cəmlənməsi, regionlardan işsizlik ucbatından paytaxta milyonlarla insanın üz tutması Bakı əhalisini (ətrafı ilə birlikdə) 5 milyona çatdırdı. Sərnişindaşımada vəziyyət son dərəcə ağırlaşdı....
XXI əsrin əvvəllərində tramvay və trolleybusu “köhnəliyin qalığı” kimi ləğv etdilər. Bundan sonra şəhəri mikroavtobuslar başına götürdü. İnsanlar kiçik və alçaq salonlarda yarımqat olub sıxlıqdan əzilə-əzilə gedəndə tramvay və trolleybusun qədrini bildilər. Amma artıq gec idi...
Bütün yük metronun üzərinə düşdüyündən burda da vəziyyət ağırlaşmışdı. Nəqliyyat Nazirliyi vəziyyətin acınacaqlı olduğunu görür və anlayırdı, lakin indi tramvay və trolleybus sistemlərinin bərpasına azı 10 milyard vəsait və uzun illər lazım idi.
Çıxış yolu kimi, iri və orta tutumlu avtobusların alınması qərara alındı. Bu addım vəziyyəti bir qədər dəyişsə də, problem aradan qalxmadı. Bu “vaqonların” çoxluğu dayanacaqlarda 2-3 sıra ilə düzülərək dayanmasına və dar küçələrdə hərəkəti iflic etməsinə səbəb olur.
100 milyondan artıq xərc çəkilən nəqliyyatın intellektual idarəetmə sistemi belə vəziyyət yumşalda bilmədi. Əgər metro bircə gün işləməsə yaranacaq vəziyyəti təsəvvür etmək belə mümkün deyil.
Problemin səbəbləri sırasında əhalinin normadan 3 dəfə çoxluğu, nəqliyyat sistemlərinin ləğvi ilə yanaşı həm də şəhərin tikililərlə həddən artıq sıx şəkildə yüklənməsi də var. Şəhərin mərkəzində bir-birinə az qalan bitişik tikilən çoxmərtəbəli binalar, digər obyektlər Bakımızı Çin şəhərlərinə bənzədir. Artıq nəinki mərkəzi hissələrdə, hətta şəhərkənarı hissələrdə belə tıxıclar, sərnişin sıxlığı var.
Bakı və Abşerondakı yeni layihələri- şəhərciklərin və sənaye zonalarının salınması ilə bağlı layihələri nəzərdən keçrəndə məlum olur ki, yaxın 10 ildə şəhər əhalisi daha 1-2 milyon nəfər arta bilər. Regionlardakı insanlar bu iri layihələrdə işləmək üçün buraya axışacaq. Şəhərimiz isə bu qədər ağır yükü qaldırmaq iqtidarında deyil.
Ona görə də şərnişindaşımaya kompleks yanaşmalı və problem fundamental olaraq həll edilməlidir. Bunun üçün ictimai dinləmələr keçirilməli, mütəxəssislərin rəyi nəzərə alınmalıdır. Gediş haqqının qaldırılmasına cəhd etmək problemdən çıxış yolu deyil.

elcin.az@mail.ru                     teleqraf.com

Комментариев нет:

Отправить комментарий