Страницы

13.06.2013

Cəng günü nar şirəli

Elxan Zal Qaraxanlı

vur baraban, vur baraban,
addımları yeyinlət.
qalxın -qalxın yuxudan,
tiryək yeyən beyinlər.

arzuların gözündən,
qızılı atlar gəlir.
marş ruhu tərpədəndə,
durmaq bizə ar gəlir.

döşə, döşə baraban,
havanı yağla görüm.
hərracda vətən satan,
dükanı bağla görüm.


gözləyişin bəkləri,
yollara saldı səmənd.
azadlıq mələkləri,
ordu yığır kəndbəkənd.

boş dayanma dəmirçi,
üfülə körüyünü.
qılınc elə bizimçün,
günəşin hörüyünü.

səbrimiz olub xal-xal,
cəng günü nar şirəli.
igidlər doğuran xalq,
irəli, arş irəli.

Təhrir üsyançılarına

bu bizim şəhərimizdi, onu kimsə alamaz,
bu küçələr, bu parklar, bu kafelər bizimdi.
havasını udduq, suyunu içdik,
neçə başmaq yırtdıq küçələrində.
burda ilk sevginin dadını bildik,
qaranlıq tinlərdə görüşə çıxdıq,
qaranlıq parklarda bıçaq yarası aldıq,
qaranlıq küçələrdə qəhrəmanlıq öyrəndik.
cibinə pul basdıq polislərinin,
önündə əskildik məmurlarının,
iç-içə yaşadıq biz bu şəhərlə.
bu şəhər bizimkidir, petrol qoxulu şəhər,
üstümüzə gəlirlər,
almaqçün əlimizdən bizim şəhərimizi.
üstümüzə gəlirlər dollar yaşılı ilə,
göydələn binaların zəhmi ilə gəlirlər,
ekran, efir və qəzet,
bulvar, pljaj, internet,
hər tərəfdən hucum var.
amma, hələlik içimizdə baş qaldırır
bizim barrikadalar.
bəli,savaşımız var,
bizim savaşımız insan olmaq meylidir,
bizim qəzəbimiz “molotov kokteyli”dir.
bu torpağın üstündə bizi yenə bilməzlər,
biz anteysayağıq torpağımızda.
qoy yağışlı turşu yağsın,
qoşun gəlsin, qurşun yağsın,
bizi kimsə yenə bilməz bizim şəhərimizdə.

Комментариев нет:

Отправить комментарий